Almaniyanın populyar “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Elgün Niftəliyevdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Signaturen.de” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Andreas Qrifius, Frans Kafka, Kristian Morgenştern, Pablo Neruda, Stefan Malarme kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Mir Cəlal
(1908-1978)
- Yazıçı, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq;
- 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində anadan olub;
- “Boy”, “Bostan oğrusu”, “Gözün aydın”, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər”, “Yolumuz hayanadır?” nəsr kitablarının müəllifidir;
- Azərbaycanın“Əməkdar elm xadimi” fəxri adına layiq görülüb;
- Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Dissertasiya
(hekayə)
– Həmin bu qaşıq dərmanını içərsən, həbləri atarsan, gündə iki dəfə yaş dəsmal qoyarsan, iki gün sonra yanıma gələrsən.
Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, dərmanı yazır, məsləhətlərini eləyir, axırda qayıdıb qəti tapşırırlar:
– İki gündən sonra yanıma gələrsən.
Əlbəttə, həkim istər ki, həmişə yanında xəstə olsun. Xəstəyə baxmaq onun peşəsidir. Amma həkimə baxmaq bizim peşəmiz deyil axı! Hərənin bir peşəsi, kəsbkarı var. Mən hər iki gündən bir iki saat vaxtımı sərf etsəm ki, həkim mənə baxsın, onda bəs külfətimə kim baxsın, ailəmin ruzusuna kim baxsın, ailəmin ruzusunu kim qazansın? Doğrudur, həkimlər bu tapşırığı xəstəyə verirlər, ancaq yerinə yetirən olmur, həkimin evindən çıxanda adamlar dala baxmadan gedirlər. İkinci dəfə bu qapıya qayıdan çox az olur. Qayıdan olsa da, öz xoşuna qayıtmır, azar qaytarır. Mən də, adətimcə, həkimə xudahafiz edib çıxdım. Tapşırdı ki, "İki gündən sonra yanıma gələrsən!" Dedim: "Baş üstə!" Həkimin nüsxəsini heç dərmanxanaya aparmadım. Yadımda yoxdur, qulağıma neçə dəfə yaş dəsmal qoydum, ya qoymadım. Ancaq onu bilirəm ki, qulağımın sancısı yavaş-yavaş azalırdı. Bəzən lap hissedilməz olurdu. Bu əhvalatdan iki gün keçdi. Üçüncü gün gecə saat 9-10 olardı, oturub kitab oxuyurdum, telefon səsləndi. Nazik səsli bir qız mənim adımı çəkdi və dedi: "Dayanın, həkim sizinlə danışır". Bir də gördüm, burun-qulaq həkimi Qaragözov mənim üstümə qışqırır:
– Ay filankəs, sizi gözləyirəm, bəs müalicənizə niyə gəlmirsiniz? Buyurun, zəhmət çəkin, müalicəni yarımçıq qoymaq yaramaz...
Mənim deməyə bir sözüm olmadı, tələsik qulağıma bir dəsmal bağladım, həkimin evinə getdim. Gedə-gedə fikirləşirdim ki, "Bəli, dünya xali deyil, həkimlərin içində beləsi də varmış!" Güman etməyin ki, "həkimdir, öz xeyri üçün çalışır." Əsla yox! Əvvələn budur ki, mən idarə yolu ilə, hökumət xərcinə müalicə olunuram. İkinci budur ki, Qaragözov aylıq alır, gündə əlli xəstəyə baxsa da, həmin maaşı alır, heç kəsə baxmasa da. Qaragözovun mənim dalımca düşməyinə, müalicə üçün bu qədər səy etməyinə ancaq məslək eşqindən, öz vəzifəsinə vicdanla yanaşmasından başqa ad qoymaq olmaz. Bu fikirlər Qaragözovu mənim nəzərimdə daha da böyütdü, özüm özümdən xəcalət çəkdim ki, kişi məni zorla müalicə edir. İstəmir xəstəlikdən bir əlamət qalsın. Salamatlığımı istəyir. Bunun müqabilində mən tənbəllik edirəm, iki addımlıq yolu onun evinə getmirəm. Qərəz, bu dəfə həkim qulağıma daha da diqqətlə baxdı. Yaş dəsmaldan sonra ağrı azaldığını biləndə çox sevindi. Maşını yaxına çəkdi, güzgü qoydu, otağın işığını artırdı, bütün diqqəti ilə mənim qulağımı müayinəyə başladı.
