16 yanvar 1944-cü il görkəmli dilçi-alim, türkoloq, ədəbiyyatşünas, ictimai-siyasi xadim Aydın Məmmədovun doğum günüdür. “Aydın yol” bu münasibətlə Xalq yazıçısı Afaq Məsudun bir neçə il əvvəl Aydın Məmmədov haqqında yazdığı esseni təqdim edir.
Afaq Məsud
BU DÜNYANIN AYDIN HADİSƏSİ
Neçə vaxtdan bəri həsrətlə gözləsəm də, heç cür yağmaq istəməyən qar Aydının doğum gününün sübh çağı yağdı. Narın zərrəciklərlə çilənib, ətrafın bozluğunu – torpağın, yolların, damların üstünü ağappaq örtüyə bürüdü...
Aydının həyatı həmişə nədənsə mənə, nə vaxtsa oxuyub təsirləndiyim və bu günəcən də xatırladıqca kövrəldiyim bədii əsəri, bir çox məqamlarıyla XIX əsrin inqilabçı ruhlu maarifçilərinin – Dobrolyubovun, Çernışevskinin, Belinskinin mübarizələr, qələbələr və məğlubiyyətlər dolu əfsanəvi həyat hekayətlərini andırır.
Doğulduğu sıldırımlı Kiş kəndi, ana bətnitək ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod qanunlu, amansız şəhər həyatı, enişli-yoxuşlu ədəbiyyat və elm mücadilələri, maddi sıxıntılar və ehtiyaclar dolu yuxusuz gecələrlə yazıb-yaratdığı dəyərli əsərləri, ölkənin ağır müstəqillik dönəmində qalxana çevirdiyi parlaq alim zəkası, barışmaz vətəndaş mövqeyi, pak, insansevər qəlbi, iztirablar və qəzalar dolu keşməkeşli həyatı, faciəvi ölümü, dəfn olunduğu qədim Kiş qəbiristanlığı...
Aydının kədərli həyat hekayətini sona çatdıran müəmmalar dolu sirli ölümü də sanki bədii əsər sonluğudur. Lev Tolstoyun məşhur “Sevastopol hekayələri”indən birinin axırını – döyüş zamanı yaxınlıqda partlayan qumbaradan həyatını itirmiş əsgər yoldaşının, hərəsi bir tərəfə uçan qopuq əzalarına baxdıqca öz ölümündən xəbərsiz beyninin son, ani çaxıntısıyla: “nə yaxşı mən sağam” düşünən Kozeltsovun həyat finalını xatırladır. Fərq bircə bundadır ki, yaxınlıqda partlayan qumbaradan ölən də, bu ölümü öz gözləriylə müşahidə edib, öz ölümündən xəbərsiz həyat eşqi ilə ölən də Aydın özüdü...
* * *
Adətən, dünyasını dəyişmiş böyük şəxsiyyətlər ölkəsinin, xalqının, millətinin gələcəyi üçün miras qoyub getdiyi əsərləri və əməlləri ilə xatırlanır. Azərbaycanın ictimai-siyasi, elm və ədəbiyyat tarixinə öz məxsusi imzasını atmış Aydın Məmmədov da beləcə xatırlanır. “Görkəmli türkoloq-alim”, “ictimai xadim”, “müstəqil Azərbaycanın xalq deputatı” və sair və ilaxır. Lakin bir qədər aramlı olub, bütün bu titulların arxasında gizlənən əsl Aydının – balaca uşaq qəlbli Aydının keçdiyi həyat yoluna nəzər salsaq, onun bu dünyaya həm də daha ali və çətin bir işdən ötrü – sanki qırx yeddi illik ömrünü Ölümlə həyat arasında əlbəyaxa çarpışmalarda yaşamaq, bu qəzalar və iztirablar dolu ölüm-dirim savaşlarında mövcudluğun ən gizli sirrini – sirli Ölüm Həqiqətini dərk edib anlamaqdan ötrü gəldiyini, bütün ömrünü əsərlərinin, çıxışlarının alt qatında közərən ağrılar və iztirablar dolu qorxunc, yad həqiqət tapıntılarının vahiməsində yaşadığını anlayarıq...
