Elektron ədəbiyyat və sənət portalı

Edqar Ponun hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 05.03.2024

“Aydın yol” məşhur Amerika yazıçısı Edqar Allan Ponun (1809–1849) hekayəsini təqdim edir.

 

MƏŞHURLUQ

 

Mən böyük adamam (daha doğrusu, böyük adam idim), hərçənd nə Yuniusun[1] məktublarının müəllifi, nə də Dəmir Maskayam[2]. Adım, səhv etmirəmsə, Robert Consdur, özüm də Gopçular şəhərində anadan olmuşam.

Allahın bu işıqlı dünyasına göz açan kimi burnumdan ikiəlli yapışdım. Anam bunu görəndə dahi olduğumla bağlı aləmə car çəkdi, sevincdən gözləri yaşaran atam isə burunologiya barədə uzun bir mühazirə oxudu. Beləliklə, mən bu elmi əynimə şalvar geyməzdən əvvəl öyrəndim.

Alimlik qabiliyyətimi erkən duydum, tezliklə də dərk etdim ki, adamın kifayət qədər sanballı burnu varsa, onun göstərdiyi istiqamətlə şöhrətin zirvəsinə qalxmaq o qədər də çətin deyil. Amma təkcə nəzəriyyə ilə kifayətlənmədim, hər səhər burnuma iki çırtma vurub, altı qədəh içkini içəri ötürdüm.

Böyüyəndən sonra bir dəfə atam məni öz kabinetinə çağırıb soruşdu:

 – Oğlum, de görüm, sənin varlığının mənası nədir?

 – Ata, – dedim, – varlığımın mənası burunologiya elmini öyrənməkdir.

 – Robert, – dedi, – burunologiya nə olan şeydir?

 – Ata, – cavab verdim, – burunologiya burunlar haqqında elmdir.

Atam sözünə davam etdi:

 – Bəs, mənə burunun nə olduğunu izah edə bilərsənmi?

 – Atacan, – həvəslə cavab verdim, – burun müxtəlif müəlliflər tərəfindən müxtəlif cür izah edilir. (Bu yerdə saata baxdım.) İndi günortadır, yaxud günortaya az qalıb. Bu məsələ ilə bağlı bütün fikirlərimi gecəyarısınadək şərh edərəm. Başlayaq Bartolindən. Onun dediyinə görə, burun elə qabartı, elə şiş, elə çıxıntıdır ki...

 – Olsun, Robert, – xeyirxah qoca sözümü kəsdi, – Allaha and olsun ki, mən sənin biliyinin genişliyinə, nəhəngliyinə heyranam. (Bu yerdə gözlərini qıyıb əlini ürəyinin üstünə qoydu.) Yaxın gəl! (Əlimdən yapışdı.) Sənin təlim-tərbiyəni bitmiş hesab etmək olar, artıq ayaq üstə durmaq vaxtındır. Ən yaxşısı da budur ki, öz burnunun arxasınca gedəsən. İndi isə... (Atam məni pilləkəndən düşürüb qapının o üzünə itələdi.) Beləliklə, rədd ol mənim evimdən! Allah özü köməyin olsun.

Özümdə Allahın naxışını hiss etdiyimdən, bu hadisəyə faciə deyil, xoş təsadüf kimi yanaşdım. Ata nəsihətini sidqi-ürəkdən yerinə yetirmək niyyətindəydim, odur ki burnumun arxasınca getmək qərarına gəldim. Dərhal burnuma bir-iki çırtma vurdum, sonra da burunologiya haqqında pamflet yazdım.

Gopçular şəhərinin əhalisi həyəcandan coşdu.

 – Əsl dahidir! – Quarterli dedi.

 – Əla fizioloqdur! – Vestminster dedi.

 – Dərin zəka sahibidir! – Foreign dedi.

 – Gözəl yazıçıdır! – Edinburq dedi.

 – Böyük mütəfəkkirdir! – Dublin dedi.

 – Dahi insandır! – Bentley dedi.

 – İlahi təbdir! – Frazer dedi.

 – Bizimkilərdəndir! – Blekvud dedi.

 – Bu kim ola bilər? – missis Göy Corab soruşdu.

 – Bu kim ola bilər? – gonbul miss Göy Corab soruşdu.

 – Bu kim ola bilər? – arıq miss Göy Corab soruşdu.

Mənsə bu adamları tanımaq belə istəmirdim, odur ki birbaşa rəssamın emalatxanasına yollandım.

Hersoginya “Aman Tanrı” rəssama poza verirdi, markiz “Elə-belə” hersoginyanın pudelini saxlamışdı, qraf “Həm o, həm bu” içində duz olan qabı ona gətirirdi, kral həzrətləri “Dəymə mənə” isə hersoginya oturan stulun söykənəcəyinə yayxanmışdı.

Rəssamın qarşısında dayanıb burnumu dik tutdum.

