Romanın əvvəli burada:
https://aydinyol.aztc.gov.az/newsview/2567/Azadliq-romani
...Xalq hərəkatı iqtidara gələndən bəri ölkədə baş verən bütün bu əcaibliklərin, qeyri-müəyyən naməlumluqların ən izaholunmazı – çaşqınlığa düşmüş xalqın beyinlərini yora-yora, dönə-dönə təhlil edib çözsələr də, son nəticədə aydın təsəvvür hasil edə bilmədikləri – məşum Azadlıq Partiyasının sədri, partiya fəallarının yekdilliklə səs verib taxta oturtduqları ucaboylu, şiv qamətli prezidentin özü idi…
Bir qisim adam prezidentin ötəri nəzərdən belə yayınmayan qəribəliklərinin, xarakterindəki bəzi xüsusiyyət və hallarının qəbul olunmuş insan davranışı normaları və qaydalarına uyuşmamasını onun şair xislətli hədsiz romantik təbiəti, ömrünü dəlicəsinə sevdiyi vətəni və xalqı, onun azadlığı uğrunda mübarizəyə fəda eləməsi ilə, bu yolda uzun illərlə təqiblərə və həbslərə məruz qalması ilə bağlayır, bəziləri hətta onu gözü dünya nemətlərini seçməyən müqəddəs İsaya bənzədirdilər.
– Doğrudan, qəribə deyil? Ömrü Elmlər Akademiyasında, sonralar Əlyazmalar İnstitutunda keçmiş 56 yaşlı dörd uşaq atasının, hər şey bir yana qalsın, adicə evi belə yoxdu…
Onu gənclik dövrlərindən tanıyan yaxın adamlar, dostlar və doğmalar bu keçmiş elm adamının evlənib oğul-uşaq sahibi olmasına baxmayaraq, ev, yaxud insan həyatına yararlı olan hər hansı bir şeyi əldə etmək cəhdini, o barədə düşünməyini belə xatırlamırdılar. Deyilənə görə, hakimiyyətə gələnə qədər ailəsi paytaxtdan uzaq kəndlərin birində, qayınanasının yanında, özü isə onun-bunun evində, çox vaxt da yataqxanalarda qalan bu adamın tez-tez o üz, bu üzünə çevirtdirdiyi nimdaş qara kostyumundan, geyilməkdən balaqları süzülmüş qara idman formasından, bir də cildləri yeyilmiş tarix və ədəbiyyat kitablarından savayı heç nəyi yox idi.
– Alim kimi o alınmadı… – dilçilər danışırdı. – İxtisası dilçi olsa da, niyəsə tarixə girişdi. Orada da ortaya elə bir təqdirəlayiq iş çıxarmadı. Qədim tarixdən seçib araşdırdığı dövrlərin təhlilini vermək əvəzinə, ürəyinə yatan faktları, hadisələri bədii ifadələrlə cilalamaqdan sanki xüsusi zövq alır, o dövrlər yazıb-yaratmış filosof-şairlərin yaradıcılığını tədqiq edir, həftələrlə, aylarla tozlu arxivlərdən çıxmırdı.
– Bu onun bədii ədəbiyyata olan dərin sevgisindən irəli gəlirdi. Qəribə novator vəhdət... – tarixi tədqiq edən dilçi-şərqşünasın bədii istedadı! Nə isə, qəliz alınır. Qısası, onu – özünü işıq əvəzi azadlıq sevdasıyla yandıran pərvanəyə bənzətmək olar...
Bəzilərinin dediyində danılmaz həqiqət olan bu idi ki, əgər ölkədə baş verən bütün hadisələr, deyildiyi kimi, həmin bu “şair xislətli”, “yazıq” alimin öz aləmində yaratdığı uydurma “azadlıq” proqramının nəticəsi idisə, onda bunun harası yazıq olurdu?.. Azadlıq sevdalı gənclik xəyallarını bu qədər il canında saxlaya-saxlaya pusub gözləmək, zaman yetişəndə səmti, axar nöqtəsi bilinməyən vulkan kimi püskürdüb bütün ölkəni lərzəyə gətirmək, yeddi milyonluq xalqı ayağa qaldırıb, bir-birinin ardınca üç prezident aşırmaq və qalib addımlarla keçib taxta əyləşmək hansı zəiflik, yaxud xəstəhallıq əlaməti idi?..
O birilərin dediyinə görə isə bu adamın son illər ölkəni çulğamış olaylarla, qeyri-iradi, kütləvi iğtişaşlarla, ümumiyyətlə, heç bir əlaqəsi yox idi.
