Elektron ədəbiyyat və sənət portalı

Amerika yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 13.09.2023

“Aydın yol” tanınmış ABŞ yazıçısı Robert Qassın hekayəsini təqdim edir.

 

Gecə qonaqları

(hekayə)

Bir gün arvadım Yuditlə qərara gəldik ki, qızımız Leylanı da götürüb birgə səyahətə çıxaq. İçərisində səfər üçün hər cür ləvazimatları olan avtofurqon kirayələyib Meksikanın iki ştatının yerləşdiyi Aşağı Kaliforniyaya yollandıq. San-Dieqoya qayıtmazdan bir gün qabaq əldən-ayaqdan uzaq çimərliyin yanında köç salası olduq – axırıncı istirahət gecəmizi təbiətin qoynunda keçirmək istəyirdik.

Gecəyarısı yuxudan hövlnak ayıldım – Yudit dirsəyi ilə böyrümü dümsükləyib təcili qalxmağımı tələb edirdi. Bayırdan qışqırıq səsləri eşidilir, qapını bərk-bərk döyürdülər. Heç nə dərk etmədən furqonun damı altındakı çarpayıdan çıl-çılpaq sıçrayıb pəncərədən çölə baxdım. Bayırda gördüklərim məni yuxudan tam ayıltdı: maskalı kişilər maşını dövrəyə alıb qapı-pəncərəni yumruqlayırdılar. Qabaqlar macəra filmlərinə baxanda özümə həmişə sual verərdim ki, görəsən, nə vaxtsa əsl təhlükə ilə qarşılaşsam hansı hissləri keçirərəm? Neyləmək olardı, vaxt itirmədən “qəhrəman” obrazına girdim. Heç bir qorxudan söhbət gedə bilməzdi – ailənin şərəfini qorumaq məqamı çatmışdı.

Cəld sürücü yerinə keçib açarı işə saldım. İşə bax ki, bütün səyahət müddətində mühərrik dərhal işə düşmüş, bizi bir dəfə də olsun peşman etməmişdi. Amma indi yalnız bir neçə dəfə “asqırmaqla” kifayətləndi. Bu vaxt sürücü oturan tərəfin şüşəsi qırıldı və mən kabinəyə soxulan bir əl gördüm. Dərhal da ona ilişdirdim. Belə yerdə necə vəhşi olmayasan! Bütün həyatım boyu mənə hakim kəsilən pasifist inam təhlukənin təzyiqi altında bir andaca yox olmuşdu. Sonradan silahımın olmadığına bərk sevinəcəkdim, çünki bu vəziyyətdə onu dərhal işə salardım.

Qəhrəman rolunu indiyəcən xəyalımda, bəlkə, min dəfə oynamışdım və onu gerçək həyatda da oynaya biləcəyimə əsla şübhə etmirdim. Açarı bir dəfə də burdum. Mühərrik canlanan kimi oldu, di gəl, yenidən söndü. Sonra tüfəngin lüləsi hülqumuma dirəndi. Beynimdən bir fikir keçdi: “İndi belə çıxır ki, mən öz ailəmi xilas edə bilməyəcəyəm?”

– Pul! Pul ver! – aralarında ingiliscə az-maz danışa bilən quldurlardan biri qışqırırdı.

Lülənin ucu az qala boğazımı deşirdi. Əlimi oturacağın alt tərəfinə apardım, pul kisəmi sınmış şüşədən quldura tərəf uzatdım. Ümid edirdim ki, məsələ bununla bitəcək.

Amma bitmədi.

Maşının sınıq şüşəsindən əllərini içəri soxan meksikalı qapının kilidini açdı və əlisilahlı adam mənə güclü zərbə endirdi. Yerə yıxıldım, quldur dəstəsi hay-küylə furqona doluşdu. Onlar eynən bayağı Hollivud filmlərindəki meksikalı quldurlara oxşayırdılar. Üzlərini yaylıqla örtmüş soyğunçular dörd nəfər idi: birinin əlində silah, birində qəssab bıçağı, o birində maçete[1] vardı – dördüncü quldur isə silahsız idi. Biri tüfəngin lüləsini sinəmə dirəyib məni tərpənməyə, yerdən qalxmağa qoymurdu, o birilər isə ispanca çığırışa-çığırışa furqonun altını üstünə çevirir, əşyaları ələk-vələk edirdilər.

