Orta əsrlər Azərbaycanının alim, mütəfəkkir, filosof və şairlərinə məxsus olan xeyli sayda dəyərli əlyazma bu gün dünyanın müxtəlif ölkələrinin kitabxanalarında saxlanılır. Azərbaycan o dövrdə Qərblə Şərqin qovuşuğu olduğu üçün tarixi əlyazmalarımıza hazırda həm Avropa, həm də Asiyada rast gəlinir.
Əlyazmalarımız Asiyada daha çox İran, Türkiyə kimi ölkələrin, Avropada isə Moskva, Sankt-Peterburq, London, Paris, Dublin, Berlin, Drezden, Vatikan, Vyana, Praqa, Sarayevo kimi şəhərlərin ən məşhur kitabxana və muzeylərində saxlanılır. Həmçinin Qahirə, Daşkənd, Düşənbə, Kəlküttə, Laknau, Dəkkə, Pəncab kimi şəhərlərin arxivlərində də Azərbaycanın orta əsrlər dövrünə aid nadir əlyazmalar var.
Həmin əlyazmaların bu gün ölkə xaricində olmasının bir neçə səbəbi var. XII-XIX əsrlərdə azərbaycanlı şair, alim, filosof, xəttatın Şərqin inkişaf etmiş şəhərlərində yaşaması adi hal hesab edilirdi. Tarixdən də məlum olduğu kimi, neçə-neçə mütəfəkkirimiz Azərbaycan sərhədlərindən kənarda yaşayıb-yaradıb və orada da vəfat edib. Həmçinin orta əsrlərdə alimlər arasında öz əsərlərini əlyazma şəklində bir-birilərinə bağışlamaq ənənəsi də olub.
Əlyazmaların yad əllərə düşməsinin əsas səbəbi isə müharibələr olub. Azərbaycanın Atabəylər, Elxanilər və Səfəvilər hakimiyyəti zamanı nəhəng imperiyalara hansısa döyüşdə məğlubiyyət, eyni zamanda kitabxanaların, elm ocaqlarının yağmalanması demək idi.
1828-ci ildə Rusiya-İran müharibəsindən sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsində Səfəvi hökmdarlarının uzun illər topladığı və zənginləşdirdiyi kitabxananı ruslar bütövlüklə ələ keçirərək Sankt-Peterburqa daşıdılar və məhz həmin əlyazmaların sayəsində XIX yüzilliyin əvvəllərində Rusiyada şərqşünaslıq elmi meydana gəldi və inkişaf etdi.
Ən ağrılı məqam budur ki, həmin qiymətli əlyazmalar öküz arabaları ilə dəyərsiz əşya kimi yad diyarlara daşınmışdı. Səfəvi kitabxanasından “Ermitaj”a daşınan mədəni sərvətimizdən biri də Nizami “Xəmsə”sinin əlyazmasıdır. Əlyazma 1430-cu ildə məşhur azərbaycanlı xəttat Cəfər Təbrizi tərəfindən Heratda köçürülüb və bu nüsxəyə 38 orijinal miniatür çəkilib. Əlyazmanın sonunda hətta onun “Ermitaj”a çatana qədər keçdiyi yol da qeyd olunub. Həmin qeyddən məlum olur ki, qiymətli nüsxə Nadir şahın sərkərdələrindən birinə məxsus olub.
Belə faktları sadalamaqla bitmir. Dünyanın arxiv və kitabxanalarında saxlanılan əlyazmalarımızın dəqiq sayı bilinməsə də, bu rəqəmin 10.000-dən artıq olduğuna şübhə yoxdur. Əlyazmalarımız Dünya Yaddaş Xəzinəsinə daxil edilən əlyazmaların təxminən 3 faizini təşkil edir. Yəni dünya tarixinin ən mühüm yazılı sənədlərinin üç faizi Azərbaycana məxsusdur.
