Romanın əvvəli burada:
https://aydinyol.aztc.gov.az/newsview/2576/Azadliq-romani
…Devrilməkdə olan əldəqayırma iqtidar barədə söz-söhbət saatbasaat artıb ölkənin bütün bölgələrinə yayılır, yeni-yeni “xoruz səsi eşitməyən” xəbərlər, ağılasığmaz şayiələr mayası qıcqıran xəmirtək aşıb-daşır, xəbərlərin çeşidi çoxaldıqca son aylar ölkədə baş verənlərdən onsuz da başını itirmiş paytaxt əhlinin çaşqınlığı bir az da artırdı. Axşamlar isə hava qaralar-qaralmaz şəhərin canına kütləvi sahibsizlik xofu yeriməyə başlayır, bu qapısız, bacasız ölkəni bürüməkdə olan acı yiyəsizlik havası tutqun duman kimi məmləkətin başının üstünü alırdı…
Şəhərdən uzaq kazarmada baş vermiş faciədən sonrakı gecə küçələrdən əl-ayaq çəkiləndən sonra paytaxta daha qorxunc bir sakitlik – ölüm sükutunu andıran ağır matəm sükutu çökmüşdü. İnsanlar evlərinə çəkilib hərə öz otağında, tənha yatağında şəhəri dəmə qoyulan xörəktək ahəstə-ahəstə qaynadan söhbətləri – hakimiyyətə öz çiyinlərində gətirib-gəldikləri, yaxın günlərədək inanıb ümid bəslədikləri bir dəstə nankorun törətdiyi yaramaz əməlləri yadına salır, saldıqca özünü və ailəsini hansısa daha qorxunc təhlükənin astanasında hiss etməyə başlayırdı…
Bütün bu olanları – cəmi bircə il ərzində ölkə boyu törədilən ağılasığmazlıqları saf-çürük eləmək, kimin doğru, kimin əyri olduğunu ayırd edib həqiqi və doğru olanı aydınlaşdırmaq başı gün ərzində şəhərin dörd bir yanından axıb gələn söz-söhbətlərdən şişmiş paytaxt əhlinə o qədər də asan deyildi.
– Hər şey olduqca qəliz və anlaşılmaz idi… Aydın olan bir bu idi ki, ölkə dərindən-dərin bir quyuya düşmüşdü... və bu, indi belə məlum olurdu ki, son illər coşqun azadlıq yanğısı ilə küçələrə, meydanlara tökülüb, orada yayın istisində, qışın soyuğunda mitinqlər keçirən, havaya qaldırılan yumruqlarla tələb edilən və qazanılan həmin o “azadlığın” nəticəsi idi... – məşhur kulturoloq-politoloq dəqiqədəbir sürüşüb burnunun ucuna enən eynəyini hey yerinə itələyə-itələyə danışırdı.
Azadlıq məsələsi ilə bağlı bu sayaq rəy və qənaətlərdən dumanlı nəticələr çıxara-çıxara əlləri hər yandan üzülmüş paytaxt əhli ertəsi günün sübh çağı növbəti və daha möhtəşəm xəbərlər dalğasından çalxalandı… Deyilənlərə, uzaqdan, yaxından alınan irili-xırdalı məlumatlara görə, ölkəni sürükləndiyi bu çıxılmaz vəziyyətdən çıxarmağın yeganə və ən optimal yolu – bir vaxtlar məmləkətə rəhbərlik etmiş və həmin illər hər sahədə sözün əsl mənasında abadlıq, çiçəklənmə və tərəqqi yaratmış qüdrətli Millət Atasının ölkəyə gətirilməsi idi...
Gündəmi çənginə almış bu qəfil ehtimal ölkədə baş verənlərdən sonra hər şeydən xoflanmağa başlamış paytaxt sakinlərini sevindirmək əvəzinə, daha çox qorxutdu… və şəhərin bozarmaqda olan gərgin sakitliyinə təhlükə və nigaranlıq dolu qəribə vahimə sükutu qatıldı…
Qorxunun əsas və başlıca səbəbi Atanın idarəçiliyi dövründən yaddaşlara həkk olunmuş sınayıcı sərt baxışları idi...
Danışılanlara görə, hakimiyyətdən gedəndən sonra uzun illər paytaxtdan uzaq kəndində təvazökar kəndli həyatını sürə-sürə məmləkətdə cərəyan edən hadisə və olayları dəqiqəbədəqiqə, addımbaaddım izləyən təcrübəli dövlət xadimi neçə illərdən bəri faciələr burulğanında çabalayan, dünənin uşaq-muşağını, bacarıqsız, heysiyyətsiz, fəndgir dolandırıcıları çiyinlərində hakimiyyətə gətirib ölkəni uçuruma yuvarlandıran “qədirbilən xalqı”ndan incik düşmüşdü.
