Elektron ədəbiyyat və sənət portalı

"Azadlıq" romanı

Bölmə: "Azadlıq" romanı 31.05.2024

Romanın əvvəli burada:

https://aydinyol.aztc.gov.az/newsview/2601/Azadliq-romani

***

 

Akademikin şəxsiyyət vəsiqəsinin göstəriciləri və ünvanı qeydiyyat kitabçasında uzun bir siyahının ortasında, müxtəlif ad-familiyaların arasında səliqəli xətlə yazılmışdı…

Professor bu rəqəmləri kiçik bloknot vərəqinə köçürüb cibinə qoydu, otağına qalxıb, paltosunu soyunmadan yazı masasının arxasına keçdi, telefonun dəstəyini qaldırıb arayış xidmətinə zəng vurdu, akademikin ünvanını deyib bir müddət gözlədi, bir qədərdən sonra dəstəyin o biri başında eşidilən nömrəni akademikin soyadı və ev ünvanının yazıldığı sətirin altına köçürüb, dəstəyi həmin dəqiqə də əlinə aldı və yığdı.

Uzun-uzadı çağırış zənglərindən sonra telefona cavan oğlan səsi cavab verdi:

–  Bəli.

– Alo, sabahınız xeyir, – professor nəzakətlə dedi.

– Sabahınız xeyir.

– Camal müəllimi olar?

Telefonun o başında bir müddət susdular.

– Alo, bu, akademik Camal Siracovun nömrəsidir? – professor bu dəfə həyəcanını gizləyə bilmədi.

Dəstəyin o biri başından təmkinlə səslənən:

– Kimdi soruşan? – sözləri eşidildi.

– Onun həkimidi... professor Veyisov. Bilirsiniz, dünən o, klinikaya gəlmişdi, mənim yanıma…

– Bəli, buyurun.

– Üzr istəyirəm, mən onun özü ilə danışmalıyam. Mümkünsə, təcili, – professor mümkün qədər nəzakətlə dedi.

Telefonun o başında yenə susdular...

 Professor:

– Alo?! Əgər evdə yoxdursa, iş nömrəsini verin, mümkünsə... – dedi və nömrəni yazmaq üçün qələmi əlinə aldı.

– Bilirsiniz... – oğlan nə isə demək istədi, amma sanki nədənsə tərəddüd edib susdu. Sonra qəribə, rəsmi tonda, – akademik bu gecə vəfat edib... – dedi və ortada uzun-uzadı pauza yarandı.

 Professor:

– Vəfat edib? Akademik... vəfat edib? – elə həmin an sualının yersiz olduğunu başa düşdü... bu gecəki yuxusunu, qaranlıq ağaclığın dərinliyindən eşidilən vurnuxma səslərini, orada kiminləsə süpürləşən akademikin yalvarış dolu xırıltılı səslə inildədiyi son “professor” sözünü  xatırladı… bu xatırlamadan gözlərinin qaraldığını, qulaqlarında uğultu yarandığını hiss etdi.

– Cənazə bu gün saat beşdə Elmlər Akademiyasının bınasından götürüləcək, – dəstəyin o biri başından eşidildi, sonra hüznlü bir sakitlik çökdü.

 Professor nə deyəcəyini bilmədən nə isə mızıldasa da, dəstəyi asdılar.

Bir müddət gözü telefon aparatının ağ gözlər kimi dövrələnmiş nömrələrinə zillənmiş halda oturub qaldı. Akademikin bu qəfil vəfatı, həyətin ağaclarını vahiməli-vahiməli yırğalayan küləyin səsi, asta bəbir yerişi ilə ardınca yeriyən bozgödəkçəlinin yaş asfaltın üstünə düşən qorxunc silueti bir-birinə qarışdı…

“Bu, necə ola bilərdi?”... Professor alnındakı soyuq təri çibindən çıxardığı burun dəsmalı ilə silib, dəstəyi əlinə aldı və bayaqkı nömrəni bir də yığdı.

Bu dəfə dəstəyi ikinci zəngdə qaldırdılar. Danışan yaşlı qadın idi.

– Bu yenə mənəm… – professor astadan dedisə də, telefonun o biri başından səs gəlmədi. – Mən çox-çox üzr istəyirəm, bu, akademik Siracovun evidi? Fəlsəfə elmləri doktoru, akademik Camal Siracovun mənzilidi?

– Bəli, – qadın hüznlə dedi.

– Bilirsiniz, indicə bu nömrədən ağır bir xəbər aldım. Bilmək istəyirdim ki…

– Bəli… elədir ki, var. Cənazə bu gün saat beşdə Elmlər Akademiyasının binasından götürüləcək.

