Romanın əvvəli burada:
https://aydinyol.aztc.gov.az/newsview/2582/Azadliq-romani
II FƏSİL
Şəhərin tanınmış psixiatrı, professor N.Veyisov həmişəki kimi bu gün də yuxudan dan yeri sökülməmiş, havasızlıqdan qulaqları uğuldaya-uğuldaya ayıldı. Bir müddət yerinin içində vurnuxa-vurnuxa bu gecəki yuxusunu yadına salmağa çalışdı və tam da olmasa, bəzi məqamları qırıq-qırıq xatırladı…
Bu gecə də professor yuxunun ən ürəkparçalayan yerində – özünü nəfəsi kəsilə-kəsilə yetirdiyi mənzilinin qapısı ağzında, bir qulağı yarıqaranlıq blokun alt mərtəbələrindən eşidilən hənirtiyə kəsilən an oyanmışdı...
Özünü yuxuların ən çıxılmaz, havasız döngə və burulğanlarından, dənizin dibindən təkanlanıb suyun üzünə çıxantək çəkib çıxarmağa bir növ adət eləmiş professor bu sayaq sıçrayışlara zaman-zaman, necəsə, elə yuxuların içində düşdüyü müəyyən məqam və situasiyalarla alışmışdı. Son vaxtlar isə bu yuxu sıçrayışları o qədər asanlaşmışdı ki, professor yuxunun ən bağırçatladan məqamlarında belə özünü itirmir, bədəninə sulu sarmaşıqlar kimi sarılan əcaib soxulcanları boyun-boğazından tələsmədən, ehmallıca çıxarıb çantasında gəzdirdiyi iri kolbaların içinə yığır, gecənin bir aləmi hansı möcüzə iləsə peyda olduğu ucsuz-bucaqsız, kimsəsiz səhrada vahimədən bağrı yarıla-yarıla qışqırıb kimisə köməyə çağırmaq əvəzinə, sakitcə narın qum təpələrinin birinin üstünə oturub səbirlə buralara necə, hansı yollarla gəlib-çıxdığını xatırlamağa çalışır, yaxud zülmət qaranlıqda daxil olduğu evində pərdələrin, şkafların arxası ilə qorxunc kabustək sürünən oğrulardan qorxmaq əvəzinə, işığı yandırıb, pərdələri açır, onu söhbətə tutub evində köhnə mebel və tozlu kitablardan savayı heç nəyi olmadığını yaxşı-yaxşı izah edib dilxoşluqla qapıdan yola salırdı. Bəzi hallarda isə, yuxunun məzmunu tərs bir inadla köntöy məcralara yönələndə və professor düşdüyü anlaşılmaz olayların səmtini, istiqamətini dəyişmək iqtidarında olmadığını anlayanda vəziyyət ağlasığmaz dərəcədə qəlizləşir, canı buz kimi soyuq qorxu cərəyanlarından titrədə-titrədə, düşdüyü çıxılmaz məngənələrdən qurtulmaqdan ötrü nəfəsini içinə yığıb havasızlıqdan gözləri qaralanacan, nəbzi zəifləyib susanacan səbirlə gözləyir və bədəninin min bir həyat eşqli toxumaları ilə tapançadan açılan güllətək yuxudan sıçrayıb ayılırdı...
Hər belə yuxudan sonra lüzumsuz xırdalıqlarından zinhara gəldiyi yeknəsəq həyatı professorun gözündə təzələnir, sanki hər şeyin rəngi, ruhu, dadı dəyişir, ətraf qəribə, sirli mənalar kəsb etməyə başlayırdı...
Son vaxtlar isə bu yuxu macəraları ilə bağlı vəziyyət bir qədər də dəyişmişdi. Belə ki, professor getdikcə bu ucsuz-bucaqsız yuxu ərazilərindən ötrü əməlli-başlı darıxmağa başladığını, işin ən qızmar məqamları, yaxud evləri ilə üzbəüzdəki xiyabanda gəzişərkən qəfildən qəribsədiyini, gecələrin gəlişini günortadan səbirsizliklə gözləyə-gözləyə özünü gecədən-gecəyə dəyişib təzələnən o sirli aləmə hazırladığını hiss edir, yuxu həyatına tezcə qovuşmaqdan ötrü hava qaralar-qaralmaz özünü evə çatdırır, şam yeməyini tələm-tələsik başa vurub dərhal yataq otağına çəkilir, orada yumşaq divanına yerləşib stolüstü lampanın sarımtıl işığı altında, cildləri köhnəlikdən pürşüklənmiş qədim kitablara – yuxular və ruhlarla bağlı ədəbiyyatlara qərq olur və beləcə oxuya-oxuya, kitab sinəsində, eynəyi burnunun ucunda sirli yollar, yarıqaranlıq, dumanlı cığırlarla asta-asta yuxuya gedirdi…
Lakin bəzi vaxtlar, xüsusən gərgin iş günlərinin axşamı professorun yuxuqabağı hazırlıq işləri gözlədiyi nəticəni vermir, hansı möcüzə iləsə yuxunun necəsə öz-özünə, sanki qəsdli bir məkrlə yönləndiyi əcaib məkanlara, ərazilərə düşür, oralarda baş verən sirli olayların iştirakçısına, yaxud şahidinə çevrilirdi. Məsələn, bir dəfə yuxuya getməzdən əvvəl ötən əsrin axırlarında Rusiyanın uzaq Saxalin dustaqxanasında yatan ətli-canlı dustaqları “azadlıq” fitvası ilə yoldan çıxarıb guya qaçıran, əslində isə, zavallıları yoldaca – qarlı tayqa meşələrinin nəhəng küknarları altında diri-diri yeyib geriyə qayıdan Qubar adlı birisi haqqında oxuduğu sənədli yazıdan və saralmış səhifənin sağ kənarında – adamyeyən olduğu bilinsin deyə, başının tən yarısı ülgüclə qırxılmış öküzəbənzər casusun şəklinə uzun-uzadı baxdıqdan sonra professor nədənsə yuxuda bir neçə il əvvəl itirdiyi dümağ üzlü, ağsaçlı qarısını görmüşdü… Qarısı bütün yuxunu ona baxa-baxa titrək əlləri ilə hey başını qaşımış, sonra seyrək saçlarının arasından çıxartdığı rəngbərəng bitləri mətbəx masasının üstünə buraxıb, onları dırnaqlarının ucu ilə, professorun heç vaxt eşitmədiyi dəli bir civiltiylə gülə-gülə bir-bir öldürməyə başlamışdı…
Başqa bir yuxusunda isə o daha dəhşətli bir hadisənin şahidinə çevrilmişdi... Belə ki, o, hansı möcüzə iləsə, fırtınalı sahili andıran uğultulu, boz bir məkanda peyda olmuş, bozartısı gözağrıdan dəniz dalğalarını yara-yara sahilə yaxınlaşan nəhəng gəminin içindən taxta qəfəsəbənzər iri yeşiklərdə düşürülən adamların iniltilərini öz qulaqları ilə eşitmişdi... Bu ürəküzən mənzərədən dəhşətə gəlsə də, gəminin yükünün boşaldılmasına nəzarət edən irigövdəli, adamaoxşar məxluqlara yaxınlaşmağa ürək eləməmiş, baş verənləri vahimədən bağrı yarıla-yarıla qayayabənzər nəyinsə arxasından müşahidə etməklə kifayətlənmişdi.
O yuxulardan sonra professor bir müddət gecələr tənha evinin dəhlizindən, qaranlıq mətbəxdən eşidilən hənirtilərdən vahimələnməyə, səhərin gözünü bu sayaq sirli yuxu vaqeələrinin heç bir izaha gəlməyən mənaları haqqında dərin düşüncələrə dala-dala açmağa başlamışdı. Bu yaxınlarda isə…
Professor hər dəfə bu yerə – son yuxularında düşdüyü anlaşılmaz düyün və dolaşıqlar dolu vaqeələr silsiləsinə çatanda ürəyinin pis-pis bulanmağa, qulaqlarının yaxınlaşmaqda olan təhlükənin, ya nəyinsə həyəcanından uğuldamağa başladığını hiss edirdi...
Son gecələr hansı möcüzə iləsə düşüb, getdikcə necəsə özü də bilmədən, bir növ anlaqsız şəkildə şahidinə, sonra əsas iştirakçılarından birinə çevrildiyi yuxu burulğanlarından qabaq professor nə haqda düşündüyünü, nə oxuduğunu xatırlamasa da, gecədən-gecəyə hansısa nizamlı, məntiqi ardıcıllıqla davam edən yuxu görüntülərinin hər birinin sonradan necəsə bütün xırdalıqları ilə yaddaşına həkk olunması, bu üzüntülü mənzərələri beynindən silib qurtulmağa çalışsa da, buna heç cür gücünün çatmadığı ona qəribə gəlirdi.
