Elektron ədəbiyyat və sənət portalı

Bir filmin üç cəhdi

Bölmə: Art 31.08.2023

Milli kino tariximizin dünya kino tarixi ilə yanaşı addımlaması birmənalı şəkildə qürurverici faktdır. 1895-ci il martın 22-də Parisdə Lümyer qardaşlarının məhdud dairələrdə təqdim etdikləri hərəkətli kadrlar və kinonun yaranma tarixi kimi qəbul edilən həmin ilin 28 dekabrının (həmin gündən etibarən kino artıq kommersiya vasitəsi kimi nümayiş edilməyə başladı) üstündən cəmi üç il keçəndən sonra – 1898-ci il avqustun 2-də Bakıda yəhudi əsilli mühəndis-fotoqraf A.M.Mişonun “Bibiheybətdə neft fontanı”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” kimi xronika filmləri kino tariximizin şərəfli səhifələridir. Təxminən on yeddi il ərzində Bakı milyonçularının maddi dəstəyi və həvəskar insanların səyi nəticəsində xronika janrına üz tutan kino adamları, nəhayət, 1915-ci ildə Azərbaycanın ilk bədii filmini ekranlaşdıra bildilər. İbrahim bəy Musabəyovun eyniadlı “Neft və milyonlar səltənətində” romanının motivləri əsasında ekranlaşdırılan bu film kino tariximizin ilk qaranquşu hesab edilsə də, yaradıcı heyətin əksəriyyətinin (rejissor B.Svetlov, ssenari müəllifi A.D.Panova-Potyomkina, operator Q.Lemberq və s.) qeyri-milli kadrlardan ibarət olması bir qədər ürəkaçan deyildi. Amma Lütfəli bəy obrazının ifaçısı, milli aktyor sənətimizin korifeyi Hüseyn Ərəblinskinin kinodakı debütü o dövr üçün son dərəcə maraqlı və mühüm fakt hesab olunurdu.

Zaman keçdikcə Azərbaycan ziyalısı kinoya peşəkar kadrların cəlb olunması üçün müxtəlif üsullara əl atdı. Kino-aktyor məktəbinin yaradılması bu istiqamətdə ən vacib işlərdən biriydi. Artıq kinoda ilk addımlarını atan H.Ərəblinski milli kinomuzun ilk peşəkar aktyoru və rejissoru missiyasını üzərinə götürmüşdü. “Neft və milyonlar səltənətində” filmini çəkən əsas yaradıcı heyət bu dövrdə “Ölümə bir saat qalmış” adlı başqa bir bədii film də çəkmişdi və bu film də qeyri-azərbaycanlıların iştirakı ilə ərsəyə gəlmişdi.

Cəfər Cabbarlı, Səməd Mərdanov, Abbaş Mirzə Şərifzadə kimi milli ruhlu yaradıcı adamlar müsəlman Şərqinin bir parçası olan Azərbaycanda tamaşaçının marağına səbəb ola biləcək əsərlərə müraciət etməyi qarşıya məqsəd qoymuşdular. Bu baxımdan, o dövrdə yerli teatrların repertuarının şah əsəri hesab edilən dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası bu tələblərə cavab verən əsərlərdən sayılırdı. Artıq milli kinomuzda müəyyən xidmətləri olan rejissor Boris Svetlov filmin çəkilişlərinə 1916-cı ilin yayında başladı. Film 1917-ci ilin əvvəlində, 3 yanvar tarixində Bakıdakı “Form” kinoteatrında nümayiş olundu. Səssiz filmə maraq oyatmaq, tamaşaçı cəlb etmək məqsədilə yaradıcı heyət kino zalına canlı musiqi ifa etmək üçün başda Cabbar Qaryağdıoğlu olmaqla, bir neçə tanınmış musiqiçi də dəvət etmişdi. Filmdə Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Mirzəağa Əliyev (Süleyman), Hənəfi Terqulov (Vəli) və başqaları müxtəlif xarakterli obrazlar yaratmışdılar. Amma film Üzeyir bəyi qane etmədi və tezliklə ekranlardan yığışdırıldı.