– Ata belə şeyləri bağışlamır... – hamı bir ağızdan hüznlə deyirdi.
Bəzi xalq siyasətçiləri isə ölkənin sürükləndiyi vəziyyətlə bağlı xalqı təqsirli bilmir, yaranmış kütləvi xofu səngitməyə çalışaraq tarixin bütün dönəmlərində məmləkətlərin, xalqların taleyi həll olunduğu ən həlledici zaman kəsiklərində xalq kütlələrinin daim hansısa qüvvələrin təsiri altına düşdüyünü, ən yaxşı halda, sadəcə seyrçi rolunu oynadığını, uzaqgörən Atanın bu tarixi həqiqətlərdən agah olduğu və məhz bu səbəbdən kimsəni nədəsə ittiham etməyi ağlına belə gətirməyəcəyi qənaətində idilər.
Deyilənə görə, Millət Atasının ölkədə baş verən bütün gizli və aşkar hadisələrdən, ələlxüsus son illərin əcaibliklərindən incəliklərinəcən xəbəri vardı...
– Bu, onun neçə illik peşə təcrübəsindən irəli gələn vərdişlərindən biridir. Dünyanın istənilən nöqtəsində baş verən hadisələrdən agah olmağa o hələ lap gənc yaşlarından – Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlərdən alışıb... – onunla bir vaxtlar işləmiş ehtiyatda olan hərbçilər deyirdi.
Deyilənə görə, ölkədə sıravi ardıcıllıqla baş verməkdə olan bütün bu “tamaşaları” Millət Atası günəşli paytaxtdan çox-çox uzaqlarda – başı qarlı dağların ətəyində yerləşən yaşıl kəndindəki balaca evində, axşam çağları dağ ətəyindən yığılan kəkotu çayından içə-içə televizorda seyr edirmiş...
– ...Odur ki, o nəinki baş verən hadisələrin gedişatından, hər kəsin qarnının içindəkilərdən, qəlbinin “dəruni guşələrində” tutduğu gizli mövqeyindən belə xəbərdar idi...
Deyilənə görə, xalqın dəvətini çatdırmaqdan ötrü Atanın həmin başıqarlı dağların ətəyində, yaşıllıqlar arasında yerləşən uzaq kənddəki evinə ziyarətinə yollananlar onun əfsanəvi duyum qabiliyyətinin, analitik düşüncə tərzinin 20 il əvvəl olduğu kimi qalmasından, boz gözlərinin dərinliyində işaran mistik ovsun casibəsinin yaşa dolduğu, ya hansısa ayrı səbəbdən sanki bir az da güclənməsindən heyrətə gəlmişdilər... Deyilənə görə, həmin o görüşdə Ata ilə üzbəüz oturmağa müvəffəq olanlar yenə bir vaxtlar, uzaq illərdə olduğu kimi harada və kim olduqlarını necəsə tədricən unutmağa başlamış, bütün vücudları ilə onun boz baxışlarının sehrinə düşmüşdülər…
– ...Ən qorxulusu da budu, – camaat danışırdı. – Onun ölkəyə qayıdışı çox adama asan başa gəlməyəcək.
