Elektron ədəbiyyat və sənət portalı

"Azadlıq" romanı

Bölmə: "Azadlıq" romanı 01.05.2024

Romanın əvvəli burada:

https://aydinyol.aztc.gov.az/newsview/2588/Azadliq-romani

* * *

 

   Klinikanın hay-küylü dəhlizlərinin həmişəki kimi, elə bil şəhərin yuxulu küçələrinə aidiyyəti yox idi. Rastına çıxan kimlərləsə salamlaşmaq, saxta təbəssümlə hal-əhval tutmaq üzüntülərindən xilas olmaqdan ötrü professor döşəməsi ağ neftlə yağlanmış dəhlizlərin divar dibi ilə tələm-tələsik ötüşüb özünü ən sonuncu otağa – kabinetinə saldı.  Paltosunu soyunub səliqə ilə asılqana keçirdi, şkafdan çıxardığı ağ, nişastalı xalatını əyninə geyinəndə yenə üç il bundan əvvəl itirdiyi qarısının mehriban üzünü xatırladı...

   Qarısının vəfatından sonra professor xalatını klinikanın xadimələrinə yudurdurdusa da, hər səhər bu xalat professora əziz qarısını xatırlatmaqdan yorulmurdu.

   ...Otağın qapısını kimsə ehtiyatla tıqqıldadıb açdı və qeydiyyat şöbəsinin ağ papaqlı, gülərüz tabelçisinin başı göründü:

   – Sabahınız xeyir, professor.

   – Sabahın xeyir, – professor qızın salamını başını düymələdiyi xalatından ayırmadan aldı, yerinə keçib masanın üstündəki kağız-kuğuzu sahmana salmağa başladı.

   – Sizə zəng vurmuşdular, professor. Adını dedi, yaxşı eşitmədim. Soruşdu ki, bu gün qəbul saatınız neçədədi, mən də dedim.

   – Yaxşı elədin, – professor dedi və qızı mümkün qədər tez yola salmaqdan ötrü eynəyini gözünə taxıb, stolun bir tərəfinə yığılmış xəstəlik vərəqələrini bir-bir gözdən keçirməyə başladı.

   Son vaxtlar ətrafdakı insanların dəli həyatsevərliyi, becid yerişləri, gümrah səsləri professorun onsuz da zəif əsəblərıni qıcıqlandırırdı.

   Tabelçi bir müddət otağın kandarında nəyisə gözləyirmiş kimi dayanıb durdu, sonra kiminsə çağırışına hay verib qapını örtdü, bir qədər keçmiş dəhlizdən qızın isterik gülüşü eşidildi. Və professorun yadına srağagün klinikada baş verən əcaib hadisə – kabinetinin qapısını içəridən açarlayıb gün ərzində yanına bir kəsi buraxmayan, daxili telefon zənglərinə, qapı döyülməsinə cavab verməyən, iş gününün sonunda isə otaqdan ağarmış bənizi, bərələ qalmış gözləri ilə çıxıb dinməz-söyləməz evinə yollanan baş həkim düşdü…

   “Klinika yavaş-yavaş öz xəstələrinə oxşamağa başlayır...” – professor fikirləşdi və əlinin altına keçən sarımtıl xəstəlik vərəqəsini oxumağa hazırlaşırdı ki, qapı yenə xırda-xırda döyüldü və içəri səliqə ilə geriyə daranmış hamar, çal saçlarıyla çar dövrünün həkimlərini xatırladan ortaboylu, arıq bir qoca daxil oldu. O, xırda addımlarla irəli yeriyib professorun yazı masasının yaxınlığında dayandı.

   – Siz qəbula yazılmısınız? – professor soruşdu və eynəyini alnına qaldırıb qocanı başdan-ayağa süzdü.

   Qoca professorun sualına cavab vermək əvəzinə, əlindəki içi dolu çantasını döşəməyə qoydu, müayinə kreslosuna əyləşib bozumtul, xırda gözlərini onun üzünə zillədi, sonra qəribə tanış bir səslə:

   – Tanış olaq, akademik Siracov. Camal Siracov, – dedi.

