Qan Turalı
“Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş”.
Aşıq Ələsgərin bu sözləri daim aktualdır və məncə, bu fikri, bəlkə də, Azərbaycan ədəbiyyatında iz qoymuş bütün klassiklərimizə, o cümlədən Səməd Vurğuna aid etmək olar.
Hətta sovet quruluşu, repressiya illəri belə onun qədər yamanlanmır. Fərqindəsinizsə, hətta Mir Cəfər Bağırov, Stalin belə Səməd Vurğun qədər tənqid olunmur. Ortaya belə bir nəticə çıxır: demə, bütün günahlar Səməd Vurğunda imiş. Səməd Vurğundan, sadəcə, bunu gözləyirdik – gərək güllələnəydi. Məhz bu halda indiki təftişçilər rahat olacaqdı. Sağ qaldığına görə isə şair günahkardı... Elə düşünürəm ki, Səməd Vurğuna qarşı bu münasibətin kökündə repressiyanın mahiyyətini düzgün anlamamaq dayanır. Bəli, Səməd Vurğun da çox asanlıqla repressiya qurbanı ola bilərdi. Çünki bunun üçün səbəb axtarmırdılar.
Bəziləri deyir ki, Səməd Vurğun sovet ideologiyasının sifariş etdiyi şeirləri yazdığına görə xilas oldu. Məgər belə şeirləri repressiya qurbanları yazmamışdımı? Məsələn, Mikayıl Müşfiqin sovet ideologiyasının təsiri altında yazılmış şeirləri yoxdurmu? Əminəm ki, əgər Müşfiq sağ qalıb, Səməd Vurğun güllələnsəydi, bu gün eyni aqibəti Mikayıl Müşfiq yaşayacaqdı.
Tarixçilər sovet repressiyasını “qırmızı terror” adlandırır. Terrorun məqsədi əhalidə vahimə, qorxu yaratmaqdır. Ən əqidəli kommunistlər belə bu prosesdə məhv edildi. Məqsəd kütləvi qorxu hissini yaymaq idi. Rejimin bilmədikləri isə insanların 70 il sonra da onlara inanmaları idi. Yəni bu gündən keçmişə boylanaraq guya hansısa şeirinin Səməd Vurğunu qoruduğunu düşünənlər az deyil. Ən sadiq kommunist, xalq komissarı Serqo Orconikidze də canını qorumaq üçün şeir yazmalı idi?
Bu yerdə məşhur bir sovet lətifəsini xatırlamaq yerinə düşür.
Üç məhbus söhbət edir:
– Sən niyə həbs olunmusan?
– Zinovyevi tənqid etdiyimə görə.
– Bəs sən?
– Zinovyevi təriflədiyimə görə.
– Səni niyə tutublar?
– Mən Zinovyevəm.
Əslində, bu lətifə bütün repressiya prosesini çox dəqiq ifadə edir. Səməd Vurğuna gəlincə, qara buludlar şairin başının üstündən heç zaman əskik olmamışdı.
Bakı kommunistlərinin geniş tərkibli iclasında yüzlərlə adamın qarşısında Bağırov Səməd Vurğunu ayağa qaldıraraq demişdi: “Tez bir zamanda kommunizmin əlifbasından başlamalısan. Yoxsa məhv ediləcəksən”. Bu qədər insanın qarşısında belə bir dəhşətli təpki dünyanın başqa hansı şairinə qarşı olub?
Səməd Vurğun ömrü boyu təşviş içində yaşadı. Hələ bu harası idi? Bir tərəfdən daxildən kükrəyən yaradıcılıq ehtirası, ideyalar, digər tərəfdən də şairi istəmədiyini yazmağa məcbur edən dövlət aparatı. Həm içindəki vulkanı soyut, həm də səndən tələb olunan şeirləri yaz. Səməd Vurğun bu ziddiyyətlərin içində yaşadı. Gah ürəyinin səsini dinləyib tənqid olundu, gah da onların istədiklərini yazıb kürsülərdə oturdu.
Deməli, o heç zaman xoşbəxt olmadı. İstedad selini dövrün dar qəliblərinə salmaq və üstəlik də ədəbiyyat yaratmaq? O dövrün şairlərinin çoxları bunu bacarmadı, bacara bilmədi. Səməd Vurğun isə həm siyasi çağırışlara cavab verdi, həm də əbədi qalacaq şeirlərini yazdı. Və Səməd Vurğun öz yaradıcılığı ilə sübut etdi ki, böyük istedadı öldürmək, qorxu altında yaşatmaq olar, lakin buxovlamaq mümkün deyil.
Sağlığında tənqidlə yanaşı, hətta ona necə yazmalı olduğunu belə başa salırdılar. Əllicə il yaşadı və stalinizmin ifşa edildiyi XX qurultaydan cəmi 3 ay sonra vəfat etdi.
Və bu gün tam əminliklə deyə bilərik ki, nə qədər Azərbaycan xalqı, onun dili var, Səməd Vurğun da yaşayacaq.