Elektron ədəbiyyat və sənət portalı

"Azadlıq" romanı

Bölmə: "Azadlıq" romanı 15.05.2024

Romanın əvvəli burada:

https://aydinyol.aztc.gov.az/newsview/2597/Azadliq-romani

* * *

       Akademik: 

      – Bəli, elədir ki var. Bütün bu danışdıqlarım, orada baş verənlər yuxu deyil, professor, mənə inanın... – deyib başını sirli eyhamla tərpətdi. – Bunu mən ən sonuncu yuxumda – dünən anlamışam. Bu… – akademik bu yerdə sözünə ara verib gözlərinin dərinliyində xəstə parıltılar oynaya-oynaya, – …bu ora aparan yolun başlanğıcıdır.

– Ora?.. Ora, yəni hara?..

Akademik şəhadət barmağını çiyni üstündən harasa arxaya tuşlayıb, deyəcəyini sanki kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi, az qala, pıçıltı ilə:

– O biri tərəfə…  – dedi. – O dünyaya. Məni düzgün başa düşün, professor. Mən… – bu yerdə qocanın səsi endi, – …mən ölümdən qorxmuram. Mən, sadəcə, ora aparan yolun o adamboğan, darısqal dalanlarında itib-batmaqdan, oralarda əbədi qalmaqdan qorxuram... məni anlayırsınız?

Professor akademikin yuxularla bağlı dediklərindən içində nəyinsə qırıldığını hiss etdi... başını intuitiv olaraq təsdiq işarəsi ilə tərpədib “anlayıram” dedisə də, hələ ki heç nə anlamadığını başa düşdü. Akademikin yuxuları onun yuxularının başlanğıcı, ya davamı kimi bir-birinə qarışdı... və o, söhbətin onun qavrayışının dərk etmək iqtidarında olmadığı sirli və ən əsası, real bir aləmdən getdiyini, bu aləmin ha tərəfdə olduğunu təsəvvürünə belə gətirməkdə çətinlik çəkdiyini anladı.

– ...Mən başa düşürəm... artıq anlayıram... – akademik təslim olmuş kimi, heysiz səslə dedi. – Bu, axırdı... o yuxular mənim sonumdu.

Akademik susdu. Elə bil danışmaqdan yoruldu, gözləri də sanki söndü. Sonra heysiz halda:

 – ...Bu yuxular cəhənnəmə aparan yolun astanasıdı... – dedi və professora onunla vidalaşırmış kimi, son dəfə baxantək baxdı.

Professor şok vəziyyətində idi... Qəlyanı külqabının bir kənarında tüstüləyə-tüstüləyə, anlaqsız baxışlarla uzaq məchulluğa zillənmiş halda oturub qalmışdı.

– ...Amma indi anlayıram... anlayıram ki, ora, o qorxunc tələyə nədən düşmüşəm, – akademik gözü qəlyanın tüstüsündə, danışmağa davam etdi, – özü də görün bir, o tələyə məni  necə və harada saldılar...

Kimsə qapını o biri üzdən ehtiyatla tıqqıldatdı və aralayıb içəri boylandı. Professorun başını qaldırmadan astadan dediyi “gözləyin”dən sonra geriyə çəkildi və qapı sakitcə bağlandı.  

– ...Axı mən neçə vaxtdan bəri bir mövzu üzərində işləyirdim... Ötən ay əlyazmanı yandırmaq istədimsə də, əlim gəlmədi… – akademik yenə məlul baxışlarla professora zilləndi. – Əsərdə dünyalararası ərazilərlə bağlı müəyyən qadağalı mətləblərə toxunulur… Yəni söhbət – gerçəklə ölüm arası ərazilərdən gedir... 

Professor “qadağalı deyərkən siz nəyi nəzərdə tutursunuz?” deməyə hazırlaşırdı ki, qapı yenə astaca döyüldü və açıldı, klinikanın qeydiyyat şöbəsinin ağpapaqlı xanım əməkdaşı içəri boylanıb nəzakətlə:

– Çox-çox üzr istəyirəm, professor, burada xəstələr maraqlanır, bu gün qəbul olacaq, ya yox? – deyib professorun üzünə baxdı.

Professor üz-gözünü iki əli ilə ovuşdurub əsəbi halda astadan: 

– Gözləsinlər, – dedi və beynini dumantək bürüməkdə olan qarmaqarışıq fikirlərini sahmanlamağa çalışdı.