   Qonağın üzü professora tanış gəldisə də, onu harada gördüyünü yadına sala bilmədi.

   – Mən bura, sizin yanınıza xəstə kimi gəlməmişəm... – qoca nədənsə ehtiyat edəntək asta səslə sözünə başladı. – Sizinlə həmkar kimi görüşüb danışmağa ehtiyacım var.

   Professor qocanın səliqə ilə kəsilmiş ağappaq dırnaqlarına baxıb:

   – Buyurun, dinləyirəm, – dedi və qollarını qəribə yöndəmsizliklə qoltuğuna vurdu.

 Qoca:

   – Mən də sizin kimi elm adamıyam... amma sizin kimi praktik yox, daha çox nəzəriyyəçiyəm, – deyib susdu. Günah və iztirab kölgələri dolaşan üzündən nədənsə həyəcanlandığı bilinirdi.

   Akademik danışdıqca professor vaxtına qənaət eləmək məqsədilə bayaq masanın üstünə yaydığı müayinə vərəqələri arasında akademikin soyadını axtardısa da, tapmadı. Müayinə vərəqəsi akademikin özündə idi.

   Akademik vərəqəni çantasından çıxarıb masanın üstünə qoydu:

   – Dedilər, vərəqəsiz qəbul etmirsiz, mən də hər ehtimala qarşı aldım.

   Professor vərəqəni qabağına çəkib oxudu. “Siracov C.N.; 1918-ci il; ilkin diaqnoz – maniakal depressiv psixoz; simptomlar: davamlı səbəbsiz təqib və təhlükə hissi, skleroz”.

   – Professor... – akademik dedi və altındakı stulu bir qədər irəli, professorun yaxınına çəkmək istədisə də, dərisi solğun balaca, incə əllərinin gücü çatmadı. – Sizdən bir xahişim var, mənə xəstə kimi yanaşmayın... Mən sızin yanınıza müalicə üçün gəlməmişəm.

   Akademikin bu sözlərindən, ya nədənsə professorun ürəyi sıxıldı.

   – Məni düzgün başa düşün, hər ikimiz elm adamıyıq... – akademik tez-tez, sözlərin axırını yeyə-yeyə elə danışırdı, elə bil harasa tələsirdi. - Siz insanların ruhi durumu, psixikası ilə məşğulsunuz, mənim sahəm bir qədər qəlizdirsə də, peşə yönümüz çox yaxın və bir-birinə zəncir kimi bağlıdır.

   – Narahat olmayın, danışın, mən sizi dinləyirəm, – professor hövsələsi daralsa da, özünü ələ alıb eynəyini burnunun üstünə qaytardı.

   Qoca akademik onun bu sözündən sanki azca toxtadı, əlini daraq əvəzi saçlarına keçirib geriyə hamarladı, sonra bir az da astadan, göz bəbəkləri sanki deyəcəyi sözün xofundan, ya nədənsə irilə-irilə:

   – Mən tələdəyəm, professor, – dedi.

   – Nə mənada?.. – professor ortaya düşən yöndəmsizliyi aradan qaldırmaqdan ötrü yenidən akademikin müayinə vərəqinə zilləndi.

   – …Mən qorxulu yuxular görürəm... – akademik bu dəfə professorun gözünün içinə elə baxdı, elə bil indi bu dəqiqələrdə nə isə baş verəcəkdi.

   – Qorxulu yuxular görmək bizim peşəmizdi, əziz Camal müəllim, bundan narahat olmağa dəyməz.

