Uzun müddət ateistliyimizlə öyünə-öyünə dinimizdən, mənəviyyatımızdan uzaq düşüb babalarımızın, nənələrimizin iman gətirdikləri, etiqad etdikləri pirləri, ocaqları, az qala, unutmuşduq. Bu unutqanlığımız bizi təkcə dinimizdən, imanımızdan ayrı salmamışdı, həm də doğma yurd-yuvamızın tarixi keçmişinin neçə-neçə dəyərli səhifələrini də yaddan çıxarmışdıq. Elə haqqında söhbət açdığımız pirlər, ocaqlar da bu yerlərin ötənindən, dünənindən soraq verir.
Xəlifə Seyid Əhməd piri
Tarixdən məlumdur ki, XII–XIII əsrlərdə ərəb xilafətinin süqutu dövründə xəlifələr tez-tez dəyişirdilər. Hökmdarlıq taxt-tacında bəzən bir həftə, bircə gün əyləşən xəlifələr də olurdu. Belə xəlifələrin çoxunun gözlərini çıxarır, edam edirdilər. Bəziləri isə fürsət tapıb ölkədən qaçmaqla amansız cəza və təqiblərdən canlarını güclə qurtara bilirdilər. İndi türbəsi pir olan Xəlifə Seyid Əhmədin də hakimiyyətindən kənar edilmiş ərəb xəlifələrindən biri olması, qaçıb Azərbaycana pənah gətirməsi güman olunur.
Dildə-ağızda gəzən söz-söhbətlərə görə, Xəlifə Seyid Əhməd əvvəlcə Dağbilici kəndinin ətrafında məskən salıb. Lakin dağbilicililər tərəfindən soyuq qəbul edildiyindən incik düşən Xəlifə Seyid Əhməd bir gecənin içində ev-eşiyi, mal-qarası ilə yoxa çıxır. Ertəsi gün kənd camaatı xəlifənin qəfil qeyb olmasından heyrətə və təşvişə düşürlər. Arayıb, soraqlayıb xəlifənin yerini-yurdunu öyrənirlər, ayağına minnətə gedirlər, geri dönməsini xahiş edirlər.
Lakin Xəlifə Seyid Əhməd binə tutduğu təzə yurddan bir daha Dağbilici kəndinə qayıtmır, kənd sakinlərinin günahını isə belə bir şərtlə bağışlayacağını vəd edir: mənim ev-eşiyimin yır-yığışına, səliqə-sahmanına qulluq etmək, uçuq-söküyünü düzəltmək qoy sizlərin əcri olsun...
Çox maraqlıdır ki, Xəlifə Seyid Əhməd pirinin divarlarının, torpaq döşəməsinin ağardılması işini indi də dağbilicililər gorürlər. Bu işi kənar şəxslər yerinə yetirdikdə şirə qopub tökülür, divarlarda qalmır.
Ötən əsrin əllinci illərində Xəlifə Seyid Əhməd babanın məqbərəsi təmir olunarkən oradan külli miqdarda müxtəlif sənədlər tapılır. Sənədlərdən belə məlum olur ki, ötən yüzilliyin 20-ci illərinə qədər Xəlifə Seyid Əhməd piri bölgədə çox müqəddəs ziyarətgahlardan olub.
Ziyarətgah geniş torpaq, əkin-biçin sahəsinə malik imiş.
Bu niyyət piri yerli daş və ağac materiallarından tikilmiş bir sərdabəli otaqdan ibarətdir. Məqbərənin ətrafında çoxlu qəbir var. Qəbirlərin üstündəki yazılar ərəb dilindədir. Başdaşılarının torpaqda çox dərinə getməsi, sinə daşlarının, demək olar ki, batması bu qəbirlərin də, pirin də qədim tarixə malik olmasını göstərir.
İllər, əsrlər keçdikcə Xəlifə Seyid Əhməd babanın binə tutub məskən saldığı yurd yeri böyüyüb kəndə çevrilib və bu kənd indi Xəlfələr adlanır.
Şıxzəddin Baba
Şabran–Quba bölgələrində xalq tərəfindən Şıxzəddin baba adı ilə tanınan, qəbri ziyarətgaha çevrilən bu şəxs Gömür mahalında, Kəlaku dağının ətəyindəki Puçuq kəndində dəfn olunub.
Yüzillərdən bəri nəsillərdən-nəsillərə, yaddaşlardan-yaddaşlara köçüb gələn söyləmələrə görə, Şıxzəddin babanın uluları Şirvanda İslam dinini yayaraq onun dayaqlarına çevrilən Şam şəhərindən gəlmiş şeyxlər olub.