– ...Bu, bir növ, yaz günü buludsuz göydən qəfil dolu yağmasına bənzər heyrətamiz hadisələr burulğanı idi... Haqqı, hüququ tapdanmış, torpaqları zaman-zaman gizli-gizli düşmənə ötürülmüş qəzəbli xalqın uzun illərdən bəri içinə sıxıb saxladığı total hiddət püskürməsi idi! Sadəcə, iş elə gətirdi ki, bu püskürmə aktı illərlə öz gözəgörünməz iynəsi ilə “gor qazan” xəyalpərəstin “zühur etməsində” tarixi məqam rolunu oynadı və onun, əslində, heç bir real əsası olmayan vətənpərvərlik ideyalarının necəsə, öz-özünə ətə, qana dolması ilə nəticələndi.
– Mitinqlərin ilk günləri onu oralarda görən olmamışdı. Deyilənə görə, bütün bu hadisələrdən onun, ümumiyyətlə, xəbəri yox idi…
– Həmin vaxtlar o, ümumiyyətlə, heç harada görünmürdü. Deyilənə görə, həmin dövrlər səhərdən axşamacan Əlyazmalar İnstitutunun tozlu arxivində itib-batır, çox vaxt elə oralarda da gecələyirdi. Hətta danışırdılar ki, institutun qarovulçusu bayram günlərində evində oturduğu yerdə qəfildən ötən həftənin axırlarında arxivə daxil olmuş fağırı xatırlamış, özünü başıalovlu halda instituta yetirəndə onu arxivin yarıqaranlıq zirzəmisində üç gün bundan əvvəl qoyub getdiyi eyni vəziyyətdə – gözündə eynək, üç günün aclığından üzülmüş vücudu ilə tozlu əlyazmaların arasında oturan yerdə tapmışdı…
– Əgər ölkəni bürüyən o kütləvi hərəkat dalğaları işə düşməsəydi və onun parlaq ideyaları altında hakimiyyətə can atan bir dəstə “millət fədaisi” coşqun xalq kütlələrinin aparıcı qüvvəsi arasında özlərinə yer eləməsəydi, bu elm pərvanəsi öz nəzəriyyələri ilə ömrünün axırınadək həmin o kifsimiş arxivlərdə, saralmış kağız-kuğuzun arasında eşələnə-eşələnə də qalacaqdı. Yazdığını yazacaq, oxuduğunu oxuyacaq, işdən yorulanda beş-on nəfər özü ağılda adamı başına yığıb orada-burada şam işığı altında gizli dərnəklərini təşkil edəcək, bununla məmləkəti və milləti üçün əvəzsiz xidmətlər göstərdiyini zənn edəcəkdi. Günlərin bir günü də heyi, gücü tükənəndə, qocalıb əldən düşəndə üzündəki həmin o mübariz ifadə ilə, ələgəlməz arzu-xəyalları içində arxivlərdəcə, tozlu əlyazmaların üstündəcə öləcəkdi… – Əlyazmalar İnstitutunun əməkdaşları danışırdı.
Qara camaat isə keçmş prezidentdən hövsələsi darala-darala, əsəbilikdən, heyrətdən nəfəsi kəsilə-kəsilə danışırdı…
– Bu adamın işindən baş açmaq olmurdu. Başa düşmək olmurdu, onun elədikləri düzdür, yoxsa səhv. Taxta çıxdığının səhəri günü atdığı birinci addımı bu oldu ki, qonşu dövlətlərlə müqavilə bağlayıb şəhər əhalisi üçün ikimərtəbəli, musiqili avtobuslar gətizdirdi. Ərzaq məhsullarının qiymətinin on dəfə artmasına kompensasiya əvəzi, şəhər nəqliyyatının qiymətini beş dəfə aşağı endirdi. Guya bununla camaatın yarası sağalacaqdı…
– Bahalıqdan, ehtiyacdan üzülüb əldən düşənlər, başlarını itirənlər günlərini bu ucuz və rahat avtobuslarda keçirir, küçələrə tamaşa eləyə-eləyə, dərdlərini musiqidə əridə-əridə şəhərin bu başından o biri başına gedə-gedə vaxtlarını öldürürdülər.
Ölkənin ağır siyasi durumunda paytaxta təcili şəkildə gətirilən ikimərtəbəli avtobusları prezidentin uzaqgörən siyasətinin bir qolu hesab edənlər də vardı. Yeni prezidenti sidqi-ürəkdən sevən, ona bütün varlığı ilə inanan bu adamlar dövlət rəhbərinin bu addımının heç də elə-belə, adi məsələ olmadığını, bu qərara hansı səbəbdən, nə üçün gəlindiyini xalqın sonralar anlayacağı qənaətində idilər.
