Elektron ədəbiyyat və sənət portalı

Teodor Drayzerin aforizmləri

Bölmə: Azad ərazi 05.06.2024

“Aydın yol”  məşhur Amerika yazıçısı Teodor Drayzerin (1871–1945) aforizmlərini təqdim edir.

“Məncə, sizin yeganə qüsurunuz heç vaxt dilinizdən düşməyən “insanlar nə deyər” kəlməsidir”.

***

“Dünyada ən ümidsiz iş insanın xarakterini dəqiq müəyyən etməkdir. Çünki hər bir insan fərdi olduğu qədər ziddiyyətlər toplusudur”.

***

“Xoşbəxtlik  – gözləməyi bacarana nəsib olur. Bax ha, birdən bütün ömrünü gözləmə zalında keçirərsən?!”

***

“O doğulub, yaşayıb, həyatdan heç nə anlamadan ölən saysız insanlardan biri idi. Belələri bəxtə-bəxt günləri yola verib zülmətdə qeyb olurlar”.

***

“Aşağı düşən yolun dayanacağı az olur”.

***

“Valideynlər öz övladlarını əla tanıdıqlarına əmindirlər. Və onların bu yanlış təsəvvürü zamanla daha da möhkəmlənir”.

***

“İnsanın zənginliyinin yarısı lazımlı adamlarla yaxşı əlaqələr qurmaq bacarığından asılıdır”.

***

“Adamlar pulu hətta zahiri gözəllikdən də çox sevir”.

***

“Dünyada çatmaq istədiyimiz çox məqsədlər var. Amma hamısına birdən can atmaq olmaz. Və hər gerçəkləşməyən arzuya görə əllərini yanına salmaq da düzgün deyil”.

***

“İnsanlar bizim barəmizdə özümüzün onlara təlqin etdiyimiz kimi düşünür”.

***

“Bütün dünyanı qazansa da, ruhunu itirən insandan nə fayda?”

***

“Hələ baş verməyən hadisə barədə indidən həyəcan keçirmək nəyə lazımdır?”

***

“Qadın bütün canlı məxluqat arasında ən çox qadından qorxur – xüsusən də ağıllı və gözəl qadından”.

***

“İnsan arzuları duyğu müstəvisinə keçən kimi pul dərhal gücdən düşür”.

***

“Bizim zəmanəmizdə yalnız barələrində deməyə söz olmayan adamların qeybətini qılmırlar”.

***

“Mən hikkəliydim. Mən günah işlədirdim. Mən yalan danışırdım. Mən sözümün üstündə durmurdum. Qüsurlarım ürəyimdə yuva salmışdı. Mən haqsız iş görənlərlə bir yerdəydim. Mən riyakarlıq edirdim. Mən qəddar idim. Mən qətl barədə düşünürdüm. Nəyin naminə? Boş bir şeyin, heç vaxt həyata keçməyəcək arzunun naminə”.

***

“Həyatı çərçivələrə salmaq olmaz”.

***

“Keçmişi qaytarmaq mümkün deyil. Sınmış fincanı təzələyə bilməzsən. Olsa-olsa, onu yapışdırıb təzə adlandırarsan. Amma o, yenə də sınıqdır”.

***

“Sivilizasiyamız hələ yolun ortasındadır. Biz artıq heyvan deyilik – yəni yalnız instinktlərlə hərəkət etmirik, amma hələ də adam olub qurtarmamışıq. Çünki yalnız ağılla yaşamırıq”.

***

“Axmağın düşə biləcəyi alçaqlığın dərinliyi ölçüyəgəlməzdir”.

***

“Kütləni yaxşı əsərləri zir-zibili oxuduğu kimi oxumağa öyrədə bilsəydik, pis olmazdı”.

***

“Dünya onun dəlisovluqlarında iştirak etməyənlərin yanından soyuqqanlılıqla keçir”.

***

“Bizdən yaxşı və yüksəkdə olanların yanında mənəvi ağrı hiss edirik. Onlar yanımızda olmayan kimi ağrı keçir”.

***

“Kasıba əl tutanda qürurlanma. Tanrıya minnətdar ol ki, belə bir imkan məhz sənə verilib”.

***

“Gerçəyə çevriləndə arzular necə də dəhşətli görünür”.

***

“Karyerasını gərək insan özü qursun, əks halda, aqibəti başqasının uğurunun kölgəsinə sığınan süst və kədərli mövcudluqdan başqa bir şey olmayacaq”.

***

“İnsan ruhu rahatlığa yox, narahatlığa can atır”.

***

“Gözəllik – nə qədər soyuq görünsə də, həmişə üzərimizdə hakimi-mütləqdir”.

***

“Xoşbəxtlik gələndə dörd bir tərəfdən gəlir”.

***

“Döyüşdə olduğu kimi, sevgidə də hərə öz taleyini yaşayır”.

***

“Həyat – kökündə faciə olanda daha gözəl görünür”.

***

"Məhəbbət soba deyil ki, istədiyin vaxt alovlandıra biləsən. Alov söndüsə, deməli, məhəbbət də bitdi”.