Romanın əvvəli burada:
https://aydinyol.aztc.gov.az/newsview/2571/Azadliq-romani
– ...Onun qədim əlyazmalara olan xəstəhal marağı, düzü, məni həmişə narahat edirdi. – Əlyazmalar İnstitutunun direktoru sonralar mətbuata verdiyi müsahibədə danışırdı. – Bu adamı həftələr, bəzən aylarla institutun havasız arxivindən çıxarmaq olmurdu. İş günlərini o, orada keçirir, axşamlar institutun qapıları bağlanar-bağlanmaz, əlyazmalardan bir-ikisini qoltuğuna vurub aparırdı...
– ...O, gündən-günə arıqlayırdı… Rəngi solur, ovurdları bir-birinin içinə keçir, gözlərinin altındakı kölgələrdən nədənsə gizli iztirablar çəkdiyi bilinirdi… – yataqxana yoldaşları danışırdı. – Özü ilə gətirib gəldiyi əlyazmaları gecələr ac tamahla oxuyur, gecənin bir yarısı hamımızı yuxudan oyadır, səhər açılana qədər gözlərindən qığılcım çıxa-çıxa kiminsə – hansısa sərkərdənin, ya şahın siyasi gedişlərindən danışır, heç birimizi yatmağa qoymurdu...
– Dilçi olmağına baxmayaraq, tarixi dəlicəsinə sevirdi. Sonradan onun bu sevgisini siyasətə dəyişməsi, açığını deyim, bizi çox təəccübləndirdi. Olsun ki, siyasətə meyli, hər şeydən əvvəl, onun tarixi şəxsiyyətlərə olan böyük sevgisindən irəli gəlirdi. – Liberallar partiyasının sədri “r” hərfini yeyə-yeyə, sağ gözü kukla gözü kimi, necəsə, öz-özünə açılıb bağlana-bağlana danışırdı.
– …Camaatı yoldan çıxaran o idi. Rus qəsbkar dəstələrinin guya ölkədə daxili gərginliyi yatırtmaq məqsədi ilə şəhərə daxil olduqları məşum 20 yanvar gecəsi camaatı evlərindən çıxarıb tankların qabağına düzdürən, ətdən çəpər düzəltdirən də o idi! – Şəhərin mərkəzi məhəllələrində yaşayan, faciənin canlı şahidi olan yaşlı qadınlar doluxsunmuş halda danışırdılar. – O gecə yüzlərlə cavan, qadın, uşaq həyatını itirdi, bu yaramaza isə heç nə olmadı...
– O dəhşətli qarlı qış gecəsi əliyalın adamları tankların, top-tüfəngin qabağına tökən bu millət fədaisi qaçıb dostunun evində gizləndi, bir də o müdhiş hadisədən üç gün sonra – küçələrə tökülən meyitlər yığılıb ölüxanalara daşınandan, qan gölməçələri yuyulub qurudulandan sonra üzə çıxdı.
– O hadisədən sonra bu adam haqqında artıq nəticə çıxarmaq olardı. Lakin xalq kütlələri hipnoza düşmüş müsəlləh ordu kimi, yenə onun ardınca getməyə davam etdilər. Bu da axırı.
– İkicə il ərzində iki qanlı millət qırğını törəndi. Camaatı elə bil qan çəkib aparırdı. Tarix təkrar olunur. 1920-ci ildə xalqa guya kömək məqsədi ilə şəhərə daxil olan rus ordusu və başlarını götürüb aradan çıxan milli azadlıq hərəkatının “qeyrətli” liderləri!
– Bütün bu söhbətlərdən adamın başının tükləri biz-biz durur… – camaat danışırdı. – Bu nə adam imiş, İlahi?! Onun haqqında hərə bir söz deyir və işin qəribəsi odu ki, bütün deyilənlərin hamısı da həqiqətdi. Bütün bu deyilənlər və danışılanlardan belə çıxırdı ki, prezident – vicdanlı, qorxaq, simasız, təvazökar, riyakar, mənəviyyatlı, xudbin, millətini dəlicəsinə sevən xəstəhal, lakin cəsur bir adamdı.
– Gərək o, xalqının azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizəsinin ilahi bir missiya olaraq artıq başa çatdığını hakimiyyət xalq hərəkatına veriləndə anlayaydı... – Prezidentə ürəyi yananlar, onun kövrək şair təbiətinə bələd olanlar deyirdilər. – Amma o, Azadlıq Partiyası hakimiyyətə gələndən sonra da, ölkə göz qabağında günbəgün, aybaay kərpic-kərpic sökülməyə başlayanda da, sanki uduzduğunu hiss etmir, ya anlamır, yaxud anlasa da, özünü o yerə qoymurdu.
Deyirdilər, dəbdəbəli Prezident sarayında palıddan yonulmuş iri iş masasının arxasında oturduğu vaxtlar belə o, milli azadlıq uğrunda mücadilələrdə keçən ömrünü, çəkdiyi iztirab və acıları, təqib və işgəncələri həyatının ən işıqlı anları kimi xatırlayır, keşməkeşli xatirələrdən sanki gizli qürur duyur, çəkdiyi əzab-əziyyətlərin əbəs getmədiyi, həbslər və məhrumiyyətlər dolu həyat yolunun, nəhayət ki, xalqının azadlığı, ölkəsinin müstəqilliyi ilə nəticələndiyinə görə təskinlik tapır, sonra siqaretini tüstülədə-tüstülədə yenidən kədərli xəyallar dumanına qərq olurdu…
– Görən, nədən kədərlənirdi? – Azadlıq Partiyasının cəfakeş üzvləri sonralar narahat üzlərlə bir-birinə zillənirdilər.
– Bəlkə, o, “azadlıq” deyilən genişliyin qarmaqarışıqlıqlar dolu sistemsiz yataqxana həyatını andıran anlaşılmaz yaşam üsul-idarəsinə gətirib çıxarmasının səbəblərini arayıb-axtarırdı? Yoxsa, ölkədə yaranmış ağır böhranı “millətin aydın sabahına aparan müqəddəs yol”un zəruri mərhələsi hesab edirdi?
– Bəlkə, o, heç cür başa çatmayan, alınmayan ideyalarından cana doyub yorulmuşdu və artıq özü haqqında – insan taleyindən çox, quş taleyini andıran ömrü barədə düşünməyə başlamışdı, quş kimi qanad çalıb buralardan, heç cür oyanmaq bilməyən bu ölü məmləkətdən uçub getməyi gəlirdi?
Bu sayaq ehtimallar bir qisim adamı kövrəldirdisə də, digərlərini əsəbiləşdirib özündən çıxarırdı...
– Axı özünü niyə o günə qoyurdu ki, sonra uçmağı gələ?
Axır ki, bütün bu söz-söhbətdən, bir-birinə uyuşmayan yarıhəqiqəti, yarıuydurmanı andıran ehtimallardan bu nəticə hasil olurdu ki, şair qəlbli vətən fədaisi təsiri bağışlayan bu adam elə də sadə birisi deyil. Hakimiyyətdə olduğu dövrlər, daha əvvəlki illər onun gizlində, yaxud aşkarda apardığı qəliz fəlsəfi-siyasi gedişlərin sirrini, demək olar ki, heç kim aça bilmirdi. Onun ölkənin şimal-qərbində gedən müharibə ilə əlaqədar özünəməxsus uzaqgörən siyasətindən – uzun müddət zərgər dəqiqliyi ilə düzüb-qoşsa da, bir kəsə açıqlamadığı sirli planlarından bir çoxları agah idi. Ölkə əhalisi bu planın öncəgörmələrini prezidentin müharibə bölgələrindəki vəziyyətlə əlaqədar yerli telekanallara verdiyi müsahibəsindən anlamışdı...
Müsahibədən əvvəl döyüş bölgələrindən çəkilən reportajlarda – ora, necəsə, qəfildən düşmüş kimi, qulaqbatırıcı yaylım atəşlərinin səsindən döyüküb çaşan, ayaqlarındakı yay idman ayaqqabılarında yarıaçıq ağızları, böyümüş gözləri ilə yan-yörələrinə boylana-boylana qarlı barrikadalarla o yan, bu yana sürünən “igid döyüşçülər”, köhnə dizel xırıltısıyla xırıldayıb işə düşən, mərmiləri köndələn uça-uça hara ensə də, partlatmayan ağır artilleriya qurğuları nümayiş etdirilmiş, daha sonra ekranda prezidentin özü görünmüşdü... Qara kostyumunun rəngini dərisinin qaralığından ayıran ağ qolçaqlı uzun qolları dəyirmi stolun üstündəki külqabını dövrəyə alaraq:
– Demək, biz belə edəcəyik… – deyib uzun barmaqlarını külqabının ətrafı ilə pianino dilləri üzərində gəzdirəntək gəzdirmişdi. – Həm irəlidən, həm geridən.
Verilişdən sonra bir çoxları prezidentin həddən ziyadə qısa və qəliz çıxışını, külqabının ətrafında gəzdirdiyi barmaqların kim, yaxud nə olduğunu axıracan anlaya bilmədiklərindən gileylənsələr də, xalqın əksər hissəsinin üzü mərhəmət və dözüm saçan bu yaradıcı təfəkkürlü adama olan inamına xələl gəlmədi.
– Əgər külqabı düşmən ordusuydusa, onda bu ordu onların mühasirəsinə nə vaxt, necə və haradan düşmüşdü ki, bunlar torpaqları verə-verə elə geriyə çəkilirlər? Yox, əgər külqabı onlar idisə, onda, demək, kitabımız bağlanıb, vay halımıza... – siyasətdən az-maz başı çıxan futbol azarkeşləri danışırdı. – Elə olan halda, yəni kitabımız bağlanıbsa, prezidentin üzündəki o nikbin qalibiyyət ifadəsi nə idi?
Müsahibədən bir qədər keçmiş şəhərə ayrı bir vəlvələ düşdü. Deyilənə görə, prezident hansısa xarici radioya verdiyi müsahibədə necəsə qəfildən coşub özündən çıxmış, yumruğunu mikrofon bərkidilmiş stolun üstünə çırparaq efirdə partlayış effekti verən gurultu yarada-yarada, yaxın günlərdə milli ordunun millətin böyük qisminin uzun illərdən bəri haqq və hüquqları tapdanaraq kölə vəziyyətində yaşadığı qonşu dövlətin ərazisinə hücuma keçəcəyi, orada həmvətənlərini azadlığa çıxaracağı barədə rəsmi bəyanat səsləndirmişdi...
Müsahibənin sabahı gün “siyasi təcavüz ərəfəsində olan” qonşu dövlət möhtəşəm hərb maşınını işə salmış, ağır artilleriya qoşununu, hava və dəniz desantını sərhədlərdə yerləşdirmiş, müharibənin başladılacağı barədə ölkəyə nota verilmişdi. Bu hadisədən təşvişə düşən ölkə əhalisi – sanki kapitanı havalanıb sükanı başlı-başına buraxan gəmi sərnişinləri özlərini bir ucdan dənizə atantək, hər anı ölüm və təhlükə saçan bu qorxunc ölkədən baş götürüb qaçmaq üçün tədbirlər görməyə, dünya informasiya agentlikləri torpaqlarının, az qala, yarısı düşmən tapdağı altında olan, hərbi potensialı acı təəssüf doğursa da, ərazisinə, əhalisinin sayına, hərbi və iqtisadi gücünə görə özündən müqayisəyəgəlməz dərəcədə böyük dövlətə müharibə elan etməsini fövqəladə xəbərlər sırasında yayımlamağa başlamışdı...
Səması gün-gündən qaranlıq buludlarla bağlanmaqda olan məmləkətdən qaçıb canını qurtarmaq istəyənlərin sayı gün-gündən artmaqda idi. Qaçanlar sırasında çoxlu sayda məşhur elm və sənət adamları, müstəqilliyə yenicə qədəm qoymuş ölkənin iqtisadiyyatını dirçəltmək istiqamətində həvəslə işə girişmiş iş adamları da var idi…
– Qoy getsinlər… – deyilənə görə, prezident məşhur opera və balet ustalarının, rəssam və yazıçıların xarici ölkələrə köçməsinə öz narahatlıqlarını bildirən jurnalistlərin suallarını belə cavablandırmışdı. – Xalq hərəkatı öz sənətkarlarını – milli ruhlu yazıçı, rəssam və şairlərini yetişdirəcək!
