“Aydın yol” məşhur İtaliya yazıçısı Alberto Moravianın (1907–1990) hekayəsini təqdim edir.
GÖZƏTÇİ
(hekayə)
Mən təkliyi xoşlayır, tənha yaşamağa üstünlük verirəm. Eynək taxdığıma, səsimin qadın səsi kimi incə olduğuna, bir az həyəcanlananda dilim topuq vurduğuna, kəkələdiyimə görə hamı məni lağa qoyur, ələ salıb rişxənd eləyir. Bax elə bu səbəbdən şirkət mənə Salaria şosesinin iyirmi kilometrliyində yerləşən anbarların birində gözətçi işləməyi təklif edəndə dərhal razılaşdım.
Anbar seyrək ağaclar bitən təpələrin arasındakı dərədə idi. Təsəvvürünüzdə kərpic hasarla dövrələnmiş dördbucaq bir tikili canlandırın, bir də ona yapışmış uzun, alçaq baraklar. Tən ortalıqda nataraz bir çəllək, çəlləyin üzərində içindən həmişə su damcılayan əyri boru. Burada daha nələr yox idi: sement çuvalları, su boruları, qatranla dolu çəlləklər, taxta qalaqları, kirəmit, kərpic...
Barakların birində özüm qalırdım; yaşayış yerim həmin barakdakı iki balaca otaqdan ibarət idi, içərisi də bomboş – çarpayı, stol, bir neçə də stul. Vəssalam, ayrı avadanlıq yox idi. Lap elə bil təbiətin qoynunda yaşayırdım. Şəhərdən və adamlardan uzaq bir yerdə. Amma təpələrdən istənilən birinin üstünə qalxmaq kifayət idi ki, yaxınlıqdakı asfalt yolu – gövdəsi ağardılmış çinarların arasıyla ox kimi uzanıb gedən Salaria şosesini görəsən. Nahar elədiyim “Ovçu osteriyası” da elə burada, bir az aşağıdadır. Mənə qanuni qaydada tapança, bir neçə daraq, bir də ov tüfəngi verilmişdi. Hərdən tüfəngi götürüb torağay ovlamağa çıxırdım. Bir sözlə, tamamilə tək yaşayırdım və əgər gecələr əraziyə baş çəkməyimi saymasaq, elə bir işim, ayrı məşğuliyyətim yox idi.
Mən bu tikinti anbarında dörd ay sakit, necə deyərlər, macərasız yaşadım. Amma bir dəfə gecə vaxtı darvazanı döydülər. Şirkətin qulluqçularından olacağını düşünüb, qapını açmağa getdim. Gələnlər üç nəfər idi: iki kişi, bir qadın. Kişilərdən birini yaxşı tanıyırdım: Rinaldi idi, yük maşınının sürücüsü. O, bundan qabaq işlədiyim şəhərdəki tikintidə yeganə adam idi ki, eynəyimə və səsimə lağ eləmirdi.
Rinaldi tam əksim idi: mən xalis kəndçiydim, o isə əsl senyor; mən eybəcərin yekəsiydim, o isə qarasaç, ucaboy, güclü və qəşəng; mən qadınların xoşuna gəlmirdim, Rinaldinin isə bir dəstə qadını vardı. Bir sözlə, Rinaldi mənə qəti bənzəmirdi, mənsə hər vəchlə ona bənzəməyə can atırdım və Rinaldiyə sonsuz rəğbətim, bəlkə, elə bu səbəbdəndi – onun mənə oxşamaması, mənimsə onun kimi olmaq həvəsimdən.
Rinaldi ilə gələn balaca, girdəsifət, solğun bənizli qadının adı Emiliya idi. İri, qonur gözləri bir qədər yorğun görsənirdi, ağzının qıraqları bir az yuxarı dartıldığından, adama elə gəlirdi ki, bu qadın sanki həmişə gülümsəyir.
Adı Teodoro olan o biri kişi Monterotondodan idi. Kürən saçları buruq-buruqdu, pişik kimi sarımtıl gözləri, iri burnu vardı; yanaqları gömgöydü, elə bil həmişə soyuq küləyin altında qalmışdı.
