“Aydın yol” Norveç yazıçısı, 20213-cü ilin Nobel mükafatı laureatı Yun Fossenin Nobel mühazirəsini təqdim edir.
SÜKUTUN DİLİ
Orta məktəbdə oxuyanda gözləmədiyim bir hadisə baş verdi. Müəllimim mətni ucadan oxumağımı tələb edəndə qəfildən məni dəhşətli qorxu hissi bürüdü. Sanki o hissin içində qeyb oldum və yalnız həmin qorxudan ibarət nəsnəyə çevrildim. Qaça-qaça sinifdən çıxanda şagirdlərin və müəllimlərin gözləri bərəli halda hərəkətimi izlədiklərini sezdim. Sonra o qəribə davranışımı tualetə getmək istəməyimlə izah etməyə çalışdım. Amma mənə inanmadıqlarını sifətlərindəki ifadədən oxuyurdum. Həm də yəqin, ağlımı itirdiyimi güman edirdilər. Bəli, deyəsən, dəli olmaq ərəfəsindəydim.
O ucadan oxu qorxusu sonralar da məndən əl çəkmədi və özümdə cəsarət tapıb müəlimlərdən xahiş elədim ki, daha mənə belə bir tapşırıq verməsinlər. Elə qorxurdum ki… Bəzi müəllimlər buna inandı və bir daha ucadan oxumağımı tələb etmədi, bəziləri də, deyəsən, onlarla zarafat etdiyimi düşündü. Bu təcrübəmdən insanlarla bağlı mühüm bir şey öyrəndim, üstəlik, bir çox başqa həqiqətlərə də vaqif oldum. Çox ehtimal ki, indi bu kürsüdə dayanıb dinləyici qarşısında ucadan oxuya biləcəyimə imkan verən həqiqəti də dərk elədim.
Deməli, ilk baxışdan, dilimin tutulmasına səbəb olan nəsnə qorxu idi. Belə demək mümkünsə, başqa çıxış yolu tapılmalı və bu addımı başqaları deyil, özüm irəli sürdüyüm şərtlər əsasında atmalıydım. Ona görə də qısa hekayələr şəklində öz mətnlərimi yazmağa başladım. Həm də anladım ki, bu işim mənə qorxu deyil, əksinə, inam hissi təlqin edir. Bu mənada, qəlbimdə yalnız mənə məxsus olan bir guşə kəşf elədim və həmin guşədə yalnız özümlə bağlı məqamları qələmə almaq iqtidarındaydım.
İndi, təxminən əlli il sonra hələ də yazır, hələ də qəlbimdəki o gizli guşəni təsvir eləyir, amma düzü o guşə haqqında mövcudluğundan başqa bir şey bilmirəm. Norveç şairi Olav H.Hauge bir şeirində yazıçılığı meşədə yarpaqdan daxma tikən, iməkləyə-iməkləyə o daxmaya girən, qaranlıq payız axşamlarında şam yandırıb özünü əmin-amanlıqda hiss eləyən uşağa bənzədir. Fikrimcə, bu, mənim üçün də yazıçılıq peşəsinin məqbul formuludu. Hər şey indi də əlli il əvvəl olduğu kimidi. Hətta ötən illər ərzində daha çox şeylər öyrəndim, bildim ki, ən azı, məndən ötrü şifahi və yazılı dil, yaxud danışıq dili və ədəbi dil arasında böyük fərq var. Danışıq dili – əsasən, müəyyən bir şeyin elə, yaxud belə ola biləcəyi ilə bağlı ismarışın monoloqla çatdırılması, ya da onun müəyyən rəydən, yaxud qənaətdən ibarət halda ritorik şəkildə bildirilməsidi. Ədəbi dil isə qətiyyən belə deyil – bilgi vermir, əlaqədən daha çox anlamdı, öz varlığına söykənir. Bu mənada, yaxşı yazı ilə istənilən – dini, siyasi, ya da hansı nitq olur-olsun – şübhəsiz ki, bir-birinə ziddi.
Beləliklə, ucadan oxu qorxusu səbəbindən yazan bir insanın həyatı olan tənhalığa qədəm qoydum və həmin vaxtdan orada qaldım. Bir çox nəsr əsərləri və pyeslər qələmə aldım. Əlbəttə, dramların başlıca xarakterik xüsusiyyəti yazılı, daim xəyali bir aləmə ünvanlanmış dialoqdur. Danışıq, yaxud daimi ünsiyyət cəhdi və monoloqlar bilgi verməyən, amma özünəməxsus varlığı, mövcudluğu olan müəyyən mətnin bir parçasıdı.