   Hələlik aydın olan bir bu idi ki, akademik nə ruhi, nə də psixi xəstə deyildi.

     Yuxular və şüuraltı yaddaşla bağlı oxuduğu  ədəbiyyatları, oradan özü üçün seçib lazımi qeydlər apardığı mətnləri xatırlamağa çalışdısa da, iki adamın eyni vaxtda eyni yuxunu görməsi, yaxud yuxuda eyni məkana düşüb, orada cərəyan edən hadisələrdə iştirak etməsi kimi ağılasığmaz mətləblər barədə hansısa məlumata, ya fikrə rast gəldiyini yadına salmaq istədisə də, bir şey alınmadı.

        Professor:

       – O adamın... sizi təqib edənin zahiri görünüşünü təsvir edə bilərsiz? – deyib ayağa qalxdı, pəncərənin qabağına keçib bayaq açdığı laylarını bağladı, pərdəni çəkib, geriyə qanrılmadan elə oradaca dayanıb qaldı.

      ...Akademik elə bil sözünü bitirmişdi. Süst təslimlə kreslonun söykənəcəyinə dayaqlanıb fikrə dalmışdı. Professorun səsinə sanki yuxudan ayılmış kimi dikəlib boğuq, kal səslə:

– Siz... mənimləsiniz? – dedi. 

Professor yerinə qayıtdı, masanın arxasında əyləşib akademikin gözlərinin içinə baxa-baxa:

– Deyirəm, o adamın… sizi yuxuda təqib edəni deyirəm, görünüşü barədə nə isə deyə bilərsiz?

– O, çox qorxuncdu, – akademik fikirləşmədən dedi. – Üzünü dəqiq yadıma sala bilmirəm… daha doğrusu, onun üzünü görmək mənə heç cür müyəssər olmur. Yadımda qalan bircə o boz gödəkçədi. Onun o boz damalı gödəkçəsi…

 Professor ağzını açıb nə isə demək istədisə də, heç nə demədi, üzünü akademikdən gizləməkdən ötrü kənara çevirib divara vurulmuş iri təqvimə baxa-baxa oturub qaldı.

      – Siz nə isə demək istədiniz, amma... – akademik dedi və xofdan yığılıb kiçilmiş nöqtə kimi xırda gözlərini professora zillədi. – Siz nədən susdunuz? 

Professor dinmədi. Akademikə heç nə deyə bilməzdi. Ən azı ona görə ki, burada, işin bu saatında xəstəlik vərəqəsi ilə müayinəyə gəlmiş pasientlə tərəf müqabili kimi danışmağa ixtiyarı yox idi.  

– ...Sizə yalvarıram, professor, məndən heç nə gizləməyin, – akademik ayağa qalxmışdı, həyəcandan təngiyən nəfəsini nizamlamağa çalışırdı.

Başını çevirib akademikin açıq-maviyə çalan gözlərinə, üzündəki solğun qırışlarına baxdı. Hə, akademikə heç nə deyə bilməzdi. Ən azı o səbəbdən ki, qocanın səhhətinin onsuz da ürəkaçan olmadığı göz qabağında idi. Odur ki, mümkün qədər mülayim tərzdə:

 – Mən heç nə gizlətmirəm, sadəcə düşünürəm, – deyib ayağa qalxdı, akademikin çiyinlərindən tutub nəzakətlə yerinə oturda-oturda, – siz əyləşin, xahiş edirəm, -  deyib yerinə keçdi, kreslonun söykənəcəyinə dayaqlanıb qollarını çarpazladı.

...İndi o, akademiki ənənəvi metod və üsulları ilə ovundurub yola salacaq... – professor qocanın xofunu səngitmək üçün üzünə gülümsəyə-gülümsəyə düşündü – ...özü isə burada, ruhi xəstələrlə dolu bu hay-küylü klinikada yarıqaranlıq yuxularının əsirliyində  qalacaqdı…

Fikirləri yenə bir-birinə qarışdı. Aydın olan bir bu idi ki, o heç kimə dəyib-dolaşmadan öz yolu ilə işinə gedib evinə döndüyü bu ahıl yaşında öz evindəcə, yorğan-döşəyinin içindəcə çıxılmaz yuxu quyusuna düşmüşdü və həmin o quyuda ondan savayı bir adam da vardı... həmin bu mavigözlü, çəlimsiz, kövrək akademik.

Boğazı qupquru qurumuşdu... Əlini qrafinə atıb stəkana su süzdü, akademikə təklif eləmədən iri qurtumlarla başına çəkdi.