– Bu lap Oktyabr inqilabı dövründə bolşeviklərin məşhur sənət adamlarını, ziyalıları güllələyib, əvəzinə sovet ideologiyasını bölgələrdə bərqərar edən yeni növ fəhlə-kəndli mənşəli sənətkarlara, sosialist realizmi ruhunu aşılayan qondarma yazıçı-şair tayfasına meydan verməsini xatırladır… – Xalq yazıçıları incik üzlə narazılıqlarını bildirirdilər.
Bəziləri isə deyirdi ki, “Tələsik nəticələr çıxarmaq lazım deyil. Yetmiş il bu çürük sistemdə kölə vəziyyətində yaşaya-yaşaya ayıq düşüncəsini, qıvraq qavrayış qabiliyyətini itirmiş siyasi cəhətdən cahil xalqa tamamilə yeni düşüncənin sahibi olan prezidenti anlamaq, əlbəttə, çox çətindi və xalq, ilk növbədə, intellekt baxımından öz üzərində işləməlidi.”
Camaatı bir də ən çox çaşdıran – dörd uşaq atası olan əlli altı yaşlı prezidentin bu yaşa çatsa da, hələ də iynəsiz dərzitək əyin-başsız, evsiz-eşiksiz olması idi. Söhbət məsələnin bu yerinə gəlib çatanda çoxları ağzını büzüb üzünü yana çevirir, “Bir adam ki, bu yaşa gəlib çatıb, nə özünə, nə arvad-uşağına bir gün ağlayıb, bir adamın ki, hələ də başının üstündə damı, yıxılıb yatmağa rahat bir küncü yoxdu, xalqa nə gün ağlayacaq?!” – deyirdilər.
Bu qəribə adamı yaxından tanıyanlar yekdilliklə bildirirdilər ki, ümumiyyətlə, onu nə prezident olmamışdan əvvəl, nə də sonralar nə bir dünya malı, nə pul, nə şöhrət, nə vəzifə, – bir sözlə “insan” adında bəndələrin can atdığı, tamahlandığı nə isə maraqlandırmamışdı. Ömrünü əlinə gələn cüzi qazancla, o qazancın böyük hissəsini də kitablara və onları oxumağa heyi olsun deyə bir tikə çörəyə xərcləməklə keçirmiş prezident, deyilənə görə, prezidentlik kreslosunda özünü çox narahat hiss eləyirdi.
– …Elə üzündən də görünürdü ki, özünü pis hiss eləyir, gün-gündən arıqlayır, gözləri çuxura düşür, arıqlıqdan ovurdu-ovurduna keçir, əynindəki pencək-şalvar külək vurduqca çubuğa keçirilmiş bayraq kimi dalğalanır…
– Biz görmüşük adamı vəzifədən çıxaranda qəm-qüssəyə düşər, fikir çəkib şam kimi əriyər. Taxtda otura-otura əriyən adamı da gördük, məsləhətinə şükür!..
– Qəbul olunmuş protokol üzrə davranış qaydaları onu çox darıxdırırdı, – prezidentin protokol xidmətinin əməkdaşları danışırdı. – Bir də görürdün, iş gününün axırına yaxın yoxa çıxdı. Axtarmağa başlayanda məlum olurdu ki, maşınsız-müşayiətsiz, pay-piyada evə yollanıb. Təsəvvürünüzə gətirirsiz? “Qoyma, getdi” deyib biz də ardınca götürülürdük. Özümüzü ona güclə yetirirdik.
– Zalım elə becid yeriyirdi ki, küçəyə çıxmağıyla gözdən itməyi bir olurdu. Bizi görəndə isə… Bax elə ki müşayiət kortejinin, motosikl və maşınların səsini eşitdi, həmən addımlarını yeyinlədib özünü adamların arasına salırdı. Ayaqları da o qədər uzundu ki, haqlamaq olmurdu, camaata qarışıb gözdən itirdi.
– Nə isə, birtəhər axtarıb tapırdıq… küçənin ortasında camaatı aralayıb, onu həbs edirmiş kimi dörd bir yandan mühasirəyə alırdıq, əlimizlə çiynimizdəki avtomata gizli işarələr verə-verə qabağımıza salıb maşına sarı aparırdıq. Bəzən o, əllərini mexaniki şəkildə, cinayət üstündə yaxalanmış kimi yuxarı qaldırır, sonradan başını aşağı salıb, dinməz-söyləməz göstərilən istiqamətə doğru addımlamağa başlayırdı.