 – Ah, necə də gözəldir! – hersoginya köks ötürdü.

 – Pərvərdigara! – markiz pıçıldadı.

 – Biabırçılıqdır! – qraf inildədi.

 – Dəhşətdir! – kral həzrətləri donquldandı.

 – Ona görə nə qədər alacaqsınız? – rəssam soruşdu.

 – Buruna görə! – hersoginya vəcdlə dilləndi.

 – Min funt! – cavab verib oturdum.

 – Min funt?! – rəssam fikirli-fikirli təkrar elədi.

 – Min funt! – təsdiqlədim.

 – Zəmanətlə? – burunu işığa tərəf tutub soruşdu.

 – Bəli, – burnumu çəkib cavab verdim.

 – Bu əslidir? – rəssam burnuma hörmətlə, nəvazişlə toxunub soruşdu.

 – Hm-m! – burnumu yana əyib cavab verdim.

 – Bircə şəkli də olmayıb? – rəssam onu lupa ilə nəzərdən keçirib davam elədi.

 – Bircə şəkli də, – deyib burnumu lap yuxarı tutdum.

 – Heyrətamizdir! – rəssam bu manevrin incəliyindən sarsılıb ucadan dilləndi.

 – Min funt! – dedim.

 – Min funt! – rəssam təkrar elədi.

 – Bəli, – dedim, – məhz min funt!

 – Min funt! – bir də təkrar elədi.

 – Nə az, nə çox, – dedim.

 – Min funtu alacaqsınız! – rəssam dedi. – Yaxşı nüsxədir.

Dərhal da mənə çek verib burnumun şəklini çəkdi. Cermen-stritdə ev tutdum, üzərində iybilmə üzvünün şəkli olan “Burunologiya”nın doxsan doqquzuncu nəşrini hersoginyaya göndərdim. Şıltaq Uels şahzadəsi məni nahara dəvət etdi. Biz – bütün aslanlar, bütün recherçheş[3] məclisdə cəm olduq.

Platonun çağdaş tərəfdarı da nahara dəvət almışdı. O, Porfiridən, Yamvlixdən, Plotindən, Prokldan, Gierokldan, Tirli və Suriyalı Maksimlərdən sitat gətirirdi.

Bəşəri təkamül ideyasının tərəfdarı da burada idi. O Tyurqodan, Praysdan, Pristleydən, Kondorsedən, Staldan və “Səhhəti zəif olan özündənrazı tələbə”dən sitat gətirirdi.

Hörmətli ser “Müsbət paradoks” da burada idi. O, bəyan etdi ki, bütün səfehlər filosof, bütün filosoflar da səfeh olublar.

Estetikus-Etike də burada idi. O, oddan, bölünməzlikdən və atomlardan, ikili və ilkin ruhdan, bənzərlik və fərqlilikdən, ilkin zəka və homeomeriyadan danışırdı.

Teoloqos-Teoloq da burada idi. O, Yevseviya və Ariyadan, Nikey kilsəsindən, pyuzeizm və substansializmdən, homuzios və homoyziosdan danışırdı.

Məşhur Rocher de Cancale restoranından olan Frikase də burada idi. O, souslu gül kələmdən, la St.Menehoultun dana ətindən, la St.Florentin marinadından, en mozajques portağal jelesindən danışırdı.

Bibulyus O.Polştof da burada idi. O, Latur və Markobruniendən, Müsse və Şambertendən, Rişbur və Sen Jorjdan, Qobrion, Lionvill və Medokdan, Barak və Prenyakdan, Qrav, Sotern, Lafit və Sent Peredən danışır, ağzını ləzzətlə marçıldadıb başını bulayır, xeres şərabını amontilyadodan gözüyumulu ayırırdı.

Florensiyalı sinyor Tintontintino da burada idi. O, Çimabue, Arpino, Karpaççio və Arqostinodan danışır, Karavaconun tutqun çaları, Albanonun zərifliyı, Titsianın koloriti, Rubensin qadınları və Yan Stinin şıltaqlığı haqqında mühakimə yürüdürdü.

Yerli universitetin rektoru da burada idi. O, deyirdi ki, guya ay Frakiyada Bendis, Misirdə Bubastis, Romada Diana, Yunanıstanda Artemida adlanıb.

İstanbullu olan türk paşası da burada idi. O, mələkləri at, xoruz və buğa şəklində təsəvvür edir, belə düşünürdü ki, göyün altıncı qatında yeddi min başı olan kimsə var; Yer kürəsi də saysız-hesabsız buynuzu olan mavi rəngli inəyin belindədir.

Delfinus-Poliqlot da burada idi. O, bizə itib-batmış əsərlərin – Esxilin səksən üç, Kiçik Homerin qırx beş faciəsinin, İseyin əlli dörd nitqinin, Liziyin üç yüz doxsan bir kəlamının, Teofrastın yüz səksən traktatının, Apolliniyanın konik kəsim barədəki səkkiz kitabının, Pindarın himn və difiramblarının necə bir aqibətlə üzləşməsindən danışırdı.