 Masanın kənarındakı daxili telefonun zəngi çalındı və dəstəyin o biri başında opera müğənnisinin səsini andıran səs eşidildi:

– Bu nə işdi, kolleqa, camaatı niyə qəbul eləmirsən? – baş həkimin səsi elə idi, elə bil onunla uzanan yerdə danışırdı.

– Xəstəm var, vəziyyəti bir qədər ağırdı.

– Yəni o dərəcədə ağırdı?

Professor dinmədi.

– Yaxşı, nə deyirəm. Boşalanda xəbər elə.

Dəstəyi yerinə asıb, akademikə baxdı:

– İndi mənə qulaq asın. Sizə bir qədər dincəlmək, bir neçə yüngül trankfilizator qəbul etmək lazım olacaq, bir də pis olmazdı ki…

– Professor, – akademik professorun sözünü kəsib, yuxularının xofundan yığılan gözlərini onun üzünə zillədi, məyus səslə, – demək, mənə inanmırsınız... – dedi və cavab gözləmədən ayağa qalxıb çantasını əlinə aldı və xırda addımlarla qapıya sarı yeridi, orada ayaq saxlayıb geriyə çöndü, bir anlıq qorxu və iztirabdan büzüşmüş üzü ilə professora baxdı, sonra dinib-danışmadan ehmal addımlarla otaqdan çıxdı.

Akademikdən sonra professor bir müddət yazı masasının arxasında oturub qala-qala, tarazlığını itirmiş kimi, qəribə, yöndəmsiz bir çəkisizliyə düşdü, başını əlləri ilə qapadıb dumanlı beynini sahmanlamağa çalışdısa da, akademikin iztirab və xof dolu üzü imkan vermədi...

***

       …Professor xəstəxanadan çıxanda yağış yağırdı... Tramvay dayanacağı həmişəki kimi adamla dolu idi deyə kənara çəkilib yaxındakı qəzet köşkü damının ensiz artırması altında dayandı. Çox keçmədi ki, bir qədər aralıda adamların sıxlaşdığı şüşəli divarın dibinə qısılan tanış bozumtulluğu necəsə gözünün yanı ilə sezdi... və bundan ürək döyüntülərinin tezləşdiyini, nəfəsinin yenə təngiməyə başladığını hiss etdi... “Yox, belə getməyəcək… –  dizləri boşala-boşala fikirləşdi – …hər şeyin bir sonu, izahı olmalıdı”. Nəyin bahasına olursa-olsun, özünü ələ almalıdı, həyasız təqibləri ilə gününü qara eləyən bu tərbiyəsiz adama yaxınlaşmalı, adamların arasında yaxasından tutub silkələyə-silkələyə ondan nə istədiyini, bu əndazəsiz təqiblərlə nə demək istədiyini, nəyə nail olmağa çalışdığını ondan soruşmalıdı.

Bu fikirlə professor paltosunun boyunluğunu qaldırıb adamların arasından sezilən bozumtulluğa sarı baxdı… Buradan – onun dayandığı yerdən bozgödəkçəlinin üzü görünmürdü. O, arxası ona tərəf, sanki kiminləsə danışır, aradabir tramvayın gəlişini gözləyirmiş kimi yolun o biri üzünə boylanırdı.

    …Getdikcə güclənən yağışın doldurduğu iri gölməçənin üstündən adlayıb bozgödəkçəliyə sarı bir neçə addım atdısa da, qəfildən bədəninin, içində qırıq cərəyanlarla ötüşməyə başlayan nələrdənsə titrədiyini hiss edib ayaq saxladı, əllərini paltosunun cibinə salıb söhbətin nə ilə qurtara biləcəyi, tramvayla gedəcəyi yolun marşrutunu, bir neçə dayanacaqdan sonra düşəcəyi küçənin kimsəsiz qaranlığını, həyətlərinə aparan yolun kənarlarıyla sivişəcəyi dalanları, pillələrini nəfəsi kəsilə-kəsilə, divarlarına qısıla-qısıla qalxacağı yarıqaranlıq bloku xatırlayıb duruxdu...

        Bu məqam bayaqdan bəri adamların arasında dayanan cavan gəlin qəfildən əlindən çıxıb yola qaçmaq istəyən balaca qız uşağını saxlayıb əsəbi-əsəbi silkələməyə, danlamağa, uşaq isə qışqırıb ağlamağa başladı...

