Elektron ədəbiyyat və sənət portalı

Qürur və tənəzzül

Bölmə: Azad ərazi 02.04.2024

Qan Turalı

Dahi filosof, psixoanalizin banisi Ziqmund Freyd insana vurulan üç zərbədən bəhs edəndə hələ XX əsrin əvvəlləri idi. Bunların nəticəsində insanın gücü və qüdrəti zəifləmiş, özünəinamı sarsılmışdı. İlk zərbə 1543-cü ilə təsadüf edir. Həmin vaxt Nikolay Kopernik “Göy cisimlərinin hərəkəti haqqında” əsərini çap etdirmişdi. Əsər bəşər övladının min illərdən bəri qəbul etdiyi bir nəzəriyyəni inkar edirdi. Belə ki, Ptolomeyin geosentrik nəzəriyyəsinə görə, Yer kürəsi kainatın mərkəzində dayanır və digər planetlər, o cümlədən də Günəş Yer ətrafında dövr edirdi. 

Adi bir baxışla bu nəzəriyyənin doğruluğuna inana bilərik. Çünki Günəş daima Şərqdən doğur və Qərbdə batır. Bu mənada bizdə Yerin sabit şəkildə dayandığı və digər göy cisimlərinin ətrafımızda dövr etdiyi hissi yaranır. Halbuki bu, yanlış təsəvvürdür – Yer həm öz oxu, həm də Günəş orbiti üzrə hərəkət etdiyi üçün bizdə bu təəssürat formalaşıb. Heç də, əslində, göründüyü kimi deyil. Həmin tarixi kəşfin ən əhəmiyyətli məqamı da budur. Ancaq Kopernik nəzəriyyəsinin insan qüruruna həqarət etdiyi də göz qarşısında idi. Yəni belə məlum olurdu ki, Yer kürəsi heç də kainatın mərkəzi deyil. Odur ki insanlar və əlbəttə ki, kilsə bu nəzəriyyəyə inanmaq istəməmiş, Kopernik təqiblərə məruz qalmışdı. Ancaq nəzəriyyə həqiqəti əks etdirdiyinə, riyazi hesablamalarla təsdiqləndiyinə görə qəbul olundu.

İnsan qüruruna endirilən ikinci böyük zərbə isə Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” kitabı idi. Bu elmi əsər insanların təkamül nəticəsində insanabənzər meymunlardan yaranmasını təkzibolunmaz dəlillərlə ortaya qoyurdu. Demə, insan heç də iddia edildiyi kimi müqəddəs varlıq deyilmiş. Sonradan yaranan genetika elmi də Darvinin nəzəriyyəsini təsdiq etdi.

Üçüncü zərbə isə Freydin öz adı ilə bağlıdır. Belə ki, o, XX əsrin əvvəllərində bu vaxtacan qəbul olunmuş fikirlərə görə, heç də şüurun deyil, tam əksinə, altşüurun, təhtəlşüurun insana hökm etdiyini sübutladı. Onun fikrincə, buxovlanmış hisslərimiz altşüurumuza ötürülür və hərəkətlərimizi istiqamətləndirir. Müəllif əsas etibarilə seksual duyğuların altşüura yığıldığını qeyd edirdi. Bir sözlə, Freydin nəzəriyyəsi də Kopernik və Darvin nəzəriyyələri ilə birlikdə ali varlıq mifini dağıtdı.

Müasir dünyada isə yeni tendensiya ilə üzbəüz qalmışıq. Bunu insana vurulan dördüncü zərbə kimi də xarakterizə etmək olar. Belə ki, sosial medianın yüksəlişi ilə insanın heç də rasional varlıq olmadığı üzə çıxdı. Bu barədə onlarla fakt göstərmək olar. Ancaq sadə bir məqama diqqət edək. Yalan xəbərlər doğru xəbərlərə nisbətən düz doqquz dəfə sürətlə yayılır. İnsanlar yalan xəbərlərə, konspiralogiya nəzəriyyələrinə, uydurmalara, təbliğati fiksasiyalara daha çox inanır. Bəli, yeni dövr filosoflarının insan zəkasına olan inamı da sürətlə sönməkdədir. Bu mənada hal-hazırda insana endirilən dördüncü zərbəni müşahidə edirik.

Bəşər övladı heç bir dövrdə bu nəhənglikdə informasiya axınına məruz qalmayıb. Orta əsrlərdə hansısa bir kitabın işıq üzü görməsi hadisə kimi qəbul olunurdu. İndi isə milyonlarla kitab əlimizin altındadır. Ancaq bu informasiyaya, bu biliklərə sahib bəşər övladı, əksinə, daha da cahilləşir. Cəhalətin axını güclənir, Nitsşenin də dediyi kimi, səhra böyüyür...

 

Tanrı bəşəriyyəti beşinci zərbədən qorusun!