Atanın ölkəyə qayıda biləcəyi barədə xəbərlər şəhəri bürüdükcə uşaqdan böyüyə hamı son illər atdığı hər addımı, hərəkətini, dediyi sözləri bircə-bircə yadına salır, götür-qoy edib öz-özlərindən xoflanırdılar. Bir çoxları Millət Atasının hamını, hər kəsi haradansa gizlicə dinlədiyindən, ya nədənsə ehtiyat edə-edə, dilini boğazına qoymadan onun ölkə üçün gördüyü böyük quruculuq işlərindən, inşa etdirdiyi nəhəng zavod və fabriklərdən, konsert və teatr binalarının gözəlliyindən, saldırdığı körpülərdən danışır, xalqın rifahının yüksəlişinə yönələn bu misilzsiz xidmətləri gah Azadlıq Partiyasının ütük komandasının biabırçı əməlləri ilə, gah da onlardan əvvəlki prezidentlərin vecsiz üsul-idarəsi ilə müqayisə edir, bununla azacıq da olsa müəyyən rahatlıq tapırdılar…
– Biz dərisi soyulan millət olduğumuzu öz tarix kitablarımızda oxumuşuq, amma indi daha bunu öz gözlərimizlə də gördük! – camaat danışırdı. – Qoy gəlib “azadlıq” deyən dilimizi kəssin! Ən gözəl günlərimizi, sən demə, o kişinin vaxtında yaşamışıq, amma bunu bilməmişik, qanmamışıq! Hər şey bir yana, evimizdə rahat yatıb-durmağın nə boyda səadət olduğunu anlamamışıq... –
– O qurbanolduğum burada olanda, balam, bilirdik ki, dövlət var, evimizin, canımızın keşiyini çəkən qayda-qanunlar var. Bu nə od-alov idi özümüzü saldıq?! Gəlsin, yiyə dursun bu yiyəsiz qalmış millətinə…
– Daha uşaqdan-böyüyə hamı birdəfəlik başa düşdü ki, bu əlindən bir iş gəlməyən başsız, köməksiz millətin bircə yiyəsi odu. Bu Yer kürəsinin bircə sahibi Allah olduğu kimi, bu məmləkətin də sahibi, Allahı odu. O kişi nə qədər sərt olsa da, əməlləri də göz qabağındadı. Evlər, imarətlər ucaltdı, yaşıllıqlar saldırdı, şəhərlərə su çəkdirdi, körpülər tikdirdi, yolları abadlaşdırdı... Bu başıbatmışlar neylədi? Tikilənləri söküb, xalqı qarət elədi, trolleybus xətlərinəcən qoparıb, qonşu ölkələrin yol alverçilərinə satdılar…
– İlk dəfə ana dilimizi o, dövlət dili elan elədi, – ziyalılar xatırlamağa başladılar.
– Ona qədərki prezidentləri də, ondan sonrakıları da, Allaha şükür, gördük... – camaat Millət Atasından sonra hakimiyyətə gələnləri xatırlayırdı. – O məşhur mahnıda deyilən kimi – “ağ gül, qırmızı gül, bir də sarı gül…”
– Birincisi balığa oxşayırdı... Sarı, domba gözləri ilə dağ-divarı yalaya-yalaya, ağzı ölü balıq ağzı kimi səssiz-sədasız açılıb bağlana-bağlana elə bil söz yox, bomboş hava qabarcıqları buraxırdı... Bu “balığın” rəhbərliyi dövründə ölkə mühərriki qəfildən yolun ortasında sönüb asta-asta harasa üzüaşağı diyirlənməyə başlayan köhnə maşının vəziyyətinə düşdü. Getdikcə sanki hamının, hər şeyin gücü azalmağa, səsi, heyi tükənməyə başladı. Ölkə durğun gölə, adamlar ağızlarından söz əvəzinə boş hava qabarcıqları buraxan ölü balığa dönmüşdü…
– Ondan sonra gələn kim idi ki? İşvələrindən adamın əti tökülürdü. Çənəsinin yumru çuxurundan, bir də fəxrlə üyüdüb-tökdüyü rus dilindən savayı bu adamdan nə gördük?
– …Bu birisi isə ağ dəli idi. Kişi, iraq olsun, elə bil ipləməydi... Gecə-gündüz, dalınca qaçırmışlar kimi, hey tələsə-tələsə, ətrafına göz vurub, az qala, dombalaq aşa-aşa yarırus, yarıazərbaycan sözlərini axırlarını yeyə-yeyə havaya tullayır, dediklərindən, deyəsən, özü də baş açmırdı. Sonuncu ki, lap qan elədi... “Millət” deyə-deyə milləti qara günə qoydu.
Deyirdilər, Millət Atasını gətirmək üçün dünəndən bəri dörd nümayəndə heyəti Prezident sarayının arxasındakı meydana yığılan iri avtobuslara minib paytaxtdan uzaq kəndə yollanmışdı. Elçilərin bir qismi təyyarə ilə, digərləri şəxsi maşınlarda getmişdilər. Adlı-sanlı elm və sənət adamlarından, qocaman akademiklərdən və hərbçilərdən ibarət nümayəndə heyəti, deyilənə görə, heç cür onu paytaxta qaytarmaq üçün yola gətirə bilməmiş, kor-peşman halda geri qayıtmışdılar.
– Bu o deməkdi ki… – camaat xof dolu üzlərlə danışırdı, – Kişi xalqından üz döndərib.
Telekanallar səhərin gözü açılmamış ölkədə yaranan ağır böhran vəziyyətinin aradan qaldırılması üçün Millət Atasının təcili şəkildə doğma xalqına yiyə durması məqsədi ilə paytaxta çağırışına dair müxtəlif idarə və müəssisə kollektivləri, əmək veteranları və məktəb şagirdləri tərəfindən ünvanlanan təsirli məktub və müraciətlərin, görkəmli elm və sənət xadimlərinin, yazıçı və şairlərin həyəcanlı çıxış və teleqramlarının televiziya və radio kanalları vasitəsilə oxunuşuna başlanıldı.