– Sağ olun, – deyib dəstəyi asmaq istədisə də, nə isə xatırlayıb, – üzr istəyirəm, danışan professor Veyisovdu. Mən… 

– Veyisov? – qadın təəccüblə soruşdu.

– Mən həkiməm... psixiatr Veyisov...

Dəstəyin o biri başından yanıqlı bir ah səsi eşidildi:

 – A-ah, professor Veyisov... Camalın son ümidi…

– Mən… – Bilirsiniz, o gün… o gün o, klinikaya gəlmişdi… – professor hiss elədi ki, danışdıqca pörtür.

– …Sizdən sonra o, bütün ümidini itirdi… – qadının acı təəssüf dolu səsi eşidildi, sonrakı sözləri telefon xəttində yaranan xırıltılara qarışıb itdi.

Professorun qulağına qadının qəribə təslim dolu yanğı ilə dediyi “axır apardılar onu…” sözləri dəydi. Yoxsa, ona elə gəldi?

– Siz… “apardılar” dediniz? – professor içi titrəyə-titrəyə dedisə də, qadın sanki onu eşitmədi:

– …O elə hey bunu deyirdi... Ümidi yalnız siz idiniz... amma əliboş qayıtdı... – Dəstəyin o biri başına sakitlik çökdü, bir qədər sonra qadının,  – …ona heç kim kömək etmədi... daha doğrusu, edə bilmədi. Zavallının dərdinə əlac tapılmadı... – deyən qəhərli səsi eşidildi. 

– Sizi anlayıram… – professor hiss elədi ki, səsi titrəyir. – Mən… Günah məndədi...

– Tam da elə deyil, elə məsələlər var ki, orada yardım, ya kömək işə yaramır... – Qadın onu eşitmirmiş kimi, təmkin dolu aramla sanki öz-özünə danışırdı. – Onu yuxuda apardılar... özü dediyi kimi, gecə ilə sübhün kəsişməsində... Saat üçlə dörd radələri arasında…

– Yuxuda?.. Siz “yuxuda” dediniz?

– ...özü də həmişə deyirdi... “bu, mənim axırımdı” deyirdi... – qadın ah çəkib sözünə davam elədisə də, akademikin ölümü ilə bağlı yenə nələrsə dedisə də, professor daha heç nə eşitmədi... beynini ağappaq, soyuq fikir dumanı bürüyə-bürüyə oturduğu yerdəcə telefon dəstəyi əlində qaldı…

...Akademik bu gecə saat üçlə dörd arasında yuxuda keçinmişdi və bu ölüm aktı həmin radələrdə həm də necəsə onun yuxusunda baş vermişdi...

Bu necə ola bilərdi?..

Professor gicgahında yaranan soyuq giziltinin tədricən bütün bədəninə yayıldığını hiss etdi...

– …elə deyirdi, yanımda yat, qorxuram... – qadının qəhərli sözləri xırda, odlu qığılcımlartək qulağını dalayırdı. – Camal, əsla qorxaq deyildi, onu yuxuları o hala salmışdı. Bu gecə isə... – dəstəyin o biri başına səssizlik çökdü, – ...gecənin bir aləmi ayıldım ki, sizi çağırır, “kömək edin, professor…” deyir... – bu yerdə qadının boğazını qəhər tutdu, – ...yazıq elə bil suda boğulurdu, çapalayırdı... Mən çox çalışdım, çalışdım oyadam... amma...

Professor hiss elədi ki, daha danışmaq istəmir. Danışmağa heyi yoxdu. Bir də qadın kövrəldikcə, səsi əsəblərinə toxunur. Odur ki, söhbəti yekunlaşdırıb dəstəyi asdı. Paltosunu soyunub əlüzyuyanın qarşısına keçdi, krantı açıb bir müddət suyun səsinə diqqət kəsildi, sonra suyu ovuclarına doldurub üzünə vurdu və əlüzyuyanın üstündən asılmış balaca, dördkünc güzgüyə zilləndi...

Rəngi avazımış, gözlərinin altı neçə vaxtın yuxusuzluğundan dərin çuxura düşmüşdü…

Yerinə keçib masanın siyirməsini çəkdi, qəlyanını çıxarıb içini doldurdu, odlayıb tüstülədə-tüstülədə dünənin axşamından baş verən bütün vaqeələri – akademikin klinikaya qəfil gəlişini, başına gələnləri ona bəbəkləri vahimədən irilib kiçilə-kiçilə ən yaxın, məhrəm adamına danışantək danışmasını, bunun ardınca gecə yuxuda onun şahidliyi ilə baş verən sirli qətl hadisəsini bir-birinin ardınca sıraya düzüb, alınan ümumi mənzərənin məntiqini  anlamağa çalışdı.