– Amma elə də olurdu ki, əsəbiləşib özündən çıxırdı, əl-qol ata-ata üstümüzə qışqırıb onu rahat buraxmağımızı, yaxasından əl çəkib cəhənnəm olmağımızı əmr edirdi, bizi “nomenklatura nökərləri” adlandırırdı…
– ...Andiçmə mərasimindən sonra biz onu, çığıra-çığıra da olsa, axır ki, ələ keçirib iqamətgahın vestibülünə sala bildik... – Mühafizə xidmətinin rəhbəri danışırdı, – qapıları da möhkəm-möhkəm bağladıq ki, oradan çıxa bilməsin. Mühafizə dəstəsinin sayını birə-beş artırıb, iqamətgaha aparan yolları da, hər ehtimala qarşı, kəsdik ki, işdi, birdən pəncərədən, ya ayrı bir yerdən çıxıb qaçmaq istəsə, uzağa gedə bilməsin.
– …O gecə başımıza nə oyunlar açmadı? Sarayın şüşəli qapılarını yumruqlayıb, ətini kəsirlərmiş kimi bağırmağa, “məni bu imperiya qoxulu qaladan azad eləməsəniz, intihar edəcəyəm!” – deyib bizi qorxutmağa başladı. Eləsə də, eləyərdi, gözlərinin dərinliyindəki anlaqsız ifadə bu adamın ən ağılasığmaz addım ata biləcəyindən xəbər verirdi …
Mühafizə xidməti əməkdaşlarının ifadələrinə görə, həmin andiçmə mərasiminin gecəsi o, iqamətgahın ikinci mərtəbəsinə – orada onun üçün məxsusi olaraq hazırlanmış otağına qalxmamış, bir müddət iqamətgahın qapılarını döyəcləyib üsyankar şüarlar bağırmış, sonra çığırmaqdan əldən düşüb elə vestibüldəcə ağ meşin dərili, nəhəng kreslolardan birinə sərilərək, paltarlı-ayaqqabılı yuxulamışdı.
Danışırdılar ki, hökumət nümayəndələri – xalq hərəkatının yenicə vəzifəyə təyin olunan üzvləri bu üsyankar adamı Prezident sarayına öyrəşdirmək məqsədi ilə təcili şəkildə onun uzaq dağ kəndlərinin birində çiy kərpicdən hörülmüş alaçıqda yaşayan, il uzunu həyətyanı bostan sahəsində əkib-becərdikləri lobya və qarğıdalı ilə dolanan ailəsini iqamətgaha köçürmək qərarına gəlmiş və onları işi ləngitmədən maşınlara doldurub təcili halda iqamətgaha çatdırmışdı. Sonradan bu iqamətgahda baş verənlər haqqında camaat arasında gəzən lətifələrin tarixçəsi də məhz həmin o günlərdən başlamışdı…
Deyilənə görə, sarayın yeni sakinləri qədəmlərini ora qoyar-qoymaz, iqamətgahın mərmər sütunlu qəbul otağı, nadir Təbriz və Şirvan xalılarıyla döşənmiş vestibülü prezidentin xanımının uzaq kənddən özü ilə gətirib-gəldiyi şoraba balonları ilə doldurulmuş, içinə nehrə yağı və pendir yığılan motal dərilərin iyi iqamətgahın yaxınlığında yerləşən mərkəzi klinik xəstəxananın dəhlizlərinəcən gedib çıxırmış…
Bağbanların dediyinə görə, bəzi bürkülü yay gecələri şorabalardan hansı biri, ya bir neçəsi qıcqırıb qapağını güllə kimi tavana atanda və duzlu sirkəni hələ lazımi qədərində canına çəkməyə macal tapmamış badımcanlar balonlardan sıçrayıb iqamətgahın ağ mərmər sütunlarına qara, kök zəlilərtək yapışanda prezidentin xüsusi mühafizə dəstəsi təşvişə düşərək saray vestibülündə qəfildən işə düşən “gülləbaranın” sadəcə qıcqırmış şoraba əməliyyatı olduğunu aydınlaşdıranacan, az qala, bütün şəhəri ayağa qaldırıbmış… Həmin dəqiqə sarayın dörd bir yanı silahlı dəstələrlə dolmuş, küçələrdə, şəhərin girişlərində hərbi postlar qurulmuş, sərhəd zolağı gizli göstərişə əsasən sərhəd qoşunu ilə gücləndirilmiş, güc nazirləri öz müşayiət dəstələri ilə hadisə yerində peyda olmuşdular.