       Bu səhnədən, ya nədənsə professor içində qəribə bir rahatlıq hiss etdi və özünü toparlayıb bozgödəkçəliyə sarı bir neçə addım atdısa da, qəfildən tanımadığı, yaşını belə bilmədiyi bu adama necə müraciət edəcəyini, ona “ay oğlan”, yoxsa “vətəndaş”, ya “a bala” deyə ünvanlanacağını bilmədiyini xatırlayıb dayandı.

     ...Bozgödəkçəli lap yaxında, adamların arasında idi... arxası professora sarı dayanıb hələ də kiminləsə danışırdı...

         Yaxşısı budur – professor bozgödəkçəliyə çatıb ayaq saxladı – ...ehmalca onun kürəyinə toxunsun... – fikirləşdi və elə həmin an təsəvvüründə aramla geriyə – ona sarı çönəcək bozgödəkçəlinin canavar gözünə bənzər qorxunc bəbəklərini onun üzünə zilləyəcəyi canlandı…

Küçənin yuxarı başından tramvayın zəngi eşidildi və professor təsəvvürünün canlandırdığı mənzərədən, yoxsa tini burulub, dayanacağa yaxınlaşan tramvayın hədsiz qırmızılığından nəfəsinin təngidiyini hiss etdi…

Tramvay dayanacağa çatıb dayandı, qapılarını açdı və professor bozgödəkçəlinin, yanındakı arıq, donqar bir adamla danışa-danışa tramvaya arxa qapıdan mindiyini, salonun adamla dolu sıxlığına qarışıb gözdən itdiyini gördü.

Yox, tramvaya minməyəcəkdi – professor fikirləşdi – beləcə, yerində dayanıb dura-dura səbirlə tramvayın qapılarının bağlanmasını gözləyəcəkdi.

 Professor elə də elədi. Tramvay qapılarını bağlayıb, zəngini çala-çala yola düzəldi. Tramvayın uzaqlaşıb, küçənin aşağı başında gözdən itməsini ürəyi çırpına-çırpına müşahidə edə-edə fikirləşdi ki, əslində, bunu çoxdan eləyə bilərdi. Bozgödəkçəlini beləcə, usta fəndlə tramvaya ötürüb, özünü rahat şəkildə evə çatdıra, qapı-bacasını kip bağlayıb bu qorxunc qaçdı-tutdu mərasimindən qurtula bilərdi, amma nədənsə ağlına gəlməmişdi.    

     …Əllərini paltosunun cibinə salıb dərindən nəfəs aldı və dayanacağın şüşəli divarına vurulmuş cədvəldə növbəti tramvayın gəliş vaxtına baxdı. Azı 20 dəqiqə vardı... Bu uzun-uzadı 20 dəqiqəni gözləmək professora nədənsə çox üzücü gəldi, odur ki çətirini açıb, yolun kənarı ilə şəhərin mərkəzinə sarı addımlamağa başladı.

Bir qədər getmişdi ki, hava sanki necəsə qəfildən qaraldı, yağış bir az da gücləndi və professor yolun kənarında dayanıb müştəri gözləyən taksilərdən birinə minməyi qərara aldı, sonra bütün yolu maşının pəncərəsindən yağışlı, qaranlıq küçələrə baxa-baxa bayaq tramvay dayanacağında işlətdiyi usta fəndi bu vaxtacan nədən işə salmadığına görə ürəyində özünə acığı tutdu.

...Taksini həyətlərinin yaxınlığında saxladıb düşdü və qalan yolu havanın yağışdan sonrakı təmizliyini ciyərlərinə çəkə-çəkə getdi. Evlərinə çataçatda çönüb hər ehtimala qarşı, geriyə baxdı. Küçə bomboş idi. Yaş asfalt küçə fənərlərinin işığı altında parıldayır, yolun kənarıyla uzanan sərv ağacları asta küləyin əsintisi ilə aramla yellənirdi.