Rinaldi dedi ki, mənimlə danışmaq istəyir. Çəkilib onları içəri buraxdım.
– Vinçenso, – Rinaldi mənə siqaret uzadıb sözə başladı, – sənin əziyyət çəkmədən pul qazanmaq imkanın var… Hələ ki gözətçi kimi öz işini görəcəksən, ancaq…
Gözlərimi bərəldib onu dinləsəm də, bir söz demədim. Dinmədiyimi görən Rinaldi bundan ruhlanıb izah elədi: sözündən belə çıxırdı ki, onlarda hansısa şəhər anbarından çırpışdırılmış xeyli mal var, icazə verməliyəm ki, oğurluq malı gətirib barakların birində yerləşdirsinlər. Qalanı mənlik deyildi, imkan düşəndə özləri malın dalınca gəlib onu aparacaq, mən də payımı alacaqdım.
Bütün bunları eşidəndə canıma vicvicə düşdü. Amma imtina edə bilmədim, çünki Rinaldi mənə qardaş kimiydi. Kəkələyə-kəkələyə dedim:
– Qulaq as, Rinaldi, mən gözətçiyəm, elə deyil?
– Elədir.
– Nə istəyirsiz eləyin: malı yığın baraka, özünüz də nə qədər kefinizdir gedin də, gəlin də… Bir şərtlə: mənim bundan xəbərim yoxdur! Mən sizi görməmişəm, tanımıram, heç birinizlə də tanış deyiləm… Birdən nəsə baş versə, sorğu-suala tutsalar, siz də belə deyərsiniz. Guya məni tanımırsınız… yəni, mal ora məndən xəbərsiz yığılıb.
Onlar təəccüblə başlarını buladılar. Teodoro, az qala, təhdidə keçdi:
– Ancaq sən mala göz qoyacaqsan. Bir halda ki sənin heç nədən xəbərin yoxdur, belə olmasın ki…
– Yox əşi, – Rinaldi onun sözünü kəsdi. – Sən Vinçensonun necə adam olduğunu bilmirsən.
– Mən gözətçiyəm, eləmi? Deməli, sizin də malınızı qoruyacam.
– Sən qorxma, – Teodoro yenidən müdaxilə elədi. – Buna görə sənin haqqın ödəniləcək.
– Qorxaq sən özünsən, cındır, – hirsimi saxlaya bilməyib bozardım. – Mənə sizin heç nəyiniz lazım deyil, qandın?
Axırda razılığa gəldik. Rinaldi getdi, bir az keçəndən sonra yük maşınıyla qayıtdı. Malı baraklardan birinə boşaldıb çəlləklərin dalında gizlətdilər. Mən malın nə mal olduğuna heç baxmadım da. Dedilər parçadır. Gedərkən Emiliya mənə nəvazişlə baxdı. Qazancım təkcə elə bu oldu.
Sonra onlar daha üç-dörd dəfə gəldilər – həmişə də Emiliya ilə. Mənə maşın siqnalıyla işarə verirdilər, gedib darvazanı açırdım, malı boşaldıb tez də çıxıb gedirdilər. Ləngimələrini, çox qalmalarını istəmirdim. Malı boşaltdıqları müddətdə mən öz barakımdan çıxmırdım. Teodoronun xoşuma gəlməyən bir cəhəti vardı: özünü çox həyasız aparırdı, mənimsə buna qəti dözümüm yoxdur. Amma Emiliya həmişə üzümə gülümsəyirdi, həmişə də nəsə bir xoş söz tapıb deyirdi. Bir dəfə soruşdu:
– Tək darıxmırsan?
– Vərdiş eləmişəm, – dedim.