Hadisə yerində olanların dediyinə görə, iqamətgahın mərmər sütunlarından biri adam hündürlüyündə nəhəng saxsı küpdə tutulmuş qatı üzüm sirkəsinin badına getmişdi. Deyilənə görə, yayın qızmar bürküsündə kənddən paytaxta uzanan yolu yük maşınının üstündə çalxalana-çalxalana gələn nəhəng saxsı küp möhkəm tıxaclandığından, ya tez gəlməsi üçün içinə qədərindən artıq doldurulan köhnə çörək tikələrindən qıcqırması səbəbindən köpüklənib necə partlamışdısa, iqamətgahın bir sütununu yaralayıb, az qala, kökündən qoparmışdı.
– …O gurultuya biz hərbi vertolyotları çağırdıq. – Mühafizə dəstəsinin rəisi danışırdı. – Vertolyotlar dama xüsusi qumbarayoxlayıcı radarlarla endi, biz isə vaxt itirmədən birinci mərtəbəni mühasirəyə aldıq, pəncərələri dağıdıb içəri daxil olduq...
Deyirdilər, saraya daxil olan silahlı dəstə qatı sirkə iyindən boğula-boğula, gözləri acışa-acışa, əvvəl vestübülü bürüyən şübhəli, kəskin qoxunu gözyaşardan zəhərli qaz hesab edib geriyə çəkilmək istəmiş, sonradan vestibülün yuxarı başında dizi üstə düşüb döşəməyə dağılmış sirkəni iri əsgilərlə yığıb vedrələrə dolduran xidmət personalının əməkdaşlarını gördükdə çaşıb qalmışdılar...
– Hamısı prezidentin də, ailəsinin də sadəlövhlüyündəndi. Kişi xalq adamıdı… – Pezidenti gülüş doğuran “badımcan şorabasının sərgüzəştləri”ndən qorumağa çalışan tərəfdarları deyirdi.
Onlar şəhərin mərkəzində yerləşən Prezident aparatının yenicə tikilmiş binasının xalq hərəkatının aparıcı dəstəsinin hakimiyyətə gəldiyi qısa müddət ərzində pis günə düşməsini də prezidentin həmin sadəlövh xisləti, xalis “xalq adamı” olması ilə əlaqələndirir, azad təbiətin qoynunda, dağların, meşələrin, çayların əhatəsində böyüyüb boy atmış bu şair təbiətli elm adamının qondarma qanunlar, “rəsmiyyət” deyilən mətləblərdən çox-çox uzaq ərazilərdə, tamamilə ayrı, ələgəlməz ali dəyərlərlə yaşaması kimi qələmə verirdilər.
Prezident aparatına yolu düşənlər isə təmirdən sonra yenicə istifadəyə verilmiş binanın mənzərəsindən, otaq və dəhlizlərində baş verən hadisə və olaylardan uzun müddət özlərinə gələ bilmirdilər...
