Elektron ədəbiyyat və sənət portalı

"Azadlıq" romanı

Bölmə: "Azadlıq" romanı 13.03.2024

Romanın əvvəli burada:

https://aydinyol.aztc.gov.az/newsview/2573/Azadliq-romani

 

***

   Deyilənə görə, şəhərdən uzaq kazarmada baş vermiş faciədən sonra prezident gecə ilə başını götürüb harasa qaçmışdı…

– Axı belə baxanda, o bədbəxtin günahı nə idi? – Camaat danışırdı. – Sonradan acgöz, tamahkar quldurlara çevriləcək bu sadə kənd adamlarına onunla bərabər hamı inanmışdı axı?!

   Bəzi şayiələrə  görə, prezident ölkədən yox, baş nazirin əlindən baş götürüb qaçmışdı. Baş nazirin özü isə, deyirdilər, Afrikaya qaçmışdı...

   Niyə məhz Afrikaya, burası heç kimə məlum deyildi. Məlum olan bir bu idi ki, baş nazirin hələ nazir olmamışdan çox-çox əvvəllər coğrafiyadan dərs dediyi kənd məktəbində Afrikadan danışarkən qəribə bir qəhərlə doluxsunmağını o vaxtlar çox adam duymuşdu. Onun bu anlaşılmaz halı, əsasən əkinçilik və maldarlıqla məşğul olan kənd camaatına qəribə gəlmişdisə də, bir kəs bu əcaib nisgilin səbəbini araşdırmağa ürək eləməmişdi.

   Baş nazirin Afrikaya qaçması ilə bağlı paytaxtda yayılan xəbərdən sonra bəziləri bu Afrika söhbətini onun qəhvəyi dərisi, zənci cizgilərini xatırladan üz cizgiləri – həbəş dodaqlarını andıran qalın dodaqları, iri pərəli enli burnu və xırda qıvrımlı saçları  ilə əlaqələndirir, qaçışının səbəbini onun gizli şüuraltı yaddaşında yatan sirli zənci doğmalığı ilə bağlı absurd uydurmalar yayırdılar.

   Əslinə qalanda, baş nazirin Afrika qaçışı ilə zahiri görünüşündə sanki, həqiqətən, qəribə bir uyarlıq, mistik romantika yaradan nə isə vardı. Sanki onu qaynar qumlu doğma vətəninə ətirli kokos və manqo ağacları arasında qayğısız bolluq dünyasında günəşin qızmar şüalarına sevinə-sevinə yaşayan qardaş-bacılarının qaynar qanı çəkib aparmışdı…

   Amma hamının bir ağızdan dediyi bu idi ki, Afrika olmur, lap belə Antarktida olsun, xeyri yoxdur, harada olsa, tutub dərisini boğazından çıxaracaqlar. Çünki, deyirdilər, bu bir il ərzində ölkənin neçə illik yanacaq ehtiyatını ata malı kimi vaqon-vaqon xarici şirkətlərə dəyər-dəyməzinə satıb, pulunu altına yığmışdı. Dünənki kazarma hadisəsindən sonra isə, olsun ki, həmin o yığdıqlarını qoltuğuna vurub qorxaq fərari kimi aradan çıxıb. Allah bilir, indi haradadır. Ölkənin bu vaxtında, başının üstünü qara buludlar aldığı bu çətin məqamında, ağacların yamyaşıl bahar təravəti saçmaq, gül-çüçəyin pardaxlayıb açılmaq əvəzinə, hər tərəfin donub, döyüküb bozardığı, kazarmada həyatını itirən iyirmi yeddi igid əsgərinə matəm saxladığı an bu yaramaz, Allah bilir, indi öz Afrikasında, banan və baobab ağaclarının kölgəsində şellənə-şüllənə qarət elədiyi pullarını necə xərcləyəcəyini götür-qoy edir.

– Burnundan gəlsin! – hamı bir ağızdan deyirdisə də, onu da başa düşürdülər ki, afrikalı baş nazirin burnundan heç nə gəlib-eləməyəcək.

     …Günortaya yaxın paytaxt yeni xəbərlər dalğasından çalxalandı...

  Deyilənə görə, yaxın saatlarda daxili işlər nazirini – hansı səbəbdənsə daim qara eynəkdə gəzən çəlimsiz, əsəbi generalı həbs etmişdilər. Deyilənə görə, onu aeroportda iki konteyner silah-sursatı uçuş xəttinə keçirərkən yaxalamışdılar. Guya nazir aeroportu zəbt etmək istəyirmiş.

   Bəzilərinin dediyinə görə isə, generalı şəhərin mərkəzi küçələrindən birində kiməsə şillə vuran yerdə həbs eləmişdilər. Əgər elə idisə, onda belə çıxırdı ki, nə dünən şəhərdən uzaq kazarmada baş verən qanlı hadisə, nə yeni hökumət üzvlərinin qəfil zərbə almış bilyard şarlarıtək pərən-pərən olub hərəsinin bir deşikdə gizlənməsi əsəbi nazirə onun o məşhur şilləatma şakərini tərgidə bilmişdi. Deyilənə görə, bu dəfə hadisənin qurbanı dönəcəyi tini, ya səmti necəsə çaşdırıb, yöndəmsiz şəkildə nazirin müşayiət kortejinin – şəhərin mərkəzi küçələrindən, adəti üzrə, güllə kimi ötən altı polis maşını və dörd motosiklin qarşısına çıxan, özünü itirib maşının qazını artıraraq onun, az qala, burnunun ucundan “yekəxana” bir vıyıltı ilə ötsə də, çox keçməmiş xüsusi radarların köməyi ilə yaxalanan ortayaşlı, binəva bir adam olubmuş. 

   Nazir həmin bu xəstəhal şillə tutması ilə, deyilənə görə, tələbəlik illərindən tanınırmış. Özünün dediyinə görə, ölçü etibarı ilə bədəninə uyuşmayan bu iri, əzələli əlləri hələ yeniyetməlik vaxtlarından ona tabe olmur, ən ötəri qıcıq, ya əsəb doğuran məqamlar necəsə öz-özünə hərəkətlənib kiminsə üzünə, ya peysərinə çırpılırmış. Nazir olandan bəri isə bu əllər, ümumiyyətlə, idarəni itirmiş, kiminləsə əsəbsiz-filansız, mülayim tərzdə danışdığı yerdə, qəfildən cərəyan vurmuştək cinlənib üzbəüzdəkinin sifətinə çırpılmağa başlayırmış. Deyirdilər, bu “tərbiyəsiz” əllərə görə o özü də xəcalət hissi çəkir, həmsöhbətləri ilə əlləri arxasında iplə sarınmıştək bir-birinə sarınan halda ünsiyyətə girirdi.

   Bəziləri isə deyirdi ki, əllərlə bağlı o nağıllar nazirin öz uydurmaları idi...

– ...Əgər, həqiqətən, elə idisə, yəni əlləri, dediyi kimi, ona tabe olmurdusa, onda nədən bir dəfə də çaşıb xalq hərəkatı sədrinin, yəni prezidentin, yaxud digər hansısa yaxın adamlarının üzünə dəymirdi?

– Bu, sadəcə, özünüqoruma instinktinin bu növ təzahürüdü. Ətrafdakıların gözünün odunu almağın, təhlükəli ola biləcək nələrinsə reallaşmaq ərəfəsində yönünü dəyişib hamını öz cılız vücuduna tabe etdirmək üsulu idi...

   Bir qisim şayiələrə görə, nazir hələ uşaq ikən kənd evinin həyətindəki mal tövləsinin damından yıxılaraq başından zədə alıbmış və hər şey də, deyilənə görə, həmin o zədədən sonra başlayıbmış. Odur ki, deyirdilər, onu yaxalayarkən, bu hadisədən hali olan hərbçilər, ilk növbədə, onun əllərini bağlayıblarmış.

   Deyirdilər, nazirin bu ədəbsiz vərdişinə nazirliyin qalan işçiləri də yoluxubmuş. Nazirliyin “daxili işlərinin” idarə otaqlarında, dəhlizlərdə şillə ilə həll edilməsi, deyilənə görə, bir növ, sıravi anlaşma vasitəsinə çevrilibmiş, sonralar isə şişib əlbəyaxa döyüşlər, bəzi ekstremal hallarda isə gülləbaranla nəticələnirmiş.

– ...Bir də görürdün, gecənin bir aləmi nazirliyin binası mühasirəyə alındı, mərkəzi girişdən bir-biri ilə atışa-atışa çıxan silahlı dəstə yuxarı mərtəbələrin pəncərələrindən atılan güllələrə cavab atəşi aça-aça bina ətrafındakı kol-kosun dibində gizləndilər... – nazirliyə yaxın ərazilərdə yaşayan şəhər sakinləri danışırdı.

– Yəqin, şəhərə düşmən girib, deyirdik, hərbi vəziyyət elan olunub, xəbərimiz yoxdu. Sabahı gün məlum olurdu ki, atışanlar nazirliyin işçiləri, sözləri bir-birinin boğazından keçməyən polislər imiş. Yəni mübahisələr belə həll olunurdu…

– ...Bu, əməlli-başlı lokal müharibələr idi... qəribə olanı isə bu idi ki, o atışmalarda nə ölən, nə də yaralanan olurdu. Başa düşmək olmurdu – güllələr kimə atılır, nədən ötrü atılır.

   Bu sayaq lokal müharibələrə çox vaxt əsəbi generalın nazirliyin ən yuxarı mərtəbəsində yerləşən otağının döşəməsinə açdığı irikalibrli snayper güllələri, yaxud pəncərədən aşağı tolazladığı əl qumbarasının partlayışı ilə son verilirdi.

   Yalan-doğru, deyilənə görə, nazirlikdaxili atışmalar  “cinli general”ın (xalq arasında onu belə adlandırırdılar) döşəməyə buraxdığı güllələr mərtəbələrin tavan-döşəmələrini dəlib keçə-keçə vestibülün mərmər pillələri üstə düşüb taqqıldayanacan davam edir, yalnız atəşkəs elan olunandan sonra səslər kəsilir, kol-kosda gizlənənlər ayağa qalxıb üst-başlarını çırpa-çırpa binaya daxil olur, hər kəs heç bir şey olmamış kimi öz otağına çəkilirdi.

   Deyilənə görə, prezidentin özü də prezidentliyə həmin bu cinli generalın qorxusundan razılıq veribmiş. Azadlıq Partiyasının hakimiyyətə gəldiyi günün səhəri, yenicə ələ keçirilmiş Prezident binasında keçirilən seçkiqabağı yığıncaqda prezident arıq, uzun qıçlarını bir-birinin üstünə aşırıb azad-asudə oturduğu yerdə qəfildən gözü cinli generalın üzbəüzdəki yarıqaranlıq küncdən, korların eynəyini andıran dəyirmi, qara eynəyinin arxasından ona zillənən baxışlarına sataşmış və həmin andaca prezident olmağa razılıq vermişdi.

   Deyilənə görə, dünən şəhərdən uzaq kazarmada baş vermiş faciənin əməliyyatı hazırlanarkən iqamətgahda keçirilən gizli yığıncaqda da prezident generalın həmin o çoxmənalı baxışlarına tuş gəlmiş, əməliyyatın qardaş qırğını ilə nəticələnə biləcəyindən ehtiyat etsə də, deyilənlərlə dinməz-söyləməz razılaşmalı olubmuş...