Tarixdən məlum olan bilgilərə görə, Səfəvi hökmdarı I Şah Abbas XVII əsrin əvvəllərində Dağıstana qəzavata gedərkən süvari Şamaxıdan Xaltan dərəsi ilə Kotəh düzünə çıxaraq orada düşərgə salır.
Axşamüstü şah Kəlaku dağının ətəyindən işıq gəldiyini görür. Hökmdar işıq gələn yerə iki əsgər yollayır və onlar mənzilbaşına çatıb görürlər ki, şam işığında nurani bir qoca əyləşərək Quran oxuyur.
Əsgərlər özlərini nişan verib onu şahın hüzuruna dəvət edirlər.
Nurani qoca qiraətini başa çatdırıb:
–Siz gedin, mən də gəlirəm, – deyərək onları yola salır.
Düşərgəyə geri dönən əsgərlər həmin şəxsi özlərindən qabaq şahın hüzuruna çatmış görürlər, mat-məəttəl qalaraq məsələni açıb şaha ərz edirlər.
Ətraflı tanışlıq zamanı şaha məlum olur ki, qarşısındakı ali ruhani təhsili almış mömin bir şəxsiyyətdir. Və Şah Abbas Şıxzəddin babadan öyrənir ki, o hətta Allahın izni ilə möcüzə belə göstərməyə qadirdir. Şah Şıxzəddin babadan bir möcüzə göstərməsini xahiş edir. Şıxzəddin baba da şahın qarşısında çatılan ocaqdan yanar bir kösövü götürüb torpağa sancır və kösöv dərhal yaşıllaşıb yarpaq açır. Bundan sonra I Şah Abbas Gömür mahalında böyük bir yurd yerini ona bağışlayır.
Şirvanda Xaltanlı Tağı adı ilə tanınan məşhur el aşığı hələ iki yüz il bundan öncə bu adlı-sanlı, hümmət, səxavət yiyəsi, qəbri – məqbərəsi indi pirə, ocağa çevrilən bu nurani şəxsi dildə-ağızda gəzən fəxriyyəsində belə vəsf edir:
Şeyx Əzətdin, Şeyx İbadətdin,
Bəslədiyi dağın dabanına bax.
İbadəti-layiq, mülkümə layiq,
Gülzar məqamının gülşəninə bax.
Çünki sakitliyin binasın qurdu,
Ev, otaq tikərək dayanıb-durdu.
Təhvilinə keçən xoş çəmən yurdu,
Çəmən çöhrəsinin sahmanına bax.
Vəsfini söylədim səxavətinin
Doğma od-ocağa itaətinin,
Tağı deyər: Gömür cəmaətinin
Bəslədiyi Seyiddi-əyyamına bax.
Pir Xəlil türbəsi
Gilgilçay qəsəbəsindəki təpəlikdə yerləşən bu türbə XVII əsr Azərbaycan memarlığının maraqlı nümunələrindəndir. Bu türbədə dəfn edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında məlumat azdır. Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli camaat müxtəlif göz ağrıları səbəbindən bu pirə pənah gətirir, pirin divarlarına əsgi parçaları bağlayırlar.
Tarixçi-alim Məşədi xanım Nemət 1992-ci ildə nəşr olunan “Azərbaycanda pirlər” kitabında yazır: “Nadi Əliyyən” duası Qızıl burun yarımadasının yeddi kilometrliyində yerləşən “Xəlil Baba” piri türbəsinin kitabəsində yazılıb”.
“Bəktaşiyyə”, yaxud “Baba Sammit dərvişləri” cəmiyyətləri ilə əlaqələndirilən “Nadi Əliyyən” – “Əlini çağır” duasında deyilir: “Ya Mədəd Əli! Bizim məzhəbimizdə haqq sözü Əlini çağırmaqdır. Möcüzələr yaradan Əlini çağır! Sən onda bəlalardan xilaskarını taparsan. Ya Məhəmməd! Sənin peyğəmbərliyin və ya Əli! Ya Əli! Ya Əli, sənin vəliliyinin köməyi ilə bütün qüssə və kədərlər keçib-gedər”.
Pir Xəlil baba da “Bəktaşiyyə” və yaxud “Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvü olub. Bu cəmiyyət sufi təşkilatı idi. “Bəktaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər.
Pir Xəlil baba da bu cəmiyyətlərin ən tanınmış nümayəndələrindən biri kimi Şirvan torpağında fəaliyyət göstərib, vəfat etdikdən sonra isə dəfn edildiyi türbə pirə çevrilib.
Aydın TAĞIYEV
Şabran