Elektron ədəbiyyat və sənət portalı

Henri Millerin aforizmləri

Bölmə: Azad ərazi 25.01.2024

“Aydın yol” məşhur Amerika yazıçısı və rəssamı Henri Valentayn Millerin (1891–1980) aforizmlərini  təqdim edir.

 

“Nə işim, nə pulum, nə də ümidim var. Mən dünyanın ən xoşbəxt adamıyam”.

***

“Biz həyatdan başqa hər şeydən həzz ala bilirik”.

***

“İncəsənət məhz ədəb-ərkan gözləmədiyinə görə incəsənətdir”.

***

“Heç vaxt kiməsə xeyirxah görünmək üçün yardım etməmişəm. Sadəcə, başqa cür bacarmadığıma görə köməklik göstərmişəm”.

***

“O, ya çox hiyləgər, ya da çox sadəlövh qadın idi. Bəzən bu iki cəhəti fərqləndirmək çətin olur”.

***

“Acı təcrübəmdən bu qənaətə gəlmişəm ki, dünya cinsəl münasibətlər üzərində qurulub”.

***

“Şəxsiyyət kimi doğulmaq üçün insan kimi ölməlisən”.

***

“Ağrı keçəndə həyat insana pulsuz və dostlarsız da gözəl görünür”.

***

“İnsanlar çox vaxt bu günlə yaşamır – onların düşüncəsi ya ləngiyir, ya da irəli qaçır”.

***

“Dünya – gözəl qadına aclıq çəkməyə nadir hallarda imkan verir”.

***

“Amerika, ümumiyyətlə, mövcud deyil, o yoxdur, sadəcə, insanların abstrakt bir ideyaya verdiyi addır...”

***

“Başqasını anlamaq üçün mütləq özündən imtina etməlisən”.

 ***

“Nə baş verirsə versin, fərq etməz, əsas məsələ bu barədə səhvsiz danışmaqdır”.

***

“Dünyamız – özülü nəhəng, tükürpərdici qorxudan qoyulmuş bir yalandır”.

***

“Təxəyyül kasadlığı və axmaqlığına görə bəşər övladına yazığım gəlir”.

***

“Biz süni işıqlandırma yox, nur daşımalıyıq”.

***

“Hər gün ürəkdən gələn ən yaxşı hisslərimizi öldürürük”.

***

“Canın üzülənəcən məşğul olduğun istənilən iş işgəncəyə cevrilir”.

***

“Qəti qənaətə gəlmişəm ki, savadsızlar heç də aramızda olanlardan ən kütbeyini deyil”.

***

“Özünə həddindən artıq ciddi yanaşmamaq xoş hissdir”.

***

“Hamı oyun oynayır... Bu məndə ikrah doğurur. Niyə axı, sadəcə, insan olmayaq?”

***

“Yaradıcının sevincindən böyük sevinc yoxdur. Çünki yaradıcılıqda yaradıcılıqdan başqa məqsəd olmur”.

***

“Bədənin qapısı taybatay açılsa, insan məhv olar”.

***

“Həyatın bizə təklif etdiyi ən gözəl imkan – insan olmaqdır”.

***

“Yalnız sizdən asılı olanları edin, qalanlarını taleyin ixtiyarına buraxın”.

***

“Özümə bir məşğuliyyət tapmaq istəyirəm, amma avtomatlaşdırma dövrünün təkəri olmamaq şərti ilə”.

***

“Ətrafımda baş verənləri yad planetdən gəlmiş adam kimi müşahidə edirəm”.

***

“Əgər, həqiqətən, rəssamdırsa, o, həmişə təkdir”.

***

“Əsl gəncliyi yaşamayan əsl qocalığı da yaşamayacaq”.

***

“Sonumuz çatanda dünyamızı da özümüzlə aparacağıq”.

***

“Yalnız nişanələrin göstərmədikləri yerlərə gedin”.

***

“Ən pis ovqat da ovqatsızlıqdan yaxşıdır”.

***

“Hətta o dəhşətli partlayışdan sonra da tarix davam edəcək”.

***

“Rəssam bizim bu sərsəri dünyamızda duruş gətirmək üçün gərək bir az havalı olsun”.

***

“İnsani düşünmək – darıxdırıcı və təəssüfedici məşğuliyyətdir”.

***

“Ona qarşı diqqətə görə səmimi şəkildə minnətdarlıq hissi keçirən qadın çox vaxt bu borcu bədəni ilə ödəyir”.

***

“Hətta muzdlu cızmaqaraçı da öz sifətini saxlamalıdır”.

***

“Ruh – yalnız hər şey itiriləndən sonra irəli çıxır”.

***

“Etiraf etmək nə qədər dəhşətli olsa da, biz daha çox kiminsə nökəri olmağı xoşlayırıq”.

***

“Amerika – ölüm mücəssəməsidir. O bütün dünyanı öz ardınca dibsiz uçuruma aparacaq”.

***

“Höteni anlamaq üçün alman olmalısan”.

***

“Mənim yeganə bədbəxtliyim ağlımın əndazəni aşmasıdır”.

***

“Dünyanı nizama salmaq olmaz. Çünki dünya özü boyda bir nizamdır”.