  Xüsusi mühafizə dəstəsinin dediyinə görə isə, həmin gecə yığıncağın sonuna yaxın prezident ani olaraq iqamətgahın cıqqavari artırmasında görünmüş, üzünü işıqları xırda, sarı ulduzlartək sayrışan şəhərə tutub qəhərdən boğula-boğula: “Ay camaat, eşidin məni! Mən belə demirdim! Belə istəmirdim!” – deyə qışqıra-qışqıra artırmanın məhəccərindən özünü aşağı atacaqmış kimi asıla qalmışdı. Mühafizə əsgərləri prezidentin səsinə eyvana atılan bir neçə adamın onun ağzını qapatdığını, qollarını burub sürüdə-sürüdə içəri apardığını öz gözləri ilə gördüklərinə and içir, hadisə ilə bağlı rəhbərliyi məlumatlandırsalar da, hər hansı müqavimətin göstərilməsinə dair əmr almadıqları səbəbindən dinməz-söyləməz dayanıb-durmağa məcbur olduqlarını bildirirdilər.   

  Qaranlıq düşdüyündən əsgərlər bu adamların kimliyini müəyyən edə bilməsələr də, onların yeni hökumətin üzvləri  – yığıncaq vaxtı iqamətgahın arxa qapısından oğrun-oğrun həyətə çıxıb ağaclığın sıx yerlərində iki-bir, üç-bir xısınlaşan, arada gizli-gizli künc-bucağa çəkilib orada sıssizcə qusan güc nazirləri olduğunu istisna etmirdilər.

– ...Onların ürəyini o axşam çıxardıqları o qərarın vahiməsi bulandırmışdı... – camaat deyirdi. – Bu qərarla özlərinə oxuduqları ölüm hökmünün havasını da, olsun ki, duymuşdular.

   Əsgərlərin ifadələrinə görə, o gecə coşub özündən çıxan prezidenti uzun müddət sakitləşdirə bilməmişdilər. Eyvanın pəncərələrindən prezidentin onu sakitləşdirməyə çalışanların əlindən çıxıb, az qala, divara dırmaşdığı, gah iş masasının altına girib, gah pərdələri ip əvəzinə boğazına dolayıb səsi gəldikcə: “Öldürün məni! Məni öldürün!” – deyə bağırdığı aydın şəkildə görünür və eşidilirdi. 

   Deyirlər, bu ürəkgöynədən mənzərəyə tab gətirməyən daxili işlər naziri prezidentin düşdüyü halına dözməyib müdafiə nazirinin üstünə cummuş, müdafiə naziri kəllə atıb baş nazirin gözünün altını qaraltmış, təhlükəsizlik naziri – keçmiş idman müəllimi havalanmış nazirləri sakitləşdirmək üçün ortaya girməyə məcbur olmuş, bir-iki qapaz alandan sonra püskürüb nərildəyə-nərildəyə yumruqlarını işə salmış və bircə həmləyə nazirlərin ikisini də yerə sərmişdi.

– ...O gecə iqamətgah dağılırdı... İçəridə əməlli-başlı döyüş gedirdi, – mühafizə xidmətinin əməkdaşları danışırdı. – Pəncərələrə baxanda görünürdü ki, nazirlər necə əlbəyaxa olub otaq boyu o baş, bu başa süpürləşir, bir-birini dəli kimi təpikləyir...

– ...Bir də gördük kimsə top kimi pəncərəyə dəydi... şüşəni qırıb yuxarıdan tappıltı ilə həyətə düşdü. Özümüzü həmən ora yetirdik və çaşıb qaldıq... Bu, cinli generalın özü idi...

