Qan Turalı
Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabiri anmaq, yaşadığı dövrü, mühiti anlamaq, miqyasını və şəxsiyyətini dərk etmək üçün aşağıdakı faktları xatırlamağı və xatırlatmağı özümə borc bilirəm.
Sabir bu fani dünyada düz 49 il yaşadı. Bizə cəmi bir kitab miras qoydu – “Hophopnamə”. Bu kitabda Sabirin ömrünün son altı ilində yazdığı şeirlər toplanıb. Bəs əvvəlkilər? Sabirin müasiri Seyid Hüseyn yazırdı: “Ələkbər qəzəldə Seyid Əzimdən, mərsiyədə isə məruz mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edirdi”. O öz dövrünü gözləyə-gözləyə tiyan dibində oturub sabun bişirir və susurdu. Şeir yazmağa 43 yaşında başladı.
* * *
Sabirin 43 illik sükutunun sirri çox güman ki, onun Avropa təhsili ala bilməməsində idi. Ərəbcə və farsca savadı kamil idi. Ancaq oxuduğu ədəbiyyat müasir dövrün ruhundan çox uzaq idi. “Əsr bizi dindirirdi”, ancaq o susurdu. Sabir rus dilini bilmirdi, dünyada gedən proseslərin mahiyyətini anlamaqda çətinlik çəkirdi. Bir neçə il İranda və Aşqabadda yaşamışdı, müasir dünya, Rusiya və Avropa ilə onu çox az şey bağlayırdı. Vulkan kimi partlayışa hazır olan istedadı kiçik bir boşluq, cığır axtarırdı. “Molla Nəsrəddin” jurnalını oxuyan kimi nə yazmaq istədiyini başa düşdü. Və cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi. Bu mənada dünya ədəbiyyatı tarixində Sabirin misli-bərabəri yoxdur.
* * *
Sabir şeirlərini gizli imza ilə yazır və poçtla jurnalın redaksiyasına yox, bir dostuna yollayır, həmin adam da şeiri redaksiyaya çatdırırdı... Və bir gün axund Şamaxı məscidinin minbərindən Sabiri kafir elan etdi: “Ona salam vermək də haramdır”. Şairin əzablı günləri başladı. Sabun bişirmək üçün quyruğu belə ona satmadılar, hamama belə qoymadılar. Ondan artıq uşağı olan şairi və ailəsini səfalət gözləyirdi. Ancaq bu hələ başlanğıc idi…
* * *
“Molla Nəsrəddin” jurnalında Şamaxının nüfuzlu din xadiminin karikaturası çap edildikdə bunun səbəbkarının da Sabir olduğunu düşündülər. Öz kürəkəni ona silah çəkdi, Sabir qorxudan bayıldı və bir neçə gün xəstə yatdı. Anası Sabirə südünü halal etmədiyini, arvadı onun xəriflədiyini deyirdi. Hətta doğma anası gəlinini Sabirdən boşatdırmaq istəyirdi. Beləcə, şair Şamaxını tərk etməyə məcbur oldu.
* * *
Sabirin şeirlərini kimdən soruşsanız, mütləq “Millət necə tarac olur, olsun”u deyəcək. Halbuki bu şeir Sabirin deyildi. Bu barədə təkzibedilməz sübutlar var. Belə ki, şeir çap ediləndə Sabir hələ jurnalla əməkdaşlığa başlamamışdı. Jurnalın redaktoru Ömər Faiq də Sabirin müəllifliyini inkar edir, Mirzə Cəlil məqaləsində şeirin Sabirə məxsus olmadığını yazır.
* * *
Bakıda şərəfinə heykəl qoyulan ilk ədib Sabir idi. 1922-ci il, Sabirin ölümündən 10 il sonra… Ancaq açılış tədbirinə Mirzə Cəlil dəvət edilməmişdi.
* * *
Əgər öz doğma anasının xəyanətinə tuş gəlirsə, insan üçün bu dünyada müqəddəs heç nə qalmaz. Ancaq Sabirin ürəyi o qədər təmiz, istedadı o qədər böyük, mənəviyyatı o qədər pak, idrakı o qədər qüvvətli idi ki, bu böyüklüyündə faciənin məngənəsində olsa belə, altı illik yaradıcılığı ilə millətin vicdanına öz imzasını atmağı bacardı…
Sabirin şəxsiyyəti və şeiriyyəti düşüncələrdə inqilab yaratdı…
Sabir həqiqət yolunda sanki İsa kimi çarmıxa çəkildi...
Bu gün mənsub olduğu xalqın, millətin və dövlətin hər uğurunda Sabirin də payı var…