– Böyük həqiqətlər, tarix boyu olduğu kimi, əvvəl-axır öz qələbəsinin təntənəsini çalanda məlum olur... – prezidentin yaxın silahdaşları, məslək və əqidə dostları deyirdi.
Həmin dövrlər bir coxları bu fikirdə idi ki, şəhər əhalisinin rahat və ucuz avtobuslarla təmin edilməsi prezident tərəfindən atılan humanist bir addımdır, digərləri isə iş gününün axırına yaxın bu ucuz, havasız avtobuslarda acından, yaxud qəfil yüksəlmiş, ya aşağı enmiş qan təzyiqindən keçinənləri yada salır, milli bayraq rənginə boyadılmış bu sayaq nəqliyyat növlərini ölkənin ağır vəziyyətinə qatlaşmağa kömək məqsədini daşıyan musiqili-poetik istirahət salonları kimi xatırlayırdılar.
Bu poetik, çarxlı salonlar döyüş bölgələrində ölənlərin sayı həddini aşanda da köməyə gəlirdi. Belə ki, Müdafiə Nazirliyinin, onsuz da, məşğul işçilərinə daha iş-güclərini buraxıb evləri gəzmələrinə, bir-bir qapıları döyüb, çağırış vərəqi alsa da, orada-burada gizlənənləri tapıb üzə çıxarmalarına ehtiyac qalmırdı. Bircə sürücünü, yaxud avtobusun hərəkət cədvəlini dəyişmək kifayət idi ki, bu musiqili, çarxlı salonlar arvad-uşağı bir kənarda düşürüb, vətənpərvər musiqiləri ruporla küçələrə yaya-yaya, ümumi səfərbərlik ruhunu oyada-oyada şəhərin mərkəzindən birbaş sərhəd bölgələrinə yollansın.
* * *
Ümumiyyətlə, deyirdilər, ilk baxışda sadəlövh insan, romantik şair təsiri bağışlayan prezident, əslində, heç də elə-belə, sadə adam deyildi... Deyilənə görə, bir vaxtlar arxiv zindanlarının qaranlığında havasızlıqdan göyərib qaralmağa, bir növ, alışmış bu elm fədaisinin dünya siyasəti tarixində rast gəlinməyən, uzaqgörən siyasi gedişləri ehtiva edən usta diplomatik taktikaya malik olması sonradan aşkara çıxmışdı. Məsələn, kənd təsərrüfatı problemlərinə həsr olunmuş geniş tərkibli dövlət müşavirələrində, yaxud beynəlxalq əhəmiyyətli konfranslarda prezidentin gözlənilməz qəfilliklə birdən-birə ayağa qalxıb çəkisiz, ucaboy qaməti ilə kürsüyə çıxması, oradan qəribə bir coşqunluqla milli heyvandarlığın problemlərindən, xüsusən iribuynuzlular sahəsində yaşanan fəsadlardan danışmağa başlayarkən qəfildən gözlənilməz, çevik reveranslarla fəlsəfəyə, oradan ədəbiyyata, sonra necəsə, qəfildən birbaş poeziyaya keçməsi, saatlarla kürsüdən asılıb yanaqları allana-allana qədim sufi-şairlərin kəlamlarını yada salması, qəmli qəzəllər söyləməsi, bunun ardınca, deyilənlərin elmi şərhini verməsi, üstəlik, bu azmış kimi, mətnlərdə işlənən mürəkkəb ərəb sözlərinin mənalarını xüsusi həvəslə izah etməsi və sair, deyilənə görə, həmin usta diplomatik gedişlərin yalnız səthi görüntüləri idi...
Prezidentin bu gözlənilməz, sirli “gedişlərindən” hər dəfə çaşqınlığa düşən müşavirə əhli, deyilənə görə, məruzəni boğazları quruya-quruya, diqqətlə dinləyir, bu dərin, dərin olduğu qədər də qəliz mənalar daşıyan qəzəllərdə ölkənin siyasi durumu ilə bağlı ümumiləşdirici nələrsə tapmağa çalışır, arif adamlar havadaca tutduqları eyham və atmacaları, dövlət rəhbərinin göstəriş və tapşırıqlarını bloknotlarında fiksə edir, müşavirə bitər-bitməz otaqlarına çəkilib, kürsüdən səsləndirilən qədim qəzəllərlə onlara, ya nəyəsə ünvanlanan mətləbləri araşdırmağa çalışırdılar.
Belə müşavirələrdən sonra ölkənin bir sıra sahələrində bir çox şeyin yönü, istiqaməti dəyişilir, hər şeydə, hər tərəfdə qəribə bir poetiklik, ruhsal incəliklər duyulmağa başlayırdı…
…Ölkə başçısının ən dərin siyasi gedişlərindən biri də onun Nazirlər Kabinetinin strukturunda ildırım sürətiylə apardığı dəyişikliklər oldu...
İlk növbədə, o, bivec İqtisadiyyat Nazirliyi ilə Aqrar Sənaye və digər bu sayaq “xırda-xuruş” nazirlikləri birləşdirib, Kənd Təsərrüfatı Nazirliyini ayrı-ayrı nazirliklərə – ayrıca İribuynuzlu Maldarlıq, Xırdabuynuzlu Maldarlıq, Quşçuluq, Baramaçılıq, Arıçılıq, Çəltik, Taxıl, Silos və digər insan və heyvan qidalanmasına zəruri nazirliklərə böldü. Bir qisim şayiələrə görə, ölkə başçısının bu sayaq gedişlərində əsas məqsəd – hakimiyyətə yenicə gəlmiş Azadlıq Partiyasının gecə-gündüz prezident iqamətgahında vurnuxan, imkan tapdıqca prezidentin otağına soxulub iş masasını yumruqlaya-yumruqlaya ondan vəzifə tələb edən kənd adamlarının müvafiq iş yerləri ilə təmin edilməsi idi. Digərləri isə zahirən çılğın yenilikçi təsiri bağışlayan prezidentin bu gedişlərinin, onun uzaqgörən siyasətinin bir qolu olduğu, nəticəni gələcək illərin göstərəcəyi və hamının hər şeyi, nəhayət ki, anlayacağı qənaətində idilər. Necə ki bir vaxtlar, hələ prezident kürsüsünə oturmazdan çox-çox əvvəl uzaq ərəb ölkələrindən birində tərcüməçi işlədiyi dövrlər bəzi “əhvallı” gecələrlə küçəyə çıxıb cibinin son qəpiyinəcən küçədən keçən dilənçilərə paylaya-paylaya: “A bəy, götürün bu pulu, siz əzizinizin canı, səsiniz gəldikcə qışqırın: “yaşasın azadlıq!..” deməyini dolayıb ələ salanlar azadlığın nə demək olduğunu yalnız çox-çox sonralar – milli azadlıq hərəkatının coşqun dalğaları ölkəni bürüyəndə anladılar…
– ...Bu adam izaholunmaz qəribəliyi, anlaşılmaz vətən eşqi ilə qısa müddət ərzində hamıda özünə qarşı maraq oyatmışdı... – həmin dövrlər uzaq ərəb ölkəsində onunla işləyən həmvətənləri danışırdılar. – Orada o heç kimlə əlaqə saxlamır, boş vaxtlarını qədim kitabxanalarda keçirir, axşamlar isə paytaxtın ən bahalı restoranlarında şam edirdi…
Deyilənə görə, restoranın xidmət personalı onu əcnəbi milyonçu kimi tanıyır, o, foyedə görünəndə xidmət personalı qollarında dəsmal onun qabağına qaçır, musiqiçilər çaldıqları havanı dəyişib onun şərəfinə sevdiyi “Qaragilə”[1] mahnısını öz milli çalarlarında ifa eləməyə başlayır, rəqqasələr oynaya-oynaya pişvazına çıxır, onu araya alıb, çalıb oxuya-oxuya restoranın ən mötəbər stoluna ötürürdülər.
– ...O, çox vaxt restorana axşamlar gəlir, gözündə qara eynək, boynunda güllü, ipək şərf, keçib şərəfinə bəzədilən süfrənin arxasında təmtək oturur, bütün axşamı heç nə yemədən, hey sifariş verib gətizdirdiyi bahalı içkilərdən içir, doğma xalq havalarını çaldırıb, ay ərzində qəpik-qəpik yığdığı maaşını rəqqasələrin başına səpir, yalnız səhərə yaxın restoran boşalanda, musiqiçilər alətlərini yığışdırıb evlərinə dağılışanda mədəsini acqarına doldurduğu içkinin təsirindən süstləşib tarazlığını itirmiş bədənini masanın arxasından zorla çəkib çıxarır, kədərli üzü, yanlarından cansız kukla qollarıtək asılmış sallaq qolları ilə restoranı tərk edirdi. Səhəri gün isə onu uzun müddət aclıq çəkməkdən altı qaralıb çuxura düşmüş gözləri, tüklü, əzgin üzü ilə səfirliyin xidmət personalının ucuz yeməkxanasında turşumuş borşu, az qala, gözünə təpən yerdə görəndə qeyri-iradi hər kəsdə sual yaranırdı ki, bu adam kimdir, onun məqsədi, niyyəti nədir?..