Günlərin bir günü qəzeti açanda nə görsəm yaxşıdır: Teodoro, Rinaldi və daha bir neçə nəfər həbs olunub. Qəzet onları “dükanyaran dəstə» adlandırmışdı, çünki bu adamlar mağazaya qonşu binanın divarını yarmaqla soxulurmuşlar. Bəzən zirzəmidən də girir, amma divarda hökmən oyuq açırmışlar. Qəzet onların şəklini də vermişdi – Teodoro idi, Rinaldi idi, bir də yaxalıqsız köynəkdə olan, gözləri bərəlmiş, çənəsi yuxarı dartılmış hansısa kişi. “Təhlükəli cinayətkar dəstə məhkəmə qarşısında dayanacaq” – yazının sərlövhəsi belə idi. Qeyd olunurdu ki, cinayətdə sürücü qismində iştirak etmiş Rinaldinin riski o birilərə nisbətən azdır. Emiliya haqqında isə heç nə yazılmamışdı.
Qış gəldi. Bir dəfə gecənin şiddətli küləyində yağan leysan dərəni gölə çevirəndə qapı döyüldü. Açanda qarşımda Emiliyanı gördüm. Amma bu nə görkəm idi?! Büsbütün cındır içində. Yazıq təpədən-dırnağa islanmışdı, islaq saçları üzünə yapışmışdı. Özü də hamilə idi, qarnının yekəliyi bütün gözəlliyini yoxa çıxarmışdı. Dinməzcə içəri girdi, bir kəlmə danışmadan Rinaldinin yazdığı kağızı mənə uzatdı. Rinaldi bildirirdi ki, bir ilə həbsxanadan çıxacaq, hələliksə Emiliyanı mənə həvalə edir. Yazdığına görə, qadının dolanışığını özü təmin edəcəkdi, bir də məndən xahiş edirdi ki, anbardakı oğurluq malları onunçün qoruyub saxlayım, belə ki, bu şeylər hamısı ona məxsusdur, o birilər artıq öz paylarını alıblar. Elə bunu yazmışdı, başqa söz yox idi. Fikirləşdim, yəqin, Rinaldiyə elə gəlir ki, mənimlə istədiyini edə bilər. Əslində, haqlı idi, çünki mən, həqiqətən də, onunçün hər şeyə hazır idim. Elə Emiliyaya da belə dedim. Həmin gecə qadın mənim yatağımda yatdı, mənsə qonşu otaqda, quru yerdə. Bizim birgə həyatımız belə başladı.
Üstündən bir neçə ay keçdi. Əgər təsadüfən kimsə anbara gəlsəydi, şübhəsiz, elə düşünərdi ki, arvadım var və mən xoşbəxt ər, xoşbəxt atayam. Oktyabr günəşi anbarın ərazisini işıqlandırır. Emiliya qəşəng qollarını çırmalayıb çəlləkdə mənim köynəyimi yaxalayır. Şəritdən tərtəmiz yuyulmuş mələfələr asılıb. Stulu çıxarıb bayıra qoymuşam, barakın qarşısında oturub özümü günə verirəm, adı mənimki kimi Vinçenso olan Emiliyanın uşağını qucağıma alıb yırğalayıram. Yaşadığımız barakın yanında öz əlimlə tikdiyim yastı bir koma da var, içərisindən makaron sousunun ləzzətli qoxusu gəlir: Emiliya orada mənə yemək hazırlayır. İndi mən daha nahar üçün ora-bura getmirəm. Deyirəm də: uşaqla necə şirin-şirin oynadığımı, çəlləkdə köynəyimi yuya-yuya Emiliyanın mənimlə necə mehriban danışdığını görəndə istənilən adam bizi xoşbəxt ailə hesab edər.