Maraqlıdır, nə qədər ki ailəmin xilası üçün nəsə eləyə bilərdim (ya da ən azından, xam xəyala qapılıb nəsə eləyə biləcəyimi, məsələn, mühərriki işə salacağımı düşünürdüm), canımda bir tikə qorxu-filan yox idi, indi isə tüfəng sinəmə dirənmiş halda döşəmədə çılpaq uzanıb qalarkən köməksizliyimi hiss edirdim. Titrəməyə başladım –  qorxudan məni dəhşət bürüdü.

Beynimdə qəfil fikir yarandı: meditasiyaya yüklənməyin və öyüd-nəsihət barədə Tanrıdan kömək istəməyin məqamıdır. Dərindən ah çəkib köməyə çağırdım. Zəbur surəsi içimdə ucadan və aydın şəkildə səslənməyə başladı: “Sən mənə düşmənlərimin cildində süfrə hazırlamısan…”

– Nə? – özümdən sakitcə soruşdum. – Başa düşmürəm, bu nəyə lazımdır?!

Dərhal da təsəvvürümdə bayram süfrəsi hazırladığımı canlandırdım və özümə dedim: hə, bizə quldurlar basqın edib, işlərimiz xarabdır. Amma əgər bütün bunlar başqa cür olsaydı, necə alınardı? Əgər onlar quldur yox, gecənin soyuğunda bizə qaranlıq çöllükdən qonaq gəlmiş köhnə dostlarımız olsaydılar necə? Əlbəttə, bu gəlişə sevinər, hamısını ən hörmətli qonaq kimi qarşılayardıq.

Daxilimdə sanki yeni imkanlara yol göstərən aydın, sakit bir məkan açılmışdı. Axı onlar da Allah adamıdır. Bəyəm özümə az demişdim ki, məqsədim insanlara xidmət etməkdir? Bu da sənə insan! İndi mən onlara yeni gözlə, sırf insani nöqteyi-nəzədən baxırdım.

“Bir dayan görüm ey! Bunlar quldur-filan dyil! İlahi, bunlar ki hələ uşadır!”

Birdən mənə aydın oldu ki, qarətçilər, həqiqətən, çox cavan, təcrübəsiz, ağılsız uşaqlardır. Əsəbiləşib özlərindən çıxırdılar. Onların amansızlığı, çığır-bağırları gücə yox, qorxuya dəlalət edirdi. Furqonun içində ağalıq edən cahıllar bir çox qiymətli qənimətləri görmədən əşyaları səliqəsiz şəkildə töküb-töküşdürməklə məşğul idi. Bu vaxt beynimdə qəribə bir aydınlıq yarandı.

İngiliscəni bilən cahıla üz tutdum:

– Ey, siz ən yaxşı şeyləri görmürsünüz! Bax orada, pal-paltarların altında yaxşı bir kamera var.

Oğlan mənə çaşqın nəzərlərlə baxıb, yanındakılardan birinə ispanca nəsə dedi, o da dərhal kameranı mənim nişan verdiyim yerdən tapıb çıxartdı.

– Otuz beş milli metrlikdir, əla şeydir, – onu həvəslə başa salıb sözümə davam etdim: – Dostların nahaq canfəşanlıq edir, qiymətli şeylərin yerini özüm sizə göstərərəm.

Oğlan yenə məni qəribə baxışlarla süzdü. Bu davranışım onun kobud qarət ssenarisinə qəti uyğun gəlmirdi. Mən əşyaları bir-bir onlara göstərirdim.

– Bax, əla gitaradır, – barmağımı gitaranın simlərinə toxundurub dedim. – Kim bunu götürmək istəyir? Bax, “Sony” pleyeri, bir neçə kaset də var! Kim istəyir? Hansınıza lazımdırsa, götürün.

