“Aydın yol” – müasir dövrdə mütaliə üsulunun dəyişildiyini, xüsusən gənc nəslin daha çox internet oxucusuna çevrildiyini nəzərə alaraq, otuz il əvvəl yazılsa da, bu gün də mövzu və məzmun aktuallığı ilə bütün zamanların və xalqların dilində danışan məşhur “Azadlıq” romanının yayınına başlayır.
Bütöv bir ölkənin tarixi keçid mərhələsində yaşananları real və irreal zaman ölçülərində, eyni zamanda ən yaxın, məhrəm ərazilərdə - təhtəlşüurda baş verənlərlə necəsə paralel şəkildə əks etdirən əsər - insanlığın ayrıca fərd, yaxud cəmiyyət olaraq tarix boyu can atdığı, uğrunda mücadilələr apardığı “azadlıq” deyilən məfhumun dərin fəlsəfi qatlarını 1990-cı illər Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr fonunda açmaqla Azərbaycan və dünya ədəbi tənqidinin diqqət mərkəzində qalmağa davam edir.
Roman 1994-1995-ci illərdə Azərbaycanın Xalq yazıçısı Afaq Məsud tərəfindən qələmə alınıb.
ROMANI YAZMAĞIM BARƏDƏ
Romanın ilk üç fəsli üzərində iş başa çatmaq üzrəydi. Uzun müddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Artıq divarlar, bağlı qapılar belə nə televizorun, nə küçədən gələn maşın siqnallarının və qonşu mənzillərin səslərinin qabağını saxlaya bilirdi.
Binamızla üzbəüzdəki kiçik səsyazma köşkündən qoşa gücləndirici ilə bütün küçəyə yayılan “Xoçu umeret molodım...” mahnısı da bir yandan…
Əsərin son fəsilləri məni dünyanın ən səssiz, keçilməz laylarına endirdikcə, ətrafın səs-küyü sanki məkrli bir qəsdlə birə-on artıb-çoxalır, nə yanvar ayının qar-çovğunu, nə televiziya kanallarının Axirət barədə yayınladığı ətürpədən “yeniliklər” bu xəstə aktivliyi səngidə bilirdi. Əsəri yarımçıq saxlamaq – sürətli idman qaçışıyla qaçanı yüyürdüyü yerdə qəfildən dayandırıb, ağız-burnunu qapatmaq qədər təhlükəli idi. Yeganə çıxış yolu qalırdı – Mərdəkandakı bağ evimizə köçmək və işi orada davam etdirmək.
İlk əvvəl Mərdəkanda qızdırıcı sistemi olmayan, elektrik xətləri dəqiqədə bir qırılıb işıqları sönən ikimərtəbəli bədheybət binaya köçüb orada bir müddət, roman başa çatanacan təkbaşına qalmağı qərara almağımla bağlı evdə mübahisə düşdüsə də, çox keçmədi ki, işlədiyim saatlar otaqların arası ilə barmaqlarının ucunda gəzən həyat yoldaşım, axır ki, köçməyimə razılıq verdi. Amma orada tək yox, kiçik qızımla birgə qalmaq şərti ilə. Beləliklə, yanvar ayının axırları mən kiçik qızımla bir müddət küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələrlə qaranlıq otaqlarının hər küncündən əcaib hənirtilərin eşidildiyi sakit, kimsəsiz evdə yaşamalı oldum.
...Günlər anlaşılmaz sürətlə keçir, mən hər səhər yeməyindən sonra mətbəxin qapısını bağlayıb, qaz pilətəsinin alovunu gücləndirir, əlimdə qələm, bir gözüm saatda sübhlə gecə qapanmaları arasında sirli yazı əraziləri ilə sürətlə irəliləyir, nahar və şam yeməyində işə qısa fasilə verib, qızımı nahar eləməyə çağırır, onunla ötəri söhbətlərdən sonra yenidən dərin, qaranlıq sulara baş vurantək yazıya girişir, gecədən xeyli keçənə qədər işləyir, yazılı səhifələri səliqə ilə bir kənarda üst-üstə toplayır, şəhər evində azı bir aya başa çatdıracağım işi burada bir neçə saata yerinə yetirə biləcəyimə gizli-gizli sevinirdim.
Qızım gününün əksər hissəsini qarovulçunun – ortayaşlı rus qadınının komasında keçirir, saatlarla soyuq küləklərin vıyıldadığı çılpaq ağacların arasında tək-tənha gəzir, aradabir çöl qapısından eşiyə çıxıb küçə itləri ilə oynayırdı.
Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu, əsas fəsil qalırdı… Gözlərimin, yaddaşımın taqətsizliyini hiss etsəm də, işi yarıda saxlamaqla səbəbini özüm də bilmədiyim hansısa bağışlanmaz səhvə yol verəcəyimi anlayır, var gücümü toplayıb səhifə-səhifə irəliləməyə davam edirdim.
Həftənin sonu axşama yaxın göyün üzü qəfildən qaramtıl buludlarla örtüldü. Hava qaraldıqca xırda-xırda qar çiləməyə başladı.
Dəniz tərəfdən əsən şiddətli xəzri çardağın dəmirlərini, pəncərə çərçivələrini qorxunc-qorxunc titrətməyə başladı. Qaranlıq yataq otağının ikigözlü çarpayısında böyrümə qısılan qızımın vahimələndiyini hiss etsəm də, şəhərə zəng vurub kimsəsiz bağ evlərinin arasında tufanlı dənizin ortasında tənha qayıq kimi çalxalanan bu soyuq evi tərk etmək fikrini dərhal beynimdən qovub çıxardım.
Bir qədər keçmişdi ki, həyat yoldaşım zəng vurdu və bizi şəhərə aparmaq üçün Mərdəkana gəlməyə hazırlaşdığını dedisə də, mən işi yarımçıq qoya bilməyəcəyimi bildirib, şəhərə qayıtmağa razılıq vermədim və biz bütün gecəni qucağıma qısılan qızımla birgə başlamaq üzrə olan qasırğanın qorxunc uğultuları altında yuxuya getdik.
Gecədən xeyli keçmiş işıqlar söndü. İşıqlarla bir yataq otağımızı qızdıran elektrik sobası da sönüb soyudu.
– Mama… – uşağın soyuqdan, ya qorxudan xırıldayan səsi eşidildi.
– Hm.
– Yatmısan?
Sözləri ağzında qoz tutmuş kimi deməyindən bildim ki, boğazı gəlib. Bütün günü çölün soyuğunda yaxası-başı açıq oynayıb, gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmalıydı.
Əlimi alnına toxundurdum. Azca istisi vardı.
– Yox, yatmamışam, nədi ki?
– Eşidirsən?
– Nəyi?
– Səsləri.
– Hansı səsləri?
– O biri otaqda kimsə gəzir, – qızım dedi və başını yorğanın altında gizlədi.
Nəfəsimi saxlayıb, o biri otağa qulaq kəsildim...
Səs-səmir gəlmirdi.
– Küləkdi, – dedim, – qorxma, gözünü yum, yat.
– Mən qorxmuram. Deyirəm, sən qorxmursan?
– Yox, – dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilərdən çox, qış mövsümləri qarlı havalarda hasarın üstündən, pəncərələrin laxlaq taylarından evlərə soxulan bağ oğrularından qorxurdum. Gecələr mətbəxin və artırmanın işığını da ondan ötrü yanılı qoyurdum ki, kənardan baxanda evdə adam olduğunu başa düşüb bu tərəflərdə hərlənməsinlər. İndi, tərs kimi, işıqlar da sönmüşdü…
Səhərin alaqaranlığında əsəbi-əsəbi döyülən qapının səsinə ayıldım…
Gələn yoldaşım idi. Saçları, bığları qar lopalarıyla dolu içəri girib, salamsız-kalamsız birbaş yataq otağına keçdi, uşağı yuxudan oyadıb dodaqlarını alnına toxundurdu, sonra çönüb əyri-əyri üzümə baxıb əsəblə:
– Sənin bu yazıların hamımızın axırına çıxacaq, – dedi.
Şəhərə qayıdanda yol boyu ağladım. Şəhərə həmin gün qədər nifrət elədiyim olmamışdı. Məni sanki sirlər dolu əfsanəvi ərazidən sintetik tüstülər və qoxular dolu səs-küylü zavoda aparırdılar.
Yol boyu mübahisə elədik. Yoldaşım bütün yolu gözlərinin altına günah dolu qaramtıl kölgələr çökə-çökə, dinməz-söyləməz sükanı elə sıxırdı, elə bil onu iki yerə bölüb sındırmaq istəyirdi.
Mən isə arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşla dolub boşala-boşala fikirləşirdim ki, kaş o sükan iki bölünəydi. Maşın da getdiyi yerdə iki yerə bölünəydi və hər yarısı bir tərəfə gedəydi. Birində o, şəhərə, o birində mən geriyə…
A Z A D L I Q
(roman)
I FƏSİL
…Gecə hərbi kazarmada baş vermiş hadisədən şəhərin havası da qəfil dəyişmişdi. Yazın məsum sifəti bir günün içində qeybə çəkilmiş, göyün üzü acı-acı bozarmış, təzə-təzə çırtlamağa başlayan tumurcuqların rəngi dönmüşdü. Səkilərin tozunu göyə sovuran külək torpağın yaz qoxulu ətrini gözlənilmədən sivirib harasa aparmışdı. Yazın dünənəcən bu şəhərdə olduğu elə bil adamların da yadından çıxmışdı. Dünənəcən küçələrdə yaxasıaçıq, yüngül pencəklərdə gəzişənlərdən əsər-əlamət yox idi. Şəhərin mərkəzində, əsasən güc nazirlikləri və dövlət aparatı yerləşən məhəllələrdə, ümumiyyətlə, gözə adam dəymirdi. Aradabir maşın yollarında göy-sarı işıqlarını hərlədə-hərlədə əcaib səslər çıxaran polis maşınları görünür, tez də yoxa çıxırdı. Evlərdə, idarələrdə, dükan-bazarda altdan-altdan bircə söhbət gedirdi – deyirdilər, bu gecə şəhərdən uzaq kazarmada günahsız öldürülənlərə görə dövlət çevrilişi olacaqdı, hakimiyyətdə olan əldəqayırma iqtidar, axır ki, devriləcəkdi. Deyilənə görə, hərbi şəhərcikdə ölənlər – eyni qandan, eyni millətdən olan həmvətənlər idi. İqtidar tərəfindən gecə ilə gizlicə şəhərdən uzaq kazarmaya göndərilən silahlı dəstə, deyilənə görə, dövlətin nəzarətindən çıxmış N saylı hərbi hissəni tərksilah etmək məqsədi ilə qəfildən kazarmaya daxil olmuş, nəticədə qardaş qırğını törənmişdi. Deyirdilər, bu qiyamətdən təşvişə düşən hökumət üzvləri başlarını itirib hərəsi bir yana qaçmışdı. İtkin düşmüş iqtidar nümayəndələrini tapıb xalqın məhkəməsinə vermək üçün təcili surətdə komissiyavari dəstə seçilmiş və faciənin mahiyyətini araşdırmaq məqsədi ilə hadisə yerinə göndərilmişdi. Komissiyanın tərkibi ağsaqqal yazıçılardan, alim və hüquqşünaslardan, təqaüdçü hərbçilərdən, bir də bir dəstə televiziya jurnalistlərindən ibarət idi.
Günortaya yaxın parlamentin təcili növbədənkənar iclası çağırılmış, ölkədə yaranmış siyasi böhranın qarşısını almaq məqsədilə Milli Məclisin üzvlərindən, hərbçilərdən və hüquqşünaslardan ibarət müvəqqəti qərargah yaradılmışdı.
Hakimiyyət kürsüsünə cəmi bircə il davam gətirən iqtidarın fitnə-fəsadından cana yığılmış camaat azad fikirli demokratlar cildinə girmiş bu quldur dəstəsinin ölkədə yaratdığı anarxiya və azğınlıqlardan danışmaqdan, bir əlləri göydə onları lənətləməkdən yorulmurdular. Əksəriyyətin fikri bu idi ki, onların axırı elə-belə də olmalı idi. Hakimiyyətə gəldikləri gündən ölkənin başına açdıqları oyunları dünya yaranandan üzü bəri nə bu məmləkətin daşı-torpağı görmüşdü, nə də adamları belə müsibətlər haqqında o biri məmləkətlərin tarix kitablarında oxumuşdular.
– Bu nə idisə, görünməmiş lənət idi... – camaat danışırdı. – Bir növ, taxıl zəmilərinə daraşıb hər yanı lüt-üryan qoyan cəyirtkə sürüsünün hücumunu andıran əcaib, əcaib olduğu qədər də qorxunc bir mənzərə idi. Çox güman ki, – deyirdilər, – onların hamısını tutub dama basacaqlar. Hələ ola bilsin, lap güllələyəcəklər.
– Əcəb də eləyəcəklər, – qadınlar deyirdi. – Axı gör bu “millət fədailəri”, “azadlıq aşiqləri” millətin başına nə oyunlar açmadı? Yaşı on yeddini tamamlamış uşaqları yalın-çılpaq, dəqiq səmtini özləri də bilmədikləri müharibə bölgələrinə göndərib qırdıran, ana-bacılarını ağlar qoyan bu çaqqallar deyildi?
– 20 yanvarda avam camaatı yolundan azdırıb həmin o lənətəgəlmiş “azadlıq” sözü yazılmış bayraqlar altında evlərindən çıxarıb tankların altına saldılar. Dünən də bu qurğunu qurub qırğın törətdilər. Silahı beyniqanlı cavanların əlinə verib qardaşı qardaşa güllələtdilər. Ermənilər də bu yandan… xalxın uşağını ət maşınından keçirən kimi, bir ucdan doğrayıb-tökür...
– …Qəribə burasıdı ki, özlərinə heç nə olmur, – camaat danışırdı, – iki gündən bir bu başıpozuqlar döyüş bölgələrindən yayınlanan reportajlarda qanlı barrikadalarda əsgərlərlə yanaşı dayanıb müsahibələr verirdilər. Bir neçə saatdan sonra həmin bölgə erməni bombaları altında darmadağın edilirdi, ordan bircə nəfər belə olsun, salamat adam çıxmırdı… Bunlarasa heç nə olmurdu və bir müddətdən sonra yenə məlum olurdu ki, nə ölənlərin, nə də yaralananların arasında bunların bircəciyinin belə adı yoxdu.
– Ona görə ki... bala, bala, bala, bu nacinslər Allaha da lazım deyillər... – qarılar qəhərdən boğula-boğula deyirdi.
– Amma camaatın necə gözünü bağlamışdılarsa, hamıya elə gəlmişdi, dara düşən ölkəni, hüququ tapdanıb, mənəviyyatı alçaldılan, illərlə təhqir olunan xalqı düşdüyü bu dərin quyunun dibindən onlar çıxaracaq.
– Qəribədi… – camaat xatırlamağa çalışırdı, – axı bu, necə olmuşdu?
Necə olmuşdu ki, tanımadıqları, kim olduqlarını bilmədikləri, ölkənin hansı tərəfindən, hansı bucağından, hansı küncündən pırtlayıb-çıxdıqları məlum olmayan bu dəstə bu boyda millətin inamını, etimadını qazanmışdı?..
– Əslində, hər şey naxələf ermənilərin qara xəbisliklə yandırıb külə çevirdiyi Qarabağ meşələrindən başladı… – çoxları deyirdi. – Hər şey o meşələrin badına getdi. Torpaqlar da, bığ yeri yenicə tərləmiş cavanlarımız da.
– Bilsəydik, o meşələri görməzdən gələrdik. Təki bu heyvərələrin cənginə keçməyəydik. O cür meşələrdən azmı qırılıb? Qışın soyuğunda odun əvəzinə azmı yandırılıb? Noldu, bu vaxtacan nə o ağacların, nə o hektar-hektar yandırılıb külü göyə sovrulan meşələrin taleyi heç kimi maraqlandırmadı, qəfildən hamı təbiət aşiqi oldu?..
– Meşə məsələsi bəhanə idi, – siyasətdən az-maz başı çıxanlar deyirdi, – bu, avam xalqı qıcıqlandırıb yerindən oynatmaq, ölkəyə qarışıqlıq salıb, hakimiyyəti əldə etmək istəyən bir dəstə nankorun usta qurğusu idi. Bu da nəticəsi…
– Bir prezidentə də imkan vermədilər adam balası kimi işləsin. Prezidentlik andını içməyə macal tapmamış, budu ha, tətillər başlanırdı. Zavodların fiti bir-birinə qarışırdı. Bəhanə də gah bu olurdu ki, ölkədə rustəhsilli məktəblərin sayı getdikcə artır və bu, milli “mən”i təhlükə altına alır. Guya bu vaxtlaracan bunların milli “mən”i olmuşdu. Gah da səbəb bu olurdu ki, hansısa ölkənin hansı qəzetindəsə millətin qeyrətinə toxunan məqalə nəşr edilib, amma satqın iqtidar buna biganədir. Bəli, yeddi gün, yeddi gecə bir dılğır məqaləyə görə bütün ölkə ölüm bataqlığına qərq olurdu, idarələrdə, məktəblərdə iş dayandırılır, çörək zavodları sobalarını söndürür, avtobus sürücüləri küsüb evlərində yatırdılar. İndi də bu çıxdı ortaya: hansısa meşəni amansızcasına qırıb məhv ediblər. Özləri isə şəhərdə nə ağac var qırıb, soyuq havalarda mitinqlərdə qızınmaqdan ötrü tonqallar qalayırdılar.
Axır nə baş vermişdisə, xalq yekdil avamlıqla vətənin, millətin taleyini bir yığın “vətəndaş qeyrətli” fırıldaqçıya etibar etdiyinə görə bağışlanmaz səhvə yol verdiyini anlamışdı.
– Bu millətə nə olursa, əcəb olur, – hamı pərt üzlərlə danışırdı, – bizlərə, vallah, bu da azdı. Bir yığın uşaq-muşağın felinə uyub arvadlı-uşaqlı küçələrə tökülüşməyin, bir-birinin ağzına baxa-baxa dəli kimi: “Azadlıq!..” çığırmağın axırı elə belə də olmalıydı.
– Baş qatmağa, vaxt keçirməyə özlərinə yer tapmışdılar. Babat havalarda orda-burda yığılıb boğazlarını cıra-cıra gah vətənpərvər mahnılar oxuyurdular, gah da “Birlik!”, “Birlik!..” çığıra-çığıra, qıçları əyilənəcən oturub-dururdular. Guya bunları bu vaxtacan bir-birindən ayıran vardı... – mitinqlərdə asayişi qoruyan polislər danışırdı.
– Çoxu bura qayışının altını bərkitməyə gəlirdi, – “Azadlıq” meydanının qəzet köşkündə işləyən satıcı – sanki aclıqdan, ya nədənsə ovurdu ovurduna yapışan arıq kişi danışırdı – …Mitinqin şıdırğı məqamı, bir də görürdün, budu ha, gəldilər. Üç-dörd yük maşını, öküz palçığa girən kimi, camaatı yara-yara, ləngər vura-vura düz yuxarı başa – meydanın baş qərargahına keçib lövbər saldı. Bəli, maşınların yük yerindən yeşik-yeşik ərzaq düşürülməyə başladı. Bunlara deyən gərək, balam, belə imkanınız vardısa, bunu bayaqdan niyə eləmirdiz, millət nə gündə yaşayırdı? İndi nə yaxşı yadınıza düşdü, gün hayandan çıxdı, hə?..
– “Azadlıq” çığırmaqla deyil ki?! Əslində, bura hərə bir şey üçün gəlirdi… – eyvanları meydana baxan binaların sakinləri danışırdı. – Biri direktorundan narazı idi, o biri neçə il idi ev ala bilmirdi, bu biri JEK müdirinin əlindən zəncir gəmirirdi, bir başqası günlərlə binalarına işığın verilməməsindən narazı idi, o biri uşağını institutun həndəvərinə yaxın buraxmayan rüşvətxor müəllimlərə qarğış yağdırırdı… Amma elə ki gəlib bura yığışırdılar, hamının dərdi azadlıq olurdu, bir-birinə qoşulub “A-zad-lıq!” çığırırdılar. Bu adamlar elə bil uzun illərlə canlarına sıxıb saxladıqları kin-küdurətlərini, üst-üstə yığılıb daşlaşmış ağrı-acılarını burada daş əvəzinə yumruqlarına sıxıb havaya qaldırmaqla rahatlıq tapırdılar…
– O mitinqlərə yığışanların arasında yerdən, göydən, öz uğursuz talelərindən narazı yazıçı-şairlər də var idi… – görkəmli qələm adamları televiziya kanallarında ciddi üzlərlə danışırdılar. – İşıq üzü görməyən zəif şeirlərini tribunadan oxumağa imkan tapan bu bədbəxtlər oranı öz yaradıcılıq meydanlarına çevirmişdilər. Axırda da oradan vətənin dərdini öz cızma-qaralarına qurban verən xainlər kimi qovuldular.
– …Orada kimi desən, tapmaq olardı. Bu, bir növ, xalq təntənəsini xatırladan kütləvi bayramsayağı mərasimlər idi. Orada hərə öz qabiliyyətini nümayiş etdirirdi. Gənc şairlər vətən, xalq haqqında yazdıqları şeirləri deyir, müğənnilər mahnı oxuyur, filosoflar bəşəriyyət və millətlə bağlı son qənaətlərini bölüşür, sinoptiklər hava haqqında məlumatlar verir, həkimlər izdihamın sıxlığında halı pisləşənlərə yardım üçün müvafiq tədbirlər görürdü.
– Uşaqları dərsdə saxlamaq olmurdu, – müəllimlər gileylənirdi, – dərsdən qaçan birbaş mitinqlərə yollanır, orada ağaclara dırmaşıb budaqlardan sallanır, əllərinə keçəni camaatın təpəsinə ilişdirə-ilişdirə “azadlıq!” çığırıb hırıldaşırdılar. Hərdən büdrəyib adamların üstünə yıxılanlar da olurdu. Amma bütün bu kütləvilikdən, həmrəylik və birlik bayramından, hətta matəm sükutlarından və ağlaşmalardan hamının ürəyi açılırdı.
Axır vaxtlar camaat bu mitinqlərə o qədər öyrəşmişdi ki, mitinq olmayanda hamının canına sanki bit-birə daraşırdı. Həmin günlər çoxu qanıqara gəzir, durduğu yerdə hökuməti söyüb lənətləyir, qabağına çıxanı acılayır, bəziləri həyatın mənasızlığından gileylənir, digərləri coşqun kütləviliyin şövqündən ilhamlanıb intihar etmək fikrinə düşür, ya da zahidliyə qapılırdılar. Bir sözlə, mitinqlər məmləkətin dənizi və havası kimi həyat əhəmiyyətli, vacib atributuna çevrilmişdi…
– Axı nə qədər canını dişinə tuta-tuta idarənin mənasız, yeknəsəq işləri ilə baş qatmaq, axşamlarsa küftədən, dolmadan yeyə-yeyə duzsuz verilişlərə baxmaq olardı? Nə qədər ölkəyə gəlişinin səbəbi bilinməyən əcnəbi dövlət rəhbərlərini qarşılamaq üçün əlində bayraq, saatlarla səkilərdə dayanıb, gün təpənə döyə-döyə, ya soyuqdan göyərə-göyərə gəlib-gedənə əl eləmək olardı? Nə qədər ölkədə, şəhərdə baş verənləri kənardan, seyrçi kimi lal-dinməz müşahidə etmək olardı? Nə qədər başdan-ayağa qanun və qərarlardan ibarət ütülü qəzetlər oxumaq olardı? Bəli, bütün o bataqlıq və kif qoxuyan yeknəsəq məzmunsuzluğa mitinqlər son qoydu. Hər kəs, nəhayət ki, bu məmləkətin tam hüquqlu vətəndaşı olduğunu, hansı məsələ ilə razılaşıb, hansıyla razılaşmamağa hüququ çatdığını, nəyin uğrundasa mübarizə apara bilmək qabiliyyətini hiss etdi. Məgər bu azdı?..
“Camaat nəyə qadir olduğunu məhz bu mitinqlərdə anladı. Hamı hər şeyə, hətta öz evinə, öz ailəsinə belə, ictimai nöqteyi-nəzərdən, milli mənafe baxımından yanaşmağa başladı. Xalq qəflət yuxusundan oyandı. Bu böyük oyanma bütün ölkəni lərzəyə gətirdi. Şəhərlərdən, kəndlərdən göylərə yeraltı təkanları xatırladan möhtəşəm birlik uğultuları ucalmağa başladı! Xalqın uğultusu!” – Xalq hərəkatının aparıcı qəzetləri belə yazırdı.