Deyilənə görə, binanın ağ, mərmər döşəməli foyesini bəzəyən yaşıllıqlardan, gül-çiçək dolu dibçəklərdən əsər-əlamət qalmamışdı... Güllər, bitkilər dibçəklərin torpağına basılıb söndürülən siqaret kötüklərinin zəhərindən yanıb-qaralmış, pəncərələrin irilaylı şüşələri küləkli havalarda açıq qalıb çırpılmaqdan sınıb-tökülmüş, dəhlizlərin ağappaq tavan və divarları siqaret tüstüsündən his çəkib bozarmış, sütunlar üstündə bıçaqla, ya hansısa iti alətlə cızılıb qaralanan adlardan və rəqəmlərdən tanınmaz hala düşmüşdü. Deyirdilər, bir vaxtlar bəyaz buz parçalarını andıran sütunların üstünə o qədər söyüş, adam adı, doğum tarixləri və “azadlıq” sözü cızılmışdı ki, sütunlar xarabalıq qəbiristanlığın başdaşılarını xatırlatmağa başlamışdı. Pilləkənlərin, dəhlizlərin xalçaları top-top daşınıb binadan çıxarılmış, qızğın mübahisələrin sonuna stul sındırması ilə nöqtə qoyan “siyasi” akt qalıqları – sınıq stul dağları dəhlizlərin künclərinə qalanmış, işıq plafonları uclarına lampa taxılmış yoğun elektrik naqilləri ilə əvəz olunmuşdu…
***
Ölkə müstəqillik qazanandan, yəni xalq seçdiyi tale yoluna qədəm qoyandan çox-çox sonralar da prezident artıq müstəqil yaşayan ölkəsinin müstəqilliyi, azad xalqının azadlığı haqqında yenə əvvəlki qaydada, on beş-iyirmi il əvvəl universitetdə təşkil etdiyi gizli dərnəklərdə danışdığı həmin coşqun əzmlə danışıb kövrəlir, yenə ətrafında olan kimi, ya kimlərisə stulun, ya masanın üstünə çıxartdırıb “yaşasın azadlıq!” çığırmağa məcbur edir, özü isə, qəribə idi ki, üzünü əlləri ilə qapayıb səssiz-səssiz ağlayırdı…
– Balam, bu adamı heç cür o “azadlıq” bataqlığından çəkib-çıxartmaq mümkün olmadı də! – prezidentin ona əkiz tayı kimi oxşayan böyük qardaşı deyirdi. – Bu bədbəxti nə arvad, nə uşaq, nə yaşayış, nə güzəran... heç nə, heç nə maraqlandırmadı də! Nə qarnının hayına qaldı, nə ev-eşiyinin, nə qohum-qələvənin. Cavannığından beləydi. Bununku o idi ki, özü kimi divanələri başına toplayıb dəli kimi elə “azadlıq” çığırsın…
– Belə çıxır ki, – Azadlıq Partiyasının siyasi platformasına müxalif olan dugər partiya rəhbərləri deyirdi, – prezidentə xalqın azadlığı, dövlətin müstəqilliyi yox, həmin o azadlıq və müstəqillik uğrunda əbədi mübarizə lazım imiş. Belə çıxır ki, onun həyat kredosu bu imiş... Yəni bu yolla əbədi irəliləmək, mübarizə aparmaq...
Bəzilərinə görə isə, prezident uzun illərin arzularının həyata bu sayaq keçməsinə, ölkəsinin, əslində, kağız üstündə, yəni rəsmi şəkildə müstəqilliyinə, ayrı sözlə desək, yalançı azadlığına ağlayırdı... – kefli vaxtlarında boğazına dolan qəhəri zorla udub, sümüklü yumruğunu masasının üstünə çırpa-çırpa: “Bu o deyil... bu o azadlıq deyil”, – dediyi, başını qolunun üstə qoyub o ki var ağladığı həmin o azadlığa…
– Başa düşmək olmurdu, bu bədbəxt oğlu bədbəxt hansı azadlığı deyir... – xalq siyasətçiləri əsəbi halda, nəfəsləri darala-darala danışırdılar. – Onun dediyi hansı azadlıqdı? Əgər o azadlıq bu deyildisə, onda onun dediyi hansıdı?..
Deyirdilər, yeni hökumət üzvləri arasında prezidenti ən çox sevən, onun qayğısına qalan ən yaxın adamı həlim xasiyyətli, gülümsər üzlü, nəzakətli müdafiə naziri idi. Nazir olmamışdan əvvəl ömrü boyu uzaq yolüstü yeməkxanalarda aşpazlıq edən bu ortayaşlı, qırmızıyanaq adam, deyilənə görə, düşmən ordusu ölkənin daha bir bölgəsini zəbt etdiyi ən taleyüklü məqamlarda belə, prezidenti baxımsız qoymur, özünü gözlə qaş arasında mətbəxə yetirib, onun sevimli təamlarından – yaşıl lobya, yaxud cücə çığırtması hazırlayır və o, xoşladığı kimi, lavaş bükməsində iqamətgaha çatdırır, yalnız bundan sonra iş otağına qayıdıb müharibə bölgəsində yaşanan son durumla tanış olurdu. Və yalnız prezident bükməsini yeyib qurtarandan, naharın üstündən bir stəkan pürrəngi çay içəndən sonra ehtiyatla otağa daxil olur, tədricən işgüzar görkəm alıb, bir əli ilə naharın qırıntılarını masanın üstündən üsulluca ovcuna yığa-yığa, yenicə zəbt olunmuş bölgə haqqında xəbəri üstüörtülü eyhamlarla, baş vermiş qanlı faciəni mümkün pozitiv tonlarda elə təqdim edirdi ki, canı onsuz da ölkədə baş verən daxili qəzalardan üzülmüş rəhbərin əhvalı korlanmasın.