Milli kinematoqraf “Arşın mal alan” operettasına növbəti dəfə 1945-ci ildə müraciət etdi və bu film, demək olar ki, əksəriyyəti milli peşəkar kadrlardan ibarət olan yaradıcı heyətin iştirakı ilə ərsəyə gəldi. Filmin ssenarisini o dövrdə peşəkar dramaturq və müxtəlif mövzulu komediyalar müəllifi kimi tanınan Sabit Rəhman yazmışdı. Rejissor Rza Təhmasibə isə Nikolay Leşşenko köməkçi təyin edilmişdi. Operatorlar Əlisəttar Atakişiyev və Muxtar Dadaşov idi. Filmin bəstəkarı isə, təbii ki, Üzeyir bəy özü idi.

Bu film haqqında Azərbaycan tamaşaçısına geniş məlumat verməyə bir o qədər də ehtiyac yoxdur. Çünki film çəkilib ekranlara çıxdığı dövrdən sonra dünyanın 150-yə yaxın ölkəsinin kinoteatrlarında nümayiş olunmuşdu. Təkcə 1945-ci il ərzində filmə 16 milyondan çox tamaşaçı baxmışdı. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğuda bu film “100 sevimli film” siyahısına düşmüş, bürünc, gümüş və qızıl olmaqla üç yerə bölünən siyahının “Qızıl siyahı”sına daxil edilmişdi. Bir faktı da qeyd etmək lazımdır ki, filmdə Soltan bəy obrazını canlandıran aktyor Ələkbər Hüseynzadə çəkilişlərə qədər teatrın səhnəsində bu obrazı 600 dəfədən çox yaratmışdı. Elə bu fakt “Arşın mal alan” operettasının Azərbaycan tamaşaçısı üçün nə demək olduğunu, hansı zirvədə dayandığını sübut edir.

Filmdə dünya şöhrətli Rəşid Behbudov (Əsgər) və o dövrdə hələ bir o qədər tanınmayan Lütfəli Abdullayev (Vəli) debüt etmişdi. Gülçöhrə rolunu canlandıran Leyla Bədirbəyli isə kastinqlərə dəvət alan 50 namizədin arasından seçilmişdi. Filmdə istifadə olunan qızıl-zinət və qiymətli ev əşyaları isə rekvizit deyildi, Bakı əhalisindən və müzeylərdən alınan gerçək əşyalar idi.

Filmin kadrlarının köhnəlməsi, Azərbaycan dilində dublyaj variantının olmaması nəticəsində bizim tamaşaçılar uzun illər onu yalnız rus dilində seyr edə bilirdi. Bu da filmin televiziya ekranlarında az-az göstərilməsinə səbəb olurdu. Sevindirici haldır ki, bu film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən bərpa olundu, Azərbaycan dilində yenidən səsləndirildi, kadrlar yeni rəng həllini tapdı və ekranlara çıxmasının 70, Rəşid Behbudovun 100 illik yubileyi çərçivəsində “Arşın mal alan” 2015- ci ildə Hollivudda nümayiş olundu.

O vaxt film milyonlarla tamaşaçının rəğbətini qazandığı üçün bəstəkar Üzeyir Hacıbəyli (ölümündən sonra), rejissor Rza Təhmasib, aktyorlardan Rəşid Behbudov, Lütfəli Abdullayev və Ələkbər Hüseynzadə, aktrisalar Leyla Bədirbəyli və Münəvvər Kələntərliyə SSRİ Dövlət Mükafatı verilmişdi.