Bir vaxtlar hindular da hər şeylərini bizə verirdilər, özü də müftəcə. Fikirləşdim ki, bu dövrdə sərvət bölgüsü qeyri-bərabər aparılır və bu uşaqların bizim əşyalarımıza sahib çıxması hansı mənadasa, hətta ədalətlidir. Sərvət hissi mənə məmnunluq gətirdi, fikirləşdim, görəsən, bu cavanlara daha nə bağışlaya bilərəm.

Artıq şəraitə təsir etməyə başlamışdım, amma vəziyyəti tam dəyişə bilməmişdim. Xüsusən də əlində qəssab bıçağı tutmuş oğlan özünü yaxşı aparmırdı. Ola bilsin, narkotikin təsiri altında idi. O məni elə hey itələyir, nəsə çığırırdı. İngiliscə lüğət ehtiyatı isə cəmisi bir neçə sözdən ibarət idi. “Narkotik ver! Araq ver! Pul ver!” Bu gədə mətbəx qutusunda dərman şüşəsi axtarırdı. Görünür, onu qarın ağrısı tutmuşdu və bu pis naxoşluqdan biryolluq qurtulmaq istəyirdi. Mən o bədbəxti dilə tutmağa çalışırdım ki, bütün həbləri birdəfəyə udmasın, ancaq xeyri yox idi.

Mənim “ingilisdilli dostum” o biri quldurları sakitləşdirməyə, aranı düzəltməyə çalışırdı.

Nə vermək mümkündüsə, hamısını paylayıb furqonun arxa tərəfinə, Yuditlə Leylanın yorğana bürünərək büzüşüb oturduqları yerə nəzər saldım. Yudit uşağa qarşı edilə biləcək zorakılıqdan, onun oğurlanacağından qorxurdu. İndiyəcən bir dəfə də olsun “pis” adam görməyən ikiyaşlı Leyla isə tez-tez eyni sualı verirdi: “Ata, bu adamlar kimdi?”

– Bir şey yemək istəyirsiniz?

İngiliscəni anlayan oğlan sözlərimi dostlarına çatdırdı. Amma soyuducunun qapısını açanda gözümə arıtlanmış dənli bitkilərdən, yoğurt və qoz yağından başqa bir şey dəymədi. Çox pis vəziyyətə düşdüm, burada “qonaqlarımın” yemək hesab edəcəyi bir şey yox idi. Rəfdəki yetişmiş almanı görəndə isə öz-özümə dedim: “Bax bu, işə yarayar”. Onu götürüb əlibıçaqlı oğlana uzatdım. Bu, çox vacib məqam idi. Kimisə nəyəsə qonaq etmək mədəniyyəti əksər halda birliyin, dostluğun, barışığın rəmzinə çevrilir.

Oğlan tərəddüd edirdi – götürsün, ya götürməsin? Sonra üzündə ani təbəssüm yarandı və əlini irəli uzatdı. Əllərimiz bir-birinə toxunanda aramızda ani enerji mübadiləsi hiss etdim.

Beləliklə, “mükafatlandırma və qonaqlıq mərasimi” baş tutdu. Birdən “tərcüməçi” dedi ki, bəs biz maşınla gəzmək istəyirik. Qorxum təzədən qayıtdı. Bilmirdim niyyətləri nədir. Hərçənd bizi öldürmək fikirləri vardısa, onda bura başqa yerlərdən heç də pis deyildi. O dərəcədə də səriştəli görünmürdülər ki, bizi girov saxlayıb, sonra da əvəzində pul qopartsınlar. Təklif etdim ki, maşını götürsünlər – onlarla harasa getməkdənsə, çölün düzündə heç nəsiz qalmaq daha yaxşı idi. Amma soyğunçular yenə bizi silahla hədələməyə başladılar. Onda bir şeyi anladım: mən qorxu “rejiminə” keçən kimi, oğlanlar da dərhal quldura çevrilir.

– Yaxşı. Getdik!