Çöl şpatı Ferdinand Fits-Fossilius da burada idi. O bizə közərmiş mayedən və kaynozoy erasından, qazdan, mayedən və bərk maddələrdən, kvarts və mergeldən, şifer və şerldən, gips və trapdan, əhəng və təbaşirdən, porfir və melafirdən, puddinq daşından, sianit və lepidolitdən, gematit və tremolitdən, antimoniya və xalsedondan, marqans və qalan digər şeylərdən ətraflı məlumat verirdi.

Mən də burada idim. Burnumu dik tutub yalnız özümdən dəm vurdum, yalnız özümdən burunologiya və pamfletim barədə söz açdım.

 – Çox ağıllı adamdır! şahzadə dedi.

 – Heyrətamizdir! qonaqlar yerbəyerdən dəstəklədilər.

Sabahısı gün hersoginya “Aman Tanrı” mənimlə görüşməyə gəldi; çənəmdən çimdik götürüb soruşdu:

 – Əzizim, Almakın yanında olacaqsınız?

 – Mütləq, – dedim.

 – Burnunuz da gələcək? – soruşdu.

 – Hökmən, – cavab verdim.

 – Buyurun, həyatım, bu da vizit kartı. Gələcəksiniz, elə deyil?

 – Böyük məmnuniyyətlə, əziz hersoginya.

 – Yox, yox! Yaxşısı budur, burnunuzla birgə gəlin.

 – Onu da götürərəm, gözəlim, – dedim.

Burnumun ardınca ora-bura gedib, axırda Almakın yanında peyda oldum.

Otaqlar ağzınacan doluydu.

 – O gəlir! – kimsə pilləkəndə qışqırdı.

 – O gəlir! – bir başqası qışqırdı.

 – O gəlir! – üçüncüsü qışqırdı.

 – O gəldi! – qrafinya səsləndi. – Gəldi, gözəlim gəldi!

Sonra çiynimdən ikiəlli bərk-bərk yapışıb burnumdan üç dəfə öpdü.

Bu, əsl sensasiya doğurdu.

 – Diablo![4] – qraf Kaprikornutti ucadan dilləndi.

 – Dios guarde![5] – don Stiletto donquldandı.

 – Mille tonneres![6] – şahzadə de-Qrenuyl qışqırdı.

 – Tousand Teufel![7] – elektor Bluddennuff mızıldandı.

Buna dözə bilməzdim. Bərk hirsləndim, Bluddennuffa üz tutub dedim:

 – Mərhəmətli ağa, siz meymunsunuz! 

 – Mərhəmətli ağa! – o, bir qədər düşünüb etirazını bildirdi. – Dormer und Blitzen![8]

Başqa heç nə tələb olunmurdu. Kart mübadiləsi etdik. Növbəti səhər onun burnuna güllə çaxdım, sonra isə dostlarımın yanına yollandım.

 – Bete![9] – birinci dedi.

 – Axmaq! – ikinci dedi..

 – Maymaq! – üçüncü dedi.

 – Eşşək! – dördüncü dedi.

 – Sarsaq! – beşinci dedi.

 – Qanmaz! – altıncı dedi.

 – Rədd ol buradan! – yeddinci dedi.

İnciyib atamın yanına getdim.

 – Ata, dedim, mənim varlığımın mənası nədir?

 – Oğlum, – o cavab verdi, – sənin varlığının mənası əvvəlki kimi burunologi­yanın öyrənilməsidir. Amma güllən elektorun burnuna dəyəndə hədəfdən yayınmısan. Əlbəttə, burnun qəşəngdir, Bluddennuffun isə indi yerli-dibli burnu yoxdur. Sən uduzdun, o isə günün qəhrəmanına çevrildi. Şübhəsiz, aslanın məşhurluğu burnunun uzunluğu ilə düz mütənasibdir, amma yerli-dibli burnu olmayan aslanla, pərvərdigara, rəqabət aparmaq mümkündürmü?

 

                                                                                       Tərcümə edən: Mahir N.Qarayev

[1] Yunius – 1769–1771-ci illərdə Londonun “Publik Advertiser” jurnalında dərc olunmuş məşhur “Y. məktubları”nın anonim müəllifi

[2] Dəmir Maska – XIV Lüdovikin dövründə həbs olunaraq Fransa həbsxanalarında, o cümlədən Bastiliyada 34 il cəza çəkmiş 64489001 nömrəli, adı gizli qalan dustaq

[3] Müstəsnalar

[4] Şeytan! (isp)

[5] Allah qorusun!

[6] Min lənət!

[7] Lənət şeytana!

[8] Lənətə gələsən! (alm)

[9] Heyvan!