– Yoldaş həkim, deyəsən, qulağımın şəklini çəkirsiniz?
Qaragözov mənə cavab vermədən öz işini görürdü. Ancaq: Tərpənmə, tərpənmə!" – deyir, o tərəf, bu tərəfimə keçir, alnındakı güzgünü aşağıdan yuxarıya tərəf tərpədir, gah diz çökür, gah ayağa qalxırdı.
Qulağımın ətini o yana, bu yana elə dartırdı ki, az qalırdı, dərisi soyulsun. Sakitcə dayanmışdım. Müalicənin qurtarmasını aramsız gözləyirdim. Ürəyimdə deyirdim: "Bundan qurtardım, bir də mən özümü həkim əlinə versəm, ikicə olsun!" Qaragözov işığı yan edib alətləri yerə qoyanda nə qədər sevindiyimi qələmə ala bilmirəm. Ağır və təhlükəli bir işdən sovuşmuş kimi köksümü ötürdüm, alnımın tərini silib ayağa qalxdım.
– Hara durursunuz? – deyə təəccüblə soruşdu.
– Qurtarmadı bəs?
– Dayanın, burnunuzu da müayinə edəcəyəm!
Burnumu da qulağım kimi yoxlandı, canımı dişimə tutub dözdüm, elə ki mən dözdüm... Qaragözov məndən bəzi şeylər soruşub yazdı: yaşın, sənətin, ünvanın, ailə vəziyyətin...
– Yoldaş həkim, – dedim, – belə şeyləri adamdan qulluğa girəndə soruşurlar. Ailə vəziyyətinin, yainki sənətin qulaq azarına nə dəxli var?
Qaragözov gü1ümsündü:
– Siz, – dedi, – nə çox maraqlanırsınız? Bu suallar sizi qorxutmasın. Bunlar bizə elmi-tədqiqat üçün lazımdır. Biz xəstələrin harada, hansı ictimai təbəqələr içərisində, nə nisbətdə olduğunu müəyyən etməsək, əhaliyə xeyir verə bilmərik. Bunsuz təbabət elmi də inkişaf etməz. Məsələ bir sizin qulağınızla qurtarsaydı, nə dərd idi! Ancaq bu zəhrimar xəstəlik minlərlə qulağa girməyə yol axtarır. Mübarizə eləmək bizim borcumuzdur.
Həkimin son sözlərini eşitməyə daha səbrim qalmamışdı. Getmək istədiyimi görüb sözünü kəsdi, ayağa qalxdı və qolumdan tutub bərk tapşırdı.
– İki gündən sonra gələrsiniz, gözləyəcəyəm!
Mən ayaq üstdə dondum.
– Yoldaş həkim, – dedim, – daha mənim qulağımda bir ağrı-zad qalmayıb!
– Siz ağrıya fikir verməyin! Heç fikir verməyin! Ağrıdır, beş gün olmaz, sonradan beş ay sizə elə əzab verər ki, anadan əmdiyiniz süd burnunuzdan gələr. Mən bilirəm sizin qulağınızın vəziyyətini. Lap bələd olmuşam, müalicəyə ehtiyacı var. Mütləq gələrsiniz!
Məyus çıxıb gəldim. Özüm özümə and içdim ki: "Gəlməyəcəyəm, vəssalam!" Qulaq ağrısı, həkim Qaragözov və sair bu kimi məsələləri oradaca qoyub getdim işimə. İki günmü, üç günmü keçdi, bilmirəm, axşam saat 8-də balaca oğlumla yay kinosuna getmişdim. Bufetə yanaşıb uşağa bir stəkan su alırdım ki, bir də gördüm, qonşu qızı tövşüyə-tövşüyə özünü yetirdi:
– Əmi, – dedi, – evdə qonaq var, sizi çağırırlar.
Uşağı kinodan yarımçıq qaytarmaq özü insafsız bir işdir. Yaxşıdır ki, inad etmədi, qonaq adını eşidib maraqlandı:
– Ata, sabah gələrik, bu giin qonağımız var, gedək! – dedi.