* * *
Həqiqi ölümünəcən Aydın həyatını bir dəfə də heç bir qəzaya uğramadan itirmişdi. Bu onun sinədolusu həyat eşqi, qaynar alim şövqü ilə yazıb-yaratdığı illərdə – 42 yaşlı Aydının saf, incə qəlbini amansız kobudluqla zədələmiş müdhiş həyat qəzalarında baş vermişdi... Aydın özündən, qələmindən, müqəddəs tutya kimi inanıb tapındığı elm yolundan sapıb, bir müddət heç bir qaydaların işləmədiyi, ədəbiyyat, elm havasından uzaq məchulluqlarda – onu hansısa ayrı növ ölümlərdən xilas edən ayrı ərazilərdə yoxa çıxmışdısa da, bir müddətdən sonra oralardan, dərin dəryaların dibindən təkan almış kimi, sıçrayıb ayağa qalxmışdı. Bu dəfə geriyə çallaşıb ağarmış saçlarla, içi peşmanlıq və iztirab dolu gözlərlə qayıtmışdı... Nəfəsini dərib, qüvvəsini toplayıb yenidən yaşamağa, elmə, ədəbiyyata susamış ac həvəslə yazıb-yaratmağa başlamışdı. 1988-ci ildən, 1991-ci ilin aprel qəzasınacan uzanan bu natamam üç ilin ərzində o, neçə-neçə dəyərli əsərlər yazıb tərcümələr etməyə, müstəqil Azərbaycanın xalq deputatı seçilib, ölkənin aparıcı liderliyini qazanmağa, ilk ölkə əhəmiyyətli tərcümə qurumunun – milli ədəbiyyatımızı dünyaya çıxaracaq Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təməlini qoymağa müvəffəq olmuşdusa da, bu xoşməramlı günlərin ömrü uzun çəkməmişdi. Aydını, taleyinə yazılmış növbəti qəzalar təqib etməyə başlamışdı…
* * *
1991-ci ilin mart ayında (Şuşadan Bakıya uçduğu zaman) uğradığı vertolyot qəzasından sonra Aydının, həyatı bir ayrı cür sevməyə başladığı, bu vaxta qədər yaşayıb, yazıb-yaratdıqlarının, yaşaya və yaza biləcəklərinin ən cüzi və maraqsız hissəsi olduğunu anladığı onun, həmin o məşum qəzadan sonra Mərkəzə qəribə ruh yüksəkliyi ilə, yeni ideyalar və planlarla gəlməsindən, başına gələnlərdən, keçirdiyi hiss-həyəcandan, ayrı bir adamla baş vermiş macəralardan danışırmış kimi həvəslə söhbət açmasından bilinirdi. Danışdıqca qəribə, yeniyetmə şövqüylə allanan yanaqları, gözlərinin dərinliyində fəvvarələr vuran gizli həyat atəşfəşanlığı, onun Ölümü hiss etdiyindən, Ölümlə çarpışmada Ona qalib gəldiyinə əminliyindən, bu əminliyin onun həyat eşqini gücləndirdiyindən xəbər verirdisə də, axşama yaxın hər şey dəyişirdi. Günəş qüruba endikcə halı çönür, gözlərinin dərinliyindəki atəşfəşanlıqlar yoxa çıxır, yerində əvvəlki, tanış çıxılmazlıqlar vahiməsi işarmağa başlayırdı... Günəşin batmağı, havanın qaralmağı, sanki otağın ha tərəfindənsə yaxınlaşmaqda, baş verməkdə olan, qarşısıalınmaz nəyinsə – taleyinə yazılmış üçüncü, ən keçilməz qəzanın labüdlüyünü sızdırmağa başlayır, Aydın kürəyinə sancılan zəhərli oxdan yaralanmış kimi susub dayanır, gözlərinin qəmi üzünə yayıla-yayıla:
– Bu dəfə ölmədim. Amma bilirəm, ölməyimə az qalıb... – deyib ayağa qalxır, kor-peşman addımlarla otağını tərk edirdi...
1991-ci ilin fevralından başlayaraq Mərkəzin həndəvərində, Aydının ətrafında Ölümün dolanmağa başladığını, onu addımbaaddım izləyə-izləyə, ardınca qara matəm kəlağayısıtək süründüyünü, aradabir çirmələnib, üstünə şığıyıb, zərbə almış kimi geriyə çəkilsə də, ondan əl götürmədiyini, o dövrlər, elə bil biz də, necəsə, hiss edirdik. Aydınla bağlı hər sözdən, hər xəbərdən diksinir, işdə olduğu saatlar onu nədənsə qoruyurmuş kimi otağına yığışır, nə baş verdiyini, yaxınlaşmaqda və baş verməkdə olanların nə olduğunu ayırd eləməyə çalışırdıqsa da, o heç nə demirdi. Bircə burda – Mərkəzdə rahatlıq tapdığını deyib, deyiləsi, dilə gətiriləsi mümkün olmayan qalan nələrinsə üstünü ört-basdır edirmiş kimi uzun-uzadı pauzalarla susurdu. Sonra peşman-peşman gülümsəyə-gülümsəyə:
– Həyat şirinmiş... – deyir, sanki canındakı narahatlığı gizləməyə çalışırdı.
