İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Ramiz Rövşən, Eldar Baxış, Vaqif Bayatlı Odər, Zakir Fəxri, Adil Mirseyid, Əlisəmid Kür, Rüstəm Behrudi, Salam Sarvan, Həmid Herisçi, Fərhad Mete və Leyla Əliyeva kimi tanınmış ədəbi simalarının ispan dilinə tərcümə olunmuş əsərlərini bir araya gətirən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabını “Ədəbi nəşrlər” bölməsində yerləşdirib.
Bölmədə yer alan əsərlər ədiblərin yaradıcılığı haqqında geniş məlumatlarla təqdim edilir.
Kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan filoloqu Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən virtual kitabxana mütəmadi olaraq səhifələrində Migel de Servantes, Uilyam Şekspir, Aleksandr Puşkin, Fyodor Dostoyevski, Xuana İnes de la Krus, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Federiko Qarsia Lorka, Pablo Neruda, Qabriel Qarsia Markes, Antonio Maçado kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.