Hər şey isə ondan başlamışdı ki, professor bütün yuxunu tamamilə tanımadığı, həyatında bir dəfə belə olsun rastlaşmadığı naməlum bir kəsin – bəzi dumanlı görüntülərlə üzündə bıçaq yarasını andıran çapığı olduğu bilinən ortaboylu, bozgödəkçəli cavan bir adamın izinə düşmüş, yuxudan ayılana qədər onu vahimədən, az qala, nəfəsi kəsilə-kəsilə, “hərifin” diqqətini cəlb etməməkdən ötrü yarıqaranlıq dəhlizlərdən, tinlərdən sivişə-sivişə, gah maşınların arxasında, gah küçələrin izdihamında gizlənə-gizlənə güdməklə məşğul olmuş, yuxunun bir məqamı təqib etdiyi bu adamın da, demə, kimisə eynilə onun kimi – haralardansa oğrun-oğrun sivişib, nələrinsə arxasında gizlənə-gizlənə inadla güddüyünü anlamış və dəhşətə gəlmişdi...
...Professor sinəsinə tüstü dumanıtək çökən nəyinsə ağırlığından ürəyinin sıxıldığını hiss edib yorğanını kənara atdı, dikəlib ayağa qalxmağa hazırlaşırdı ki, necəsə qəfildən bu gecə yuxuda təqib etdiyi o naməlum kəsin kim olduğunu, onu o cür inadla güddüyünün, gözünə çarpmaqdan dəhşətli dərəcədə qorxduğunun səbəbini yuxuda bilsə də, həmin o səbəbin yadında saxlanılmasının ona qadağan edildiyini anladı… Bu fikirdən ürək döyüntüləri sürətlənə-sürətlənə bu gecə baş verənləri bütün xırdalıqlarına qədər yadına salmağa çalışdı və ... bütün yuxunu xəbis inadla təqib etdiyi adamın iti addımlarla şəhərin mərkəzi İstiqlaliyyət küçəsində yerləşən Elmlər Akademiyasının Rəyasət Heyətinin bınasına sarı addımladığını, binanın girişinə çatar-çatmaz qəfildən ayaq saxlayıb, sanki təqib edildiyindən agah olduğunu ona anlatmaqdan ötrü geriyə qanrıldığını və oradan qarşı səkiyə – professorun arxasında gizləndiyi qəzet köşkünə baxdığını xatırladı...
Bədənini bürüyən soyuq tərdən üşüdüb yenidən yorğana büründü, fikrini ayrı səmtə yönəltməyə, özünü ənənəvi üsullarla sakitləşdirməyə çalışdısa da, yuxunun davamı yaddaşından necəsə öz-özünə süzüldü... və professor içi xırda titrəyişlərlə titrəyə-titrəyə Rəyasət Heyətinin giriş qapısı ağzında fikrini dəyişmiş kimi qəfildən dayanıb geriyə çönən o adamın binaya daxil olmadığını, bir müddət orada dayanıb dura-dura qarşı tərəfdən sanki onun düz gözünün içinə zilləndiyini, sonra pillələri tələsik addımlarla enib, ona sarı addımlamağa başlayan məqam yuxunun həmin o gərgin məqamından son ayların sınanmış “tıxac üsulu” ilə sıçrayıb çıxdığını xatırladı...
Dikəlib yatağın kənarında oturdu və nəfəsi darala-darala neçə vaxtdan bəri yuxularında təqib etdiyi bozgödəkçəli adamın üzünü xatırlamağa çalışdısa da, bir şey alınmadı. Ayağa qalxıb otağın işığını yandırdı, pəncərəni taybatay açdısa da, qabırğalarının altındakı soyuq qorxu cərəyanları səngimədi...