   Deyilənə görə, həmin axşam əlbəyaxa savaş bitəndən sonra, gecədən xeyli keçmiş hökumət üzvləri aşağı enib bir müddət də orada söyüşüblərmiş, sonra haçandan-haçana, dan yeri ağarar-ağarmaz onları xiyabanın girişində gözləyən maşınlarına minib bir-birinin ardınca yola düzəliblərmiş. Bir qədər sonra isə iqamətgahın işıqları sönəndən, ətraf yuxulu sakitliyə qərq olandan sonra içəridən idman geyimində, ayaqlarında yumşaq idman ayaqqabıları oğrun-oğrun çıxıb pay-piyada şəhərin yuxarı məhəllələrinə – dağətəyi parkda salınmış Şəhidlər xiyabanına yollanan prezidentin özü görünübmüş…

– ...Bu lap “Min bir gecə”nin nağıllarını xatırladan vahiməli mənzərə idi… – mühafizəçilər danışırdı, – ətraf qaranlıq, sakitlik… və baxırıq, iqamətgahın alt mərtəbəsinin pəncərəsindən çölə ucunda idman ayaqqabısı uzun, arıq bir qıç uzandı… bunun ardınca idman kostymunda arıq, uzun bədən sivişib çıxdı...

– ...Biz əvvəl atəş açmaq istədik, sonra baxıb gördük ki, prezidentin özüdü… idman formasının üstündən geydiyi yüngül gödəkçədə pəncərədən sivişib özünü ağaclığa saldı... Dedik, olsun ki, ürəyi bulanır... Amma bir də gördük ki, o, ağaclığın o biri başındakı hasarın üstündədi... Ora necə, hansı möcüzə ilə dırmaşmışdı, anlamaq olmurdu... O hündürlükdə hasarın üstünə, yəni dümbədüz divara necə dırmaşmaq olardı axı?

– ...O dəqiqə başa düşdük ki, hasarı aşıb, şəhərə aparan maşın yoluna çıxacaq və təcili şəkildə xidmət rəisinə xəbər verdik. Bizə verilən göstərişə görə onun ardınca getməliydik. Amma hiss olunmadan, onu ürkütmədən, hay-küy salmadan. Və biz getdik. İzinə düşüb səs salmadan getdik ki, görək bu vaqeənin sonu nə ilə bitəcək.

– ...Maşın yoluna çıxar-çıxmaz oğrun-oğrun ətrafa boylanıb, divarlara qısıla-qısıla harasa, üzüyuxarı yeriməyə başladı. Biz də eynilə onun kimi, divarların dibi ilə ardınca getdik. Bir qədər sonra tini burulub becid addımlarla Dağüstü parka – Şəhidlər xiyabanına sarı addımladığını görüb ora xiyabanın arxa qapılarından daxil olduq...

– ...Onu bir müddət sıx, qaranlıq ağaclıqların arasında axtardıqsa da, tapa bilmədik. Ayaq saxlayıb sakitliyə diqqət kəsildik və haradansa, sanki yaxın məsafələrdən eşidilən inilti səsinə sarı yeriməyə başladıq. Kolların arasıyla gizlənə-gizlənə, silahlarımızı hər ehtimala qarşı, hazır vəziyyətə gətirib sürünə-sürünə səs gələn tərəfə getdik və gördüyümüz mənzərədən donub qaldıq… O: “Öldürün məni! Mən ölməliydim, mən yaramaz!!!” – deyib hönkürür, gözünün yaşı ağzına dola-dola ağlayırdı…

   Paytaxtın dağüstü məhəllələrində yaşayan sakinlərin dediyinə görə, prezident Şəhidlər xiyabanına tez-tez, əsasən də gecələr, şəhər dərin yuxuya qərq olandan, küçələrdən əl-ayaq çəkiləndən sonra gedirmiş. Bəzən gecələr onun şəhər küçələri ilə pencəyi çiynində, boş maşın yolları ilə tək-tənha dolaşdığını, hansısa xalq mahnısını dodaqaltı zümzümə edə-edə veyilləndiyini görənlər də vardı. Deyilənə görə, hətta mühafizə dəstəsi bir dəfə onu şəhər bazarlarının birində çirkli qarovul köşkündə oturub qoca, sərxoş qarovulçu ilə çaxır içdiyi yerdə tapmışdı. Deyirlər, həmin o qarovul köşkündə o, azadlıqdan danışırmış... Əynində sırıqlı kürk, başında kirli dəri papaq, uzaqdan soğan iyi verən kefli qarovulçu da, deyirlər, ona qulaq asa-asa ağlayırmış…