   – Yox, elə deyil, – akademik dedi və yumaq kimi büzüşdü. – Mən ağılasığmaz dərəcədə vahiməli yuxular görürəm. Yuxudan qan-tər içində, bəzən ürəyim, az qala, dayana-dayana ayılıram. Bəzən elə olur ki, ayıla bilmirəm. Oradan özümü ürəyim partlaya-partlaya, boğula-boğula çəkib-çıxarıram. Sonra nə qədər dava-dərman içirəmsə də, xeyri olmur. Ötən ay həmin o yuxuların birində düşdüyüm çıxılmaz vəziyyətin dəhşətindən infarkt keçirmişəm…

   Akademik danışdıqca professor fikirləşirdi ki, demə, yuxu tələlərinə düşən tək bir o deyilmiş. Deməli, alim qocalığının axırı, sonu məhz bu imiş. Eyni durum onu da gözləyir, ya da, bəlkə, artıq öz “arzusuna” çatıb. Hansı dəli dəliliyini boynuna alar ki? Axır günlər klinikanın baş həkimi kimi, o da həmin o yuxuları ilə yavaş-yavaş öz xəstələrinə oxşamağa başlayır.

   …Akademik həyəcanlı idi... danışdıqca daxili təşvişi xof dolu vahimə ilə əvəzlənir, halı ölümqabağı canüstü çapalamaları xatırlatmağa başlayırdı.

   – …Yoldaşım, az qala, hər gecə evə təcili yardım çağırır, məni aparata qoşub ürəyimi, nəbzimi yoxlayırlar... hər dəfə də üzümə elə baxırlar, elə bil... – akademik boğazına dolan qəhərdən sözünün ardını gətirə bilmədi, məlul nəzərlərlə professora baxdı. – Mən... çox qorxuram, professor.

   – Sakit olun, özünüzü ələ alın, - professor akademikin solğun üzünə, quş caynağını xatırladan balaca əllərinə baxa-baxa sakit səslə dedi. – Burada axı, Allaha şükür, sizi qorxuda biləcək nə isə yoxdur. Qorxu hissini bizim nümunəmizdə, yəni elm adamlarında əsasən  gərgin beyin fəaliyyətinin doğurduğu əsəb yorğunluğu, yaxud uzunmüddətli, davamlı depressiv hallar yarada bilir. Bu da öz-özlüyündə insanın təbii, normal durumudur. İndi mən sizə bir neçə bitkitərkibli əsəb sakitləşdirici dərmanlar, psixo-terapevtik  təmrinlər yazacağam, deyilənlərə düzgün əməl edəcəksiniz və hər şey qaydasına düşəcək.

   – Bu, xəstəlik deyil, professor, – akademik qəfildən həyəcanlandı və çantasını nədənsə döşəmədən qaldırıb dizləri üstünə qoydu, sonra üzünü professora yaxınlaşdırıb, sanki sözlərini kiminsə eşidəcəyindən ehtiyat edə-edə lap astadan:

   – Məni təqib edirlər, professor, – dedi və elə bil titrətdi.

   Akademikin bu sözündən professorun ürəyi düşdüsə də, özünü o yerə qoymadı:

   – Güdürlər?..

   Akademik professorun sualını bu dəfə başı ilə təsdiqlədi.

   – Deyə bilərsiniz, o yuxuları nə vaxtdan görməyə başlamısınız?..

   – Nə vaxtdan? – akademik yuxudan ayılantək özünü dikəltdi, bir qədər fikrə getdikdən sonra, – bəlkə də, dörd, ya beş ay olar, – dedi. 

   Professor ürəyinin akademikin hər sözündən titrədiyini hiss edib özünü ələ almağa çalışa-çalışa ayağa qalxdı, qoymağa yer tapmadığı əllərini xalatının cibinə salıb:

   – Danışın, – dedi, – danışın, yuxuda nə görürsünüz, nədən qorxursunuz... Sizi təqib edən… – bu yerdə içindən elektrik cərəyanıtək yandırıcı və öldürücü nələrinsə ani qapanmalarla ötüşdüyünü hiss edib sözünə ara verdi. – Siz o adamı, yəni təqib edəni tanıyırsınız?

