Elektron ədəbiyyat və sənət portalı

Hüqonun aforizmləri

Bölmə: Azad ərazi 24.06.2023

Aydın yoldahi fransız yazıçısı Viktor Hüqonun (1802–1885) aforizmlərini təqdim edir

 

“Tanrı, insanın pələngi tumarlaya bilməsi üçün pişiyi yaratdı”.

 

* * *

“Mənim üçün dostun sancaq yarası, düşmənin qılınc yarasından daha ağrılıdır”.

 

* * *

“Rəylərinizi dəyişin, prinsipləriniz qalsın. Yarpaqlar dəyişir, amma gövdə qalır”.

 

* * *

“Böyük ağıl qarşısında baş əyir, böyük ürək qarşısında diz çökürəm”.

 

* * *

“Bəzi kitabxana sahibləri hərəmxana xacələri kimidir”.

 

* * *

“Yuxusuzluq – gecənin insanı məsxərəyə qoymasıdır”.

 

* * *

“Ağıl aldıqlarına, ürək isə verdiklərinə görə zənginləşir”.

 

* * *

“Məktəbin qapısını açan, türmənin qapısını bağlayır”.

 

* * *

“Düzgün hərəkətə gedən yol düzgün düşüncədən başlayır”.

 

* * *

“Əməllərimiz bizi göyə də qaldıra bilər, yerə də endirə bilər. Hamımız əməllərimizin övladıyıq”.

 

* * *

“İnsanın böyüklüyü boyla ölçülmədiyi kimi, xalqın böyüklüyü də sayla ölçülmür”.

 

* * *

“Həmişə bir-birinizi bütün ürəyinizlə sevin. Dünyada sevgidən başqa heç nə yoxdur”.

 

* * *

“Əgər hansısa bir insan məhəbbətin nə olduğunun izahını bilirsə, deməli, o, heç kimi sevməyib”.

 

* * *

“Azadlıq istehzadan başlayır”.

 

* * *

“Bekarçılıq – uşaqlar üçün xoşbəxtlik, qocalar üçün bədbəxtlikdir”.

 

* * *

“Zəif güclü insan yoxdur, zəif iradəli insan var”.

 

* * *

“Kvazimodo və kor qız ideal cütlükdür. Kvazimodo heç vaxt ona xəyanət etməyəcək, qız da onun eybəcərliyini görməyəcək”.

 

* * *

“Hərdən qadına ağalıq etmək hüququ qazanmaq üçün gərək həmişə ona itaət edəsən”.

 

* * *

“Həyat – sevginin balı ilə qidalanan çiçəkdir”.

 

* * *

“İnsan şüuru hər şeyi aça bilən üç açara malikdir: bilik, düşüncə və təxəyyül”.

 

* * *

“Sükut – insan faciəsinin bütün dərinliklərini sınamış ruhun son sığınacağıdır”.

 

* * *

“Büsbütün xoşbəxtlik üçün təkcə ona malik olmaq yox, həm də bu xoşbəxtliyi qazanmaq lazımdır”.

* * *

“Daxili gözəlliklə vəhdətdə olmayan zahiri gözəllik tam deyil”.

 

* * *

“Mərhəmətli olmaq çətin deyil, çətini ədalətli olmaqdır”.

 

* * *

“Göz yaşları həmişə nələrisə yuyub silir və ardınca toxtaqlıq gətirir”.

 

* * *

“Həyatımız yol, ideyalarımız yolgöstərəndir. Yol göstərən yoxdursa, hər şey donub dayanacaq”.

 

* * *

“Ən gözəl illər hələ yaşamadığımız illərdir”.

 

* * *

“Tanrı qadını füsunkar, iblis isə gözəgəlimli edir”.

 

* * *

“Düşüncəyə bəzək verib yaddaqalan edən gözəl ifadələrdir”.

 

* * *

“Ruhun qalasını qorumaq üçün bədənin qalasına dayaq verməlisən”.

 

* * *

“Düşüncə – ağlın zəhməti, arzu –həzzidir. Düşüncəni arzuyla əvəz etmək qidanı zəhərlə qarışdırmaq kimi bir şeydir”.

 

* * *

“Böyük şairlər uca dağlar kimi əks-səda verir. Onların nəğmələri bütün dillərdə eşidilir”.

 

* * *

“Ləyaqətin pərdəsi, ləyaqətsizliyin maskası olur”.

 

* * *

“Yoxsulluq inqilaba, inqilab yoxsulluğa aparır”.

 

* * *

“Mənim üçün gücün kimin tərəfində olması yox, ədalətin kimin tərəfində olması mühümdür”.

 

* * *

“Qırx yaş – cavanlığın qocalığı, əlli yaş – qocalığın cavanlığıdır”.

 

* * *

“Avropalılar arasında istənilən müharibə vətəndaş müharibəsidir”.

 

* * *

“Mənəviyyat – həqiqətin çiçəklənməsidir”.