Argentinanın populyar “Antología poética” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” poemasından “Peyğəmbərin mədhi” hissəsinin yayınına başlayıb.
Şairin əsəri və yaradıcılığı haqqında məlumat portalın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Azərbaycan müəllifləri” bölümündə yer alıb.
Əsərin ispan dilinə tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi, filoloq Karmen Linaresdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Viktor Hüqo, Edqar Allan Po, Aleksandr Blok, Emili Dikinson, Boris Pasternak, Federiko Qarsia Lorka, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Xorxe Luis Borxes, Xulio Kortasar, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Nizami Gəncəvi
(1141-1209)
- Şair-filosof;
- 20 min beytlik divanının, beş poemadan ibarət “Xəmsə”nin (“Beşlik”) müəllifi;
- Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
- Nadir əlyazma nüsxələri dünyanın bir çox muzeylərində, kitabxanalarında və əlyazmaları fondlarında qorunub saxlanılır;
- 2021-ci ildə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdi.