Elektron ədəbiyyat və sənət portalı

Şirin, yoxsa acı həqiqət?

Bölmə: Azad ərazi 08.02.2024

     Qan Turalı

 

     Nazım Hikmət elə şairlərdəndir ki, oxucunu təkcə duyğulandırmır, həm də insan üçün həyata yeni baxış, yeni yanaşma təqdim edir.

     Yaşamak şakaya gelmez,

     büyük bir ciddiyetle yaşayacaksın

     bir sincap gibi mesela,

     yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,

     yani bütün işin gücün yaşamak olacak.

 

     İlk baxışdan sadə görünən bu misraların ruhunda böyük həqiqətlər gizlənib. Həm də hər şey çox sadədir: “İşinin adı yaşamaq olacaq”.

     Bəli, dünyaya gəlişimiz iradəmizdən kənardadır, əksər hallarda dünyadan getməyimiz də... Ancaq bu iki tarix, doğum və ölüm tarixi arasındakı dövrü yaşamaq, insan kimi yaşamaq özümüzdən asılıdır. 

     Hərçənd qərarlarımızdan kənarda qalan xarici amillər də yox deyil. Olsun. Biz öz üstümüzə düşən vəzifəni yerinə yetirməliyik. Bu bizim şüurlu bir insan kimi vəzifəmiz, özümüzə və cəmiyyətə olan borcumuzdur.

     Yaşam üçün hələ qədim dövrlərdən belə bir düstur təklif edilir: “Düzgün düşüncə, düzgün söz, düzgün əməl”. Başqa cür desək, biz hər şeydən öncə, həyatla bağlı düzgün, ədalətli və real düşüncəyə sahib olmalıyıq. Həyat haqqındakı gerçəyi əxz etməliyik. Xurafata aldanmadan, cəhalətə məğlub olmadan beynimizdən istifadə etməyi bacarmalıyıq. 

    Ancaq təcrübədə görürük ki, insanların həyat haqqında təsəvvürləri heç də adekvat deyil. İnsanlar həqiqəti tapmaq əvəzinə başını yalanlarla qatmağa meyillidir. Nazım Hikmətin başqa bir şeirində deyildiyi kimi: “Yalanla doyuzdururlar sizi, halbuki acsınız”. Bu mənada xoşbəxtlik üçün insanın hər şeydən əvvəl həqiqətə ehtiyacı var. 

     Söhbət “mən kiməm, bu dünyaya niyə gəlmişəm, niyə varam?” kimi suallardan gedir. Dinə tapınan insan üçün bu sualların cavabı var. Ancaq o buna uyğun yaşayırmı? İstisnalar həmişə var, ancaq elmi tədqiqatlar göstərir ki, insanların bir çoxunun dinə münasibəti səthi xarakter daşıyır. İnsan dinə, Tanrıya inansa belə, küfrdən də çəkinmir. Təkcə möminlərdə yox,  ateistlərdə də eyni yanaşma müşahidə olunur. Yəni insan bir şeyə inanıb, başqa şey edir. Mahiyyətə vardıqda görürük ki, ürəyimizin dərinliyində inandıqlarımıza təcrübədə heç də inanmırıq. Tarkovskinin “Stalker” filmi bu həqiqəti ən ideal səviyyədə tamaşaçıya çatdırır. 

     Bəli, özünü aldatmağa meyilli insan yalan danışmağı bacaran və öz yalanına inanan yeganə canlıdır. İnsanın həqiqəti tapması, ona uyğun hərəkət etməsi, başqa cür desək, inandığı ilə yaşaması heç də sadə proses deyil. Çünki insan təkcə biliklə, zəka ilə hərəkət edən bir varlıq deyil, onun iradəsi də mövcuddur. Misal üçün, nəyisə etməli olduğumuzu dərk edirik, ancaq etmək istəmirik. Burada iradə məsələsi üzə çıxır. 

     Bəşəriyyət üçün böyük işlər görmüş insanlara fikir verin. Onlar öz ideyalarına ürəkdən inanırdılar. İnandıqları üçün də güclü iradəyə malik idilər.

     Bir çox hallarda həyatda uğur qazanmağın sirrini özümüzdə yox, başqa amillərdə, kənar təsirlərdə axtarırıq. Bu yanaşma müəyyən mənada gerçəkləşə də bilər. Ancaq insan uğur qazanmaq üçün əvvəlcə özündən başlamalıdır.

     İnsanlığı yalnız və yalnız həqiqət xilas edəcək.