Nəsrə gəldikdə, Mixail Baxtin ifadə formasının, hekayət tərzinin öz içində iki səs gizlətdiyini iddia etməkdə haqlıdı. Sadə söyləmək lazım gəlirsə, danışan, yazan adamın və haqqında söz deyilən adamın səsləri nəzərdə tutulur. Bu səslər çox vaxt bir-biriylə elə çulğaşır ki, hansının kimə məxsus olduğunu söyləmək mümkün olmur. Yazı, az qala, qoşasəslidir. Həm də, bu, əlbəttə ki, yazı aləminin və onun daxilindəki məntiqin bir parçasıdı.
Qələmə aldığım hər əsərimin, necə deyərlər, özünəməxsus qurama aləmi, öz dünyası var. Hər bir pyesdə, hər bir romanda yeni dünya qurulur. Ancaq yaxşı şeirin – eyni zamanda xeyli şeir də yazdım – də öz aləmi var ki, həmin aləm də, əsasən, şeirin özüylə bağlıdı. Sonra onu oxuyan adam həmin şeirin aləminə daxil ola bilər ki, bu da əlaqədən daha çox iştirakıdır. Əslində, bunun, ehtimal ki, yazdığım bütün əsərlərə aid oluğunu söyləmək olar.
Bircə şey gün kimi aydındı: hamının dediyi kimi, heç vaxt özümü ifadə eləmək üçün deyil, əksinə, özümdən uzaqlaşmaq üçün yazmışam. Beləcə, dramaturq olmuşam. Bununla bağlı nə deyə bilərəm?
Romanlar, şeirlər qələmə aldım, teatr üçün yazmağa isə qətiyyən maraq göstərmirdim, amma sonralar bu addımı atdım. Çünki – yeni Norveç pyesləri yazılmasına dəstək üçün yaradılmış Ümumxalq Fondunun yadımıyla irəli sürülən təşəbbüsün iştirakçısı kimi – bir tamaşanın başlanğıc səhnəsini qələmə almaq məqsədiylə o vaxtlar kasıb yazıçı olan adama, yəni, mənə sanballı saydığım məbləğdə pul təklif etdilər, axırda da birinci, həm də hələ ən çox tamaşaya qoyulan “Kim isə gələcək” pyesimi yazmalı oldum. Pyes qələmə almağım bütün yaradıcı həyatımdakı ən böyük sürprizdi. Çünki nəsrdə və poeziyada adi danışıq sözləriylə ifadə eləmək mümkünsüz olan şeyləri qələmə almağa can atırdım. Bəli, dilə gətirməyin mümkünsüz sayıldığı mətləbləri qələmə almağa çalışdım və Nobel mükafatına layiq görülməyimin səbəbi kimi də məhz bu göstərildi.
Bu yerdə Jak Derridanın məşhur bir kəlamını dəyişidirilmiş şəkildə demək istəyirəm: həyatdakı ən mühüm şeyləri dilə gətirmək mümkün deyil, onları yalnız yazmaq olar. Buna görə də sükutu ifadə eləmək üçün sözlər tapmağa çalışıram. Dram əsərləri qələmə alanda səssiz dialoqları, sükuta dalmış adamları nəsr və poeziyada olduğundan daha fərqli şəkildə təsvir eləyə bilirəm. Yalnız “pauza”nı yazmalıydım, səssiz danışıq, bax, ordaydı! Pyeslərimdə də “pauza” ən vacib və ən çox istifadə edilən – uzun pauza, qısa pauza, yaxud da yalnız pauza – sözdü. Həmin pauzalarda çox şey baş verə, ya da baş verməyə bilər. Bir söz deyilməyə, kimsə danışmağa həvəs göstərməyə, yaxud ən yaxşısı, hər şey sözsüz deyilə bilər. Bununla belə, məhz o pauzalar sayəsində sükutun daha çox danışdığına əminəm.
Nəsr əsərlərimdə, o cümlədən, pyeslərimdə daim təkrarlanan pauzalara oxşar məqamlar var. Yaxud, tutaq ki, bu barədə belə düşünürəm: pyeslərimdə səssiz dialoq ola-ola romanlarımda yazı dili arxasında səssiz dil mövcuddu, buna görə də yaxşı əsər yazacağamsa, o səssiz dialoqlar da ifadə edilməlidi. Bir neçə sadə və dəlil-sübutlu örnəkdən yararlanmaqla ifadə eləmək lazım gəlirsə, belə deyə bilərəm ki, məsələn, “Septologiya” əsərimdə həmin sükut dili birinci Asle və digər Aslenin, ehtimal ki, eyni adam ola biləcəyindən xəbər verir. Təxminən 1200 səhifəlik roman bəlkə də yalnız həmin ehtimalın təsvirindən ibarətdi. Ancaq səssiz xitab, ya da sükut dili, əsasən, əsərin bütövlüyündən xəbər verir. Roman, pyes, yaxud hər hansı bir əsərdə başlıca məqam ayrı-ayrı parçalar deyil, bütövlükdü ki, bu da, eyni zamanda, hər bir detalda hiss olunmalıdı. Yaxud da bütövlük ruhundan – müəyyən şəkildə həm yaxından, həm də uzaqdan danışan bir ruhdan söz açmağa cəsarət eləyə bilərəm. Aləmi çox diqqətlə dinləyəndə nə eşidərsiniz? Sükutu duyarsınız. Həm də ehtimal edildiyi kimi, Tanrının səsini bəlkə də yalnız sükutda eşidə bilərsiniz.
