Əvvəla, qeyd edim ki, əsasən, Ukrayna yazıçıları əziyyət çəkmədən, vaxtaşırı məşhur yazarların “əsərləri”ni bazara çıxarmaqda ad qazanıblar. Məsələn, bir neçə il əvvəl üzərində tanınmış rus yazıçısı Boris Akuninin imzası olan saxta əsərlər ətrafında böyük qalmaqal yaşanmışdı. Belə ki, Ukrayna naşirləri naməlum yazarın qələmə aldığı kitabların üz qabığını Boris Akunin ismi ilə bəzəyərək satışa çıxarırdılar. Yeri gəlmişkən, Akuninin özünü də plagiatlıqda ittiham edənlər az deyil. Məsələn, Tatyana Vikentyeva, Akuninin “Qəbiristanlıq əhvalatları” əsərinin onun eyniadlı pyesinin köçürməsi olduğunu deməkdən yorulmur.
Plagiatlığa haqq qazandırmağa çalışanlar da kifayət qədərdir. Daim plagiatlıqda günahlandırılan yazıçı-fantast Sergey Lukyanenko yazır: “Oğurluq süjetlər və müəlliflərin adı üzərində parazitlik məsələsinə təmkinlə yanaşmaq lazımdır. Bu, oxucu tələbatının ödənilməsi mexanizmidir. Məsələn, hansısa sehrbaz oğlan haqqında olan bir hekayət oxucunun xoşuna gəlib. O, yenidən bənzər mövzuda yazılmış kitab alacaq. Sevimli müəllifin kitabının orijinal davamını xeyli gözləməlisən, burada isə gözləməyə ehtiyac qalmır. Ayda bir roman yazan Dontsova hamını əmin etməyə çalışır ki, “ədəbiyyat zənciləri”nin əməyindən istifadə etmir. Prinsipcə, bu mümkündür. Amma əgər başqalarının süjetlərini mənimsəyirsənsə… İnsaf xatirinə qeyd etməliyik ki, Dontsovanın plagiatlıqla məşğul olması məhkəmələrdə hələ sübuta yetirilməyib…
Bəs ədəbi əsərlərdə plagiatın olub-olmadığını necə müəyyənləşdirmək olar? Bu sualın birmənalı cavabı yoxdur. Hələlik yoxdur. Bu məsələylə bağlı məhkəmə praktikası hələ yeni-yeni formalaşmaqdadır. Bu gün qanun ideyaları yox, yalnız onların konkret ifadə formasını qoruyur. Yəni süjet yazılarkən məhz hansı sözlərdən istifadə olunduğunu diqqətə alır. Bu isə müəlliflərə başqalarının əsərlərini öz sözləri ilə yenidən yazmaq imkanı yaradır. Nəticədə, demək olar, tanınmış yazıçıların hamısı öz həmkarlarına qarşı plagiat iddiaları ilə çıxış edirlər. Yazıçı Eduard Topol bu barədə belə deyir: “Mən indiyədək heç kəsi plagiatlıqda suçlamamışam, amma bunu dəfələrlə edə bilərdim. Məsələn, “Qara kvadrat” filminin yaradıcıları mənim “Brejnev üçün jurnalist” romanımdan bütöv bir hissəni götürüblər”.
Şekspir, Molyer, Höte, Volter, Zolya, Dode kimi məşhur yazıçı və şairlərin plagiatlıq etməsi faktı bu və ya digər dərəcədə sübuta yetirilib. Xarici uşaq ədəbiyyatının Rusiyada necə təqdim olunması haqqında ayrıca danışmaq lazımdır. Bunların sırasında İtaliya nağılı “Pinokkio”nu “ruslaşdırmış” Aleksey Tolstoyun, Anna Xvolsonun kitabının mövzusu əsasında “Neznaykanın macəraları”nı qələmə almış Nikolay Nosovun, Filip Enstin nağılını “Qoca Xottabıç” kimi özününküləşdirmiş Lazar Laqinin, “Oz ölkəsinin sehrbazı” əsərini “Zümrüd şəhərinin sehrbazı” şəklinə salmış Aleksandr Volkovun adlarını xüsusi qeyd etməliyik.
Deyilənə görə, Şekspir onu oğurluqda ittiham edənlərə belə cavab verib: “Bu mətn zibillikdən tapılmış qız kimi idi, mən onu kübar cəmiyyətə çıxardım”. Plagiatlıqla bağlı dəfələrlə ittiham olunmuş Aleksandr Düma (bunu yazıçı özü də etiraf edirdi) isə problemə fəlsəfi yozum verib: “Bu dünyada hər şey plagiatdır. Hətta uca Tanrı da Adəmi özünə oxşar şəkildə yaradıb.
Sergey Qraçov