Qapıdan içəri girəndə Qaragözovu stol başında əyləşən gördüm. Sağ tərəfdə alçaqboy bir qız, sol tərəfdə də qarayağız bir oğlan oturmuşdu. Qonaqlara "xoşgəldin" elədim. Qaragözov ayağa qalxdı:
– Elə bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsınız? Yox! Siz öləsiniz, hamı belədir! Elə ki xəstəlik yüngülləşdi, ağrılar dayandı, heç bir xəstə həkim yanına gəlmir. Amma bizim borcumuzdur ki, xəstəni axıra qədər izləyək. Xalq həkiminin işi belədir. Əyləşin görüm! Qaragözov yenə güzgüsünü alnına taxdı, stol çırağını yandırdı, başladı mənim qulağımla əlləşməyə! Bu müayinəyə tamaşa etmək qonaqlar üçün yaxşı olmadı.
– Ay uşaqlar, – dedim, – süfrə salın, qonaqlar o biri otağa buyursunlar!
Qaragözov mənə cavab verdi:
– Xeyr, zəhmət çəkməyin, qonaqlar da sizin müalicənizlə maraqlanırlar.
Oğlan da, qız da ayağa qalxıb işığa keçdilər, mənim qulağıma tamaşaya durdular. Qaragözov əlindəki kəlbətini ilə mənim qulağımı ayırır, tələsə-tələsə qonaqlara deyirdi:
– Bax, bax! Gördün! Gördün ki! Gördün, nə aşkar seçilir! Bir az kölgə mane olur. Ba... ba... bax, odur ha! Aşkar bəllidir. İnfeksiya göz qabağındadır.
Mən indi başa düşdüm ki, cavan adamlar Qaragözovun şagirdləridir. Onları özü kimi həkim eləmək üçün təcrübəyə gətirib. Mənə aydın oldu ki, həkim ünvanımı niyə soruşmuşdu, ürəyimdə dedim:
"Bəli, bundan sonra xeyrimiz olsun. Vaxt-bivaxt Qaragözov məni çağırıb qulağımdan dərs deyəcək. Xata elədik, qapımızı tanıtdıq!" İstədim həkimdən xahiş edəm ki, bir də mənim yanıma təcrübə üçün adam gətirməsin. Üzüm gəlmədi. Qonaqlar da çay içmədilər. Durub gedəndə Qaragözov mənə dedi:
– Soyuqluq eləməyin, müalicəni yarımçıq qoymayın! Vaxt tapın, bir yanıma gəlin!
Qonaqlar gedəndən sonra bir xeyli öz-özümə düşündüm: "Necə eləyim ki, Qaragözov məndən əl çəksin?" Olardı bir on gün-on beş gün ki, Qaragözov görünmürdü, mənim də yaxam qurtarmışdı. Bir gün evə qayıdanda – stolun üstündə dəvətnamə gördüm. Məni həkimlər evinə çağırırdılar. Guya Qaragözov burada özünün yeni əsərini camaata təqdim edəcəkdi. Nə Qaragözov, nə də onun əsəri üçün axşamımı itirəsi deyildim. Ancaq dəvətnamənin axırında belə yazılmışdı: "Axırda konsert". Bu söz məni düşündürdü: "Görəsən, Qaragözovun əsəri necə əsərdir ki, axırı gəlib çalğıya çıxır?" Doğrusu, maraqlandım: "Gedərəm, – dedim, – bir az gec gedərəm, bəlkə, Zülfünün segahında Füzuli qəzəlini eşitmək mənə qismət oldu." Çörəyimi yeyib qurtarmamışdım ki, telefon səsləndi. Bəli, tanış səsdir. Dostum Qaragözov zəng edib kefimi xəbər alır.
– Yaxşıyam, – dedim, – doktor! Üstünüzə sağlıq, heç yerim ağrımır, kefim saz, damağım çağ!
– Olsun, olsun!
Bu sözdən sonra dinmir, səsimi çıxarmırdım ki, Qaragözov əl çəksin. Amma o, indi əsl mətləbə keçirdi:
– Ay filankəs, – dedi, – yəqin ki, dəvətnaməni almısınız. Bu axşam bir balaca məclisimiz var. Orada mən danışmalı olacağam. Xahiş edirəm ki, zəhmət çəkib gələsiniz. Düz saat 8-də maşın göndərəcəyəm!