Keçib Yuditlə Leylanın yanında özümə yer elədim və gecənin bu vədəsində yola düşdük. İndi, heç olmasa, əynimdə tuman vardı və buna görə özümdə bir az yüngüllük hiss edirdim. Hərdən reallıqla əlaqəmi itirir, çöllükdəki gecə gəzintisindən, sadəcə, ləzzət alırdım. Sonra uzaqda sayrışan işıqları görüb fikirləşdim ki, əgər hansısa kəndin yaxınlığında maşını saxlasalar, dərhal qapını açıb Yuditlə uşağı maşından düşürmək lazımdır. Sonra özümdən soruşdum: “Əgər indi ən əziz qonaqlarımla yol getsəydim, onda neylərdim?” Əlbəttə ki, oxuyardım.

Yudit, Leyla və mən birlikdə oxumağa başladıq:

Dinlə, dinlə qəlbimin nəğməsini,

Heç vaxt unutmaram, atmaram səni.

Deyəsən, oxumağımız onların xoşuna gəlirdi. Amma birdən mənə çatdı ki, biz kifayət qədər qonaqpərvər deyilik: axı onlar bizim mahnıları başa düşmürdülər. Bir anlıq fikrə getdim. Və tapdım, lazım olanı tapdım:

Guantanamera, guajira, guantanamera.

Guantanamera...

Alındı! Onlar da bizə qoşulub oxumağa, bizə züy tutmağa başladılar. İndi nə quldur vardı, nə qurbanlıq – hamımız ayaqlarımızı mahnının ahənginə uyğun tərzdə maşının döşəməsinə vururduq və bizim ürəklərimiz boş çöllükdə gecənin qaranlığını yarıb-keçən furqonun üzərində uçurdu.

Aman Allah! Maşını saxlamadan kəndin yanından ötdük və mən ailəmi xilas etmək kimi əla planımı həyata keçirə bilmədim. İşıqlar artıq xeyli arxada qalmışdı, biz hansısa dik təpəliyə doğru gedirdik. Qaranlıq bir yola burulandan sonra maşın dayandı. Yuditlə baxışdıq: ola bilsin, indi bizi öldürəcəklər.

Quldurlar maşının qapısını açıb şey-şüyləri boşaltdılar. Biri maşından çıxanda bizə “Adios” dedi. İngiliscə anlaşdığımız oğlan isə yerə düşərkən ayaq saxlayıb tələsik dilləndi:

– Nə olar, bizi bağışlayın. Biz kasıb adamlarıq. Atalarımız da kasıbdır… Biz pulu bu yolla əldə edirik. Mən çox təəssüflənirəm. Siz xeyirxah adamsınız. Arvadınız da, qızınız da çox yaxşıdır. Siz çox yaxşı adamlarsınız. Nə olar, haqqımızda pis şeylər fikirləşməyin. Ümid edirəm, bu hadisə istirahətinizi korlamadı.

Sonra mənim bank kartımı özümə qaytardı.

– Götürün. Onsuz da, biz bundan istifadə edə bilmərik. Yaxşı olar, elə sizdə qalsın.

Sürücülük vəsiqəmi də qaytardı, üstəlik, bir neçə Meksika əsginası da ayırıb öz dostlarının heyrətli baxışları altında mənə uzatdı:

– Benzin üçün verirəm.

Elə özüm də heyrətlənmişdim: quldur mənə pul qaytarırdı, aranı nə yollasa düzəltməyə çalışırdı!

Əlimi sıxdı. Baxışlarımız toqquşdu, aramızdakı divar yox oldu. İki saniyə qarşılıqlı anlaşma məkanında olduq. Nəhayət: “Adios”, - dedi. Bu sözün tərcüməsi isə “Xudahafiz” deməkdir. Sonra qonaqlarmız gecəyə qarışıb qaranlıqda itdilər.

Və yalnız bu zaman bir-birimizə sarılıb hönkürdük.

 

Tərcümə edən:

Mahir N.Qarayev

[1]Maçete – bıçağa bənzər iri silah (ispanca).