 

   Akademik bayaqdan bu sualı gözləyirmiş kimi stulunu bütün bədəni ilə professora sarı çəkdi, qorxudan irilmiş bəbəkləri titrəyə-titrəyə:

   – Mən bu adamı tanımıram, məni niyə, hansı səbəbdən güddüyünü də bilmirəm… – deyə pıçıldadı.

   Professor dizlərinin boşaldığını, mədəsinin, içinə doldurulan qurğuşuntək ağır nədənsə dartıldığını hiss etdi…  Akademikin indicə dedikləri ilə öz yuxuları arasındakı qorxunc oxşarlıqların, sirli paralelliyin arasında azıb qaldısa da, özünü o yerə qoymadan:

   – Deməli, deyirsiniz ki, onu tanımırsız... – dedi, sonra bir qədər vaxt udmaqdan ötrü sualının ardını gətirdi. – Kimdənsə şübhələnirsiz? Məsələn, ola bilər, həyatınızda, bəlkə də, lap cavanlıq illərində hansısa dostunuzun, ya yaxınınızın ürəyini sındırmısınız, kiməsə borclu qalmısınız…

   Akademik nə isə demək istədi, amma demədi, susub bulanıq gözlərini professorun üzünə zillədi.

   – Deyirəm, yəni belə şeylər olur, – professor bunu deyib, beyninə bir-birinin ardınca dolan təhlükəli fikirləri başından qovmaq üçün qələmi əlinə aldı və akademikin müayinə vərəqəsində yazılmış “maniakal depressiv psixoz” sözlərinin altından xətt çəkdi. – Yəni belə şeylər – inciklik, ürək sınması və sair bu kimi hallar insanın təhtəlşüuruna hopub sonradan ona olmazın əzablar verir, ağır iztirablar yaşadır...

   – Xeyr, olmur... Ola da bilməz, – akademik professorun sözlərindən  tutulmuş kimi ağzının içində sanki öz-özünə dedi.

   Professor masanın böyür tərəfindəki kresloya əyləşdi, ortaya düşən pərt sükutu aradan qaldırmaq üçün:

   – Yaxşı olardı, yuxularınızı danışasınız,  – deyib akademikə baxdı. – Heç olmasa, birini.

        Akademik çiyinlərini çəkib susdu, başını aşağı salıb, sanki nəyisə xatırlamağa çalışırmış kimi fikrə getdi və haçandan-haçana qəribə bir hüznlə:

   – Onların hamısı, əslində, bir şeydi... – dedi və elə bil özü də öz dediyindən xoflandı. – Yuxu hər dəfə eyni yerdən başlayır. Mən akademiyadan çıxıb evə yollanarkən...

   Akademikin dediklərindən, ya nədənsə professorun halı lap korlandı, ayağa qalxıb iş masasının arxasındakı yerinə əyləşdi və hövsələsiz hərəkətlərlə siyirmələrdə eşələnməyə başladı:

   – Siz danışın, danışın, mənə fikir verməyin, – deyib oradan çıxardığı tütün dolu xırda düyünçəni və qəlyanını masanın üstünə qoydu, düyünçəni açıb, qəlyanı doldurmağa başladı.

   Akademikin canında daşıdığı vahimə bir anda sanki bəbəklərinə yığıldı,  üzündə qaramtıl kölgələr dolaşdı.

   – ...Mən hər dəfə onunla tramvay dayanacağında rastlaşıram. Daha doğrusu, onun orada olduğunu hiss edirəm. Görürəm, adamların arasında dayanıb kiminləsə danışır, amma bilirəm, fikri hər an məndədir. Aradabir qanrılıb uzaqdan-uzağa gözucu mənə baxdığını da sezirəm…

   Akademikin bu təsvirindən səksəndi... ürək döyüntülərinin qəribə, nizamsız sürətlə tezləşdiyini hiss etsə də, qəlyanın tüstüsünü dərin udumla içinə çəkdi və tüstünün qatı acısından boğula-boğula öskürməyə başladı.