…Akademiki yuxuda öldürmüşdülər – dəqiq olanı hələ ki bu idi. Digər daha qorxunc müəmma – həmin o qətlin necəsə, hansı möcüzə iləsə eyni yerdə və zamanda, üstəlik, həm də onun yuxusunda baş verməsi idi. Burada ən qaranlıq və anlaşılmaz olanı kimin kimin yuxusuna – onun akademikin, yoxsa akademikin onun yuxusuna düşməsi idi...

“Bütün bu anlaşılmaz qarmaqarışıqlığa aydınlıq gətirməyin vaxtı çatmışdı, bəlkə də, artıq ötmüşdü…” – professor düşündü və düşündükcə ürək döyüntülərinin sürətləndiyini hiss etdi. Bu gecə baş vermiş hadisə yuxu bildiyi bütün o görüntülərin yuxu yox, hər döngəsi insan həyatına təhlükə saçan real sirli ərazidə baş verdiyindən xəbər verirdi. İndiki durumda ən zəruri olanı – ilk növbədə, bu gecəki yuxunun haradan başladığını yadına salmaq, hadisənin onun, yoxsa akademikin yuxusunda baş verdiyini necəsə dəqiqləşdirmək idi ki, burada professor məsələyə necə, hansı tərəfdən yanaşmalı olduğunu təsəvvürünə belə gətirə bilmədiyini, olsun ki, buna heç bir vəchlə və heç zaman nail ola bilməyəcəyini bütün reallığı ilə anlayırdı.

...Bu gecəki yuxuda dəqiq yadında qalanı – klinikadan evə aparan gündəlik marşrutu ilə, 12 nömrəli tramvayla gedib öz küçələrində düşməsi idi... – professor yaddaşını gərib yuxuda baş verənləri təsəvvüründə canlandırmağa çalışdı və qəfildən bu gecə yuxuda evə tramvayla yox, marşrut taksisində yollandığını xatırladı… Həyətlərinə aparan asfalt yolun yaş səthi ilə yeriməyini, arxadan eşidilən hənirtiyə geriyə qanrılmasını və bütün vücudu ilə qısılıb, qara bəbir kimi arxasınca gələn bozgödəkçəlinin qorxunc siluetini görməyini, özünü təngnəfəs halda həyətə, oradan birbaş ağaclığın ən sıx yerinə salmağını xatırladı…

Evə marşrut taksi ilə yollanmağını çıxmaq şərtiylə, bu gecəki yuxusu o birilərin təkrarı idi... – professor tənbəkinin acı tüstüsündən, ya boğazına kələ-kötür tikətək ilişən fikirlərinin təsirindən boğulub öskürə-öskürə düşündü. –  Bu gecəki yuxuda baş verənlər, elə ondan əvvəlkilər də, olsun ki, akademikin dediyi kimi, yuxuda yox, ayrı bir ərazidə, real məkanda baş vermişdi... və əgər məsələ belə idisə, elə olan halda – şəhərin tamamilə ayrı səmtində yerləşən mənzilində, öz yataq otağında, öz yorğan-döşəyində yatan akademikin tamamilə ayrı bir məkanda – onların həyətində qətlə yetirilməsi necə, hansı məntiqlə, hansı məkan, yaxud zaman ölçüləri ilə hesablanmalı idi? Ya bəlkə… hər şey düşündüyündən daha sadə idi? Akademik də, o da klinikada ahıllıq psixozu ilə qeydiyyata düşən yüzlərlə ruhi xəstələrdən biri idi?..

...Akademik solğun bənizi, içində sönük işartılar oynayan qonur gözləri ilə gözünün qabağına gəldi...

Yox, akademik xəstə deyildi... sadəcə, nə isə baş verirdi... və onlar hər ikisi həmin o baş verənin qurbanları seçilmişdilər... Əgər elə olmasaydı, bu gecə həyətin qaranlıq ağaclığında ağlaya-ağlaya onu köməyə çağıran akademikin dediyi son sözləri şəhərin o biri başındakı mənzilində onunla yanaşı yatan arvadı necə eşidə bilərdi?