   Bir qisim adam prezidentin düşdüyü bu əcaib hallarını, ağılasığmaz gecə sərgərdanlığını onun kiməsə dəlicəsinə aşiq olması ilə əlaqələndirsə də, onu yaxından tanıyanlar bu şair təbiətli adamın aşiq olub sevdiyinin və sanki heç cür qovuşa bilmədiyinin, sevdikcə başını itirib bütün vücudu ilə hansısa ayrı dünyanın adamına çevrilməyə başladığının həmin o zəhrimara qalmış azadlıq olduğunu müxtəlif üsul və vasitələrlə izah etməyə çalışsalar da, yenə heç kimə axıracan heç nə aydın olmurdu.

– Axı bu azadlıq nə olan şeydi ki, bu boyda adamı bu günə qoysun, havalandırıb Məcnun kimi yaxası, başı açıq çöllərə salsın?..

   Həmin gecə – şəhərdən uzaq kazarmada baş vermiş qanlı faciənin hərbi planı təsdiqlənən o məşum gecə xalq hərəkatı hakimiyyətinin yarısərxoş hökumət üzvləri prezidentə verdikləri sözlərinin üstündə durdular və səhəri gün Prezident iqamətgahının həyəti əlikameralı çəkiliş qrupları, canlı yayını bütün ölkəyə ötürəcək iri televiziya furqonları ilə doldu...

   Deyirdilər, o gün prezident hündür, çəkisiz bədəni ilə projektor və mikrofonlar dolu otağına daxil olmuş, törədilmək üzrə olan qanlı cinayət barədə bəyanat verməkdən ötrü yuxarı başa – öz kreslosuna keçib əyləşmiş, yuxusuzluqdan altı kölgələnmiş gözlərini kameraya zilləmiş, çəkiliş aparatları işə düşmüşdü… 

– Prezidentin üzü elə idi, elə bil uzun müddət yatdığı işgəncə kamerasından yenicə buraxılmışdı... – operatorlar danışırdı.

   Deyirlər, yaxın günlərdə baş verə biləcək cinayət barədə bəyanat verməyə hazırlaşan prezident bir müddət projektorların gur işığından, ya nədənsə, don vurmuş kimi susub qalmış, bir qədər sonra günah və iztirab saçan titrək səslə çıxışına başlamışmış…

– Əziz xalqım...

   Deyilənə görə, prezident müraciətinə belə başlasa da, elə həmin an sözünü yarımçıq kəsmiş, çıxışına bir neçə dəqiqə ara verəndən sonra davam etmişdi...

– İndi deyəcəklərim qoy qəlblərinizi üzməzin... – deyilənə görə, prezident ürək ağrısı ilə səsləndirdiyi təsirli “əziz xalqım” ifadəsindən, yoxsa həmin an bir kəsin bilmədiyi, xəbəri olmadığı həmin o baş verəcək faciənin acısından boğazına dolan qəhəri uda-uda, aramla, sanki zorla danışırdı. – ...Mən… ömrümün əsaslı hissəsini millətimin azadlığı, ölkəmin müstəqilliyi uğrunda gizli və aşkar mübarizələrə həsr etdim... Bu məslək uğrunda başım min bir bəla çəkdi, həbsxanalarda yatdım, təqib və işgəncələrə məruz qaldım, bilirsiz… və bununla yalnız qürur duyuram...