Deyilənə görə, bu azadlıq aşiqi həmin o azadlıq azarına hələ lap cavan yaşlarından – universitetdə oxuduğu illərdən tutulmuşdu. Hələ o dövrlərdə Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətinə düşməsinə baxmayaraq, gizli dərnəklər təşkil etməkdən, uzun illər “böyük qardaşın”[2] qapazı altında yaşamaq məcburiyyətində qalmış xalqının azadlığa qovuşması, “işıqlı gələcəyə aparan geniş magistrala çıxması”ndan ötrü minimum-maksimum proqramlar hazırlamaqdan yorulmurdu. 70-ci illərin əvvəli Bakının məşhur Bayıl siyasi həbsxanasına düşməsi də, deyilənə görə, həmin o azadlıq proqramının nəticələrindən idi...
* * *
Danışırdılar ki, bu usanmaz azadlıq aşiqi həmin o işıqlı fikirləri ilə dustaqxanadakıları da zinhara gətirmişdi. Deyirdilər, qəlbi vətən eşqiylə çırpınan bu fədai orada da hər gecə kölgəli üzü ilə dustaqlar dolu barakların arasıyla gəzişir, altına qara kölgələr çökmüş gözlərini dustaqların üzünə zilləyir, zavallı görkəmi, dərdli üzü ilə çoxlarının “saqqızını oğurlayır”, toruna düşən məhbusları bir kənara çəkib, onlarda milli ruhun oyanmasına zəmin yaratmaqla məşğul olurdu. Deyilənə görə, bu azadlıq divanəsi dustaqxanada da özü üçün, kiçik də olsa, dərnəkvari auditoriya yaratmağa nail olmuşdu...
– O, tarixi hadisələri bədii əsər kimi təsvir edir, keçmişlə bu gün arasında paralellər aparır, elə bil məhbusları siyasi baxımdan savadlandırmağa çalışırdı… – dustaqxanada onunla bir kamerada yatanlar danışırdı, – sonra mövzunu necəsə dəyişib birbaş bu günümüzə – hüquqları tapdanmış xalqın ağır milli dirçəliş yolunun çətinliklərinə keçir, öz halal torpaqlarında ikincidərəcəli millət kimi yaşamağa məhkum edilmiş xalqın bəxtiqara taleyindən danışmağa başlayırdı.
– ...Orada onun toruna düşməyənlər də vardı. Elə ki bu divanə “kürsüyə” qalxırdı, onlar üzlərini divara çevirib “bunu bura salanın…” – deyirdilərsə də, hər “moizənin” sonunda oxunan milli himnin vaxtı çatanda o birilərə qoşulub ayağa qalxmalı və himni sonacan oxumalı olurdular ki, milli oyanışın incəliklərini dərk etmiş dustaqların təpiyi altına düşməsinlər.
– ...Bu başdan xarab bura düşəndən camaatın da başı xarab olub. Hamı insan hüququndan, müstəqillikdən dəm vurur, bir adama “gözün üstə qaşın var” demək olmur… – dustaqxana nəzarətçiləri narazılıqlarını bildirirdilər.
– Hər belə siysi məşğələdən sonra o, uzun müddət özünə gələ bilmirdi. Coşqun ehtirasla açıqladığı ideyalarının, ölkənin işıqlı gələcəyi ilə bağlı yürütdüyü fikirlərinin təsiri altından bir müddət çıxa bilmir, dizi üstə çöküb üzünü divara söykəyərək səssizcə ağlayır, bəzən məhbuslardan hansı birinisə kətilin üstünə çıxarıb “yaşasın azadlıq!” deyə-deyə bağırmağa məcbur edirdi…
– ...Başa düşmək olmurdu, hansı daha təsirlidir, – dustaqlar danışırdılar, – onun ideyaları, yoxsa özü?..