“...Yox-yox, hər şey ağlasığmaz dərəcədə sirli və qəliz idi… Təşvişə düşüb tələsik nəticələr çıxarmaqla nə isə əldə edilməyəcək. Soyuq ağıl və səbir – bütün düyünlərin və kələflərin açarı budur…” – professor fikirlərinə beləcə aydınlıq gətirməyə çalışdı və masanın kənarında duran qrafinin qapağını açıb stəkana su süzdü, suyu iri qurtumlarla içə-içə: “Birinci ehtimal budur ki, akademik xəstə deyildi... – fikirləşdi, – ...və indi belə məlum olurdu ki, o, həqiqətən, dediyi hansısa tələyə düşmüşdü. Onu həmin o ölüm tələsinə, özü dediyi kimi, elmi işində toxunduğu “bəzi qadağalı mətləblərə” görə salmışdılar...” Və bugecəki qətl hadisəsi tezliklə onun da həmin o tələyə düşə biləcəyindən xəbər verirdi. Belə çıxır ki, akademiki neçə vaxtdan bəri yuxularında kölgə kimi təqib edən və axır ki, canını alan o sirli yuxu casusunun çənginə o məhz həmin o yuxuda – bozgödəkçəli ünsür Elmlər Akademiyasının Rəyasət Heyətinin binasına daxil olarkən qəfildən hansı sirli duyumlasa geriyə qanrılıb onu gördüyü məqamdan düşmüşdü...

Bozgödəkçəlinin həmin radələrdə Akademiyanın Rəyasət Heyətinin binasına məhz akademikdən ötrü girdiyini professor yalnız indi anlamağa başladı və bundan ürəyi sıxıldı.

Bu gecə isə boz ölüm elçisi, eynilə akademikin təsvir elədiyi kimi, mənzilinin ağzına qədər irəliləmişdi... zindan ağırlığında soyuq əlini çiyninə qoyub nəyi isə gözləyəntək pis-pis susmuşdu...

Bu, o demək idi ki, onun da vaxtına az qalıb… – professor fikirləşdi və bu fikirdən, ya bayaq üzünə vurduğu suyun təsirindən başının soyuduğunu, saçlarının dibinin bumbuz giziltilərlə gizildəməyə başladığını hiss etdi. Bir anlıq qapını açıb özünü dəhlizə atmaq, səsi gəldikcə bağırıb ətrafdakıları köməyə çağırmaq istədisə də, elə həmin an özünü adamların arasında gözləri qarala-qarala gizlənən yerdə təsəvvürünə gətirdi... və anladı.

Kimdən gizlənəcəkdi axı?.. Yuxuda kimin kimi qorumaq gücü vardı ki?

Bu fikirdən otağın tavanı sanki aşağı endi... Yoxsa, bu, professora elə gəldi?..

Yazı masasına dirsəklənib başını əlləri arasına aldı.

Onun günahı nə idi, o hansı qadağalı mətləblərə toxunmuşdu ki?..

Kreslonun kürəkliyinə söykənib bir müddət əlləri qoltuğunda gözləri yol çəkə-çəkə son illər olub-keçənləri – getdiyi yerləri, görüşdüyü adamları, danışdığı sözləri, çıxardığı qərarları, hətta düşündüklərini belə yadına salmağa çalışdı... və qarısının ölümündən sonrakı üç ildə xəstələrindən və cücü kolleksiyasına əlavə etdiyi son cücü qurularından savayı fərqli nə isə xatırlamadı.

Bəlkə, günahı son ayların o xəstəhal yuxu aludəliyi idi? Akademikin, bəbəkləri qarala-qarala dediyi “qadağalı sərhədləri” o, həmin o xəstəhal yuxu aludəliyi ilə yuxuda pozmuşdu? Necəsə özü də bilmədən qapalı və yasaq olan nəyinsə səddini aşıb akademikin yuxusuna düşmüş və orada onu təqib edən bozgödəkçəlinin çənginə keçmişdi?..

Yaddaşını gərib həmin gecə bozgödəkçəlinin izinə yuxunun hansı məqamı düşdüyünü, bütün yuxunu, tanımadığı bu adamı nədən, az qala, bağrı yarıla-yarıla addımbaaddım izlədiyinin səbəbini yadına salmağa çalışdısa da, dəhşət filmlərinin kadrlarını andıran bu ikili təqib prosesinin mexaniki ardıcıllığından savayı yadına heç nə düşmədi…

Qapı astaca tıqqıldadı və aralandı, kimsə ədəbli səslə:

– Gəlmək olar? – dedi və cavab gözləmədən içəri daxil oldu.

Orta yaşlı, səliqəli geyimli bir adam idi, qapını ardınca bağlayıb qollarını tələbə utancaqlığı ilə arxasında çarpazladı.