   Deyirlər, bu yerdə sözünə ara vermiş, gözlərinə dolan yaşı barmağının ucuyla silib, özünü toplayıb sözünün ardını gətirmişdi…  

– ...İstəyirəm biləsiniz, o dövrlər – Dövlət Təhlükəsizlik Komitəsinə dindirmələrə çağırılarkən, mən hamıya məlum səbəbdən tutulmaya da bilərdim... yolumdan əl çəkib tövbə etdiyimi rəsmi şəkildə bildirib canımı bütün təqib və təzyiqlərdən, həbsxana əzablarından qurtara da bilərdim. Amma bunu eləmədim. Ona görə eləmədim ki, istədim, xalqımın adam öldürüb, evlər qarət edən və tutulub həbsxanalarda yatmaqdan çəkinməyən oğulları siyasi məhbusluqdan da qorxmasınlar! İstədim, mənim xalqım, nəhayət, başa düşsün ki, bu dünyada “siyasi mübarizə” adında da “cinayətlər”, o “cinayətlər” uğrunda cəza çəkməyə hazır olanlar da var... İstədim anlasınlar ki, bu “cinayət”in o birilərindən fərqi budur ki, onu törədib məhbəslərdə çürüyənlər özlərini müqəddəs amal uğrunda – xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda qurban verirlər! Və milyonlarla xalq kütlələrinin işıqlı gələcəyinin təməli məhz bu mücahidliklə qoyulur! İstəyirəm bunu da biləsiniz ki, mən özümü keçib gəldiyim həmin o həyatımla, çəkdiyim min bir işgəncə və əzablarımla xoşbəxt hesab edirəm! Bu gün biz artıq müstəqillik yoluna qədəm qoymuşuq, öz taleyimizi özümüz həll etməyə qadirik. Lakin bu qadirlik hələ müstəqillik demək deyil!..

   Deyirlər, bu yerdə prezidentin gözləri yaşarmış, nitqi boğazına dolan qəhərdən, ya nədənsə bir anlığa qurumuşdu...

– ...Əziz xalqım, – bir qədər sonra sözünə davam eləmişdi. – İstəyirəm məni düzgün başa düşəsən və əgər günahkaramsa, cəzamı bir an belə düşünmədən kəsəsən. Mən günahkaram… – Deyirlər, bu yerdə prezident danışmağa çətinlik çəkdiyindən, ya nədənsə yenə susmuş, sonra altı kölgəli gözlərini utancla döşəməyə dikib, gizli, yandırıcı bir iztirabla, – günahım budu ki, mən xalqımı azadlığa çıxaracaq yolları arayıb-axtararkən, bu yolda olmazın mücadilələrə qatlaşarkən sonucda azadlığa çıxacaq, müstəqillik qazanacaq xalqımın, Vətənimin taleyi etibar ediləcək, onu öz ardınca abad, işıqlı yollarla aparacaq öncül, başçı, rəhbər haqqında düşünməmişəm, bunun nə qədər taleyüklü, nə qədər həlledici və məsul məsələ olduğunun fərqinə varmamışam. Mənə inanın, mən… – Bu məqam prezident susub başını aşağı salıbmış. Sanki deyəcəyi sözdən, ya nədənsə xəcalət çəkibmiş. – ...Bu, mən deyiləm… – Deyirlər, bu yerdə çəkiliş meydanına səssiz çaxnaşma düşsə də, prezident sözünə davam edibmiş. – Məni bağışla, əziz xalqım... Bağışla ki, nə o qanlı yanvar gecəsi, nə ondan sonra müharibə bölgələrində şəhid verdiyin balaların kimi ölmədim... Bağışla ki, xəyalımda qurduqlarımı həyata keçirə bilmədim. Buna qadir olmadım... Sadəcə bacarmadım. Bağışla ki…

...Prezidentin bu qısa, lakin təsirli çıxışı, deyirlər, hamını – çəkiliş qrupunu və onların arxasında dayanan iqtidar nümayəndələrini sarsıtmış, bir çoxunu kövrəltmişdi. Ortaya düşən hüzn dolu sakitliyi, deyilənə görə, bir kəsin pozmağa ürəyi gəlməmiş, nazirlərdən bəzilərinin gözləri yaşarmış, qayğıkeş müdafiə naziri alnını divara söykəyib səssiz-səssiz ağlamışsa da, ölkəni təlatümə gətirəcək bu taleyüklü bəyanat nə o gün, nə də sonralar nə efirə buraxılmış, nə də mətbuatda yayımlanmışdı...