Ssenari müəllifi Sabit Rəhman filmin süjetini daha da maraqlı etmək üçün ora Üzeyir bəyin digər əsərlərindən müəyyən əlavələr etmişdi. Ümumiyyətlə isə 1945-ci ildə ekranlaşdırılan “Arşın mal alan” filmi milli kino tariximizin ən işıqlı səhifələrindəndir.

Bəs necə oldu ki, kinematoqraf  Üzeyir bəyin “Arşın mal alan” operettasına üçüncü dəfə müraciət etdi? Özü də nə az, nə çox, düz iyirmi ildən sonra...

İlk əvvəl qeyd etmək lazımdır ki, ötən əsrin əllinci illərinin sonu və altmışıncı illəri milli kinomuzun ən parlaq dövrlərindən hesab edilir. Bu illərdə artıq kinomuz tamamilə milliləşmişdi. Peşəkar kino rejissorları, operatorları, ssenari müəllifləri, rəssamları ilə seçilən və müasir avadanlıqlarla təchiz edilən “Azərbaycanfilm” kinostudiyası bir-birinin ardınca uğurlu ekran işlərinə imza atırdı. “Arşın mal alan” operettasının üçüncü ekran həllinə əsas səbəb isə 1945-ci ildə ekranlaşdırılan film olmuşdu. Belə ki, ilk gündən milyonlarla tamaşaçının sevgisini qazanan filmin xaricə uğurla satılması o dövrdə SSRİ-nin xarici ölkələrə film ixrac edən təşkilatının – “Eksportfilm”in yeni “Arşın mal alan”ın çəkilişlərinə sifariş verməsi üçün stimul oldu.

Ssenari müəllifləri Tofiq Tağızadə və Muxtar Dadaşov, quruluşçu rejissoru Tofiq Tağızadə olan filmə o dövrün ən sevilən simaları dəvət almışdı. Artıq kinoda müəyyən obrazları ilə tanınan və sevilən Həsən Məmmədov (Əsgər), Leyla Şıxlinskaya (Gülçöhrə), Ağadadaş Qurbanov (Soltan bəy), Nəcibə Məlikova (Cahan xala), Hacımurad Yegizarov (Süleyman), Xuraman Hacıyeva (Asya), Səfurə İbrahimova (Telli), Tələt Rəhimov (Vəli) və başqa aktyorların yaratdığı irili-xırdalı obrazlar tamaşaçı qəlbinə yol tapa bildi.

Məlum süjet – toya qədər gəlini görmək istəyi ilə başlayan film getdikcə mürəkkəb ekspozisiyaya doğru inkişaf edir, konfliktlər kəskinləşir, komik məqamlar bir-birini əvəz edir və nəticədə insani hisslər, sevgi və xoş münasibətlər bütün maneələri aşır. Filmin əvvəlində bir toy gözləyən tamaşaçı sonda dörd toya şahidlik edir.

Filmin son kadrları çəkilən ərəfədə – toy epizodunda Xalq artisti Ağadadaş Qurbanov qəza nəticəsində dünyasını dəyişmişdi. Odur ki, tamaşaçı son kadrlarda Soltan bəyi yalnız profildən, özü də əsasən orta və ümumi kadrlarda görür.

Dahi Üzeyir bəyin operettasının süjet xətti hansı səbəbdən dünya tamaşaçısını bu qədər özünə cəlb edirdi? Zaman özü bu suala cavab verdi. Belə ki, mədəniyyətlərarası inteqrasiya bir daha sübut etdi ki, hansısa xalq dünyaya çıxış üçün, ilk növbədə, öz milliliyini qoruyub saxlamağa çalışmalıdır. Avropa tamaşaçısına Şərq mədəniyyətini Avropasayağı göstərmək maraqsızdır. Dünya hər bir xalqı öz libasında, öz süfrəsində, öz danışıq tərzində və öz temperamentində görmək istəyir. Bu baxımdan Üzeyir bəyin istənilən əsəri bu tələblərə uyğun gəlir.

 

Əyyub Qiyas