Vatikanda saxlanılan əlyazmalarımız
Azərbaycan əlyazmalarının saxlanıldığı yerlərdən biri də Vatikandır. Cırtdan dövlətin bütün dünyada məşhur olan iki böyük kitabxanasında – Vatikan Məxfi Arxivlər və Vatikan Apostolik Kitabxanasında Azərbaycana aid nadir nüsxələr bu gün alimlər tərəfindən tədqiq edilir. Heydər Əliyev Fondu Vatikandakı əlyazmaların araşdırılmasına dəstək verəndən sonra bu iş sistemli şəkildə həyata keçirilməyə başlandı.
Vatikan Məxfi Arxivlər Kitabxanasında rəflərin ümumi uzunluğu 85 kilometrdir. Burada əlyazmalar 330 nəhəng fondda cəmləşib. Həmin fondlarda VII əsrdən XX əsrə qədərki tarixi dövrü əhatə edən nadir əlyazmalar saxlanılır. Professor Fərid Ələkbərli Vatikan Məxfi Arxivlər Kitabxanasında Azərbaycana aid 85 nadir sənəd aşkarlayıb. Həmin sənədlər X–XX əsrləri, yəni tariximizin minillik dövrünü əhatə edir. Onların əksəriyyəti Elxani, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin, Qaramanlı, Əfşar, Qacar tayfalarının Roma papaları ilə məktublaşmalarıdır. Vatikandakı Məxfi Arxivlər Kitabxanasında əsasən rəsmi yazışmaların aşkarlanması təbii haldır. Çünki həmin kitabxananın əsas funksiyası qədim dövrdən bu vaxta qədər olan dövlətlərarası münasibətlərə aid rəsmi sənədləri qoruyub saxlamaqdır. Fərziyyələrə görə, əgər Vatikandakı Məxfi Arxivlər Kitabxanasındakı yazışmalar sirr kimi saxlanılmayıb ictimaiyyətə açıqlansa, o zaman bütün dünya siyasi burulğanda boğula və III Dünya Müharibəsi başlana bilər.
Vatikan Apostolik Kitabxanasında saxlanılan əlyazmalar isə daha çox müxtəlif ölkələrin alim və mütəfəkkirlərinin elmi, bədii əsərlərindən ibarətdir. Professor Fərid Ələkbərli həmin kitabxanadan Azərbaycana aid 65 sənəd aşkarlayıb. Onların arasında Əbdül-Məcid Şirvaninin “Kitabi-Sihri”, Əbdül-Vəhhab Zəncaninin ərəb qrammatikasına aid əsərinin şərhi, Cəlaləddin Təbrizinin, Əli Şirvaninin, Yusif Qaramaninin, İbrahim Zəncaninin elmi mövzularda nadir əlyazmaları var.