Əslində isə, qətiyyən belə deyildi. Bu körpə də, körpənin anası da, barakda gizlədilmiş parçalar da – hamısı Rinaldiyə məxsus idi. Əvvəllər şirkətin əmlakını qoruyan adam, yəni mən, Emiliya və çağa da daxil olmaqla, indi Rinaldinin əmlakını qoruyuram. Qalan bütün məsələlərdə biz ər-arvad kimiydik: Emiliya çox yaxşı qadınmış, bu sarıdan heç bir qayğım, narahatlığım yox idi; uşaq da yaxşı uşaqdı, həm də qəşəngdi. Xoşuma gəlməyən yeganə şey aramızdakı söhbətin həmişə Rinaldidən getməsiydi. Emiliyanın sevgilisiylə yenidən görüşəcəyi günü gözləməyə hövsələsi çatmırdı. Məsələ heç də onda deyil ki, Rinaldidən danışmaq məni açmırdı, yox. Emiliya onun sevgilisiydi, mənsə dostu; bu isə fərqli şeydir. Ancaq belə çıxırdı ki, sanki dünyada təkcə Rinaldi var, mənsə yerli-dibli yoxam. Necəsə bir dəfə bunu özünə də bildirdim. Bundan sonra Emiliya mənim kişi olduğumu sanki ilk dəfə anlayıb, başladı sevgi-məhəbbətə rişxənd eləməyə. Guya zarafat edirdi, bu isə mənə əzab verirdi – bax onda anladım ki, Emiliya xoşuma gəlir. Nəhayət, bir dəfə ona dedim:
– Sən Rinaldininkisən, yaxşısı budur, məni dinc burax.
– Əlbəttə, onunkuyam. Sənsə əsl dostsan, odur ki gərək qısqanmayasan.
Bununla da məsələ bağlandı.
Bir gecə bayırda xışıltı səsi eşidildi. Tez ayağa qalxdım, tapançanı götürüb barakdan çıxdım. Aydın bir gecə idi; ay sanki qopub çəlləyə düşmüşdü: çəlləyin suyu gümüş kimi parlayırdı. Hava elə işıqlıydı ki, anbarın ərazisində, az qala, hər çınqılı seçmək olurdu. Aydın səmanın fonunda təkcə təpələr qaralırdı. Bir sözlə, gündüz kimi işıqlı idi və mən qaraltını dərhal gördüm: o, barakların arasından sivişmək istədi, amma tez qışqırdım:
– Dayan! Yerindən tərpənmə!
Adam yerindən çıxıb ərklə dedi:
– Tapançanı aşağı sal! Yoxsa məni tanımadın?
Kim olsa yaxşıdır: Teodoro, həmin o monterotondolu tip. Amma yaman dəyişmişdi! Əyin-başı cır-cındır içində idi, batıq yanaqlarının sarımtıl tükü uzanıb codlaşmışdı, sapsarı gözləri isə canavar gözütək işarırdı.
– Malı aparmağa gəlmişəm. Dostlar maşında, darvazanın dalında gözləyir.
– Mal səninki deyil, Rinaldininkidir.
Qərəz çənə-boğaz olduq. Əvvəl istədi məni qorxutsun, sonra pay təklif elədi. Heç cür razılaşmadım. Biz çəlləyin yanında dayanmışdıq. Bu vaxt Emiliyanın pəncərəsində işıq yandı. O bizə baxırdı. Axır sözüm bu oldu:
– Nə qədər gec deyil, buradan rədd ol.
– Qorxma, gedirəm, – deyib darvazaya tərəf yönəldi.
Ardınca getdim. Ondan gözümü çəkmirdim, bilirdim ki, beləsi hoqqasız ötüşmür, axırda bıçağa əl atır. Doğrudan da, qapıya çatmamış qəfildən geri dönüb üstümə atıldı. Bir addım geri atıb atəş açdım. İnanmazsınız ki, başını sinəsinə əyib tülkü gözlərini bərəltmiş halda təzədən üstümə gəlirdi. Bir əlini yarasının üstünə qoyub sıxırdı, o biri əlində bıçaq tutmuşdu. Bir atəş də açdım, səntirləyib yıxıldı.
Ertəsi gün polislər təhqiqat aparıb müəyyən etdilər ki, bu tip həbsxanadan qaçmış cinayətkardır. Vəssalam. Şirkət isə əmlakını yaxşı qoruduğuma görə hətta mənə hədiyyə də göndərdi. Onda mən Emiliyaya dedim:
– Rinaldi əvvəl məni oğru elədi, indi də qatil.