Professor bir qədər də yeridi, həyətlərinə çatmağa azca qalmış arxadan eşidilən xəfif hənirtiyə geriyə boylandı və az qaldı, vahimədən bağrı yarıla…

Yenə o idi... dama-dama gödəkçəsinin bozluğu küçənin yarıqaranlığında qaraya çala-çala, ayaqqabıları yaş asfaltın üzəri ilə buzun üstə sürüşəntək sürüşə-sürüşə ona sarı axırdı…

Tələsik tini burulub, nəfəsi darala-darala, ayaqları bir-birinə dolaşa-dolaşa özünü həyətə saldı. Həyət həmişəki kimi zülmət qaranlığa qərq olmuşdu, nə bir adam, nə səs vardı... İndi binaya daxil olmaq, bu ilğımvari casusu öz ardınca mənzilin qapısınacan aparmaq olmazdı – professor addımlarını yeyinlədə-yeyinlədə, tövşüyə-tövşüyə düşündü – ...onu ötən gecə etdiyi kimi həyətin ağaclığında azdırmalı, yalnız sonra oradan sivişib özünü bloka salmalıdır. Həyəcandan, ya yüyrək yerişindən ayaqları sözünə baxmır, bir-birinə dolaşıb onu büdrədir, az qala, yerə yıxırdı... Özünü ağaclığa zorla çatdırdı, iti budaqlar üz-gözünü cıza-cıza yaxındakı kol-kosa sarı cumub özünü sıx yaşıllığın arasına saldı, çöməlib nəfəsini içinə qısdı və həyətin sakitliyinə diqqət kəsildi.

           Həyətə qaranlığın özü kimi ağır bir sakitlik çökmüşdü… Həyətin həmişəki sakitliyindən nə iləsə fərqlənən bu səssizliyi aradabir binaların arası ilə əsən küləyin və onun ağır-ağır yırğaladığı budaqların xışıltısı pozurdu.

        – Professor...

     Professor haradansa, lap yaxınlıqdan eşidilən qəfil səsdən dik atıldı…

        – …Mənəm… mən burdayam…

     Professor bir anlıq eşitdiyi səsin ona hədsiz tanış gəldiyindən duruxdusa da, yerindən tərpənmədi, gizləndiyi kol-kosun arasında dizləri boşala-boşala, ürək döyüntüləri zəifləyə-zəifləyə oturub qaldı.

        – Yalvarıram, kömək edin, professor…

Səs bu dəfə, elə bil bir az uzaqdan gəldi və professor səsi tanıdı...

     …Bu, bir az əvvəl klinikadakı otağında qəbul etdiyi akademikin səsi idi…

    – O budu, burdadı... mənim ardımca gəlib…

    – Siz… – professor vahimədən nəfəsi tutula-tutula yan-yörəsinə boylanıb akademiki qaranlıq ağaclıq boyu axtardı, – ...siz hardasınız? Mən sizi görmürəm…

Professor sözünü bitirməyə macal tapmamış, həyətin o biri başından qaça-qaça özünü ağaclığa salan kiminsə yaxınlıqda kimləsə süpürüşməyə başladığını və həmin o yaxın məsafədən akademikin qırıq boğultularla pıçıldadığı “professor...” xırıltısını eşitdi...

– …kömək… ed… profes… – akademikin xırıltısı getdikcə eşidilməz oldu... sanki ağzını qapayan nəyinsə ağırlığı altında yoxa çıxdı və sakitlik çökdü.

 

Professor bir anlıq heç nə düşünmədən, bədəni vahimədən uçuna-uçuna  ağaclıqdan sıçrayıb çıxdı, keyimiş ayaqları bir-birinə dolaşa-dolaşa bloka sarı götürüldüsə də, yol bu dəfə ona hədsiz uzun və çətin gəldi… Ağaclıqla blok arasındakı beş-on addımlıq məsafə gecənin vahiməli qaranlığı ilə uzandıqca uzanır, ayaqları bataqlıqla yeriyirmiş kimi ağırlaşırdı…

...Pillələri zor-bəla, nəfəsi, az qala, kəsilə-kəsilə qalxıb, nəhayət, qapıya çatdı, bir müddət orada əl-ayağı bütün vücudunu bürümüş vahimədən əsə-əsə açarları axtardı…

Açarlar həmişəki kimi yenə paltonun yırtıq cibindən sürüşüb düşdüyü astar tərəfində idi… Qolunu, az qala, dirsəyəcən astarın içinə salıb cibin dar yırtığına ilişmiş açarları birtəhər çəkib çıxartdı, qapının dəliyinə keçirib iki dəfə burdu və… dəhşətdən yerindəcə donub qaldı…

…Arxada səssizcə dayanmış kiminsə buz kimi soyuq əli çiyninə qonmuşdu…

…Başı hərləndi... özünü toparlayıb geriyə çönmək istədisə də, çiynindəki ağırlıqdan yerindən tərpənə bilmədi, boğazına tıxactək dirənən qəhəri udub astaca:

– Nə istəyirsən? – deyə inildədisə də, arxadan səs gəlmədi.

