Elektron ədəbiyyat və sənət portalı

Vilhelm Şvebelin aforizmləri

Bölmə: Azad ərazi 09.01.2024

“Aydın yol” məşhur alman alimi və publisisti Vilhelm Şvebelin (1845–1891) aforizmlərini təqdim edir.

 

“Cavanlıqda vurulan şapalaqlar səni gələcək şallaqlardan qoruyur”.

***

“Çox bildikçə, insan üçün başqalarının rəyinin əhəmiyyəti də azalır”.

***

“Birja pul qazanmaqdan çox, pul itirməyin imkanlarını təklif edir”.

***

“İnsan yer üzündə yaşamağa uyğunlaşana qədər dünya dağılacaq”.

***

“Adamlar çox vaxt əyinlərinə görə olmayan mundir daşıyırlar”.

***

“Qaçılmazlıqdan çox danışanlar, tarixi yaxşı bilməyənlərdir”.

***

“Qanunu yaxşı bilənlər, öz maraqları naminə onu necə pozmağı da yaxşı biirlər”.

***

“Yaşamaq uğrunda icad olunan silahlardan ən effektivi puldur”.

***

“Hökmdar qarşısında qorxunun mənbəyi nadir hallarda onun intellekti olur”.

***

“İstənilən etiraz, sifətə ağıllı ifadə verir”.

***

“Böyük vədlər, böyük peşmanlıqlara gətirir”.

***

“Beyin emosiyaların sifarişi ilə işləyir”.

***

“İnsan hüquqları barədə danışan hər kəs öz hüquqlarını nəzərdə tutur”.

***

“Başqasının inəyini sağmaq istəyən, inəyi yox, çobanı yola gətirməlidir”.

***

“Ədiblər yol deyil, sadəcə, iz salırlar”.

***

“Nökərin ağlına dözmək, ağanın ağılsızlığına dözməkdən daha çətindir”.

***

“Xalqın tarixi – həm də vəsiyyətdir”.

***

“Qənaətcillik – balaca adamın əsas keyfiyyətidir”.

***

“Ziyalı insan – təbəssümlə məğlub olur”.

***

“Səlis nitq – hətta mənasız fikirlərə də layiqli düzən verir”.

***

“Ağıllı qadın ərinin nə istədiyini soruşmur: cavabı özü bilir”.

***

“Qaliblər və məğlublar eyni tarixdən müxtəlif dərslər çıxarır”.

***

“Riyaziyyat – öncəgörənliyin ən etibarlı üsuludur”.

***

“Gənclər dünyaya özlərinin yox, öz kumirlərinin gözləri ilə baxırlar”.

***

“Moizə dinləyərkən yadda saxla ki, iblis mələk dili ilə də danışa bilər”.

***

“Ən işlək qanunlar – yazılmamış qanunlardır”.

***

“Davamlı uğurlar qulduru biznesmenə çevirir”.

***

“İstənilən şər əməlin də bəraət üçün bir məntiqi var”.

***

“Yararsız insana ən yaxşı qanunlar da kömək edə bilməz”.

***

“Xatirələri ağır yük kimi özünlə daşımaq yox, basdırmaq lazımdır”.

***

“Emosiyalar, adətən, gec-tez ötüb keçir, amma izi həmişə qalır”.

***

“Cavanlar qarşıda yalnız yüksəklikləri, qocalar isə dağları görür”.

***

“Yalan söz cəzalandırılsaydı, qəzetlərin sayı azalardı”.

***

“Aforizm – rahat yadda qalan həqiqətdir”.

***

“Cəmiyyətda ən dəhşətli şey mütləq çoxluğun son qərarıdır”.

***

“Hər yaşlı nəsil yeni nəslə baxanda, ürəyində özündən əvvəlkilərdən üzr istəyir”.

***

“Sivilizasiya elə bir həddə gəlib ki, artıq kimin haqlı, ya haqsız olması önəmli deyil, əsas məsələ kimin vəkilinin daha yaxşı olmasıdır”.

***

“Əgər hamı dələduzdursa, artıq bu, korrupsiya deyil”.

***

“Bütün cəmiyyətlər mal-qara sürüsü kimi bir-birinə bənzəyir, sadəcə, bəzilərinin buynuzu qızılı rəngdədir”.