Böyük Britaniyanın “t-vine.com”, İspaniyanın “alquiblaweb.com”, Əlcəzairin “alharir.info”, İraqın “mustaqila.com”, “afkarhura.com”, “ashurnews.com”, Mərakeşin “Xəbər Yəum”, “Əxbar əl-Aləm”, Misirin “rayetmisr.com”, “embassies.news”, Türkiyənin “detayhaberler.com” xəbər portalları və sosial şəbəkələri müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin dövlət neft siyasətindən bəhs edən “Azərbaycan nefti dünya siyasətində” adlı məqalənin yayınına başlayıb.
Ümummilli liderin neft sahəsində tarixi fəaliyyyətini əks etdirən məqalənin müəllifi – tanınmış Rusiya yazıçısı, publisist Viktor Andriyanovdur.
“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabından hissə
AZƏRBAYCAN NEFTİ DÜNYA SİYASƏTİNDƏ
«Əsrin müqaviləsi» Azərbaycanın XXI əsrə siyasi və iqtisadi sıçrayışı oldu. Şübhəsiz ki, bu, ilk növbədə Heydər Əliyevin xidməti, onun zəkasının, iradəsinin, enerjisinin nəticəsi, məhsuludur. Buna görə də bütün dünyada əks-səda doğurmuş həmin cahanşümul hadisədən daha ətraflı bəhs edəcəyik.
1994-cü il fevralın 4-də Prezident Heydər Əliyev «Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında» sərəncam imzaladı. Bu strateji sənəd ARDNŞ-in dünyanın ən iri şirkətlərinin konsorsiumu ilə danışıqlarının əsasını təşkil etdi. Danışıqların yekunlarını dərindən öyrəndikdən sonra Prezidentin sentyabrın 4-də imzaladığı fərmanda layihənin iqtisadi, siyasi, sosial əhəmiyyəti dəyərləndirilir. ARDNŞ prezidenti Natiq Əliyevə «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərin sularda yerləşən hissəsinin müştərək işlənilməsi, ARDNŞ və doqquz xarici şirkət arasında neft məhsulunun paylaşdırılması haqqında müqavilənin imzalanması həvalə edilirdi. Həmin xarici şirkətlərə əvvəllər Azərbaycanın «qəribliyə saldığı» Rusiyanın «LUKoyl» şirkəti, həmçinin İran və Fransa şirkətləri qoşulmuşdular.
Müqavilənin təntənəli imzalanma mərasimi 1994-cü il, sentyabrın 20-də «Gülüstan» sarayında keçirildi. Bakıya Birləşmiş Ştatlardan, Rusiyadan, Böyük Britaniyadan, Türkiyədən, Norveçdən nazirlər, parlament təmsilçiləri, sahibkarlar təşrif buyurdular.
Heydər Əliyev möhtərəm qonaqlara üz tutaraq:
− Neft − Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən böyük milli sərvətidir, − dedi. − Buna görə də Azərbaycanı «Odlar Yurdu» adlandırırlar.
O, çıxışında fərəhlə respublikada neft hasilatı tarixini xatırladır, Azərbaycan neftçilərinin İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə yolunda verdiyi töhfəni qeyd edir.
− Bizim neftçilərimiz Sovet İttifaqının hər hansı nöqtəsində yeni neft yataqlarının inkişaf etdirilməsi və işlədilməsində fəal iştirak etmişlər. Təsadüfi deyil ki, onların səyləri və zəhməti sayəsində kəşf edilmiş və işə salınmış yeni neft yataqları «İkinci Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» adlandırılırdı. Azərbaycan neftçilərinin Rusiyada ən böyük Sibir, Tümen yataqlarının inkişaf və istismar edilməsində, orada qüdrətli neft və qaz komplekslərinin yaradılmasında xidmətləri çox böyükdür.
Mən bunları qonaqlarımızın nəzərinə çatdırmağı, Azərbaycan xalqının da yadına salmağı lazım bilirəm. Çünki bütün bunlar Azərbaycan xalqının iftixarı və qürurudur, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatında böyük xidmətlərindən xəbər verir.
Prezident məclis iştirakçılarına üz tutub danışır və onun sözləri gözəl, çilçıraqlı «Gülüstan» sarayının hüdudlarını aşıb bütün Azərbaycana yayılır, hər bir ocaqda fərəh doğururdu. Çünki söhbət xalq sərvətinin taleyindən gedirdi.
− Açığını demək istəyırəm ki, Azərbaycan tərəfinin heç də bütün istəkləri müqavilədə öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki, hər hansı müqavilədə hər iki tərəfın maraqları nəzərə alınmalıdır. Qərbin neft şirkətləri konsorsiumu öz maraqlarını təmin etməyə çalışır, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasının milli maraqlarını təmin etməyə səy göstərir. Deyə bilərəm ki, böyük və gərgin zəhmət nəticəsində, tərəflərin işə yüksək dərəcədə məsuliyyətlə yanaşması sonucunda hər iki tərəfın maraqlarına cavab verən müqavilə hazırlanmışdır.
1994-cü il dekabrın 2-də razılaşma qanun qüvvəsinə mindi. Dəniz neft buruqlarında və laboratoriyalarda, idarə kabinetlərində və Rusiyadan, Gürcüstandan keçən neft boru kəmərləri boyu işlər başlayır, daha doğrusu, davam edirdi...