Professor fikirdən ayılıb cib saatına baxdı.

On birin yarısı idi.

– Buyurun əyləşin, – professor xəstəyə oturacağı yeri göstərib, keyliyi hələ də açılmayan barmaqları bir-birinə dolaşa-dolaşa paltosunun düymələrini açdı və onu ayağa qalxmadan yaxındakı divanın üstünə atdı.

Xəstə professorun göstərdiyi yerdə əyləşib əllərini dizlərinin üstündə çarpazladı və ona elə baxdı, elə bil professorun dəvəti ilə gəlmişdi.

– Müayinə vərəqəniz var?.. – professor candərdi deyib masanın üstünə səpələnmiş kağız-kuğuzu sahmana sala-sala fikirləşdi ki, nahaq bu adamı qəbul etdi. İndi kimisə müayinə etmək halında deyil.

– Bəli-bəli, gərək ki, burada, sizdə olmalıdı. Mən dünən də gəlmişdim, dedilər günün ikinci yarısı olmusunuz...

– Familiyanızı deyin.

– Qurbanov.

“Qurbanov” – professor ağzının içində deyə-deyə, xəstəlik vərəqələri arasında “Qurbanov” familiyasını axtardısa da, tapmadı və artıq sual-cavab yaranmasın deyə, başını qaldırıb:

– Buyurun, danışın, şikayətiniz nədi? – dedi, özü isə siyirmədən çıxardığı tənbəki qutusunu masanın üstünə qoyub, kibrit çöpü ilə qəlyanının qarasını təmizləməyə girişdi.

– Şikayətim çoxdu, hansını deyim? Başınızı ağrıtmaq istəmirəm, məncə, adi sinir pozğunluğudu... – xəstə dedi və qəribə, pərt bir təbəssümlə gülümsədi.

Professor burnunun ucuna sürüşmüş eynəyini alnına qaldırıb xəstəyə baxdı.

– ...Həyat yoldaşım da deyir, məni də bura o göndərib.... – xəstə həmin pərt təbəssümlə sözünə davam elədi və danışdıqca qızarıb-pörtdü. – ...Dostlarım, tanış-biliş də neçə vaxtdan bəridi deyirlər... yəni bunu hər kəs hiss edir. Son vaxtlar özüm də anlayıram. Yəni...

– Onlar nə deyir, siz nə hiss edirsiniz?.. – Professor qəlyanı ehtiyatla masanın üstünə qoydu və kreslonun söykənəcəyinə söykəndi.

– Məsələn, yoldaşım deyir, yuxuda danışıram… Bəzən olur ki, dəli kimi bağırıram… – xəstə deyib susdu və dəyirmi gözlərini professorun üzünə zillədi.

– Davam edin, davam edin, – professor qəlyanını tütünlə doldura-doldura fikirləşdi ki, əgər indi bu utancaq adam da bozgödəkçəlinin təqibindən danışmağa başlasa, artıq havalanacaq.

– …özümə gəlincə, son vaxtlar hiss edirəm ki, tək qalmaq istəyirəm... yəni məndə tənhalığa xəstəhal dərəcədə qəribə bir meyil yaranıb... Hamıdan qaçıram... – bu yerdə xəstənin üzü dəyişdi, gözləri, çuxura düşmüş kimi yığıldı. – ...Ən yaxın dostlarımdan belə qaçmağa başlamışam. Evdə də, işdə də otağın qapısını arxadan açarlayıram ki, içəri girən olmasın, təki kimsəni görməyim. Başa düşürəm, düz eləmirəm, belə olmaz, amma özümlə bacara bilmirəm.

Xəstə danışdığı tənhalıq meyli ilə birdən-birə professora doğma gəldi, eynəyini gözünə taxıb: 

– Adamlardan qaçmağınızın səbəbi nədi, sizcə? Bu barədə düşünmüsünüz?

Xəstə çiyinlərini çəkib susdu, sonra nagümanlıqla:

– Onlardan əsəbiləşirəm, – dedi.

– Nə səbəbə axı?..

– Orasını bilmirəm. Son vaxtlar belə olub. Məncə, mənimki onlarla tutmur.

– Bəs dostlarınız? Onlarla da tutmur?

Xəstə başını yellədi:

– Onlar da məni darıxdırır.

Xəstənin səsindən, ya gözlərinin ifadəsindən professorun ürəyi sıxıldı:

– Tənha qaldığınız zaman nə edirsiz, nə ilə məşğul olursuz? – deyib qəlyanını alışdırdı.

– Əsasən, kitab oxuyuram, dini kitablar.

