Elektron ədəbiyyat və sənət portalı

Toğrul Nərimanbəyovun rənglər dünyası

Bölmə: Art 10.08.2023

Tarixdə dövrünü qabaqlamış şəxsiyyətlər az olmayıb. Amma zamanın hər pilləsində çox vaxt mütəfəkkir insanlara ya dəli kimi baxılıb, ya da onları müxtəlif amansız üsullarla məhv etməyə çalışıblar. İsa peyğəmbərin çarmıxa çəkilməsi, Məhəmməd peyğəmbərin daşqalaq edilməsi, Avropanın orta əsr inkvizisiya məhkəmələrində neçə-neçə dahilərin tonqallarda yandırılması, İmadəddin Nəsiminin diri-diri soyulması və digər misallarla bu fikri bir daha təsdiq etmiş olarıq. Yaxşı bir el məsəli var: “Dağın dibində onun böyüklüyünü hiss etməzsən, yalnız dağdan aralandıqca onun əzəmətini hiss edirsən”. Nə yaxşı ki bu məsəl Toğrul Nərimanbəyov (1930–2013) nümunəsində özünü doğrultmayıb. Sənətkar hələ sağlığında böyük şöhrət qazanıb, adı xalqımız və dövlətimiz tərəfindən həmişə hörmətlə çəkilib.

Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin dünyaya bəxş etdiyi böyük sənətkarlardandır. Qeyd edək ki, o hələ sovetlər dönəmində Azərbaycan təsviri sənət ustaları arasında SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan (M.Abdullayev, T.Salahovla bərabər) biri olub.

İstedadlı rəssam, görkəmli incəsənət xadimi Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən etibarən əsərləri bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. 1964-cü ildə Azərbaycan SSR-in Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1974-cü ildə Azərbaycan SSR-in, 1980-ci ildə isə SSRİ-nin Dövlət mükafatına layiq görülüb. 1989-cu ildə isə SSRİ Xalq rəssamı adını alıb. Bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Hal-hazırda dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında T.Nərimanbəyovun əsərləri saxlanılır və nümayiş olunur.

T.Nərimanbəyov uzun müddət xarici ölkələrdə – ABŞ, Lüksemburq, Fransada yaşasa da bütün yaradıcılığı boyu öz əsərlərində məhz Azərbaycan gerçəkliyinin “bədii güzgü”sünü yaradıb desək, yanılmarıq.

T.Nərimanbəyov hələ Vilnüsdə təhsil aldığı illərdə özünü istedadlı rəssam kimi tanıdıb. İxtisasca monumentalçı rəssam olması ona həm novatorluq meyillərini üzə şıxarmağa imkan verib, həm də onda mövzuların bədii həllinə başqa prizmadan yanaşma üsulları formalaşdırıb. O, müəllimi – məşhur litvalı rəssam Xouzas Mikenası həmişə hörmətlə xatırlayardı. Eyni zamanda rəssam incəsənətin digər bir sahəsi olan musiqi ilə də ciddi maraqlanıb. T.Nərimanbəyov müsahibələrinin birində deyirdi: “Özümü dərk edəndən musiqi ilə maraqlanıram. Mən oxumağı çox xoşlayıram. Bəzən hətta oxuya-oxuya işləyirəm. Mənə elə gəlir ki, rəssam olmasaydım, vokalçı olardım...” Rəssam hələ yaradıcılığının erkən dövrlərindən öz yolunu tapa bilir. Təbii ki, bu “yol”la irəliləmək rəssam üçün heç də asan olmur. Lakin hər şeyə rəğmən tutduğu mövqedən çəkinməyən rəssam sonda öz dəst-xəttini yarada bilir.

Toğrul Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s. Onun yaradıcılığının başlıca xüsusiyyətləri kimi obrazların monumentallığını, kompozisiyanın dolğunluğunu, bədii şərti dekorativliyi, zəngin koloriti, personajların ustalıqla qeyri-mütənasib işlənməsini, perspektivanın həllində isə çox zaman predmetlərə çoxbucaqlı baxış istiqamətinin seçilməsini göstərmək olar. T.Nərimanbəyov yaradıcılıq prosesində çox sərbəst idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində qəbul olunmuş ehkamların və məlum bədii çərçivələrin əksinə gedirdi. O , peşəkarlar tərəfindən rəğbətlə qarşılanan sənət əsərləri yaratmış nadir sənətkarlardan idi.

T.Nərimanbəyov yaradıcılığının erkən dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarının adını qeyd etmək olar. Əsərlərin mövzu dairəsinin zənginliyindən də göründüyü kimi, o, həmişə axtarışda olub. Rəssam ona yaradıcılıq uğuru gətirəcək işıqlı arzularının zirvəsini tezliklə fəth etmək naminə sanki mübarizə aparıb.