Əlyazmaların acı taleyi
Təəssüflər olsun ki, tariximizə güzgü tuta biləcək nadir sənədlərin bir çoxu hazırda kitabxana və arxivlərimizdən kənardadır. Xarici ölkələrdə saxlanılan qiymətli əlyazmaların dəqiq sayı isə məlum deyil. Çünki Azərbaycana aid əlyazmalar kataloqlaşdırılmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlunun sözlərinə görə, hazırda Şərqi Avropada və dünyanın başqa yerlərində Azərbaycana aid əlyazmalar müəyyən edilir və onların bəziləri ölkəyə gətirilir:
“Dünya Yaddaş Xəzinəsinə əsasən, Azərbaycana aid sənədlərin, əlyazmaların dəqiq sayını demək mümkün deyil. Çünki onların əksəriyyəti kataloqlaşdırılmayıb. Əlyazmaların Azərbaycanda deyil, başqa ölkələrdə olması isə təbii haldır. Çünki nadir sənədlərin qorunduğu kitabxanalar hər zaman paytaxt şəhərlərdə olardı. Bizim də orta əsrlərdəki paytaxt şəhərlərimiz əsasən Təbriz, Ərdəbil, Cənubi Azərbaycanın digər şəhərləri olub. Rus-İran istilası zamanı məhz həmin şəhərlərin kitabxanalarından xeyli sayda əlyazmalar Rusiyaya daşınıb. Bu gün xarici ölkələrdəki əlyazmalarımızdan danışanda daha çox Vatikanın adı çəkilir. Amma deyim ki, Şərqi Avropa ölkələrində – Çexiya, Polşa, Bosniya və Hersoqovinada olan əlyazmalarımızın sayı heç də Vatikandakından az deyil. Bəzi Şərq ölkələrində – İranda, Türkiyədə, Hindistanda, Pakistanda, hətta Əfqanıstanda Azərbaycana aid əlyazmaların sayı Vatikanın Məxfi Arxivlər Kitabxanası və Apostolik Kitabxanasında bizə aid sənədlərdən dəfələrlə çoxdur. Sadəcə, təəssüflər olsun ki, həmin ölkələrdə Azərbaycana aid əlyazmaların əksəriyyətinin adı kataloqlara salınmadığından belə pərakəndəlik yaranıb. Vatikandakı əlyazmalar isə, demək olar ki, tariximizin bütün dövrlərini əhatə edir. Onların arasında Qədim Albaniya dövlətinə aid rəsmi sənədlərlə yanaşı, Səlcuqlara, Atabəylərə, Elxanilərə, Səfəvilərə, Ağqoyunlulara, Əfşarlara aid əlyazmalar var. Əksəriyyəti də Roma papaları ilə rəsmi yazışmalardır. Həmçinin qeyd edim ki, orta əsrlərdə missionerlik geniş yayıldığından arxivlərdə saxlanılan bəzi əlyazmalar missionerlərin bir-biriləri ilə olan yazışmalarıdır. Onların arasında dəyərli elmi, fəlsəfi, astroloji nümunələrə də rast gəlmək mümkündür. Orta əsr əcnəbi səyyahların Azərbaycanda olan zaman yazdıqları qeydlər bizim tariximizi öyrənmək üçün mühüm mənbə kimi istifadə oluna bilər. Holland səyyahlarından birinə aid əlyazmada Azərbaycanın xəritəsi ustalıqla təsvir olunub, bütün ərazilərimiz, sərhədlərimiz orada göstərilib. Vacib faktlardan biri də budur ki, həmin əlyazmalarda erməninin adı belə çəkilmir”.
Filologiya elmləri doktoru, şərqşünas Sənan İbrahimov isə tariximizə, mədəniyyətimizə aid nadir əlyazmaların Azərbaycanda deyil, başqa ölkələrdə saxlanılmasını mədəni irsimizə vurulan zərbə kimi dəyərləndirib:
“Yusif Qarabağinin ədəbi irsi Oksfordda saxlanılır. Klassiklərimizin, demək olar ki, əksəriyyətinin əsərləri bizdə yox, xarici ölkələrdədir. Buna misal olaraq Nizaminin, Füzulinin, Fələki Şirvaninin, Şah Qasım Ənvarın və başqalarının adlarını çəkmək olar. O əlyazmalar bizim milli-mədəni irsimiz, tariximizin bir parçasıdır. Düzdür, Əlyazmalar İnstitutu bu işlərlə ciddi məşğul olur, hətta uzaq Hindistandan Azərbaycana aid sənədləri, əlyazmaları gətirir. Amma yenə də görüləsi işlər çoxdur. Təsəvvür edin ki, 1828-ci ildə Rusiya imperiyası Azərbaycanı işğal edən zaman Səfəvilərin Ərdəbildəki kitabxanalarının əlyazmalarını öküz arabaları ilə daşıyıblar. Həmin dövrün salnaməçiləri yazırlar ki, o əlyazmaları ağırlığından heç öküz də dartıb apara bilmirdi”.
Elmin NURİ