Bir qədər sonra isə vanna otağında əl-üzünü yuyarkən güzgüdəki əksinə – son günlərin gərginliyindən bürüşmüş üzünə, altı kölgələnmiş gözlərinə baxa-baxa fikirləşdi ki, daha qorxulu olanı həmin bu yuxu silsiləsinin sanki yazılmış şəkildə gecədən-gecəyə qəribə bir ardıcıllıqla inkişaf etməsi, son yuxularının isə havanın temperaturu, maşın tüstüsü və ağacların, hətta becid yeridiyindən tərləyən bədəninin qoxusu, yaxud ayağının altında əzilən torpağın xışıltısından ətinin ürpərməsi və sair bu kimi əhəmiyyətsiz detalları bütün reallğı və dəqiqliyi ilə yaddaşında saxlaması idi. Məsələn, dünənki yuxusundan yaddaşına ilişib qalmış adda-budda görüntülər – bozgödəkçəlinin sağ yanağındakı çapığın quruluşu, axşamüstü qaranlıq həyətlərinə daxil olarkən ayağının altında qalıb onu büdrədən düyməyə bənzər dəmir qırığı, blokun ağzına çatar-çatmaz dördüncü mərtəbədə gedən təmirin qoxusu və sair bu kimi xırdalıqlar bütün bu vaqeələrin yuxuda yox, hansısa real məkanda baş verdiyinə şübhə yaradırdı. Yuxuların iblisanə məzmunu, hadisə və olayların bir-birini qəribə səliqə ilə, vahid xətlə əvəzləməsi bir şeydən xəbər verirdi: o, hansı sirli qanunauyğunluqlar üzrəsə öz yuxularındaca hansısa irreal, irreal olduğu qədər də gerçək bir ərazinin sakininə, ya əsirinə çevrilməkdədir... və bilavasitə şahidi, ya iştirakçısı olduğu bütün o ilğımvari görüntülər onun təsəvvür imkanlarının fövqündə olan müstəvilərdə həqiqətən baş verməkdədir...
Ümumiyyətlə, son yuxuları ilə bağlı professoru ən çox narahat edən məqamlardan biri və ən düşündürücüsü – son yuxuların sonluqlarının yuxudan-yuxuya necəsə dəyişilməyə, sınanmış “oyanış fəndlərinin” – yuxunun ən çıxılmaz yerindən qəfil sıçrayışlarla çıxma əməliyyatlarının sanki gecikməyə, bəzən onu yerindən tərpənməyə belə imkan verməyən iblisanə aramlıqlarla lənglənməyə başlaması idi. Əvvəlkilərdən fərqli olaraq, son yuxularında professorun peşəkar “sıçrayışlarının” heç bir nəticə verməməsi, yuxunun ənənəvi sonluğunda – özünü tövşüyə-tövşüyə çatdırdığı blokun ağzında əvvəlki yuxularından fərqli olaraq daha çox ləngiməsi, pillələri qalxmağa heyi, zəngin düyməsini basmağa əli çatmasa da, ümidini itirməməsi, nəfəsini saxlayıb ürəyini dayandırmağa çalışsa da, yuxudan necəsə təbii şəkildə ayılması sanki həyatını köklü şəkildə dəyişəcək nədənsə – hansısa sirli dönüşdən, ya başlanğıcdan xəbər verirdi...
İki gün əvvəlki gecə isə professor yuxudan, demək olar ki, ürəyi tam dayanandan, gözləri qaralıb, nəfəsi itəndən sonra ayılmışdı. Yuxu professorun iş otağından başlamışdı... Professor bu dəfə bozgödəkçəlini qəbuluna yazılmış xəstəsinin müayinəsi vaxtı kabinetinin dəhlizə açılan qapısının arasından görmüş, onu hər zaman olduğu kimi, sumağı rəngli ucuiti ayaqqabılarının xəstə parıltısından və ala-bula bozluğu ilə canavar kürkünü andıran gödəkçəsindən tanımışdı.... Yuxuda kabinetin qapısı qəfildən necəsə öz-özünə aramla aralanmış, aralıqdan – dəhlizdə kiminləsə sanki onun barədə astadan danışan bozgödəkçəlinin silueti görünmüşdü. Professor müayinəni saxlayıb ayağa qalxmış, ehtiyatla qapıya yaxınlaşmış, dəhlizə çıxıb nə qədər o baş, bu başa boylanmışdısa da, bozgödəkçəlini tapmamış, hətta indicə qapının ağzında onunla xısınlaşan yaşılı paltolu ortayaşlı xanımın da sanki buxarlanmış kimi yoxa çıxdığından sarsılmışdı. Həmin o bozumtul siluet professorun gözünə bir də işdən çıxanda – xəstəxana ilə üzbəüz səkidəki tramvay dayanacağında dəymişdi... Adamların arasında arxası ona sarı dayandığı üçün üzünü dəqiq seçə bilmədiyi bu adamın vahiməsindən mədəsi oyulsa da, professor özünü o yerə qoymamış, təlaş və həyəcanını içinə qısıb, bir müddət yağış çətirini döyəcləyə-döyəcləyə dayanıb qalmışdı... Tramvay dayanacağından sonra baş verənlər isə professorun əvvəlki gecələr gördüyü yuxularından nə iləsə, olsun ki, hədsiz reallığı və yaddaşa hopma qabiliyyəti ilə seçilmişdi...
