Elektron ədəbiyyat və sənət portalı

Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

Bölmə: Adsız 13.03.2024

İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifi – tanınmış ingilis şairi və tərcüməçisi Volter Meydir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Edqar Allan Po, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

  

Səməd Vurğun

(1906–1956)

  • Şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas;
  • Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb;
  • “Azərbaycan”, “Ceyran”, “Aygün”, “Bulaq əfsanəsi”, “Qız qayası”, “Vaqif”,“Fərhad və Şirin”, “İnsan” kimi yüzlərlə şeir, poema və dram əsərlərinin müəllifidir;
  • Azərbaycanın ilk “Xalq şairi”fəxri adına layiq görülüb.

 Dünya

Buludlar dağılır uzaqda lay-lay, 
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki Humay, 
Nə ömrə acıyır, nə yaşa dünya. 

Ulduzlar havanın bağrını dəlir, 
Qayalı dağlardan duman yüksəlir, 
Xəyalım gecəni salama gəlir, 
Çapdırır atını birbaşa dünya. 

Ellərə baxıram bağçalı, bağlı, 
Göylərə baxıram qapısı bağlı, 
Kainat ixtiyar, sirli, soraqlı, 
Əzəldən yaranıb tamaşa dünya.

Bir də görürsən ki, açılan solur, 
Düşünən bir beyin bir torpaq olur. 
Bir yandan boşalır, bir yandan dolur, 
Sirrini verməyir sirdaşa dünya. 

Əzəldən belədir çünki kainat, 
Cahan daimidir, ömür amanat. 
Əldən-ələ keçir vəfasız həyat, 
Biz gəldi-gedərik, sən yaşa, dünya!

Unut

Unut, dedim, unut! Gətirmə yada,

Bir daha dünyada sən, ey səs, məni!

Sevdanın uğursuz o yollarında

Daşqalaq eylədi hər bir kəs məni.

Çəmənlər, bağçalar, bağlar sararsa,

Fəzalar dönərək sular qararsa

Hər şeyi bir ölüm qorxusu sarsa,

Əymədi bir daha bir həvəs məni.

Hər dürlü matəmdən, qəmdən uçurdu,

Xəstə xatirimdə bir həyat qurdu.

Tərk etdim o Qazax adlanan yurdu,

Orda zəhərlədi bir nəfəs məni.

Qoy gülsün taleyim, gülsün həyatım,

Silinsin əskimiş hər xatiratım.

Baxdım ki, bu yeni-yeni ayatım

Deyir sıxmayacaq bir qəfəs məni.

https://mypoeticside.com/show  
https://www.rakkausrunot.fi/runot/