Səttar Bəhlulzadə ilə çox yaxın dost olan T.Nərimanbəyov rəssamın bir neçə yaddaqalan obrazını yaratmağa nail olub. Doğrudan da, S.Bəhlulzadə dünyasını onun qədər yaxından duya və tanıya biləcək sənətkar tapmaq çətindir. T.Nərimanbəyovun ona həsr etdiyi əsərlərindən birində çərçivələrə sığmayan, barmağından əskik olmayan papirosu tüstülənən, dərin fikirlərə dalmış S.Bəhlulzadə sanki hansısa yaradacağı yeni əsəri barədə düşünür. Rəsmin obraza canlılıq bəxş edən kolorit həlli də son dərəcə ustalıqla işlənilib. T.Nərimanbəyov dostunun süni zahiri keyfiyyətlərdən, aldadıcı poza təəssüratından uzaq daxili aləminin psixoloji xüsusiyyətlərini açan mükəmməl obraz yaradıb.

Rəssam çoxsaylı mənzərələrində Bakımızı, doğma Vətənimizin digər gözəl guşələrini ustalıqla təsvir edib. “Doğma şəhər”, “Bakı”, “Qədim Naxçıvanın ponaramı”, “Göyçay bağlarında”, “Dağların mahnısı” və digər əsərlərində təbiətimizin zəngin gözəlliklərinin, bərəkətli torpağımızın yetirdiyi bol nemətlərin insanda yaratdığı sirli assosiasiyanın təsiri altına düşməmək mümkün deyil. “Qədim Naxçıvanın panoramı” adlı əsər bizlərə doğma Naxçıvanımızın qədim tarixi və mənzərəsi haqda çox şey deyir. Əsərə bir qədər diqqətlə fikir verdikdə seyrçidə bu əfsanəvi diyar barədə olduqca maraqlı duyğular yaranır. Kompozisiyanın mərkəzində dəvə karvanını aparan sarvanın təsviri əsrarəngiz Şərq dünyasının “nağıl”ını xatırladır. Əsərin fonunda isə qədim Şərq memarlığı üslubunda inşa edilmiş “köhnə” binalar təsvir olunub. Səmaya ucalan dağların zirvələri buludlarla əhatələnib. Rəssam Naxçıvanın təbiətinə məxsus xüsusiyyətləri az qala topoqraf dəqiqliyi ilə göstərə bilib. Əsərin kolorit həlli o qədər ustalıqla tapılıb ki, insan Naxçıvan iqliminin isti mehini belə özündə hiss etmiş olur. Bu əsərlə görkəmli bəstəkar Soltan Hacıbəyovun yaratdığı “Karvan” süitası bədii fəlsəfi və estetik mahiyyəti etibarilə səsləşir desək, yanılmarıq.

Rəssamın “Emalatxanada”, “Qız qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və başqa əsərlərinin hər biri, haqqında geniş söz açılmağa layiq sənət nümunələridir. Belə tablolara rəğbətini gizlətməyən S.Bəhlulzadənin “Toğrulun əsərləri bərəkətli süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir...” fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla yaradıldığını təsdiqləyir.

T.Nərimanbəyov yaradıcılığının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən natürmortları bu janrın onun timsalında yeni bir zirvəyə yüksəldiyindən xəbər verir. Müxtəlif əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini, xüsusən də narı natürmortlarında məhəbbətlə əks etdirən rəssam, seyrçidə xoş duyğular yaradan, onu sehrli və duyğulandırıcı aləmə aparan bitkin əsərlər qalereyası yaradıb.

Rəssam televiziyada çıxışlarından birində etiraf etmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, dinləyərkən gözlərim yaşarır”. Onun “Muğam”, “Musiqiçilər” adlı rəsm əsərlərinə baxarkən sənətkarın muğamın fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. Kompozisiyada musiqiçilərin, xüsusən xanəndənin keçirdiyi hisslər, tablonun ekspressiv dinamikliyi seyrçini sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur.

T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu.

1998-ci ildə Bakıda təşkil olunan möhtəşəm konsertində Ümummilli lider Heydər Əliyevin iştirak etməsi, orada rəssamla görüşməsi T.Nərimanbəyov sənətinin ən yaddaqalan məqamlarından idi. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Toğrul Nərimanbəyovun yubileylərinin keçirilməsi haqqında imzaladığı sərəncamlar da rəssamın yaradıcılığına verilən yüksək qiymətin, ona göstərilən diqqət və qayğının bariz nümunəsidir. T.Nərimanbəyov müstəqil Azərbaycanın “İstiqlal” (2000) və “Şərəf” (2010) ordenləri ilə təltif edilib.

Daim yüksək sənət amallarına sadiq qalaraq tükənməz yaradıcılıq şövqü ilə əsərlər yaratmış T.Nərimanbəyov Azərbaycan təsviri sənət tarixində əbədi yaşayacaq.

 

Əsəd QULİYEV,

sənətşünas