Fantastlar şüur səhrasında azıb qalan yolçulara bənzəyir. Zaman və məkan sərhədlərini aşmaq, paralel aləmlərdə addımlamaq, alternativ dünyalardan bəzi ismarışları çatdırmaq onların əsas missiyası olub. Antik dünyanın kor şairi Homerin “İliada” və “Odisseya”sından tutmuş, Dantenin “İlahi komediyası”, Rablenin “Qarqantua və Pantaqrel”inə qədər bir çox bədii mətnlərdə fantastikanın elementləri var. Dünya xalqlarına məxsus əksər nağılların əsasını fantastik elementlər təşkil edib. Lakin bu yazının qəhrəmanları – şərti olaraq “şüur səhrasının yolçuları” adlandırılan fantastlar elmi-fantastika janrını inkişaf etdirməklə yanaşı, bəşəriyyətin əsas dayaq nöqtəsi olan elm yolunda da böyük işlər görüblər. Dünyanın Tomas Edisson, Maykl Faradey, Albert Eynşteyn kimi bir çox alimləri, ixtiraçıları onları bu işə sövq edən əsas təkanın məhz elmi-fantastik əsərlər olduğunu qeyd ediblər. Təbii ki, onların əksəriyyəti Jül Vern və Herbert Uellsdən təsirlənmişdilər. Lakin sonradan Ayzek Azimov, Robert Haynlayn, Rey Bredberi, Artur Klark, Aleksey Tolstoy, Aleksandr Belyayev və s. kimi müəlliflər fantastikanı XX əsr elmi üçün əsas motivasiya mənbəyinə çevirə bildilər, “elmi-fantastika” termini bədii təxəyyüllə, praqmatik düşüncə arasındakı sərhəddə özünə məskən saldı. “Şüur yolçuları”nın zamanı qabaqlamaq, məkanı aşmaq cəhdləri mətnlərdə yeni təxəyyül oyunlarının, elmi proqnozların meydana çıxmasına səbəb oldu. Təqdim edəcəyimiz yazıda bu janra aid olan əsərləri nəzəri tərəfdən təhlil edib, bədii cəhətdən qiymətləndirməyəcəyik, yalnız və yalnız elmi-fantastik ədəbiyyatın elmə verdiyi töhfələrdən danışacağıq:
Şüur səhrasının yolçuları
Heyrətamiz texniki ixtiralar, yeni təbiət qanunları, fərqli düşüncə sistemləri bu müəlliflərin istifadə etdiyi əsas elementlərdir. Müəllifindən asılı olmayaraq bütün yazılanların hamısını eyni məqsəd birləşdirir – uzaq gələcəyi təsəvvür etmək və o dövrün insanlarının yaşam tərzini öyrənmək.
Klifford Saymakın “Vaxtdan sadə nə var” romanında insan şüuru ilə qeyri-insani təfəkkürün vəhdəti, telepatlar və telepatiya vasitəsilə cihazlardan istifadə etmədən ulduzlara səyahətin mümkünlüyündən danışılır. Lakin burada fantastik ehtimal yalnız bir elementdir. O element vasitəsilə insan öz “mən”ini qoruyur. O, uzaq qalaktikalara, ulduzlararası boşluqlara səyahət edərkən özü ilə Ali Enerji Kütləsinin zərrəsini – ruhu aparır. Həyat nişanəsi olmayan qalaktikalara, paralel aləmlərə qonaq olan ruh oranı da öz nuruna boyayır. Deməli, burada elmi-fantastik ehtimal yalnız bir metoddur. Əsas hədəf məqsədi çatdırmaq üçün müəllif gedişidir. Rey Bredberi, Saymak, Hamilton kimi romantik fantastlarda elmi ehtimallar yardımçı elementlərdir. Lakin Jül Vern, Herbert Uells, Aleksey Tolstoy, Robert Haynlayn, Ayzek Azimov kimi elm tarixinə və onun ayrı-ayrı sahələrinə bələd yazarlar üçün isə bu, bəşəriyyətin gələcəyi naminə səsləndirilmiş proqnozlardır.
Jül Vern
Məşhur alim, dünya elmində ən çox ixtira müəllifi olan Tomas Edisson məhsuldarlığına görə Jül Vernə borclu idi. Onun qeydlərində də bu haqda fikirlərə rast gəlmək olar. Jül Verni oxuyarkən insan zəkasının hüdudsuzluğuna valeh olan Edisson onun kağız üzərində olan ideyalarının bəzilərini laboratoriyaya gətirdi.