Axır günlər isə, danışırdılar ki, hər belə məşğələdən sonra siyasi cəhətdən maariflənmiş dustaqlar himni artıq ayaq üstə oxumağa başlamışdılar və deyilənə görə, himnin səsinə o biri kameraların dustaqları, hətta dustaqxana nəzarətçiləri də qoşulurdular. Odur ki deyirdilər, bir çox sakit gecələrdə şəhərdən bir qədər aralıda – ağacsız, kolsuz çöllüklərlə uzanan dustaqxananın üçmərtəbəli, yarıuçuq binasından göylərə ucalan əzəmətli himn səsini o ətrafdan yolu düşənlər də eşidirdi…
Deyirdilər, bu tükürpərdən himn mərasimlərindən, dustaqxananın, az qala, dəmir barmaqlıqları əyilən qorxunc “azadlıq” şüarlarından təşvişə düşən müdiriyyət məsələnin mahiyyətini araşdırmağa, dustaqların “azadlıq” deyərkən məhz hansı azadlığa can atdığını, əsasən, rəsmi tədbirlərdə oxunan bu dövlət himninin nədən burada, üstəlik, bu boyda sevgi ilə oxunduğunun səbəbini anlamağa çalışmışdılarsa da, heç bir dəqiq qənaətə gələ bilməmiş, dustaqlarla ayrı-ayrılıqda məxfi araşdırma işinin aparılması qərarına gəlmişdilər.
Kameralardan alınan gizli məlumatlara görə, dustaqların son məqsədi – “uzun illər yad xalqın tapdağı altında inləyən doğma xalqının, yad dilin əsirliyində olan dilinin azadlığını” əldə etmək uğrunda ölkənin bütün bölgələrində xalq hərəkatını hərəkətə gətirmək idi. Bu sayaq məlumatlardan bir qədər sonra, yalan-doğru, deyilənə görə, milli oyanış aksiyalarında aradabir dustaqxana rəisinin özü də – bir vaxtlar kənd məktəblərindən birində tarix müəllimi işləmiş, sonradan hansı möcüzə iləsə penitensiar xidmətdə işə qəbul edilmiş ortayaşlı, eynəkli adam – gizli də olsa, iştirak etməyə başlamışdı…
– Günlərin bir günü o, yenə necəsə öz-özünə təsirlənib qəhərdən boğula-boğula dustaqlardan birini kətilin üstə qaldırıb: “De, yaşasın azadlıq!” – çığırdanda, deyirlər, dustaqxana həyatının darısqallığında öz acı taleyindən, bir tikə çörəyə möhtac qalmış üç azyaşlı övladının dərdindən üzülən dustaqlardan hansı birisə üstünə cumub, əllərini xirtdəyinə keçirib onu, az qala, boğa-boğa: “Denən, yaşasın rahat, firavan həyat, ay yaramaz!.. ” – deyə çığıranda onu həmin o üç uşaq atasının əlindən zorla alsalar da, dustağı heç cür sakitləşdirə bilməyiblərmiş, bütün axşamı o, hirsindən göyərə-göyərə: “Tox, firavan həyatın adını “azadlıq” qoyub avam camaatı yoldan sən və sənin kimi qurumsaqlar çıxarır elə! – deyə bağırırmış. – Bilə-bilə ki, azadlıq deyilən bir şey yoxdur və olmayıb bu dünyada!..”
Yaxın adamlarının dediyinə görə, uzaq illərin bu unudulmaz xatirəsi – əsəbi dustağın bağırdığı həmin o mənası qəliz sözlər bu dərin zəkalı, həssas qəlbli azadlıq fədaisini qəribə bir çəkisizliyə salmış, bu çəkisizlik halı sonralar da – prezidentlik kürsüsündə əyləşəndə də onu tərk etməmişdi. Azadlıq barədə təsəvvüründə köklü dəyişikliklər yaratmağa müvəffəq olmuş həmin o hadisə, görünür ki, bu təəssübkeş alimə azadlıqdan daha dərin olan, hansısa daha incə mətləbləri anlatmış, dünya və siyasətlə bağlı bir sıra çıxılmaz məqamların sirlərini açıqlamışdı. Deyilənə görə, o bu hadisəni ürək qızdırdığı adamlarına dönə-dönə, hər dəfə də həyəcanlanıb səsi titrəyə-titrəyə danışır, sonra siqareti bir-birinə calayıb tüstülədə-tüstülədə uzun-uzadı dərin fikrə dalırdı… Deyirdilər, kamerada baş tutan iğtişaşdan sonra o həmin filosof-dustaqla dostlaşmış və dustaq orada birgə yatdıqları müddətdə ona azadlıq haqqında gəldiyi qənaətləri ilə bağlı dərin məzmunlu moizələrini oxumuşdu. Məsələn, özünün dediyinə görə, dustaq ona azadlığın mahiyyətini belə izah edibmiş ki, tarix boyu heç bir xalq, əslində, öz azadlığı uğrunda mübarizə aparmayıb, sadəcə, nə, yaxud nələrsə əldə etməyin adı hər zaman “azadlıq” olub.