Bəzilərinin dediyinə görə, Millət Atası paytaxta gəlişini qəsdən gecikdirirdi ki, mitinqlərdə “birlik!-birlik!” deyib çığırışanlar həmin o çığırdıqlarını dərindən qiymətləndirsin, avam cahilliklə toxuduğu yoğun düyünləri aça bilirsə, buyurub özü açsın. Bir çoxları bu fikirdə idi ki, ölkədən gedəndən sonra uzaq kəndində tənha zahidlik həyatı yaşadığı illər bir vaxtlar kömək əlini uzadıb sözün əsl mənasında ayağa qaldırdığı yaxın-uzaq adamların münasibəti Millət Atasını, ümumiyyətlə, hamıdan küsdürüb və buralara qayıdacağına ümid bəsləməyin, yolunu gözləməyin mənası da yoxdur. Bir də, deyirdilər, Azadlıq Partiyasının qara günə qoyduğu bu qarmaqarışıq, balaca məmləkətə gəlib hər şeyi bir də yenidən qurmaq – uzun illər Sovetlər İttifaqı kimi möhtəşəm birliyin rəhbər kürsülərində oturmuş və işin ağırlığından sağlamlığını itirmiş Millət Atasının nəyinə gərək idi?..
Atanın ölkəyə qayıdışı ilə bağlı söz-söhbətlər sərhədləri aşıb yaxın-uzaq bölgələrə yayıldıqca paytaxtda gərginlik artmağa davam edir, telekanallar müharibə bölgələrində yaranan ağır durumun artıq nəzarətdən çıxdığı, son tonları işlənib qurtarmaq üzrə olan taxıl ehtiyatının artıq sabahdan şəhər əhalisini təmin edə biləcək qədərində olmadığı, yanacaq çatışmazlığı səbəbindən şəhər yollarının kənarına nəhəng dalğanın sahilə atdığı ölü balıqlartək yığılan maşınların dəmir yolu xətlərində ölümcül qəzalar törətdiyi və sair bu kimi xəbərləri hər yarım saatdan bir yayınlamağa davam edir, siyasi icmalçılar, hüquqşünas-ekspertlər yaranmış vəziyyət təcili şəkildə aradan qaldırılmadığı təqdirdə ölkənin ciddi təhlükə qarşısında qalacağını tutarlı dəlillərlə izah edir, bütün bu mənzərənin səbəbkarı olan qurama iqtidarı bir ağızdan “cinayətkar dəstə” adlandırırdılar...
“Torpaqların beşdə bir hissəsi düşmən tapdağı altındadır…”, “Təbii ehtiyatlar dəyər-dəyməzinə əcnəbi ölkələrə satılıb…”, “Bölgələrdə quldurluq və qarət adi hal alıb…”, “Ümumölkə aclığı gözlənilir…”, “Cənub bölgələrində əhali ilə hərbçilər arasında silahlı toqquşmalar baş verir, ölən və yaralananlar var…”, “Dövlət parçalanma təhlükəsi altındadır...”
...İndi, ölkənin bu vəziyyətində əgər Millət Atası, Allah eləməsin, paytaxta qayıtmaqdan imtina edərsə, xalqı sürükləndiyi bu dərin ölüm uçurumundan çıxarmağa razılıq verməzsə, necə olacaq? – camaat həyəcanla danışırdı.
Yalnız o biri günün axşamı, gecəyə az qalmış dövlət televiziyası Millət Atasının uzun danışıqlardan sonra, axır ki, paytaxta qayıtmağa razılıq verdiyi barədə xəbərlər yaydı. Xəbərlərə görə, Atanın sabah günortadan sonra təyyarə ilə paytaxtın hava limanına düşəcəyi gözlənilirdi.
Bu xəbərdən sonra paytaxt əhli bir qədər toxtadı, neçə gündən bəri şəhəri tarıma çəkmiş gərginlik də elə bil səngidi.
* * *
Atanı qarşılamaqdan ötrü şəhərdən uzaq hava limanına axışan izdihamın ucu-bucağı görünmürdü. Qarşılanma mərasimi ilə bağlı şəhərin özündə də ciddi hazırlıq işləri gedirdi. Atanın rəhbərliyi dövründə çəkilən foto-portretlər böyüdülüb haşiyələrə salınır, çoxaldılıb şəhərin dörd bir tərəfinə vurulur, yeni portretlərinin çəkilməsinə idarə və təşkilatlardan təcili sifarişlər alınır, əldə olan fotoların bir qismi ipək parçalara köçürülür, küçələr, yolların kənarı, işıq dirəkləri və eyvanlar milli bayraqlar, işıqlar və plakatlarla bəzədilirdi.