   Professorun öskürəyi akademikin fikirlərini yayındırmadı. O, yuxularını zilləndiyi uzaq, məchul boşluqlarda görürmüş kimi, qırıq-qırıq cümlələrlə danışır, aradabir fikri sanki yuxuda büdrədiyi hansı döngədə, ya tindəsə qırılır, susub dayanır, sonra ardını gətirir, balaca əllərini üşüyürmüş kimi gah qoltuqlarında, gah çəlimsiz dizlərinin arasında sıxıb qızdırmalı kimi titrədirdi.

   – …O, hər dəfə eyni yerdə dayanır... hər dəfə də guya kiminləsə danışır… sonra tramvay gəlir… Mən tramvaya minirəm… O da minir və əyləşmir... hər dəfə haradasa arxalarda dayanır… bütün yolu kürəyimə zillənə-zillənə…

   Professor gözlərinin qaraldığını hiss edib ayağa qalxmaq, otağın pəncərələrini açmaq istədisə də, başı hərləndi... bir qədər keçmiş nə baş verdisə, akademikin səsi eşidilməz oldu… və o, bədəninin bir neçə il bundan əvvəl keçirdiyi ağır ürək əməliyyatı qabağı duyduğu ölüm qorxusundan soyumağa başladığını hiss etdi...

   – …mən tramvaydan həmişəki yerdə – parkın yaxınlığında düşürəm... O da düşür... mənim ardımca... amma onun nə vaxt, necə düşdüyünü görmürəm... bir də hiss edirəm ki, səssiz addımlarla arxamca gəlir...

   Akademik danışdıqca haldan-hala düşür, dil-dodağı quruyurdu.

   – ...məni küçənin qaranlığında kölgə kimi qarabaqara izləyir… onu hey azdırmağa çalışıram ki, mənzilin yerini bilməsin… özümü gah ağaclığın sıx yerinə salıram, gah dalanlarda gizlənirəm... o isə bilir… O, hər şeyi bilir… 

   Professor qəlyanın külünü külqabıya boşaltmağa başladı və hiss elədi ki, əlləri titrəyir.

  Akademik onun son aylar tələsinə düşdüyü yuxularını danışırdı… sanki həmin o bozgödəkçəli xəfiyyənin təqibindən qurtulub özünü yarıqaranlıq bloka salmağını, pillələri tələsik halda, ürəyi partlayıb ağzına gələ-gələ qalxaraq, qapıya çatarkən açarı əlləri titrəyə-titrəyə axtarmağını təsvir edirdi…

   – Bu gecə isə... – bu yerdə akademiki əsəbi bir öskürək tutdu, bir müddət sanki özü öz içində düşdüyü tüstüdən, ya nədənsə boğula-boğula öskürməyə başladı.

   Professor masanın kənarındakı qrafindən su töküb, stəkanı akademikə uzatdı. Akademik sudan bir qurtum alıb, stəkanı yerinə qoydu, boğazının gicişməsindən avazıyan xırıltılı səsilə sözünə davam etdi:

    – …qapının ağzına çatanda hər dəfə hiss edirəm, – lap yaxında, arxamda dayanıb, səsini çıxarmır ki, burada olduğunu hiss etməyim. Mən zəngin düyməsini basıram, eşidirəm, zəng çalınır… içəridən qapını açmağa gələn yoldaşımın ayaq səslərini eşidirəm… qapı isə açılmır... Axırda əlacsız qalıb qapını var gücümlə döyürəm, qışqırıb köməyə çağırıram… Eşidirəm ki, yoldaşım qapıya yaxınlaşır, o biri üzdən nə isə deyirsə də, anlaşılmır… – bu yerdə akademikin səsi titrədi, boğazına dolan qəhəri udub,  – ...mən qışqırıram, “havam çatmır” deyirəm, içəridən “gözlə” deyirlər, “indi açıram” deyirlər... qapı isə açılmır…

   Professor hiss elədi ki, onun da boğazı qəhərdən sıxılmağa başlayır, ağlamağı gəlir.

