Fransisko Qomes de Kevedo 1580-ci ildə Madriddə, kübar kastiliyalı ailəsində doğulub. Uşaqlıq illəri valideynlərinin xidmət etdiyi Kral sarayında keçib. Əvvəlcə yezuit İmperiya məktəbinin müdavimi olub, 1596–1600-cü illərdə Valyadoliddə universitet təhsili alıb. Tələbəlik illərində müstəqil şəkildə fəlsəfənin əsaslarını, ərəb, ivrit, fransız və italyan dillərini öyrənib, Lope de Veqa və Servanteslə dostluq edib.
1611-ci ildə dueldə iştirakı səbəbindən doğma vətəni tərk etmək məcburiyyətində qalıb. Bir müddət Neapol vitse-krallığının naziri kimi diplomatik görüşlərdə, İtaliya yürüşlərində bilavasitə iştirak edən Kevedo saraya yalnız kral III Filipin ölümündən sonra, 1621-ci ildə qayıda bilib. 1632-ci ildən kral IV Filipin katibi olub. Lakin krala və onun sevimli əyanlarına yazdığı kəskin satirik şeirlərinə, pamfletlərinə görə 1639-cu ildə həbs olunub və dörd il ağır məhbəs həyatı yaşayıb. Həbsxanadan çıxandan az sonra, 1645-ci ilin sentyabrında vəfat edib.
“Aydın yol” tanınmış şair-tərcüməçi Mahir N.Qarayevin ispan poeziyasının görkəmli nümayəndəsi Fransisko de Kevedo poeziyasından olan yeni tərcümələrini oxuculara təqdim edir.
BİTSİN BU SEVGİNİN MƏNƏ AÇDIĞI SAVAŞ
Alov saçan, qan tökən qorxunc silahlarınla
Gör haçandan amansız savaş açmısan mənə.
Tapdağa döndüm artıq ayaqlarının altda,
Heyim yox, taqətim yox bir an nəfəs dərməyə.
Lap tutaq ki yenildim, uduzdum bu savaşda,
Nə vəd edir bəs sənə görən o zəfər tacı?
Onsuz da, ac əsirtək mən əyilmiş bu başla
Özgəsindən umduğum sədəqəyə möhtacam.
Sən ey zalım cəlladım! Ey daşürək mələyim!
Bir az boşalt boynuma keçirtdiyin kəndiri –
Nəfəs dərim qoy bir az... boğuldum, yetər artıq!
Sonra zülmünü artır, yenə daralt ilgəyi –
Axırda var gücünlə son zərbəni endirib
Mənimlə bu savaşı biryolluq bitir artıq.
GƏNC RAHİBƏYƏ VURĞUNLUQ
Tanrıların qeyzinə, qəzəbinə tuş gələn
Tantalın rəvayəti hardan düşdü yadıma:
Saf suların içində yazıq suya təşnədir,
Şipşirin meyvələrin həsrət qalıb dadına.
Su içmək istəyəndə dərhal yoxa çıxır su,
Meyvə dolu budağa əli çatmır acanda;
Anbaan heydən salır aclıq, susuzluq onu –
Yüz illərdir inləyir naz-nemətin içində...
Sənin bu pritçada gördüyün öncə nədir? –
Var-dövlətin insana verdiyi işgəncədir!
Mənsə gənc rahibəyə bir sevgi duydum bu dəm:
Saf suyun, bol nemətin böyründə dayansa da,
Aclıqdan üzülsə də, susuzluqdan yansa da –
O hərdən əl uzadır onlara... yalnız hərdən.
ƏZAB ÇƏKMƏYƏ MƏHKUMLUQ
FASİLƏSİZ VƏ MÜDDƏTSİZ
Hələ başa çatmayıb qışın yazla davası:
Otlağa dolu düşür, meşəyə qar ələnir.
Amma inadkar aprel çalır öz havasını –
Yavaş-yavaş hər tərəf yaşıllığa bələnir.
Düzənliyə cumur çay bənd-bərəni aşaraq,
O da aprel kimidir: sözəbaxmaz, inadkar;
Daş-çınqılla doldurub ağzını çeşmə qoçaq
Dəcəl, şıltaq küləklə xosunlaşır o ki var.
Yalnız sonuncu qarla başa çatır bu qovğa:
Ağ örtüyə bürünür zirvələr qışsayağı,
Badam da lovğalanır öz bahar duvağıyla...
Təkcə mənim qəlbimdə bir çiçək də açmadı,
Bir ot da göyərmədi dolunun ucbatından,
Meşəm isə kül oldu ildırımın odundan.
GÖRSÜNLƏR SEVGİYƏ SONSUZ SƏDAQƏTİMİ
Bu susqun iztiraba imkan verin, danışsın –
Gör nə qədər lal qalıb ürəyimdə bu bədbəxt!
Qoy lap dəli olum mən, ağlım çıxsın başımdan:
Bir qazanda qaynamaz ağılla sevgi heç vaxt.
Gəmirdim daş qəfəsin dəmir barmaqlığını –
Zindan da azlıq edir, dar gəlir bu zillətə.
Gözümə tor çəkəndə məhbəsin qaranlığı
Sinə gərdim bu yolda yenə hər əziyyətə.
Mən heç zaman heç nədə sevinc duymadım, haşa:
Mükafatsız yaşadım bir ömrü başdan-başa,
Ölüm də qəbulumdur sorğu-sualsız, nə qəm!
Amma bu son sözümü çatdırın o zalıma,
Qoy bilsin o daşürək, yanmasa da halıma:
Onu sevib yaşadım, sevərək də ölürəm.