Günortaya yaxın şəhərdən uzaq hava limanının ətrafında insan dənizi yaranmışdı. Bir yanda – Atanın ayağı altında kəsiləcək qoyunlar, o biri tərəfdə – uçuş xəttinin yaxınlığında əlləri gül-çiçək, transparant və portretlərlə dolu camaat dayanmışdı. Transparantlarda yazılmış “Gəl, ey xilaskar!”, “Sən gələn yollara qurban olaq!” sözləri oxunarkən, deyilənə görə, çoxlarının boğazını qəhər tuturdu…
Deyirlər, Atanı gətirəcək təyyarə gecikdikcə, hava limanına axın birə-on artmış, aeroportun ikimərtəbəli binası ağzınacan adamla dolmuş, bütün girişlər bağlandığından izdihamın bir hissəsi şəhər yolunun ağzını tutmuşdu.
Danışılana görə, Atanı gətirən təyyarənin limanın üzərində görünməsi ilə camaatın bağırmağı bir olubmuş. Hamı “göylərdə qalib uçuşla süzən” təyyarəni alqışlamağa başlayaraq səsləri gəldikcə “Var ol! Yaşa!” deyib qışqırıbmış. Təyyarə bir müddət limanın üzəri ilə ağır ləngərlər vurmuş, sonra aramla eniş xəttinə yön almış, çarxlarını açar-açmaz, izdihamdan göyə buraxılan əlvan fişənglərin tüstü dumanını yara-yara yerə enmişdi.
Həmin gün qarşılanma mərasimində iştirak edənlər danışırdılar ki, Atanı paytaxta gətirən təyyarə yerə enəndən sonra bir müddət də ağır-ağır eniş xətti ilə hərlənib, axır ki, dayanıbmış və nigaranlıq dolu uzun fasilədən sonra təyyarənin qapısı, nəhayət ki, aralanmış və trapın üstündə Atanın zəhmli cüssəsi görünübmüş...
Deyilənə görə, o, yorğun gözlərini ətrafa gəzdirməsi ilə əlvan fişənglərin havadaca sönməyi, şüar və qışqırtıların kəsilməyi bir olmuşdu… Ata bir müddət təyyarənin açıq qapısı ağzında, iti baxışlarla ətrafa boylanan iricüssəli mühafizəçilər arxasında dayanıb-durmuş, əvvəl qarşılanma zolağında sıxlaşıb əllərindəki gül dəstələrini, transparantları və onun portreti həkk olunan rəngli plakatları havada yellədən camaata, sonra başını qaldırıb göyə baxmışmış…
“Kişi elə bil buranın göyü üçün darıxmışdı...”
And içirdilər ki, Ata göyə baxdıqca limana qəribə bir sükut çökmüş, göy üzü qəfildən dəyişmiş, paytaxtın səmasını neçə gündən bəri bürüyən qaramtıl buludlar əfsanəvi qala qapılarıtək öz-özünə aralanmış və göyün hansı dərinliklərindənsə sızmağa başlayan axşam günəşinin zəif şüalarından ətrafa qəribə, məhrəm bir ilıqlıq yayılmışdı... Sonra o, tələsmədən, ləng addımlarla təyyarə pillələrini enib, bir müddət də ehtiram əlaməti olaraq trapın önünə salınmış xalının üzərində dayanmış, orada nitqinin səsləndirilməsi üçün qoyulmuş kürsünün arxasına keçərək sərt baxışlarını bu dəfə camaata zilləmişdi…
– …Onun vahiməli baxışlarına davam gətirmək olmurdu… – görüşdən sonra bir müddət özlərinə gələ bilməyən adamlar danışırdı, – …onun o baxışlarından elə bil hamımız ayağımızın altından yer qaça-qaça ona tərəf sürüşməyə başladıq. Bizi elə bil yerin özü çəkib ona sarı aparırdı…
Deyirlər, Ata camaata bir müddət beləcə dinməz-söyləməz baxdıqdan sonra mikrofona yaxınlaşıb asta səslə “yaşasın azadlıq...” deyibmiş və onun səsindən, yoxsa zəhm dolu üzünün ifadəsindən donuxmuş camaat xof dolu nagümanlıqla bir-birinin üzünə baxmış, sonra iniltiyə bənzər asta səslərlə “yaşasın...” deyiblərmiş...
Ardı var