Elektron ədəbiyyat və sənət portalı

Marina Svetayevanın aforizmləri

Bölmə: Azad ərazi 12.07.2023

“Aydın yol” məşhur rus şairi Marina Svetayevanın (1892–1941) aforizmlərini təqdim edir.

 

“Xəyanət – məhəbbətin əlamətidir. Tanışa xəyanət etməzlər”.

 

* * *

“Bu gün başımda belə bir fikir dolaşır. Əgər yeniyetməlik – bahar, cavanlıq – yay, yetkinlik – payız, qocalıq – qışdırsa, bəs uşaqlıq nədir? Uşaqlıq – eyni vaxtda həm bahar, həm yay, həm payız, həm də qışdır”.

 

* * *

“Həyatımız üç hissəyə bölünür: məhəbbəti duymaq, məhəbbəti yaşamaq və məhəbbəti xatırlamaq”.

 

* * *

“İnsanlarla aram yoxdur. Onlar mənə ruhumu, yaxud sadəcə, sükutu dinləməyə mane olurlar”.

 

* * *

“Ruhum başını itirib”.

 

* * *

“Ruh olmasaydı, bədən ağrı hiss etməzdi. Şükür ki, bu sarıdan korluq çəkmirik”.

 

* * *

“Mən yalnız asılı olduğum adamlara qarşı sərtəm”.

 

* * *

“Məhəbbət qəribə hissdir – aclıqla qidalanıb, toxluqdan ölür”.

 

* * *

“İçimizdəki məhəbbət gizli xəzinə kimidir. Onun haqqında heç nə bilmirik, hər şey təsadüfdən asılıdır”.

 

* * *

“Qəhqəhə də içindəki ağrını gizlədə bilməz”.

 

* * *

“Bəzi qadınların nə dostu, nə də məşuqu olur. Dostlar tez bir zamanda məşuqa, məşuqlar dosta çevrilirlər”.

 

* * *

“Bəzən otaqdakı sükut ildırım kimi guruldayır”.

 

* * *

“Hər oxunan kitab həyatın bir hissəsini aparır. Nə qədər çox oxuduqca, yaşamaq həvəsin də bir o qədər azalır”.

 

* * *

“Oğlan uşaqlarını əzizləmək lazımdır. Ola bilsin, nə vaxtsa onlar müharibəyə yollanacaqlar”.

 

* * *

“İnsanların sənə bağışlamadığı yeganə şey – onlarsız da keçinə bilməyindir”.

 

* * *

“Ruh – yelkən, külək – həyatdır”.

 

* * *

“Əhəmiyyətsiz hadisə yoxdur. Əhəmiyyətsiz insanlar var”.

 

* * *

“İlahələr tanrılarla izdivac bağlayıb dünyaya qəhrəmanlar gətirsələr də, çobanları sevdilər”.

 

* * *

“Ruh – hər şeydən böyüyür, ən çox da itkilərdən”.

 

* * *

“Həyatdakı yerimi bilirəm, sonuncu deyil, çünki heç vaxt sıraya düzlənmirəm”.

 

* * *

“Dürüst qadın dürüst qadını bəyənməz”.

 

* * *

“Məhəbbət – yoxsulluq və diş ağrısından başqa hər şeyə qalib gəlir”.

 

* * *

“Bədən – ruhun sığınacaq yeridir. Odur ki onu hara gəldi xərcləməyin”.

 

* * *

“Heykəltaraş gildən, rəssam rəngdən, musiqiçi simdən asılıdır. Əgər Rusiyada sim qalmayıbsa, musiqiçiyə əlvida. Rəssamın, musiqiçinin əli, şairin isə yalnız ürəyi dayana bilər”.

 

* * *

“Mənə nəzər nöqtəsi yox, nəzərin özü lazımdır”.

 

* * *

“Göz və səs – ikisi bir yerdə çoxdur. Odur ki mən səs eşidən kimi gözümü yumuram”.

 

* * *

“Yalan danışanda özümə yox, məni buna məcbur etdiyinə görə sənə nifrət edirəm”.

 

* * *

“Tanrı haqqında nə deyə bilərik? Heç nə. Tanrıya nə deyə bilərik? Hər şey”.

 

* * *

“Dünyada məhdud sayda ruh, sonsuz sayda bədən var”.

 

* * *

“Köhnəni təzələmək kasıbların, təzəni köhnəltmək varlıların vərdişidir”.

 

* * *

“Həyatla dialoqda vacib olan onun sualları yox, bizim cavablarımızdır”.

 

* * *

“Dözə-dözə sevəcək”.  Bu ifadəni bəyənirəm, amma tərsinə”.

 

* * *

“Yalnız sənə yad olana vurulursan, doğma olanı sevirsən”.

 

* * *

“Valideynlərinizə çox da əsəbiləşməyin. Yadda saxlayın ki, bir vaxt onlar da sizin kimiydi və nə vaxtsa siz də onlar kimi olacaqsınız”.