“Axı bir millət kütlə şəklində, kollektiv surətdə necə azad ola bilər ki, ayrı-ayrılıqda hər bir fərd öz yaranışından, cismani və ruhi varlığı ilə kölə yaradılıb, Uca Allahın köləsi… – müdrik dustaq ona deyirmiş. – Əgər söhbət bir xalqın ayrı bir xalqın, ya dövlətin əsarətindən azadlığa çıxmasından gedirsə, bu, canım-gözüm, bizə aid deyil. Biz dünya tarixinə böyük filosoflar və şairlər, rəssam və bəstəkarlar vermişik, lakin əfsuslar olsun ki, qanımızda, canımızda bineyi-qədimdən cücərən, əsrlər, qərinələr ötdükcə iliyimizə, sümüyümüzə yeriyən köləlik xislətindən qurtula bilməmişik. Bax elə bu günün özündə də əsarəti altında yaşadığımız dövlət, işdir, bizdən imtina edərsə, o dəqiqə təşvişə düşüb başımızı itirəcəyik, təcili şəkildə özümüzə yeni bir ağa, himayədar axtarıb-tapacağıq. Bu, bir millət olaraq bizim mahiyyətimiz, qan qrupumuzun göstəricisidir, başqa cür desək, xəmirimizin mayasıdır. Olsun ki, – dustaq deyirmiş, – Allahın izni ilə kök saldığımız torpaqlarımızın həyat üçün hədsiz əlverişli şəraiti də burada öz rolunu oynayıb. Axı bu millətin heç bir vaxt yaşamaq uğrunda mübarizə aparmaq ehtiyacı olmayıb?! Həmişə də özümüzün istifadə edə bilmədiyimiz min bir sərvətimizə yiyə durmağa can atan ağıllı adamlar və dövlətlər tapılıb. Yeyiblər, içiblər, bizləri də yedirib-içiriblər. Tox adama nə lazımdır ki?! Odur ki, akademik (kamerada yoldaşları onu belə çağırırdılar), özünü əbəs yerə yorma. Bütün bu “vətən yanğısı”, “milli ruh oyanışı”, filan-beşməkan boş səfsətədən, əbəs yerə vaxt öldürməkdən savayı bir şey deyil. Bizimki belə gəlib, belə də gedəcək. Sənin o sevimli “azadlıq” şüarına gəlincə, bu, tarix boyu “hakimiyyət” deyilən əlçatmaz qəsrin bağlı qapılarını açmağa yararlı açar kimi istifadə edilib…”
…O dustaq, deyilənə görə, orta savadı belə olmayan, həyatı boyu oğurluqla məşğul olub ömrünün çox hissəsini dustaqxanalarda keçirən biri imiş. Deyirlər, prezident sonralar belə, xüsusən Azadlıq Partiyasının çoxminlik yığıncaqlarında onu xatırlamağa başlayarkən fikir dəryasına qərq olurmuş və onu hələm-hələm o dumanlı aləmin dumanlı dərinliklərindən çəkib çıxarmaq mümkün olmurmuş. Və heç kim, ən yaxın silahdaşları belə, prezidentin zaman-zaman qərq olduğu bu kədər dəryasının sirrindən baş açmırmış…
– Baş açmaq olmurdu, o hallara nədən düşür; bir vaxt o üç uşaq atası olan dustağın azadlıq barədə yürütdüyü mülahizələrlə razıdır, ya razı deyil. Bəzən adama elə gəlirdi, dustağın azadlıq barədə dediklərinin dərinliyinə gedə bilmir, ya buna gücü çatmır. Dəqiq olan bir bu idi ki, bir vaxtlar kamerada azadlıq barədə deyilənlər ona yaşamağa mane olurdu...
