“Aydın yol” rus poeziyasının görkəmli nümayəndəsi Maksimilian Voloşinin (1877–1932) şeirlərini təqdim edir
Köhnə məktubların, boyat sözlərin
Doymuram o yorğun hənirtisindən…
Solan çiçək ətri, gül ətri gəlir
Onların çarəsiz iniltisindən.
Bəzəkli hərflər, naxışlı xətlər
Qurumuş otların xışıltısıdır.
Tələsik yazılmış tanış sətirlər
Kədərli bir şeir pıçıltısıdır.
Yenə də qayıdar, duyular yenə
Solğun çiçəklərin xəfif varlığı;
Necə də doğmadır, yaxındır mənə
Onların bu yorğun füsunkarlığı…
* * *
Bu gecə o zərif əllərində mən
Bir titrək çırağa, oda dönəcəm...
Büdrəmə, yıxılma daş pillələrdə:
Yerə salsan – sınacam,
Nəfəs alsan – sönəcəm.
Məni öz qəsrinin toranlığından
Ovcunda ehmalca keçirib apar –
O yolun ən qatı qaranlığında
Bizim ürəyimiz şiddətlə çarpar…
Sənin ovucların mağara kimi –
İşartısı gələn mən də bir çıraq;
Yanacam ovcunda ikona kimi…
Bəlkə, məni elə sənsən yandıran?
Tərcümə edən: Mahir N. Qarayev