Bu hərəkatın ön cərgələrində əllərində bayraq, işıqlı üzlərlə addımlayan bir dəstə ziyalı görkəmli adamın təsiri altına nə vaxt, necə düşdüyünü indi hərə bir cür xatırlayırdı. Bəziləri bunu, bir neçə il bundan əvvəl “Azadlıq” meydanının baş kürsüsündə “zühur etmiş” bu adamların uzun illərdən bəri görə-görə gəlinən toxunulmaz nomenklatura ehkamlarını dağıdıb, camaatla, nəhayət ki, adam dilində, yəni səmimi xalq dilində danışması, xalqın inam və etimadını məhz həmin bu səmimiyyəti ilə əlaqələndirir, digərləri isə bu fikirdə idi ki, bu dələduzlar coşqun təbiətli qədim Qafqaz xalqının incə damarını tuta bilmişdilər. Hakimiyyəti əldə etməyin tarix boyu işlədilən məlum fəndlərini işə salıb xalq kütlələrinin bineyi-qədimdən gizli yaddaşla əbədi nifrət bəslədiyi üst zümrəni – yüksək vəzifə sahiblərini, tanınmış alim və yazıçıları kütləvi şəkildə təhqir edib alçaltmaqla, “milli birlik” adı altında kütləvi iğtişaşlar yaradıb mağaza vitrinlərini, dövlət idarələrinin pəncərə-qapılarını dağıdıb, avtomobilləri çevirməklə öz çirkin niyyətlərinə nail ola bilmişdilər.
– Bir çox dünya xalqları bu mərhələlərdən eynilə belə keçib, – tarixçilər çıxışları zamanı xüsusi olaraq qeyd edirdilər. – Keçmiş əsrlərdən bəri meydanların edam tamaşalarında yetişmiş, bu ibrətamiz cəza mərasimlərindən lazımi səviyyədə, bir növ, özünəməxsus enerji almış xalqın qan yaddaşı, sözsüz ki, onu bu heyrətamiz, kütləvi qalibiyyət aktlarına cəlb eləməyə bilməzdi.
– Coşqun demokratiya dalğasının keçmiş sovetlər birliyinin, az qala, bütün regionlarını çalxaladığı bir dövrdə paytaxtın baş meydanını, özləri də gözləmədən, peşə ixtisasları üzrə səthi bilikləri ilə idarə eləməyə nail olmuş uğursuz alimlərin sonradan heç bir dövlət quruluşuna, siyasi rejimə uyğun olmayan əndərəbadi “bolşevik-qolçomaq” dövləti quracağına kim inanardı? – ziyalılar hələ də nədənsə ehtiyat edə-edə ürkək səslərlə danışırdılar.
– Bunların işindən heç Allah da baş açmaz, – camaat danışırdı. – Allah onların evini yıxsın! Necə ki elə yıxdı! Bu bir ili daha nələr görmədik? Camaatı Allahın çörəyinə belə, həsrət qoydular.
– O nə günlər idi, İlahi? Getsin o günlər, bir də qayıtmasın. Çörək növbəsinə düşməkdən ötrü məhəllə-məhəllə yığılıb axşamdan püşk atırdıq, sonra da səhərin alaqaranlığında payımıza düşən nömrələrlə dəli kimi dükanlara cumurduq. O günlər şəhərin küçələri rəhmətlik Qorkinin əsərlərində təsvir edilən inqilabdan əvvəlki fəhlə qəsəbələrini xatırladırdı…
– Bir ara xəbər yayıldı ki, təzə hökumət hansısa xarici dövlətdən xeyli miqdarda un alıb və daha çörək sarıdan problem olmayacaq. Biz də sevinib dərindən nəfəs aldıq. Amma elə ki çörəklər bişirilib dükanlara paylandı...
– …Çörəyi ağzına qoymağınla tikənin sabun kimi sürüşüb damağına yapışmağı bir oldu. Sonradan məlum oldu ki, bu başıbatmışlar hansısa xarici şirkətlə müqavilə bağlayıb şəhər camaatının qarnını doyurmaq üçün, ucuz başa gəlsin deyə, un əvəzinə, mal-qaraya yedirilən jımıx alıb.
– Bu günü də gördük, – qocalar dərdli-dərdli köks ötürürdülər. – Bu imansızlar bizə donuz yemi də yedirtdilər.