– Belə de. Peşəniz nədi?

– Əlyazmalar institutunun kiçik elmi işçisiyəm. Özüm dilçiyəm, amma tərcümə ilə də məşğul oluram. Bu dəqiqə əlimdə olan – qədim Misir rəmmallarının “Yuxu məkanı” adlı əlyazmasıdır, onu tərcümə edirəm. Düzünü desəm, əsəblərim də elə o əlyazmanın tərcüməsinə başlayandan pozulub…

“Yuxu” sözündən professorun ürəyi düşdü.

– Deyirsiz əsəbləriniz tərcümə etdiyiniz əlyazmadan pozulub. İzah edə bilərsiz, niyə, orada əsəblərinizi pozan nə yazılıb?

Xəstə professorun sualından çaşan kimi oldu:

– Bunu dəqiq necə deyim, bilmirəm... – dedi və sanki fikrini izah edəcək sözlər axtarırmış kimi, – ...məncə, o əlyazma sehrli mətndir. Həcmcə elə də böyük deyil, yüz səhifədən artıq olmaz. Düzdü, bəzi səhifələri itib, bəzi səhifələrdə mətnlər pozulub...

– Maraqlıdır, – professor həyəcanlandığını duyub özünü ələ aldı, bayaqkı təmkinlə, – ...düzü, mən özüm də qədim əlyazmaların həvəskarıyam. Babat kitabxanam da var. Amma yuxular barədə məndə olanlar əsasən tibbi ədəbiyyatlardır, – deyib susdu.

– Yox-yox, professor, mən sizə “Misir” deyirəm. Qədim, əfsanəvi Misir… – bu sözdən sonra xəstənin gözlərindən sərxoş bir dalğa axdı… Yoxsa, professora elə gəldi?..

– Bu, hələ əlyazmanın əsli deyil... – xəstə həvəslə sözünə davam elədi. – Onun əsli ələ düşməz. Təsəvvür edin, bu əlyazmanın tarixi belə bilinmir... Orada yuxular insanın fizioloji halı kimi yox, sağ ikən onu o biri dünyalarla bağlayan körpü kimi təqdim edilir…

Professor gözündə zərrə qədər xəstəlik əlaməti olmayan bu gümrah adamı dinləyə-dinləyə bu təşrifin də, olsun ki, onun yuxuları kimi, hansısa mistik məqsəd daşıdığını düşündü və bu fikirdən bədənini saran qəfil titrəmədən üşütdüyünü hiss etdi…

– Maraqlıdı… – professor sönmüş qəlyanını yenidən alışdırıb tüstüsünü kənara üfürdü.

– Çox maraqlıdı... – xəstə getdicə daha həvəslə danışır, yanaqları getdikcə allanırdı – …orada yuxu – insan ruhunun bədəni tərk edib görünməz aləmlərlə əlaqəyə girmə məqamı kimi təsvir edilir. O aləmlərin, daha doğrusu, məkanların real mövcudluğu elmi dəlillər və izahlarla sübuta yetirilir. O dəlillərə görə, yuxu  bu dünya ilə o biri dünyalar arasında mövcud olan görünməz, lakin gerçək ərazidir…

…Bu gecəki yuxusu, yarıqaranlıq ağaclıq, akademikin onu köməyə çağıran zəif səsi haradansa, lap yaxından, sanki professorun arxa tərəfindən ötüb keçdi… Əgər bu xəstə tərcüməçinin sözündə həqiqət vardısa, deməli, belə çıxır ki, o da, akademik də həmin o Yerə – görünməz, lakin gerçək əraziyə düşmüşdülər...

– …odur ki, Adəm əhlinə qadağan edilir, – xəstə sağ əlini şəhadət verirmiş kimi yuxarı qaldırıb dedi.

– Üzr istəyirəm, fikrim yayındı… deyirsiz, nə qadağan edilir?..

– Yuxuları yadda saxlamaq, – xəstə bu dəfə müəllim təbiri ilə dedi. – Yəni mətndə bu, aydın şəkildə izah edilir. Deyilir ki, yuxularını yadında saxlayan insanın o istəsə də, istəməsə də, bir ayağı bu dünyadan üzülməyə başlayır. Odu ki... siz bir fikir verin, görün hansı birimiz gecənin neçə saatı ərzində gördüyü yuxusunu yadında saxlaya bilir? Orada belə də yazılır – yuxularına aludə olanların burada, yəni Yer üzündə, necə deyərlər, yaşamaq limiti tükənir.

Xəstənin son sözlərindən professorun ürəyi titrədi…

– Nə mənada?..