Jül Vernin “Hava şarı ilə beş həftə”, “Paris – XX əsrdə”, “Yerin mərkəzinə səyahət”, “Dünyadan aya”, “20 min lyö su altında”, “80 gün Yer ətrafında səyahət” kimi əsərləri özündə onlarla ixtiranın toxumunu daşıyırdı. Müəllif elə məhsuldar çalışırdı ki, Fransada bir çoxları Jül Vernin tək bir şəxs – vəkil Pyer Vernin oğlu deyil, bir kollektiv olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, vertolyot, təyyarə, qazma texnikası, raket kimi ixtiralar onun ideyalarının bəhrəsi idi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan admiral Riçard Börd “Bu yolu mənə Jül Vern göstərdi”, – deyirdi, sualtı dünyanın atası hesab olunan Simon Leyk isə “işığım Jül Vern oldu”, – deyərək onun yazdıqlarının önəmini vurğulayırdı.
Jül Vernin bəzi ixtiraları coğrafiya və digər təbiət elmləri sahəsinə aid idi. Çünki peşəkar coğrafiyaşünas olan Jül Vern gənclik çağından əlil olana qədər (ruhi xəstə olan qardaşı oğlu silahla onun diz qapağını yaralayandan sonra yazıçı bir daha səyahətə çıxmadı) dünyanın əksər quru və su hövzələrini qət edərək qabarma və çəkilmələr, sualtı dünyadakı tektonik proseslər, temperatur və təzyiqin dəyişmə metodları kimi elmi məsələləri ilk dəfə öz əsərlərində nəzəri əsaslarla təqdim edib.
Jül Vern yaşadığı dövrdə mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox texniki nailiyyətlərin təsvirini verib. Romanlarının birində təsvir etdiyi sualtı qayıq – “Nautilus” o vaxt bir çoxları tərəfindən istehza ilə qarşılanmışdı. Lakin sonradan bu, heç də utopiya sayılmadı. Yazıçının istər sualtı qayıq, istərsə də gəmini gur işıqlandıran elektrik və ya rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradıla bilən işlərdir. Jül Vernin böyük elmi uzaqgörənliklə təsvir etdiyi gəmi o zaman elm aləminə və hərb tarixinə məlum deyildi. Yazıçının bu uzaqgörənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və gəmi, müəllifinin şərəfinə məhz “Nautilus” adlandırıldı.
Ümumiyyətlə, mütəxəssislər hesablayıblar ki, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u yanlışdır və ya prinsip etibarilə həyata keçirilməsi mümkün olmayıb. Qalan 98 halda yazıçının gələcəkdən böyük uzaqgörənliklə verdiyi xəbərin hamısı doğru çıxıb.
Herbert Uells və Robert Haynlayn
“Görünməz adam” və “Dünyaların müharibəsi” kitablarının müəllifi olan Herbert Uellsin gələcək haqqında 86 ideyasından 75-i indiyə qədər ya artıq həyata keçirilib, ya da müasir elmin məlumatlarına əsasən, mütləq həyata keçəcək.
Herbert Uellsin XIX əsrin sonu – XX əsrin əvvəllərində yazdığı bir əsərdə atom bombası haqqında üstüörtülü məlumatlar verilir. Hətta radioaktiv zəhərlənmə, bakterioloji silahlar barəsində ilkin təsəvvürləri də onun əsərlərində tapa bilərik. Yazıçının bir əsərində modern mikrobiologiyaya aid məsələlərə də rast gəlmək mümkündür.
H.Uellsin “Dünyaların müharibəsi” əsərində isə bu gün NASA-nın Marsda kəşf etdiyi bəzi elmi faktlara səthi də olsa toxunulub. Yazıçı UNO gəmisi, onun ətrafa saçdığı yaşıl işıq haqqında ilk məlumatları da bu əsərində qeyd edib.
Robert Haynlayn isə öz əsərlərində elmi ehtimallarla yanaşı, onların gələcəkdə bəşəriyyətə gətirə biləcəyi fəlakətlərin də proqnozunu verib. Amerikalı fantast Xirosima faciəsindən dörd il əvvəl – 1941-ci ildə “Uğursuz nəticə” adlı povestində amerikalıların “Uran-235”dən mərmi düzəldəcəklərini və müharibənin axırında həmin mərmini düşmənin böyük bir şəhərinə atacağını təsvir etmişdi. Təsvirlər o qədər aydın və yerli-yerində idi ki, onu hərbi sirləri yaydığına görə məsuliyyətə cəlb etmişdilər. Çünki həmin ərəfədə ABŞ-da və İngiltərədə atom silahının hazırlanması ilə bağlı işlərə artıq başlanılsa da, bu proses son dərəcə məxfi saxlanılırdı…
Elmi-fantastik ədəbiyyat bu gün də yazılır. Bu əsərlərin öz zamanını qabaqlayıb-qabaqlamayacağını isə zaman özü müəyyən edəcək.