QADIN
Bir qadın xəstəxana pəncərəsindən baxar:
anasının qoxusunu almış körpə tək,
iməkləyər kor ölümün dalısınca.
Yaralı göyərçin qədər titrək,
payız yarpaqları kimi solğun,
siqaretdən yox, dərddən azarlamış,
bir cüt ciyərini qollarıyla sıxar.
bir qadın xəstəxana pəncərəsindən baxar,
və düşünər:
müharibələri, köçkünləri, əsirləri,
qan leysanının yuduğu səhra, çölləri,
səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
zibilliklərə atılmış körpələri.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və unudar:
QADINLIĞINI!
"Xudayarın nəğməsi"
Qeyrətinin üzünü yudu zabit,
Zühur etmiş arzular bulağında
Çiçək açdı mərmilər,
tüpürdü çarmıxa çəkilmiş İsa
erməni xislətinə.
Həsrətinlə yaşıd oğullar gəldi,
nəğmə deyə-deyə, fit çala-çala,
Bir evdə bir ananın
yuxusunda çilikləndi aynalar
vağzalı çalınmadı.
Xatirələri başdaşlarında qalan,
Ağoğlanı düşünüb Məryəm ana
yaddaş məzarlığında
hıçqırdı elə hey ağac-ağac,
saraldı yarpaq-yarpaq.
Göyə əl açan yaralı məscidlər,
Gileyləndi bu dünyanın işindən
üfüqlər əcəl kimi:
Peyğəmbəri-əkrəmin hüzurunda
Ağlamsındı mələklər.
Dalğalanar gözlərimdə bayrağım,
Gəldim oturub söhbətləşək, Şuşa:
sən, mən, dəfnə ağacı
Səbrim ovuclarıma sığmır daha
çırp keçmişin tozunu.
Təbiətin beşinci fəslindəyəm-
bir budağım gətirib qucaq-qucaq,
o biri tumurcuqlayıb
Dastan yazıb Cıdırda yallı gedən
Koroğlular, vətənim!.
"Xudayarın nəğməsi" ni oxuyur,
Yarım qalan səngər-səngər məktublar
Dağlara şeir aparın,
bir də ovuc dolu vətən buğdası-
göyərçin yuva salıb.
Ağac
And olsun təbiətə,
kəsilmiş ağacların
o səssiz hönkürtüsünə!
Mən sevgi şeirlərini
Heç vaxt vərəqdə yazmadım:
Musiqi kimi gəldi,
Nəğmə kimi zümzümə etdim
Üşüdü misralarımdakı ağaclar,
Bir quş qanadı kimi
Titrədi dodaqlarımda bir təbəssüm
Gecdir,
Çıx get, dostum
meşənin yuxusu gəlir.
Yağış
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Buludlardan düşən bir yağışam mən,
Qismət olsa yanağından öpəcəm.
Bu ağlağan göy üzündən qurtulub,
Əllərini, kirpiyini sevəcəm.
Mən bir evəm,
Başım üstə damım yox,
Darıxmağa dostum yox,
Adamım yox.
Yağmağım da gəlmir daha çöllərə,
Qan qoxuyan, qisas görən ellərə.
Daha gülə, budağa qonacağam.
Yar qoxuyan otağa hopacağam.
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Günahını sərib gecə yollara,
Dəyişib namusu dövlətə, vara
Bu sonsuz yer üzünə,
Düşürəm mən hər fəsil.
Göy üzünün gözündən,
Buludların içindən
Qara, sarı torpağa,
Bağrı yarıq torpağa.
Mənə yol ver,
Yola doğru yoldaş ver!,
Mənə söz ver,
Söz tutacaq sirdaş ver!.
Daşa çevir məni indi, ilahi!,
Puça çevir, heçə çevir, ilahi!
Xatirə
Süd dişi ağarırdı göy üzünün:
Yavaş-yavaş gözlərini
Açırdı səhər.
Evdən məktub alan əsgər,
nişanlısı üşüməsin deyə
buşlatını çıxarıb atdı xatirələrin üstünə.
Çəkmə
Sıxılıb bir küncə darıxır,
Vətən boyda yol gedən
əsgər çəkmələri
Hardasa bir şəhidin ayağı üşüyür.
Ağappaq bir göyərçin
dimdiyində dəfnə yarpağı,
qonur çiynimə-
Gülümsəyir göyün üzü,
Gün çıxır.