– O mənada ki, insan özü də bilmədən daim oralara – yəni yuxudakı həmin o  ilğımvari azad çəkisizliyə can atır. İndi özünüz bir fikirləşin, görün bu necə bir yerdi ki, insanın əlini bu dünyadan üzür.

 Bu yerdə xəstə bir anlıq susdu, sonra ovsuna düşmüş kimi:

 – Mən başa düşürəm… – dedi, – …anlayıram.

Professor “nəyi” demək istədisə də, xəstə imkan vermədi.

– Yer üzündə axtardığımız azadlığı biz orada – həmin o yuxularda tapırıq axı… Çünki orada, hər şey bir yana, bədənimizdən qurtuluruq...

– Nə mənada?.. – professor fikri dumanlana-dumanlana dedi və nə dediyini özü də başa düşmədi.

– O mənada ki, yuxunun bizim bədənimizlə bir o qədər əlaqəsi yoxdu  və təbii ki, ona can atan da o deyil... – xəstə mənalı-mənalı professorun düz gözünün içinə baxdı.

Professor nə deyəcəyini bilmədi və yenə dünənki günortanı, xəstənin oturduğu həmin bu kresloda onunla üzbəüz oturub dərdini danışan zavallı akademiki xatırladı… İndi xəstədən çox, qədim münəccimə oxşayan bu adama nə deməli idi?

Anlaşılan bir bu idi ki, məsələlər durulub aydınlaşmaq əvəzinə, getdikcə bulanıb düyünlənirdi...

– …orada bu barədə dəqiq bir şey yazılmır... – xəstə öz-özü ilə danışırmış kimi həvəslə davam edirdi, – …bu mənim şəxsi qənaətimdir. Axı oralarda buranın həyat normaları, qayda-qanunları işləmir! İşləyə də bilməz… – xəstə deyib bir qədər susdu, elə bil professorun nə deyəcəyini gözlədi, sonra sözünə davam etdi. – Hə, az qala, yadımdan çıxmışdı, orada, həmin o yuxu ərazilərində insan həyatı üçün hədsiz təhlükəli yerlərin olduğu barədə də var... bütöv bir fəsil. Əlyazmadakı təsvirlərə görə, bu, yuxuların arası ilə labirintvari keçid və döngələrlə uzanan ayrıca dəhlizlərdir. Bax məsələnin ən dəhşətlisi də budur...

Professor xəstənin son cümlələrindən gözlərinin qaraldığını hiss edib udqundu və yenə mexaniki şəkildə:

– Nə mənada?.. – deyib susdu.

– O mənada ki, yuxuda həmin o dəhlizlərə düşənlər də olur. Düzdür, orada yazılana görə, bu çox nadir hallarda baş verir, amma olur, – xəstə deyib, professora qəribə, sınayıcı nəzərlərlə baxdı, sonra üzündə hüznlü kölgələr dolaşdı. – Ən dəhşətlisi odur ki, orada yazılanlara görə, həmin o dəhlizlərə düşənlər artıq geriyə qayıda bilmir... yəni oralardan geriyə yol yoxdur. O fəsli oxuduqca anlayırsan ki, bu, təxminən cəhənnəmin dar dalanlarını xatırladan qapalı və çıxılmaz məkanlardır...

Xəstənin üzü dəyişmişdi... yoxsa, professora elə gəldi?

Bayaqkı utancaq elmi işçidən əsər-əlamət qalmamışdı... İndi o, mühazirə oxuyan müəllim, bəzi məqamlar hətta kiməsə taleyüklü hökm oxuyan hakim təbiri ilə danışırdı.

 – Orada bütöv bir fəsil ancaq bu barədədir. Əlyazmanın ən sirli və sehrli yeri də həmin o fəsildir. Orada yazılanlardan belə bir nəticə hasil olunur ki… – bu yerdə elmi işçi səsini azaltdı, nədənsə ehtiyat edəntək yarıpıçıltı ilə – ...həmin o dəhlizlərə keçmək – İblisin ixtiyarına verilməkdir.

Xəstə son cümləsini qəribə ehtiyatla, elə bil otaqda onların ikisindən savayı kiminsə də eşidəcəyindən çəkinə-çəkinə dedi, sonra kreslonun söykənəcəyinə dayaqlanıb sözünə əvvəlki qaydada davam etdi: 

– Yuxuya aludəlik, yəni yuxu asılılığı, əslində, bu dünyaya üz çevirmək kimi bir şeydir. Bu aludəlik həmin o fəsildə Allahın ən böyük qəzəbinə səbəb olan intiharla müqayisə edilir. Yuxuya can atmaq, yuxuda yaşamaq – Allahın yaratdığı bu işıqlı dünyadan, yəni bizlər üçün yaradılan gözəl nemətlərdən üz çevirmək kimi qiymətləndirilir.