– Ağlına başqa şey gətirmə, – Emiliya cavab verdi. – Sən özünü müdafiə edirdin, vəssalam.
– Bunu elə-belə dedim, sözgəlişi… Mən gözətçiyəm, əlbəttə, bu və ya başqa şəkildə atəş açmağa borclu idim.
Belə alındı ki, Rinaldi, nəhayət ki, azadlığa buraxılıb Emiliyanın, uşağın və oğurluq malın dalınca gəldiyi gün şirkət mənə xəbər göndərdi: yaxın günlərdə tikinti işləri yekunlaşır. Beləliklə, hər şey eyni vaxtda bitdi. İndi mən daha heç kəs üçün qoruyucu deyildim – nə şirkət, nə də Rinaldi üçün.
Rinaldi gecəyarısı yük maşınıyla gəlmişdi; maşının qabaq şüşəsində ağ hərflərlə “EMİLİYA” yazılmışdı.
– Rinaldi, – dedim, – bax bu sənin mənə həvalə etdiyin Emiliya, bu isə doğmaca balan… mal da barakdadır… Əmin ola bilərsən ki, hamısı öz yerində, hamısı salamatdır.
Rinaldi Emiliyaya və uşağa göz dolusu baxıb gülümsədi.
– Yaxşı, Vinçenso, yaxşı… Bilirdim ki, sənə etibar eləmək olar… Yaxşı.
Nəsə kədərliydim, eyni zamanda da heyifsilənirdim. Az qala, boğula-boğula təkrar elədim:
– Rinaldi, əmin ola bilərsən, mənə etibar etdiklərinin hamısını sağ-salamat özünə qaytarıram.
Rinaldi istədi mənə pul versin, sonra təkid etdi ki, heç olmasa saatı ondan hədiyyə götürüm, axırda da məni maşınla Romaya aparmağı təklif elədi. Amma hamısından imtina etdim.
– Mənə heç nə lazım deyil, – dedim, – mən axı gözətçiyəm... Mənə heç nə lazım deyil.
İndi hiss edirdim ki, Emiliyaya vurulmuşam, kədərlənməyim də bu səbəbdən idi. Eyni zamanda, içimdə bir rahatlıq duyurdum ki, ona heç barmağımın ucuyla da toxunmamışam.
Nə isə. Malı yük maşınına da özüm yüklədim, sonra isə Rinaldi adyala bükülmüş körpəni qucağına alıb, təbəssümü üzündən əskik olmayan Emiliya ilə kabinəyə oturdu.
– Di salamat qal, gözətçi, inşallah görüşərik! – maşın yerindən tərpənəndə Rinaldi qışqırdı; səsində heç bir kinayə-filan yox idi.
Bir neçə gündən sonra şirkətin avtomobilləri gəlib çıxdı: daş-kərpici, sement çuvallarını, su borularını, qatran çəlləklərini yükləyib yola düzəldilər. O biri gün kərpic hasarı, ardınca barakları söküb daşıdılar, axırda hətta taxtaları da maşınlara doldurub apardılar. Yük maşınları dalbadal bir neçə gün gəlib-getdi; fəhlələr onları yükləyən kimi maşınlar toz dumanının arxasında yoxa çıxırdı. Mən axıracan orada oldum. İndi anbardan qalan təkcə otu cücərməyə başlayan tapdanmış torpaq sahəsi idi. Bir də yan-yörədə kərpic qırıntıları gözə dəyir, çirkli gölməçələr qaralırdı, ətrafda isə təpələr ucalırdı. Fikirləşdim ki, burada iki ilə yaxın vaxt keçirmişəm, indi isə artıq hər şey başa çatıb. Şey-şüylərimi çamadana yığıb velosipedin yük yerinə sarıdım, sükandan yapışıb Salaria şosesinə qədər piyada getdim. Şoseyə çıxandan sonra velosipedə minib tələsmədən Romaya tərəf yol aldım.
Tərcümə edən: Mahir N.Qarayev