Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.
Vaqif Aslan
- Tanınmış Azərbaycan şairi və tərcüməçisi;
- 1950-ci ildə Şəkinin Kiş kəndində doğulub;
- 1968–1973-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun Fransız və Azərbaycan dilləri fakültəsində təhsil alıb:
- ilk şeiri 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunub;
- “Ruhlarla söhbət”, “Qanımdan rəng alan gül”, “Aydın”, “Oğuz elinə salam”, “Hər şey zaman içində” və digər kitabların müəllifidir:
- Məşhur fransız yazarları Pol Verlen, Ojen Dabi, Erve Bazen, Jan Batist Şardən və Jermen Giyomun əsərlərinin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifidir.
- Dövlət Tərcümə (Mərkəzi) Mükafatının laureatıdır.
KİMİYƏM
Yarım gün, yarım da duman içində...
Gözə boy verməyən dağlar kimiyəm.
Yəqinlik içində, güman içində
Göyləri yerlərə bağlar kimiyəm.
Məni tanıyanlar bətdən-bənizdən
Elə düşündülər olaram dizdən.
Gördülər böyükdür dalğam dənizdən...
İçimdən, çölümdən çağlar kimiyəm.
İstədim dağlara deyəm dərdimi...
Dağlar götürərmi bəyəm dərdimi?
Bir həzin dil ilə öyəm dərdimi...
Bilələr fəryadlar, ahlar kimiyəm.
Bağımdan, bağçamdan, barınammıram.
Yarım-yarımçığam, yarınammıram.
Hazır kəfənimə sarınammıram.
Büküb qoltuğumda saxlar kimiyəm.
Bir dünya sevincəm, bir dünya qəməm...
Tamam, yarımçığam, bütövəm, kəməm.
Mən Vaqif Aslanam, ayrı aləməm...
Lalə sinəsində dağlar kimiyəm.
ADAM
Ağ adam!
Qara adam!
Sarı adam!
Adam olun!
Barı, adam!
Olmursunuz, çıxın, gedin
Bu zamandan, bu eradan!
Durub bar-bar bağıraqmı?
Yerə adam çağıraqmı
Aydan, Marsdan,
Veneradan?
Ögeydirsə sizdən ötrü evdəkilər
Sizə dogma olacaqmı göydəkilər?
Siz ki yerli saymırsınız özünüzü
dogma yerdə.
Yersiz yerli olarsınız
Saturnda, Merkuridə,Yupiterdə...
Yer üzündə düz gəlməyir
Ayınız da, iliniz də.
Sizdən adam düzəldəndə
çiylik qalıb gilinizdə.
Ağ adam!
Qara adam!
Sarı adam!
Adam olun!
Barı, adam!
Yaradanın kürəsində
bişin bir də!
Düşün adam qaydasına,
düşün bir də!
Ondan sonra
doğmalaşar
Sizin üçün
Göy də, Yer də.