Elektron ədəbiyyat və sənət portalı

Orta əsrlərdə Azərbaycanın elm mərkəzləri

Bölmə: Azad ərazi 23.05.2024

Mirzə Kazım bəy

 

Sankt-Peterburq Universitetinin “Şərq dilləri” fakültəsinin dekanı professor Mirzə Kazım bəy Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçiləndən sonra slavyan alimlərinin ona olan kin-küdurəti daha da artdı. Kazım bəy Şərq ölkələrinin, eləcə də çar Rusiyasının tabeliyində olan Azərbaycanın zəngin fəlsəfə, elm və mədəniyyət tarixini yorulmadan tədqiq edir, Qərb və rus alimlərinin adına yazılan elmi ideyaların əksəriyyətinin, əslində, Şərq alimlərinə məxsusluğunu irəli sürürdü. Akademiyanın həqiqi üzvü olması professorun üzünə daha geniş qapıların açılması demək idi. Bu səbəbdən Sankt-Peterburq Universitetinin bir qrup alimi Mirzə Kazım bəyin qarşısını kəsməyə çalışırdı. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı akademiki olan Kazım bəyə ən böyük zərbəni isə riyaziyyatçı alim Laboçevski vurdu. Guya Qeyri-Evklid nəzəriyyəsinin banisi sayılan Laboçevski Kazım bəyin böyük alim, filosof və astronom Nəsirəddin Tusi ilə bağlı bir mühazirəsini dinlədikdən sonra professordan onun kitablarını istəyir. Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri-Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosofu, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmiş, onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ, Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”. Laboçevskinin bu addımının əsas səbəbi antik yunan filosofu Evklidə alternativ bir nəzəriyyəni öz adına çıxmaq deyildi. Burada əsas səbəb həmin alternativ nəzəriyyənin bir müsəlman aliminin əlindən alınması idi – bunun ya Laboçevski, ya da başqa alimin adına yazılması məsələnin ikinci tərəfi idi. Mirzə Kazım bəy səhvini sonradan anladı. Onun həmin universitetdə oxuduğu başqa bir vacib mühazirə də rus alimlərinin kürkünə birə salmışdı. Orta əsr Azərbaycanında fəaliyyət göstərən elmi akademiyalardan bəhs edən mühazirədə xeyli yeni faktlara toxunulurdu. Burada orta əsr Azərbaycanının elmi qüdrəti ilə yanaşı, kiçik bir ərazinin bütün Şərqə verdiyi töhfədən də bəhs edilirdi. Həmin mühazirədə adları çəkilən elmi mərkəzlər dövrün diktəsi ilə mədrəsə, rəsədxana adlanırdı. Mirzə Kazım bəy bu elm ocaqları haqqında danışmaqla oranın yetirmələri olan alimlərin, filosofların Şərq, eləcə də dünya elminə verdikləri töhfələri önə çəkirdi. Bu səbəbdən də rus alimləri nə yolla olursa olsun, Azərbaycandakı elmi mərkəzlərlə bağlı mühazirəyə qarşı çıxdılar. Nəticədə həmin mühazirə mətni də it-bata düşdü. Çox təəssüflər olsun ki, bu gün qədim və orta əsrlər Azərbaycanındakı elmi mərkəzlər haqqında geniş danışılmır…

 

Məlhəm Akademiyası

 

Orta əsr mənbələrində Şamaxı Akademiyası kimi də tanınan bu elmi və sağlamlıq ocağının əsası XII əsrdə qoyulub. Məşhur Azərbaycan şairi Xaqani Şirvaninin əmisi Kafiyəddin Ömərin yaratdığı elm ocağına Şərqin bir çox ölkələrindən gəlirdilər. Səfərin iki məqsədi olurdu: bəziləri şəfa tapmaq, sağlamlıqlarına qovuşmaq üçün təşrif buyururdular ki, onların sayı-hesabı yox idi. Bəziləri isə burada tədris olunan dünyəvi və İlahi elmləri dərindən öyrənmək üçün Məlhəmə pənah gətirirdilər. Məlhəm Akademiyasının məzunları Azərbaycan və ətraf ölkələrin əsas elm xadimləri kimi tanınırdılar. Bu xüsusda Xaqaninin əmisi Kafiyəddin Ömərin rolu çox böyük olub. Adı İbn Sina ilə yanaşı çəkilən, böyük təbib-filosof hesab edilən Ömər Osmanoğlu Məlhəm məktəbində təbabəti fəlsəfə və başqa elmlərlə sintez etməyə cəhd göstərirdi. O, xarici mühitin insan fiziologiyası və patologiyasına təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Məsələn, o, Günəşin təsirindən o qədər danışırdı ki, onun doğulduğu yer “Dədə Günəş” adı ilə tanınmağa başladı. Qeyd edək ki, həmin ərazi indi də bu adla məşhurdur. Kafiyəddin Ömərin təşkil etdiyi akademiyanın nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər və onun davamçılarının elmdə əsas nailiyyətlərindən biri yalnız faktlara və müşahidələrə əsaslanmaları və onların dərin təhlilini vermələri idi. Onun təşkil etdiyi akademiyanın tibbi şöbəsi, ilk növbədə, Azərbaycanda klinika tədqiqat metodlarını yaymağa başladı. Ömərin Məlhəm Akademiyası ilə yanaşı, ikinci şah əsəri Şərqin böyük şairi, dahi Nizaminin özünə müəllim hesab etdiyi Xaqani Şirvanidir. Xaqani Öməri özünün əsas müəllimi hesab etmiş və şair kimi formalaşmasında ona borclu olduğunu bildirmişdi:

Əmim simurq kimi

`sərf edib əmək,

Qanadı altına alaraq Zaltək –

Qaldırdı biliyin Qafına həmən.

Bəsləndim onun

öz yuvasında mən.

O oldu həmişə mənə mehriban,

Yaralı könlümə

o qoydu dərman.

Gördü söz mülkünə

mən bir hakiməm.

Adımı o qoydu: Həssani-Əcəm.

 

Məlhəm Şamaxı yaxınlığında yerləşən kənddir. Səfalı təbiəti, şəfalı havası və suyu ilə hər zaman fərqlənib. Məlhəmdə yerləşən elm və sağlamlıq ocağının ikinci funksiyası da müxtəlif xəstəliklər üçün dərmanların, məlhəmlərin hazırlanması olub. Rəvayətə görə, kəndin adının Məlhəm qoyulması da elə bu faktla bağlıdır. Xalq yazıçısı İsa Hüseynovun “Məhşər” romanında Məlhəm Akademiyasından geniş bəhs edilib. Əsərdə ciddi psixoloji sarsıntı keçirən şəxslər Məlhəmdəki gizli ocağa gələrək oradakı hücrələrdə şəfa tapırlar. Burada Qədim Şərqin, Osmanlının bir çox təbabət üsullarından istifadə edilirdi. Məsələn, ruhi sarsıntı keçirən xəstələrə günün müəyyən saatlarında su səsi dinlədilirdi.

 

“Darüş-Şəfa” və ya Rəşidiyyə mədrəsəsi

 

Azərbaycan tarixinin vəzir-alimlərindən olan Fəzlullah Rəşidəddin, əslində, inzibati idarəetmə işlərini seçməklə elmə zərbə vurmuş oldu. Burada söhbət alimin öz elmi yaradıcılığından gedir. Amma başqa alimlərin yetişməsi üçün Elxanilərin vəziri olan Rəşidəddin əlindən gələni edirdi. Onun əsasını qoyduğu “Darüş-Şəfa” elm ocağı Şərqin bir çox ölkələrindən gələn şəyirdlərin bilik mənbəyinə çevrilmişdi. Fəzlullah Rəşidəddinin Şərqə və Qərbə miras qoyduğu əsas prinsip və sahələr isə tibb, vergi, idarəetmə və astronomiya ilə bağlı idi. Bundan əlavə, onun təsis etdiyi “Rəbi-Rəşidi” elmi şəhərciyi o dövrün ən böyük intellektual mühiti idi. Burada tibb, astronomiya və dəqiq elmlər sahəsində elmi araşdırmalar aparılırdı. “Rəbi-Rəşidi”nin qazandığı elmi nailiyyətlər uzun müddət Avropa alimlərinin mayakına çevrilmişdi. Burada da dünyanın müxtəlif yerlərindən gələn alimlər işləyirdilər. Hətta Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən bura mütəxəssislər gəlir və onlar üçün bütün lazımi şərait yaradılırdı. Həmin yerdə bu akademiyanın xarabalıqları indi də qalır. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu akademiyada əsas yeri tibb, əczaçılıq, botanika sahələri tuturdu. Maraqlıdır ki, həmin akademiyanın yaxınlığındakı, “Fəxrabad” adlı yerdə böyük botanika bağı olub. Orada akademiyanın klinikalarında müalicə alan xəstələr üçün indiki dillə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilib. Arxeoloji tədqiqatlar nəticəsində həmin botanika bağında xüsusi qablarda müxtəlif dərman bitkilərinin toxumlarının olması müşahidə edilib. Akademiyanın nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi “Rəşidiyyə” adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi fəaliyyət göstərirdi. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada püxtələşirdi. Akademiyanın nəzdində bir neçə aptek də olub. Burada işləyən həkimlər yaşayış evləri ilə təmin olunurdular. Rəşidəddin xüsusilə Azərbaycan alimlərinə böyük önəm verirdi.

 

Elmin NURİ