Qan Turalı
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında məlumatlar son dərəcə məhduddur. Ancaq şairin əsərlərindən və təzkirələrdən onun həyatı haqqında müəyyən mülahizələr yürütmək olar.
Füzuli şiə idi və bu təriqətin isna əşəriyyə qoluna etiqad edirdi. O, XV əsrin sonlarında, tədqiqatçı araşdırmalarına görə, 1483-cü ildə anadan olmuşdu. Şah İsmayıl Səfəvi isə Səfəvilər dövlətini 1501-ci ildə elan etdi. Göründüyü kimi, Səfəvi dövlətinin yaranması Füzulinin gənclik illərinə təsadüf edir.
Yeni qurulan dövlət sürətlə öz sərhədlərini genişləndirirdi. 1508-ci ildə Şah İsmayıl Bağdadı işğal edərkən o dövrdə İraqda yaşayan Füzuli artıq gənc bir şair idi. Xətai ilə görüşə bilməsə də, Füzuli şahın Bağdad valisi İbrahim xanla Kərbəla ziyarətində tanış olur. Vali ilə birgə Bağdada gələn Füzuli ona beş qəsidə təqdim edərək valinin ehtiram və səxavətini qazanır. Ancaq bu qəsidəyə qədər olanlardan da görürük ki, Füzuli Səfəvi sarayında, bu mümkün olmadığı halda isə məişət qayğılarından azad olaraq ölməz əsərlərini yazıb-yaratmaq üçün Bağdad valiliyində özünə hamilər, himayədarlar axtarıb. İbrahim xanın öz qardaşı oğlu tərəfindən öldürülməsindən sonra isə şairin həyatında ağır günlər başlayıb.
Xətai 1524-cü ildə vəfat edir. Əlbəttə ki, o, Füzulini öz sarayına dəvət edə, ona bir hökmdarın bir şairə bəxş edə biləcəyi hər şeyi verə bilərdi. Ancaq bu mümkün olmur. Tarixin çarxları tərsinə dövran etməyə başlayır. Sultan Süleyman 1534-cü ildə Bağdadı işğal edir. Füzuli Bağdadda Sultan Süleymanla görüşməyə nail olaraq sultana beş qəsidə təqdim edir. Qəsidələrin birində o, Süleymanı “Gəldi bürcü-övliyaya padişahı namidar” kimi təqdim edir. Şair burada Osmanlıdan gəlmiş bəzi şairlər və dövlət xadimləri, o cümlədən Nişançı paşa (Cəlalzadə Mustafa Çələbi) ilə tanış olur. Bu şəxslər Füzuliyə məvacib ayrılacağına söz verirlər.
Füzuli üçün gündəlik 9 axça təqaüd ayrılır ki, bir çoxları səhvən bunu aylıq ödəniş hesab edirlər. Amma məbləğ ayda 270 axça edirdi ki, bir qızılın 60 axça olduğunu nəzərə alsaq, Füzulinin aylıq maaşı təxminən 5 qızıl edirdi. Bu da bir bənnanın aylıq maaşı qədər idi. Bu hesablamalar görkəmli türk tarixçisi Halil İnalcıkın “Şair və ağa” kitabından götürülüb.
Yeri gəlmişkən, Nişançı Paşa son dərəcə intellektual şəxs olmaqla yanaşı, həm də şair idi. O, Sultan Süleymana həsr etdiyi qəsidələrdən 45 min qızıl qazanmışdı. Bu fakt Füzuliyə verilən məbləğin nə qədər az olduğunu göstərir. Nişançı paşa, yəni Cəlalzadə Mustafa Çələbi təqaüdə çıxarkən Sultan Süleyman onun pulunun əvvəlki qaydada verilməsini əmr etmişdi. Bu isə 5000 qızıl, yəni Füzulinin qazancından 1000 dəfədən də çox idi... Füzuli “Şikayətnamə” əsərini məhz bu şəxsə müraciətlə qələmə almışdı.
Şair “Şikayətnamə” əsərində məvacibini Həzrəti Əlinin Nəcəfdəki türbəsindən aldığını qeyd edirdi. Şiə aləmi üçün müqəddəs olan bu yerlərə gələn zəvvarlara qəsidələr oxunur, onlar üçün rəvayətlər, hekayətlər nəql edilirdi. Bunun əvəzində Füzuli öz güzəranını təmin edirdi. Başqa sözlə desək, Füzuli haradasa vəqfin əməkdaşı idi. Və çox güman ki, o, vəqf vasitəsilə padşahdan daimi bir maaş istəmiş və bu istəyi yerinə yetirilmişdi.
“Şikayətnamə” əsərində təfərrüatlı təsvir edildiyi kimi, Füzulinin təqaüdü vəqfin gəlirləri hesabına verilib. Ancaq vəqfin gəlirləri çox, xərcləri az idi. Bu sistemdə əyintilərin mövcudluğunu da nəzərə alsaq, Füzulinin də qeyd etdiyi kimi, “Zəvaiddir, hasili mümkün olmaz”. Zəvaid dedikdə vəqfin məsrəflərindən sonra qalan gəlir nəzərdə tutulurdu. Əslində, Füzuliyə veriləcək pul başqa mənbələr hesabına da ödənilə bilərdi. Bu məbləğin sonralar Füzuliyə ödəndiyi haqqında da ehtimallar var. Hərçənd daha bunun elə bir əhəmiyyəti olmamış, Füzulu bu hadisəni “Şikayətnamə” əsəri ilə artıq əbədiləşdirmişdi.
Ancaq saraylardan layiq olduğu ehtiramı və səxavəti görməsə belə, Füzuli öz dövrünün ən görkəmli şairi idi. Bu təkcə müasir dövrün prizmasından deyil, öz dövründə şair haqqında deyilən və yazılanlardan da məlumdur.