Bu gecəki yuxuda isə professor qaranlıq dalanlarla qaçıb özünü tövşüyə-tövşüyə binanın blokuna salanda, pillələri tələsik qalxıb, qapının ağzında həyəcandan əl-ayağı əsə-əsə ənənəvi “açaraxtarma” əməliyyatına başlayanda əvvəlki yuxularında haradansa – aşağı mərtəbələrdən eşidilən hənirtiləri, az qala, qulağının dibində duymuş, geriyə qanrılmağa macal tapmamış, arxadan kiminsə zindan kimi ağır əlinin çiyninə qonduğundan nəfəsinin dayandığını hiss etmişdi…
“Belə çıxır ki... – professor ovuclarına doldurduğu suyu üzünə vurub, son gecələrin yuxusuzluğundan acışan gözlərini ova-ova fikirləşdi, – ...nizamlı ardıcıllıqla davam etməkdə olan yuxular gecədən-gecəyə, onun anlamaq iqtidarında olmadığı hansısa sirli qanunauyğunluqlar üzrə ha tərəfəsə yön alır və olsun ki...”
Bu yerdə professor dizlərinin boşaldığını, dəsmalı asılqana keçirən əlinin titrədiyini hiss etdi, vanna otağının işığını söndürüb mətbəxə keçdi və orada özünə çay hazırlaya-hazırlaya fikirlərinə aydınlıq gətirməyə çalışdı.
Olsun ki, son gecələr yuxularının sonunda işə düşən ləngimələr ona asta-asta yaxınlaşmaqda olan Ölümün özü idi... gecələrin biri bozgödəkçəlinin qiyafəsində ağız-burnunu həmin o zindan kimi ağır əli ilə qapadıb, döyüntüsü onsuz da gündən-günə zəifləyən ürəyini əbədi olaraq susduracaqdı...
Bu fikirdən ürək döyüntüləri sürətlənə-sürətlənə fikirləşdi ki, o amansız ölüm tələlərindən qurtulmağın yeganə yolu bütün iradəsini toplayıb yuxunun uyğun bir məqamı o adama yaxınlaşmaq, peşəkar ünsiyyət üsullarını işə salıb bu şüursuz təqiblərinin səbəbini özü də anlamadığını, bunun nə ilə əlaqədar ola biləcəyini belə bilmədiyini ona izah etmək idi.
Əslinə qalsa, professor bunu hələ srağagün – bozgödəkçəlini xəstəxananın dəhlizində kiminləsə danışdığı yerdə gördüyü yuxusunda etməyi qərara almışdı. Lakin yuxunun məzmununa uyğun necəsə öz-özünə açılan qapının arasından boylanarkən dəhlizin aşağı başında kiminləsə xısınlaşan bozgödəkçəlinin sehrli pıçıltısından yerindəcə donub qalmış, otaqdan çıxmağa cürət etmədən yerinə qayıtmış, yuxunun qalan hissəsini isə – iş gününün sonu tramvay dayanacağından başlayaraq evinəcən bütün yolu bozgödəkçəlinin inadkar təqibi altında, çəkməsinin dabanı yarıqaranlıq dalanların palçığında sürüşə-sürüşə, ayaqları həyətin kol-kosunda dolaşıb onu büdrədə-büdrədə qaçıb canını qurtarmaqla məşğul olmuşdu...
…Dəhlizdən qədim, kəfkirli divar saatının hüznlü ardıcıllıqla səkkiz dəfə vuran zənginin səsi eşidildi...
Ardı var