Yer üzünə qayıtsaq, teatr üçün əsər yazmağın başqa bir cəhətindən söz açmaq istəyirəm. Dediyim kimi, yazmaq – peşədi, Olav H.Haugenin başqa bir şeirindən iqtibas etməli olsam, belə deyə bilərəm: nə qədər ki, insanların yanına qayıtmağa imkan verən yol açıqdı, tənhalıq gözəl şeydi. Yazdığım ilk pyesin tamaşaya qoyulduğunu görəndə mənə təsir eləyən başlıca məqam tənhalığın tamamilə əksi olan vəhdət duyğusuydu. Bəli, sənəti bölüşə-bölüşə sənət əsəri yaratmaq qəlbimdə böyük xoşbəxtlik və inam hissi oyatdı. O vaxtdan həmin duyğu məni tərk etmədi və inanıram ki, gördüyüm bu iş yalnız rahatlığıma görə deyil, eyni zamanda, hətta pyeslərimin uğursuz təfsirindən də müəyyən qədər xoşbəxtlik duymağımda xüsusi rol oynadı.
Teatr, əsasən, dinləmə prosesidi: rejissor mətni dinləməli, ən azı, dinləməyə cəhd göstərməlidi. İfaçılar mətni və bir-birilərini dinləyirlər, tamaşaçı isə bütün tamaşanı dinləyir. Yazı prosesi də mənim üçün dinləməkdi. Yazmağa başlayanda qətiyyən hazırlıq görmürəm, müəyyən bir plan tutmuram, aləmi dinləyə-dinləyə işləyirəm. Buna görə də yazı prosesi ilə bağlı hansısa bənzətmədən istifadə eləməli olsam, ağlıma dinləmədən başqa bir şey gəlməz. Nəticə etibarilə yazı prosesinin musiqini xatırlatdığını söyləməyə ehtiyac belə yoxdu. Bir vaxtlar, yeniyetməlik çağlarımda da musiqidən birbaşa yazmağa keçdiyimi söyləyə bilərəm. Hətta musiqiyə meylin və musiqi dinləməyin başını tamam buraxıb yazmağa, yazı prosesində də ifaçılıq təcrübəmi xatırladan üsuldan istifadə eləməyə başladım. O vaxtdan həmin üsuldan faydalanıram.
Bir məqamı da unutmayım… Bəlkə də sizə bir qədər qəribə gələcək, amma müəyyən yerə çatanda daim eyni hissi keçirirəm: mətn artıq yazılıb, o mətnin harasındasa bəzi məqamlar çatışmır, yaşadığım duyğuları isə qeyb olmamış qələmə almalıyam. Bəzən mətnə heç bir düzəliş etmədən bunun öhdəsindən gəlirəm, bəzən də yenidən yazır, kəsib-atır, düzəldir, mətni cilalayır, yazdığımı daha uyğun şəkildə ortaya çıxarmağa çalışıram. Həm də pyesdən uzaq durmaq istəsəm də, on beş ildir ki, ancaq bu işi görürəm. Üstəlik, yazdığım pyeslər səhnəyə qoyulur, hətta o əsərlərə bir çox ölkələrdə dəfələrlə quruluş verib. Hələ də buna inana bilmirəm. Həyat, həqiqətən, möcüzədi.
Eynilə bunun kimi, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməyimlə bağlı bu gün bu kürsüyə çıxıb yazıçılıq haqqında az-çox anlamlı şeylər söyləməyə çalışdığıma da inana bilmirəm. Həm də başa düşdüyüm qədər mükafat mənə həm pyeslərimə, həm də nəsr əsərlərimə görə verilib. İllər boyu pyeslər qələmə alandan sonra qəfildən öz-özümə dedim ki, daha bəsdi, – bəli, elə bu cür də dedim, – sonra daha pyes yazmamaq qərarına gəldim. Amma artıq yazmaq vərdiş halını alımışdı, onsuz da bu işdən əl çəkə bilməzdim – bəlkə də Marqaret Dürasın təbirincə desək, bunu xəstəlik də adlandıra bilərsiniz, – ona görə də hər şeyin başlandığı nöqtəyə qayıtmağı, dramaturgiyaya keçməzdən əvvəl on il ərzində gördüyüm işi, yəni nəsr və digər sahələrdə yazıb-yaratmağı qərara aldım.