   Deyirlər, prezident çıxışını başa vurub, sarsılmış vücudu ilə çəkiliş qrupu və iqtidar nümayəndələrinin arasından keçərək otağı tərk edəndən sonra, qəfildən çəkiliş yerində peyda olan bir dəstə mülki geyimli adam bəyanatın yazıldığı kasetləri necəsə ələ keçirmiş  və otağa yığışanları xüsusi alayın köməyi ilə iqamətgahdan kənarlaşdırmışdı.

   Yeni hökumət nümayəndələrinin bu azğınlığından hiddətlənmiş tele və radiojurnalistlər iş yerlərinə qayıdıb rəhbərliyə rəsmi şəkildə şikayətlə müraciət etsələr də, şirkətin sədrindən – Azadlıq Partiyası hakimiyyətə gələnəcən ölkənin dağ rayonlarında aşıq kimi məşhurlaşmış al yanaqlı, sənətpərvər adamdan aydın bir cavab ala bilməmişdilər.

   Danışırdılar ki, Dövlət Televiziya və Radio Komitəsinin sədri, bir vaxtlar kənd toylarında aşıqlıq etməkdə – sazı sinəsinə basıb “şanlı” kommunist partiyasına, xalqlar dostluğuna qoşduğu mahnılardan oxuyub, ayaqlarını dümbək çubuqları kimi becid-becid tərpədə-tərpədə oynamaqda ad çıxarmışdı. Bir vaxtlar oktyabr inqilabının qələbəsinə qoşduğu məşhur “Oktyabr” mahnısını oxuyarkən, deyirlər, xüsusilə cuşa gəlir, sazı sinəsində gözünü yumub:

– Oktu… oktu… – deyib oynaya-oynaya bir müddət hamını gözlədir, camaat çəpik çalıb qışqırışandan sonra sözünün ardını gətirə-gətirə:

– …yabr, qadan allam, yabr, qadan allam! Uh-hey!.. – deyib yayın cırhacırında da dizlərinəcən çəkdiyi qara, meşin uzunboğazlı ayaqlarını çevik oynaqlıqla tərpədə-tərpədə rəqsinə davam edir, bu “uh-hey”siz də heç cür keçinə bilmirmiş.

   Deyirdilər, sədr parlamentin iclaslarına, dövlət müşavirələrinə və konfranslara da həmin bu uzunboğazlarında, çiyninə aşırdığı sazıyla gedir, oralarda söz Vətəndən, xalqdan düşər-düşməz, qəfil çılğınlıqla coşub özündən çıxır, sazı sinəsinə basıb, gözlərini yumub bir ucdan Vətənə qoşduğu “güllü-bülbüllü” şeirləri bir-birinin ardına düzməyə başlayırmış. Belə məqamlar, deyirlər, sazı onun əlindən almaq bir kəsə müyəssər olmurmuş. Sədr:

– Sazım mənim silahımdır! – deyib əzmlə kürsüyə qalxır, gözünü yumub, səsini əsdirə-əsdirə zilə qalxır, iclasa dığ-dığ düşür, bəziləri yerə tüpürüb salonu tərk edir, o birilər bir-bir sivişib özlərini bufetə salır, qalanları qəzet oxuyur, yaxud gözlərində eynək mürgüləməyə başlayırdılar.

   Deyirdilər, sədrin bu yanıqlı mahnılarına bircə prezident sona qədər – sədr uhuldamaqdan yorulub susanacan diqqətlə qulaq asır, prezidiumun arxa kreslolarından birində tək-tənha oturub siqaretini tüstülədə-tüstülədə, gözləri yol çəkə-çəkə fikrə dalır, bəzən başını qolları üstə qoyur, sanki yuxulamağa çalışırdı…

 

 Ardı var