– …Elmlər Akademiyasının binasını doğum evinə, Yazıçılar Birliyini Çin səfirliyinə, teatr binalarını əmək birjalarına verməyə hazırlaşırdılar. Simfonik orkestri ləğv edib, çəlimsiz, eynəkli skripkaçıları müharibəyə göndərdilər ki, “indi simfoniya vaxtı deyil”. Orada ölən öldü, qalan qumbara səslərindən kontuziya aldı, – Mədəniyyət Nazirliyinin işdən qovulan qocaman əməkdaşları danışırdı. – Vəzifəyə təyin etdikləri yəni mədəniyyət naziri – keçmiş aqronom violonçeli rəsmi qərarla bir instrument olaraq ləğv etdirdi... “Skripkadı, trombondu, cəhənnəm, yenə nəyəsə oxşayır. Bu violonçel nəyə lazımdı axı? Həmin skripkadı, bir az yekə. Fərqi bir odu ki, onu ayaqlarının arasında çalırsan”.
– …Bir də gördük, yeraltı keçidlərin pillələrini sökürlər… Burada camaatın bir qulağı bu dəqiqə haradasa yaxında atılacaq düşmən mərmilərinin səsində, bu biri qulağı çörək növbəsinə gecikməsinlər deyə, gecədən qurduqları saatın zəngində; balalarını müharibəyə yola salan ana-bacılar səhəri diri gözü ilə açır, bunlar keçidlərin pillələrini söküb, yeraltı maşın yolları düzəldirlər ki, müşayiət dəstələri ilə küçələrdən güllə kimi ötüşməyə, bir növ, adətkərdə olmuş daxili işlər naziri yolda ləngiməsin. Guya işə vaxtında çatsa, ölkənin bir-birinin üstünə dağ kimi qalanan problemləri həll ediləcək.
– Heç hənanın yeridi? Dünyanın bu qarmaqarışıq vaxtında yeraltı keçidləri rekonstruksiya eləmək bunların ağlına hardan gəldi? Sonradan belə məlum oldu ki, keçidlərin pillələri nazirin şəxsi göstərişi ilə sökülür. Deyilənə görə, nazir bu sərəncamı şəhər sakinlərini, xüsusən qocaları və uşaqları pillələri düşüb-qalxmaq əziyyətindən qurtarmaq və yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə veribmiş. Bu, pis idi, ya yaxşı idi, heç kim bilmirdi. Daha doğrusu, bu barədə fikirləşməyə imkan yox idi. Çünki o biri gün xəbərdarlıqsız-filansız, təcili surətdə binaların novalçalarının söküntüsünə başlanıldı. Deyilənə görə, novalçaların sökülməsinin səbəbi guya sinirləri müharibə bölgəsindən gələn qara xəbərlərdən tarıma çəkilmiş paytaxt əhalisini leysan yağışlar vaxtı səs salan dəmir novalçaların yaratdığı rahatsızlıqdan qurtarmaq imiş.
– Bir gün baxdıq ki, bütün şəhər – binalar, dükanlar, maşınlar, az qala, adamlar da, millilik əlaməti olaraq milli bayraq rəngində rənglənməyə, eyvanlara, işıq dirəklərinə, pəncərə və vitrin şüşələrinə kiçik ölçülü milli bayraqlar vurulmağa, bayraq çatışmayan yerlər bayrağın rənginə – mavi, qırmızı, yaşıl zolaqlara boyanmağa başladı. Bunun ardınca “əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədi ilə” evlərə, həyətlərə zibil yığmaq üçün parıltılı cığaralar paylandı. Yeməyə bir şey var ki, tullamağa da bir şey olsun?
Camaat cığaraları narazı halda qatlayıb bir kənara qoydu, sonra da məlum oldu ki, sən demə, bu cazibədar cığaralar zibil üçün yox, hansı xarici dövlətinsə müharibə bölgələrinə göndərdiyi humanitar yardımın – əsgərlərin ərzaq paylarının torbaları imiş.
– Bu da bunların azadlığı… “Azadlıq” dedikləri buydusa, lənətə gəlsin belə azadlığı! Belə azadlıqdansa, həbslərdə çürümək yaxşıdı…
Ardı var