Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloq-alimi Andreas Kriber və alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” portalı ən istedadlı dünya ədəbi gəncliyinin yaradıcılığını işıqlandırır.
Qismət
- şair, tərcüməçi;
- 1986-cı ildə Bakıda anadan olub;
- Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsini bitirib;
- “Vitrin","Meqapolis hüznləri" və "Qumru əlifbası" şeir kitablarının, "Gələcəyin tarixi" esselər kitabının müəllifidir.
- Vladimir Nabokovun"Rus ədəbiyyatından mühazirələr", Arkadi Suçevyanunun "Qağayı ilə göndərilən məktub" kitablarının Azərbaycan dilinə tərcümə müəllifidir.
Sevginin gözləri Vanqa
Beşinci mərtəbədə yaşayan
ərgənlik qız
hər səhər qarşı binanın
doqquzuncu mərtəbəsindən düşən işıqla açar
gözünü.
Elə ki qalxdı və yudu əl-üzünü,
çayı qaynatdı, süfrəni açdı, elə ki
tələsik çayını içə-içə, yağ-balını yeyə-yeyə
guya otağın havası dəyişsin deyə
pərdələri çəkər,
pəncərələri açar üzü doqquzuncu mərtəbəyə.
Otağın havasından çox öz havası dəyişər
Qızın içinə bir işıq düşər
işıq düşər doqquzun eyvanındakı siqaret
közündən...
Maqnit kimi dartar qızı doqquzuncu mərtəbə.
Dartılar doqquza tərəf
ürəyi, saçları, əlləri, gözləri…
az qalar qanadlanıb uçsun.
Birdən qızı
atası-anası çağırar, qardaşı çağırar.
Bax onda mıxlanar,
elə həmin eyvana mıxlanar
qızın ürəyi, saçları, əlləri, dizləri…
Doqquzuncu mərtəbədə siqaret çəkən cavan
beşinci mərtəbədə gördüyü qıza baxar, düşünər,
arvadını səsləyər, deyər:
“beşinci mərtəbədə qalan qız kor deyil ki?“
“Bilmirəm”, – deyər arvadı, “Nə olub ki?“
“Hər səhər bizim eyvana elə baxır, elə bil, heç nə
görmür…“
Gecənin melanxoliyası
Divarda əriyir
stoldakı şamın kölgəsi.
Şam işığı boyunca qaranlıqdı
işığın çatmadığı yerlər.
Masadakı adamlar üzü qara, susmuş...
Əsəbdən əlindəki alışqanı oynadır kişi
alışqanın gücü çatmır qaranlığa.
kişi masaya atır alışqanı
divarda əriyən kölgədə alışdırır
dodağındakı darıxmağı.
kişi bir tüstü darıxmaq çəkir içinə,
bulud üfürür qaranlığa,
alışır qanı
götürür alışqanı...
Qadın şamda bişirir baxışlarını...
Qaranlıq melodiyasının zilində
susur iki nəfər.
Sonra kişi darıxmağını çəkib bitirir
qadın yandırıb qurtarır şamda baxışlarını...
Əriyir divarda
stoldakı şamın kölgəsi.
Azalan şam kölgəsi boyunca uzanır gecə
kişi alışqanı oynadır yenə
qadın baxışlarını atır şamın içinə
və beləcə
gecə nəqarətlənir.
Bağışlanma
Özünə məhkum olduqca,
özün cavablar verdikcə öz suallarına
çəpərlərin böyüyər, hasarların ucalar,
adamlar o tayda qalar,
sən eynəklərinin arxasında...
mən tütünlər çəkib şərablar içmiş,
dənizlərdə günəşlər batırmış adamam.
özündən yaxşı heç kim aldatmır adamı...
Hara gedirəm, gedim,
Harda gizlənirəm, gizlənim,
elə hey arxamca düşür
yeni günün axşamı.
Amma bilirəm
gün gələcək, uduzacaq eynəklər gözlərə,
şairlər sözlərə uduzacaq gün gələcək,
səslər qulaqları bağışlayacaq,
yollar ayaqları.
Allah uşaqları...