Son on beş ildi bununla məşğulam. Yenidən ciddi şəkildə nəsr əsərləri qələmə almağa başlayanda bu işin öhdəsindən gələ biləcəyimə şübhəm vardı. Əvvəlcə “Trilogiya”nı yazdım, həmin romana görə Şimal İttifaqının Ədəbiyyat mükafatına layiq görüləndə, bunu, nasir kimi ortaya çıxara biləcəyim müəyyən əsərlərimin olduğu ilə bağlı sanballı təkan kimi yozdum. Sonra “Septologiya”nı qələmə aldım. Həm də o romanı yazdığım müddətdə – məsələn, bir Asle digər Asleni qar içində yıxılmış vəziyyətdə tapıb həyatını xilas eləyəndə, yaxud axırda, əsas obraz olan birinci Asle köhnə balıqçı qayığında yeganə və ən yaxşı dostu Ösleik və Ösleikin bacısı ilə birgə Milad bayramı keçirmək üçün son səfərinə çıxanda – yazıçı kimi, ömrümün ən xoşbəxt anlarını yaşadım. İrihəcmli roman qələmə almaq fikrində deyildim, amma əsər, necə deyərlər, öz-özünə yazıldı, ortaya uzun hekayət çıxdı, həm də bir çox fəsillərini elə rahat, elə rəvan yazdım ki, az qala, hər şey təbii alındı. Güman eləyirəm ki, xobəxtlik adlandırıla biləcək məqama həmin anlarda daha çox yaxınlaşmışdım. “Septologiya”da əvvəldən-axıracan yazdığım bir çox əsərlərimdəki xatirələr əks olunsa da həmin yaşantılar fərqli nəzər-nöqtəsindən təqdim edilir. Bütün roman boyu bircə nöqtənin belə olmamasını tapıntı saymıram. Amma romanı o cür, şüur axını üslubunda, nöqtəylə dayandırılması tələb edilməyən vahid hərəkət tərzində qələmə almışam.
Bir dəfə müsahibələrimin birində dedim ki, yazmaq da müəyyən mənada dua eləməkdi. Fikrimin bu cür də dərc olunduğunu görəndə utandım. Sonralar Frans Kafkanın da eyni fikir söylədiyini oxuyanda təsəlli tapdım. Yəni, bəlkə də bu iddiamız həqiqətdi.
İlk kitablarım tənqidə məruz qalmışdı. Qərara aldım ki, tənqidçilərə fiklir verməyim, yalnız özümə güvənim, bir də yazdıqlarıma sadiq qalım. Üstəlik, bu addımı atmasaydım, şübhəsiz ki, qırx il əvvəl yazdığım ilk romanım “Qırmızı. Qara” nəşr olunandan sonra yazıçılıqdan əl çəkərdim. Sonradan əsərlərim haqqında, əsasən, yaxşı fikirlər deməyə başladılar, hətta mükafatlar aldım. Həmin anlarda bu qərara gəldim ki, yoluma eyni məntiqlə davam etməliyəm: tənqidləri qulaqardına vurmuşdumsa, uğurun da məni yoldan çıxarmasına imkan verməyəcək, yazdıqlarımdan bərk-bərk yapışacaq, əl çəkməyəcək, yaratdıqlarıma sadiq qalacaqdım. Güman eləyirəm ki, bunun öhdəsindən gəldim. Indi Nobel mükafatına layiq görüləndən sonra da özümə sadiq qalacağıma inanıram.
Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyüm elan olunanda çoxlu sayda elektron məktublar və təbriklər aldım. Əlbəttə ki, bu münasibətdən çox razı qaldım. Təbriklərin əksəriyyəti sadə və sevgiylə doluydu. Onları yazan adamların bəziləri sevincdən qışqırdıqlarını, bəzilərisə göz yaşları axıtdıqlarını bildirirdilər. Bu, məni əməlli-başlı kövrəltdi. Yazdığım əsərlərdə xeyli, yada salmaq istəmədiyim qədər intihar var. Buna görə də qorxurdum ki, ola bilsin, intiharı qanuniləşdirməyə xidmət göstərmişəm. Amma əsərlərimin onların həyatlarını xilas etdiyindən səmimiyyətlə söz açan adamlar məndə dərin təəssürat oyatdılar. Yazıçılığın haradasa insan həyatını, bəlkə elə öz həyatımı da xilas etmək iqtidarında olduğunu həmişə hiss etmişəm. Yazdıqlarım kiminsə həyatını ölümdən qorumağa xidmət edirsə, heç nə məni bundan artıq xoşbəxt eləyə bilməz.
Məni ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü üçün İsveç Akademiyasına, bir də, İlahi, Sənə minnətdaram.
Stokholm, 7 dekabr
Tərcümə edən: Nəriman ƏBDÜLRƏHMANLI