   – Mənə kömək edin, professor… – akademik qəfildən yuxudan ayılmış kimi professorun əllərindən yapışdı. – Mənə inanın… bütün bunlar, bu danışdıqlarım heç bir yorğunluğun, gərginliyin əlaməti deyil. Mən qorxunc bir tələyə düşmüşəm... o tələdən məni bircə siz, siz qurtara bilərsiniz…

   – Siz… deyirsiz, anlamıram, – professor da sanki yuxudan ayıldı, kreslonun söykənəcəyinə dayaqlanıb akademikə baxdı. 

   – Mənə deyiblər... siz şüuraltı yaddaşa aparan yolu tapan yeganə mütəxəssissiniz, bilirəm.

   Akademikin gözlərindəki vahimə yalvarış dolu yazıq ifadə ilə əvəz olunmuşdu. Professor çiyinlərini çəkib:

   – Anlamadım, şüuraltının bura nə dəxli var? – dedisə də, yuxunun bilavasitə şüuraltı yaddaşla bağlı olduğunu xatırlayıb susdu.

   – Məni o tələdən yalnız siz qurtara bilərsiniz… – akademikin səsi titrəyirdi, başı təslim olmuş kimi aşağı əyilmişdi. – …Yalnız siz.

 Professor:

   – Bir dəqiqə, bir dəqiqə. Sizə, olsun ki, səhv məlumat veriblər, mən əsla şüuraltı yaddaş kimi qəliz məsələlərlə məşğul olmuram... – deyib dikəldi və elə həmin anda nədənsə özünü bu nurani üzlü, çəlimsiz alimin qarşısında günahkar hiss etdi.

   – Siz mənə inanmırsınız... – akademik sakitcə dedi və yenə qırıq-qırıq öskürdü, sonra peşman halda professorun üzünə zilləndi, xırda gözlərinin dərinliyində köməksiz çıxılmazlıq həyəcanını andıran qorxunc kölgələr oynadı. – Amma bilin, mənim sizdən savayı üz tutmağa ayrı ünvanım yoxdu...

 Professor:

   – Əvvəla, mən demədim ki, sizə kömək eləmək istəmirəm, – deyib ayağa qalxdı, əllərini xalatının cibinə salıb akademiklə üzbəüz dayandı. – Sadəcə, istəyirəm biləsiniz ki, şüuraltıya müdaxilə etmək, oralarda hansısa əməliyyatlar aparmaq... bu, elə də asan başa gələn məsələ deyil. Mənim köməyim bir bu ola bilər ki, müəyyən seanslar təyin edə bilərəm. Yəni sinir sisteminin bir qədər sakitləşməsi üçün.

 Akademik:

   – Nə istəyirsiz, edin, – deyib başını aşağı saldı və susdu.

   – Yəni bu seanslar haradasa şüuraltı yaddaşa da təsir göstərə bilər.

   – Sizə yalvarıram... – akademik başını qaldırıb professorun gözlərinin içinə elə baxdı, elə bil bu dəqiqə oturduğu yerdə kreslosu qarışıq sonu, dibi görünməyən qaranlıq uçuruma yuvarlanacaqdı. – Elə edin, mən bir daha o darısqal yuxu tələsinə düşməyim. Siz bilmirsiniz... onlar məni yuxuda aparacaqlar...

   Akademik sözünü bitirib qəribə bir çəkisizliyə düşmüş kimi, oturduğu  yerdə yelləndi.

   – Kim, onlar?..

   – Məni diqqətlə dinləyin, professor... – akademik elə bil professorun sualını eşitmədi – ...bu yuxular, əslində, yuxu deyil...

   – Yuxu deyil?..

   Professor akademikin son cümləsindən vahimələndi, ürəyi bulana-bulana onun gözünün içinə baxdı.

   Akademik dəliyə oxşayırdı…

 Ardı var