Bu iltifatın müqabilində mənim razılıq etməkdən başqa çarəm qalmadı. Mən içəri girəndə Qaragözovu xitabət kürsüsündə danışan gördüm. "Yaş dəsmal" qoymağın yeni üsulundan danışdı, danışdı! Şəhadət barmağını uzadıb məni camaata göstərdi:
– Budur, mənim üsulumla sağalıb gəzən xəstə özü buradadır. Məxsusi qulaq xəstəliyinin insana nə qədər cismani və ruhani əzab verməsi barəsində o da danışa bilər. Ay filankəs, zəhmət çəkin, ayağa qalxın!
Bütün salondakılar dönüb mənə baxdı. Mən qızardım. Ayağa qalxdım. Ancaq deməyə bir sözüm olmadı. Qaragözov öz təhlili sualları ilə məni dindirdi:
– Qulağınızda daha ağrı-zad olmayıb ki? Şiş də yoxdur. Çox əcəb, zəhmət çəkin, bu sıra ilə gəzin, əyani surətdə təcrübənin nəticəsini görsünlər.
Bir istədim ağzıma gələni deyim. Həkimi də, iclası da, təbabət elmini də qatım bir-birinə... Yenə dilim gəlmədi. Yerimdə oturdum. Qaragözov dedi:
– Yoldaş utanır, ancaq istəyənlər yanaşıb baxa bilərlər. Mənim iki aylıq elmi işimin, icad etdiyim yaş dəsmal üsulunun əyani nəticəsini həmin xəstənin, daha doğrusu, keçmiş xəstənin sağalmış qulağından görə bilərlər.
Sonra bir həkim çıxdı. Yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. İkinci bir həkim də Qaragözovu təbrik etdi. Yeni üsulun xəstəxanalarda tətbiqi üçün tədbir görməyi əlaqədar yoldaşlardan xahiş etdi. Qaragözovun bu rəftarından o qədər əsəbiləşdim ki, otura bilmədim. Durub çıxdım. "Üzünü görmək mənə qismət olmasın, ancaq telefonla onun abrını ətəyinə bükmək vacibdir. Qoy deməsin avamdır, başa düşmədi", – deyə düşündüm. Sabahısı gün yoxlama bürosundan Qaragözovun telefon nömrəsini tapıb zəng vurdum. Mən ömrümdə söyüşməmişəm. Birisi ilə ağızlaşmamışam. Gileylənmək də əlimdən gəlməz. Amma bu dəfə özümü toplayıb iradəmi əlimə aldım: "Abrını ətəyinə bükəcəyəm, – dedim, – təcrübə eləməyə adam tapıb?!"
Telefonda bir qadın səsi eşidildi:
– Kimdir?
– Bağışlayın, doktor Qaragözovu çağırın!
Qadın dəstəyi yerinə qoydu. Bəlkə, dedim, səhv edirəm. Bəlkə, yoxlama bürosu düz nömrə verməyib. Bir də zəng eləyib yoxlama bürosundan soruşdum. Qaragözovun adını, atasının adını və ünvanını da dedilər. Yenə həmin nömrəni verdilər. Mən Qaragözova dübarə zəng elədim:
– Bağışlayın, doktor Qaragözovun evidir?
Bir qadın səsi üstümə qışqırdı:
– Vətəndaş, burada Qaragözov yox, professor Qaragözov olur. Xahiş olunur, yaxşı tanımadığınız yerə zəng vurmayasınız!
Qadın bunu deyib dəstəyi asdı. Təkrar zəng vurmaq münasib olmazdı. Giley-güzarımı başqa bir zamana qoydum.
Dünən işdən evə qayıdanda bibioğlumu müalicəxananın qabağında gördüm. O, dəsmalla ağzını örtüb dayanmışdı:
– Burada niyə durmusan?
– Burnumu göstərəcəyəm, professorun yanına gəlmişəm.
– Hansı professordur o?
– Professor Qaragözov!
Bunu eşidəndə hirs vurdu başıma. İstədim köhnə söhbəti açıb danışam və oğlanın qolundan tutub aparam. Gördüm ki, bibioğlum yaman inamla gəlib, dönəsi deyil.
– Get, baxsın, – dedim, – mənim qulağıma baxdı, professor oldu, sənin də burnuna baxar, akademik olar...