Təhlükəsizlik naziri isə – prezidentin yaxın silahdaşı, onu hələ prezident olmamışdan çox-çox əvvəllər də qüvvətli əzələli qolları ilə bütün növ təhlükələrdən qoruyan, prezident kürsüsünə əyləşəndən sonra ölkənin baş otağında baş verən əlbəyaxa savaşlar zamanı hər kəsə, istənilən sayda adama sinə gərməyi bacaran hündürboylu, alyanaqlı, gümrah dağ adamı idi. Ölkənin təhlükəsizliyinin təmin edilməsi, gizli dövlət məsələlərinin, məxfi siyasi sənədlərin bir vaxtlar kənd toylarında yaxşı qarmon çalmağı, ahəstə səsi və muğam oxumağı ilə məşhurlaşmış bu adama həvalə olunması hamını, hətta Azadlıq Partiyasının ən sıravi fəallarını da çaş-baş qoymuşdu. Partiyanın vəzifə etibarı ilə daha sanballı nümayəndələri bədəncə onlardan qat-qat iri olan bu adamla ehtiyatla davranır, demək istədiklərini ürəklərində götür-qoy edir, ölçüb-biçirdilər.
Bəzi şayiələrə görə, Azadlıq Partiyası hakimiyyətə gələnəcən uzaq kəndlərin birində idman müəllimi işləmiş, ölkə üzrə yarışlarda ağırçəkili güləşçi kimi dəfələrlə qalib olmuş bu alyanaq nazir prezidentin otağında cari məsələlər üzrə keçirilən toplantı və müzakirələrdə hökumət üzvləri arasında mübahisələr düşən zaman özünü bir göz qırpımında hadisə yerinə çatdıraraq gözlənilməz qəfilliklə otağın pəncərəsindən, yaxud hansı möcüzə iləsə rəhbər masasının altından peyda olub, məşhur “dövlət–prezident, prezident–dövlət!” deyə bağırıb, ona-buna kəllə ata-ata söhbətlərə son qoyurmuş. Deyirdilər, bu sayaq toplantıların birində bu ağırçəkili güləş ustası prezidentlə hansı məsələ iləsə bağlı düşmüş mübahisə zəminində ölkənin baş nazirinə – bir vaxtlar uzaq kəndlərdən birində bostan bitkiləri təsərrüfatı ilə məşğul olan keçmiş coğrafiya müəlliminə necə kəllə atmışdısa, o biri milçək kimi divara yapışmışdı... Deyirdilər, baş nazirin divara həkk olunmuş qövsvari silueti çox-çox sonralar da prezident otağının sağ divarında olduğu kimi qalmağa davam etmiş, nə qaşınmaqla, nə yuyulmaqla getməyən biabırçı ləkəni aradan qaldırmaq üçün divarları yenidən rəngləmək məcburiyyətində qalmışdılar.
– …O günün səhərisi isə, – Prezident aparatının texniki işçiləri danışırdı, – Milli İstiqlal bayramı günü onlar heç bir şey olmayıbmış kimi dəyirmi stolun arxasında yanaşı oturub bir-birini tərifləyə-tərifləyə, milli azadlıq uğrunda keçilən çətin yollardan, dövlətin müstəqilliyinə aparan təbii tarixi qanunauyğunluqlardan danışır, bir-birini bayram münasibətilə təbrik edirdilər... Bir sözlə, bu dəlixanadan baş açmaq olmurdu. Səhərlər onlar telekanalların canlı yayınında söyüşür, günortalar birlikdə nahar edir, parlamentin axşam iclaslarında təpikləşir, axşamlar bilyard oynayırdılar…Şükür Allaha, axır, bu binəva camaatın səsini eşitdi!
Ardı var