...Arxadan cavab əvəzinə, sanki qapısı aramla aralanan buzxanadan soyuq hava axdı…

...Professor qupquru qurumuş dilini ağzının içində zorla hərəkətə gətirib yenə “məndən nə istəyirsən” demək istədisə də, bütün vücudunun, çiyninə qonan zindan kimi ağır əlin altında necəsə boşalmağa, soyuyub çəkisini itirməyə başladığını hiss etdi... bir müddət canını bürüyən ölüm vahiməsindən qurtulmaq üçün vurnuxub it kimi zingildədi... sonra qəfildən vəhşi səslə elə bağırdı ki, az qaldı, ürəyi parçalana… və öz səsinə ayıldı…

…Yataq otağının yarıqaranlq sakitliyi, suvağı tökülmüş tavan əcaib səslər və xırıltılar dolu yuxunun vahiməsini səngitdikcə, aşağıda həyəti süpürən süpürgəçilərin səsləri eşidilməyə başlayırdı...

“Olsun, səhərə az qalır…” – professor fikirləşib yorğanı üstündən atmaq, ayağa qalxmaq istədisə də, çəngindən indicə qurtulduğu dəhşətli yuxusunu, orada  hansı möcüzə iləsə düşdüyü ölüm havalı darısqallıqları xatırladı... Bu xatırlamalardan ürək döyüntülərinin zəifləməyə, nəfəsinin ciyərlərində ləngiyə-ləngiyə, qırıq-qırıq sinəsinə sızmağa başladığını hiss edib əlini sinəsinə qoydu və bir müddət özünü toparlamağa çalışdı. Sonra dolabın üstündəki gecə lampasını yandırıb, eynəyini gözünə taxdı və üzbəüz  divardan üzünə zillənən saata baxdı.

Beşə on dəqiqə işləyirdi...

Dünən işığı keçirib gecə yatağına girdiyi vaxtı xatırlamağa çalışdı və xatırladı.  

Düz yeddi saat yatmışdı. Deməli, düz yeddi saat qaranlıq dalanların arasıyla vurnuxmaqla, lənətə gəlmiş bozgödəkçəlinin təqibindən qaçıb canını qurtarmaqla məşğul imiş…

Qəribədir – professor nəfəsini nizama sala-sala fikirləşdi – klinikadan evinə aparan gündəlik marşrut, olsa-olsa, bir saatlıq vaxt aparırdı. Yuxuda isə o yol yeddi saat çəkmişdi. Yuxunun zaman ölçüsü ayrıdır… yaxud, olsun ki, o hansısa ayrı zaman ölçüsünə düşüb... 

Professor dikəlib bir müddət yatağının içində otura-otura yuxular və ayrı zaman ölçüləri haqqında oxuduqlarından nə isə xatırlamağa çalışdısa da, yadına heç nə düşmədi, ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə pəncərənin qabağına keçdi və qaranlıq həyətə zilləndi.

Həyətin tən ortasında eynibiçimli, hündür kollartək bir yerə sıxlaşmış ağaclar eynilə bayaqkı yuxudakıtək binaların arası ilə sürünən küləyin təsirindən asta-asta yırğalanır, vahiməli-vahiməli xışıldayırdı…Və elə bu məqam professor akademikin xışıltının içi ilə onu köməyə çağıran boğuq səsini xatırladı...

 Bu xatırlamadan üşüdüb pəncərədən geriyə çəkildi, otağın işığını yandırıb  dolabın siyirmələrində ürək dərmanını axtara-axtara fikirləşdi ki, akademiki tapmalıdır… onunla təcili görüşməli, hər şeyi olduğu kimi danışmalı, hər ikisinin düşdüyü bu çıxılmaz vəziyyətin səbəbini və çıxış yollarını birgə axtarmalı olduqlarını bildirməlidir...

Divar saatı ağır kəfkirini işə salıb altı dəfə vurdu və professor akademiklə klinikada baş tutan dünənki görüşünü xatırlayıb, onu necə, haradan tapacağı barədə düşündü. Akademikin şəxsiyyət vəsiqəsinin göstəriciləri və yəqin ki, ev ünvanı klinikanın qəbul şöbəsində olmamış deyil. “Ən azı, bunsuz akademikə xəstəlik vərəqəsi açmazdılar,” – professor fikirləşdi və bu fikirdən elə bil bir qədər rahatlıq tapdı.

 

 Ardı var