– O, dustağın sözlərini ötəri söhbət kimi qulaqardına vurub unuda da bilmirdi. Hər dəfə də söz həmin o söhbətdən düşəndə, sanki öz içində öz-özü ilə mübahisə edib mövzunun axırına gəlib çatanda adamın gözünün içinə elə baxırdı, elə bil orada düşdüyü dərin quyudan çıxmaq üçün xilas ipinin ucunu axtarırdı…
Həmin o gizli dustaqxana epizodundan xəbəri olan bir sıra xalq siyasətçiləri bu söhbətə xüsusi əhəmiyyət verir, prezidentin hər dəfə bu xatirəni yada saldıqdan sonra düşdüyü trans vəziyyətini belə izah edirdilər ki, orta savadı belə olmayan oğru-dustağın həmin o subyektiv, subyektiv olduğu qədər də əsassız “azadlıq nəzəriyyəsi” uzun müddət öz əlvan azadlıq xəyallarında üzən və hamını da buna inandırıb həmin o xəyallar bataqlığında üzdürən prezidenti sadəcə çaşdırmışdı. Dustağın dediyindən belə çıxırdı ki, prezident bütün ömrünü, enerjisini, savadını və istedadını təxəyyülündə qurub ucaltdığı azadlıq ideyaları uğrunda, əslində isə mahiyyəti etibarı ilə absurd, cəfəng bir sevda yolunda qurban vermişdi. Və burada prezident iki mətləb, iki yol, iki istiqamət qarşısında aciz qalırdısa da, onların hər biri və hər ikisi ayrı-ayrılıqda da, cəm halında da dustağın dediyi ilə üst-üstə düşürdü. Qəliz və çıxılmaz olanı da bu idi...
Birinci mətləb bu idi ki, yaranışından bəri düşündüyünü deməyi bacarmayan xalq öz irili-xırdalı dərdlərinin səbəbini həyatdan narazı üzü ilə hamıya doğma gələn bu adamın ayağa qalxaraq üsyankar nidayla dediyi “Azadlıq!..” kəlməsində tapmışdılar. Yoxsa bütün faciələrin həll yollarını öz coşqun xəyallar dumanında, parlaq ideyalarının şüarları altında görməyə alışmış romantik prezident bir qarnı ac, bir qarnı tox xalqın üzüntü və dərdlərini düz başa düşməmişdi?..
– …Ona, nəhayət, çatmışdı ki… – ticarətçilər gözlərindən qığılcım çıxa-çıxa danışırdılar, – sən demə, xalqa siyasi, mənəvi, hüquqi azadlıq yox, adicə qarın azadlığı lazım imiş…
İndi əgər məsələlər gəlib bu həddə çatmışdısa, onda belə çıxırdı ki, prezident çaşıb, atalar demişkən, “eşşəyə minmişdi” və indi istəsə də, istəməsə də, Allahın bu yazıq, tərs bəndəsini harasa sürməliydi... Lakin hara?..
– Bax prezidenti çaşdıran da elə bu idi... – ziyalı zümrə içi şübhə dolu gözlərlə elə danışırdı, elə bil söhbət onlardan yox, hansısa ayrı ölkənin vətəndaşlarından gedirdi.
– O, orta və yaxın əsrlər tarixindən, Yaxın və Uzaq Şərqdə gedən daxili iğtişaşlardan, siyasi, sinfi mübarizələrdən, şah üsul-idarəsinin incəliklərindən, hakimiyyətin devrilmə yolları və sairədən saatlarla, bəlkə, günlərlə danışa bilərdi, amma hərəkətə gələndə bu bir ovuc xalqına gün ağlaya bilmədi. Bunu, əfsuslar olsun ki, nə təhsil aldığı ali məktəbdə, nə sonralar sevə-sevə oxuduğu qalın-qalın kitablardan, nə də aralarında eşələnməkdən qoxuları dərisinə hopmuş qədim əlyazmalardan oxuyub öyrənə bilmişdi. Dünya tarixində baş vermiş inqilabi hərəkatları, sinfi mübarizələri sənədli faktlarla açıqlayan bu ədəbiyyatlarda, olsun ki, xalqın həmişəac gödənini doyurmaq yolları barədə heç bir bilgi yox idi... – bir qisim ziyalılar ürək ağrısıyla danışırdılar.
– …Monarxiya quruluşundan respublika üsuli-idarəsinə keçid mərhələsinin çətinlikləri, xalq kütlələrini hansı ideyalar və bayraqlar altında istiqamətləndirməyin yolları, ölkədaxili qarşıdurmalar zəminində xalqın siyasi baxışlarında dəyişikliklər yaratmağın üsulları və sair bu kimi mövzularla bağlı ədəbiyyatlara o hələ gənc yaşlarında, Elmlər Akademiyasında kiçik elmi işçi işlədiyi dövrlərdə yiyələnmişdi… – akademiyanın qocaman əməkdaşları danışırdılar.
Ardı var
[1] Klassik Azərbaycan mahnısı
[2] Sovet Rusiyası nəzərdə tutulur.