1899-cu ilin 24 avqustunda Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olan dünyaşöhrətli yazıçı Fransisko İsidoro Luis Borxes Asevedonun atası hüquqşünas, anası tərcüməçi idi. Borxes artıq 10 yaşında ispan və ingilis dillərində sərbəst danışırdı. Sonralar o, alman, fransız, latın, italyan və qədim skandinav dillərini də mənimsəmişdi. Həyatının son illərini isə poliqlot Borxes ərəb dilini öyrənməyə həsr etdi.
Yazıçı dillərdən başqa metafizikaya da böyük maraq göstərirdi. Onun nadir ədəbi üslubu Bibliya, Kabala, erkən Avropa ədəbiyyatı və fəlsəfənin təsiri altında formalaşmışdı. Borxesin sevimli müəllifləri – empirizm cərəyanı təmsilçiləri Devid Yum və Corc Berkli, rasional təfəkkürün böyük nümayəndəsi Benedikt Spinoza, filosof Artur Şopenhauer və başqaları idi. O həmçinin Eynşteynin nisbilik nəzəriyyəsini və psixologiya elminin son nailiyyətlərini diqqətlə izləyirdi.
Yazıçının bir çox esse, şeir və hekayələrində tale, zaman və məkanın xüsusiyyətləri haqqında metafizik düşüncələr yer alsa da, müəllif özü abstrakt ideyalara inanmırdı. Xasiyyətcə skeptik olması səbəbindən o, fəlsəfənin reallığı əks etdirmək bacarığına şübhəylə yanaşırdı.
İndi isə yazıçının həyat və yaradıcılığından bəzi maraqlı faktlara diqqət edək.
Kor yazıçı
Hələ lap doğulduğu gündən atasından irsən ona keçən xəstəlikdən əziyyət çəkən yazıçının 56 yaşında gözləri tamam tutulur. Taleyin istehzasına bax ki, elə həmin vaxt o, Argentina Milli Kitabxanasının direktoru vəzifəsinə təyin edilir.
Həyatının son 30 ilini görmə qabiliyyətini itirmiş halda yaşasa da, Borxes həyat eşqiylə yazmağa davam edir, mühazirələr oxuyur və bu müddət ərzində başqa işlərlə yanaşı, 10 şeir və 3 nəsr kitabı işıq üzü görür.
Romandan imtina
Borxes olduqca zəngin ədəbi yaradıcılığa malik yazıçıdır. Bu siyahıda nələr yoxdur –esselər, tənqidi məqalələr, hekayələr, şeirlər... Ondan roman yazmamağının səbəbini soruşanda belə cavab vermişdi: “Düşünürəm ki, roman yazmağa başlasam, onun mənasızlığını anlayıb işi yarıda saxlayacağam. Amma ola bilsin, bu, tənbəlliyimdən uydurduğum bəhanədir”.
Borxes heç vaxt 14 səhifədən artıq bədii əsər yazmayıb və bunu belə izah edib: “Bu, mənasızlığa aparan cansıxıcıı səfehlikdir. 500 səhifəlik iri kitabda təsvir olunan ideyanı şifahi şəkildə çox rahatlıqla beşcə dəqiqəyə də izah etmək olar”.
Əbədi namizəd
Yazıçının qulluqçusunun sözlərinə görə, hər il Nobel mükafatının qalibinin adı elan olunan vaxt jurnalistlər Borxesin qapısı qarşısında növbə tuturmuş. Amma əbəs yerə. Hər dəfə mükafatı ala bilməməsi xəbəri böyük yazıçıya çox ağır təsir edirmiş.
Borxes ona qarşı olan bu münasibəti yarızarafat-yarıciddi belə şərh etmişdi: “Mənə Nobel mükafatı verməməyi, artıq skandinavlar ənənəyə çevirib – doğulduğum gündən onu mənə verməmək qərarına gəliblər”.
Ola bilsin, ən ali ədəbiyyat mükafatına “əbədi namizədliyin” səbəbi Borxesin siyasi baxışları ilə əlaqədar idi. Hər halda, yazıçının həyat yoldaşı bu qənaətdə idi.
Futbola nifrət
Futbolu milli qürur mənbəyi hesab edən bir ölkədə – Argentinada doğulsa da, Borxes bu idman növünə nifrət edir, çoxsaylı müsahibələrində öz fikrini açıq bildirməkdən çəkinmirdi. Yazıçı bir dəfə bu haqda belə demişdi: “Futbol, bütün səfeh işlərin populyar olduğuna görə belə populyardı. On bir nəfərin on bir nəfərə qarşı top qovmağı heç də gözəl mənzərə deyil”. O, kiminsə udduğu, kiminsə uduzduğu bu oyunu “estetik eybəcərlik” hesab edirdi. Yazıçı deyirdi ki, futbol insanlarda millətçilik kimi çox təhlükəli hisslər oyadır.
Böyük yazıçı 1986-cı ildə Vətənindən uzaqda, Cenevrə şəhərində vəfat etdi. Ölümündən bir neçə ay əvvəl o özündən 38 yaş cavan olan katibəsi Mari Kodamla evlənmişdi.