O dövrlər Ölümlə əlbəyaxa çarpışmada olan Aydını nələrdənsə, hansı təhlükələrdənsə xilas etdiyimizi düşünsək də, sadəlövh qəlbimizlə, ayrı-ayrılıqda və birlikdə nələrəsə qadir olduğumuzu, özümüzü aşılmaz qala divarları bilib, Aydını içimizdə gizlədiyimizi zənn etsək də, gözlənilən həmin o labüd qəza baş verdi...
Aydın həlak oldu... Biz isə öz gücsüzlüyümüzü, adi insan miskinliyimizi, Ölüm qarşısında acizliyimizi anlayıb susduq. Ölümün axşamüstülər Aydının həyat eşqinə xələl yetirən qürub çağı qədər əlçatmaz və aşılmaz olduğunu, bizlərə ev, məişət, yazı-pozu qayğılarından ibarət doğma diyar kimi görünən bu dünyanınsa sıldırımlı uçurumlar və təhlükələr dolu qorxunc sirlər aləmi olduğunu dərk eləməyə başladıq...
* * *
Aydın kimi insanlar – həmkarım Aqil Abbasın Aydın barədə dediyi kimi, “peyğəmbər olmaq istəyən, lakin ola bilməyən” insanlar Yer üzünə öz möcüzələri, ərməğanları və əlamətləri ilə gəlirlər. İnsanlığı nələrdənsə agah etməkdən, yeni İNSAN nümunəsi nümayiş etdirməkdən ötrü gəlirlər.
Aydın da Azərbaycana bundan ötrü gəlmişdi. Möcüzəvi fikirləri, adi insan təfəkkürünə sığışmayan, hansısa ayrı növ həqiqətləri ilə gəlmişdi. Bəli, o, peyğəmbərlər və peyğəmbər olmaq istəyənlər kimi gəlib, onlar kimi də getdi. Qədim dövrlərin, həmin kütlə cəhalətinin, ruh maarifsizliyinin və öhdəsinə düşən gizli, ilahi missiyanın qurbanı oldu...
Bu gün Belinskinin profilini andıran Aydının uzunsaçlı, dalğın üzlü barelyefi onun bir vaxtlar böyük həvəslə, özəl yaradıcı stixiyasıyla qurub-yaratdığı Tərcümə Mərkəzinin giriş hissəsindəki bürünc xatirə lövhəsinə həkk olunub. Binanın qarşısından ötənlər zaman-zaman önünə qərənfillər düzülən, payız, yaz ayları yağış-çiskinin nəmindən islanıb qaralan bu barelyefin kimə məxsus olduğundan, bəlkə də, xəbərsizdirlər. Şəhərin bu gözdən-nəzərdən uzaq məhəlləsinə, xırda dükanların, yamaqlı evlərin arasına, uzaq, qədim qərinələrin dəniz döyüşlərindən düşmüş qəzalı gəmi duruşuyla dayanıb-duran bu ədəbiyyat ocağının, Aydının İşığını yaşatmağa davam edən Müqəddəs Ocağa çevrildiyindən xəbərsizdirlər...
Bura gələnlər isə, tərcümə, nəşr materiallarıyla içəri daxil olanlar bu ocağın dəhlizlərini, otaqlarını, sirli havanı – divarların uçuqlarını, tavanların yağış ləkələrini anlaşılmaz doğmalığa, rəhm və mərhəmət dolu, mübhəm məhrəmliyə qərq edən İlahi axıntını hər zaman hiss edirlər.
Bu, Aydının işığıdı... Özü ilə uzaq Kiş sıldırımlarının saf ucalıqlarından gətirib gəldiyi müqəddəs Aydın İşığı. Mərkəzi qanlı-qadalı illərin ölüm-dirim yoxuşlarından salamat keçirib çıxaran, uzun illərin bol yağışları, qar-tufanı altında çökməyə qoymayan, yenilməz, dəfedilməz, zərif işıq...
Aydının yarımçıq qalmış həyat eşqinin işığı…
Zaman gələcək, Mərkəz var gücünü toplayıb Aydının bir vaxtlar beynəlxalq fikir müstəvisinə çıxarmaq arzusunda olduğu əsərləri dünyanın bütün dillərinə çevirəcək, Yer üzünə yayacaq... Aydının İşığında yoğrulan bu əsərlər onun yarımçıq qalmış həyat eşqini də zərrə-zərrə dünyaya daşıyacaq, insanlığa paylayacaq... Bu işıq xalqları, millətləri bir-birinə sevdirəcək, yeni növ xalqlararası, millətlərarası doğmalıqlar yaradacaq... Yer üzünü qarşıdan gələn təhlükələrdən xilas edəcək, yeni növ Mərhəmətin təməlini qoyacaq... Və mütləq Aydından, onun yarımçıq qalmış qəmli həyat hekayətindən danışacaq.