– Maraqlıdır... – professor üzündəki saxta maraq ifadəsi ilə dedi və elmi işçinin danışdıqlarından beyninin boşalmağa, fikirlərinin dumanlanmağa başladığını hiss etdi.

– Orada o da yazılıb ki, həmin  dəhlizlərə çox vaxt ən bağışlanmaz günah sahibləri düşür, daha doğrusu, onları oralara necəsə çəkib aparırlar...

Professor özünü toparlayıb “bağışlanmaz günah dedikdə nə nəzərdə tutulur?” sualını vermək istədisə də, həmsöhbətinin günahla bağlı verəcəyi daha dəhşətli cavabı eşitməyə gücü qalmadığını anlayıb susdu.   

“Akademik öz günahını bilirdi...” – professor sözü heç cür bitib başa çatmayan elmi işçiyə baxa-baxa düşündü. İndi o, nəyin bahasına olursa olsun, akademikin həmin o elmi əsərini əldə etməlidir. Bütün bu qarmaqarışıqlıqdan çıxmağın yolunu ona akademikin həmin o əsərində yazdığı “qadağalı mətləblər” göstərəcəkdi...

– ...orada elə belə də yazılıb... – xəstə professora elə baxdı, elə bil beynindən indicə keçənləri eşitdi, ya gördü.

 Professor fikirləşdi ki, qəribədir, xəstə kimi qəbuluna gəlmiş bu kifayət qədər gümrah adamın bayaqdan bəri onun beynindən ötüşən ən ani fikirləri həmin dəqiqə oxuyantək cavablandırması nədən diqqətini cəlb eləməyib?.. Professor bunu fikirləşirdi ki, qəfildən xəstəlik vərəqəsi tapılmayan bu adam üzü, qövsvari qaşlarının arasından qarmaq kimi aşağı uzanan nazik burnu, ya nə iləsə  ona tanış gəldi və bundan ürəyi pis-pis bulandı... gələndən bəri nədənsə məhz yuxulardan danışan bu adamım təşrifinin məqsədini müəyyənləşdirməyə çalışdısa da, xəstə buna imkan vermədi, ayağını ayağının üstə aşırıb, tamamilə ayrı adamın səsi ilə:

– Belə-belə işlər, professor, – dedi və gözlərini sanki ondan yayındırmaqdan ötrü harasa, döşəməyə zilləndi.

“Hamısı yorğunluqdandı... beyin və sinir yorğunluğu...” – professor ürəyi bulana-bulana fikirləşdi və eynəyini çıxarıb üz-gözünü ovuşdurdu.

– Maraqlanırsızsa, o fəslin üzünü çıxarıb sizə gətirə də bilərəm.

Xəstənin səsi bu dəfə haradansa, lap uzaqdan gəldi...

Professor ağzını açıb nə isə demək istədisə də, dilini tərpədə bilmədi… üzbəüz oturan xəstə onun arxasındakı divar, divara bitişik ləvazimatlar şkafı ilə birgə yerini dəyişib hayanasa axdı…

– Professor... – xəstə həmin o axdığı səmtdən deyib elə bil ayağa qalxmaq istədi... sonra elə bil ayağa qalxdı da... stolun üstündəki qrafindən su töküb stəkanı professora uzatdı... Professor gözlərinə qaranlıq çökə-çökə əlini stəkana uzatdı, lakin stəkan uzaqda olduğundan, ya nədənsə əli çatmadı və gözü stəkanın içində xırda titrəyişlərlə əsən dupduru suya zillənə-zillənə qaldı...  sonra nə baş verdisə, oturduğu yerdəcə harasa, arxaya sürüşdü və orada nəyəsə söykənib, ya arxası üstə yıxılıb, otaq başına hərlənə-hərlənə qaldı… bir qədər sonra işığı getdikcə azalan bulanıq gözləri ilə sivri burunlu xəstənin ehtiyatlı addımlarla ona yaxınlaşdığını, üstünə əyilib qırmızı gözləri ilə üzünə yaxından baxdığını gördü və bundan zəif-zəif titrətdi…  

Gördüyü son mənzərə – sumağı ayaqqabılarını ehmal-ehmal döşəməyə basa-basa qapıya sarı gedən xəstənin orada dumanabənzər ağlığın içində yoxa çıxması oldu… 

 Ardı var