Jermen Drugenbrudt
Tanınmış Belçika şairi, tərcüməçi;
1944-cü ildə Belçikada doğulub və 1987-ci ildə İspaniyaya köçüb;
Altı dil bilir və 30-dan çox şeir kitabını alman, italyan, ispan, ingilis, fransız dillərindən niderland dilinə tərcümə edib;
“POINT Editions” (POetry INTernational) Belçika nəşriyyat evinin yaradıcısı və baş redaktorudur;
İspaniyada bir neçə beynəlxalq poeziya festivalının təşkilatçısıdır;
Mixay Eminesku Akademiyasının vitse-prezidenti, JUNPA-nın (Yaponiya Dünya Şairləri Assosiasiyası) həmtəsisçisidir;
Çinin “Huifeng” Mədəniyyət Assosiasiyasının və Şanxaydakı Beynəlxalq Assosiasiyanın baş məsləhətçisi, İspaniyanın “ITHACA” Mədəniyyət Fondunun prezidentidir;
“Divarda qırx”, “Bu ölkəni tanıyırsınız?”, “Komo gölündə düşüncələr”, “Müğənni oyanır” kimi kitabların müəllifidir;
İspaniya, Belçika, ABŞ, Çili, Niderland, Rumıniya, Albaniya, Mərakeş, Yaponiya, Monqolustan, Pakistan, Banqladeş, Hindistan və digər ölkələrdə kitabları nəşr olunub;
2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.
Oyanış
Gecənin qaranlığından
görünməyə başlayır
qırmızı Günəşin ilk şəfəqləri.
Mavi səmada
bəyaz, şəffaf buludlar
gözə görünmədən ilğımtək üzür.
Sözlər də oyanıb
işığa uzanan bu qısa yolda
özünə sığınacaq gəzir.
Soruş
Üfüqün üzərində
ən qəribə naxışlarını çəkir
sübh çağı.
Gecə gördüyün hansı yuxu
bu işığa dözə biləcək?
Mavi səmada
bəyaz, şəffaf buludlar
gah yığılır, gah dağılıb
ilğımtək üzür...
Amma bilən yoxdur hara.
Şair
Bəlkə, yağış yağacaq,
bəlkə, külək olacaq,
bəlkə, Günəş doğacaq,
ya da göy gurultusu
bir tufan qoparacaq.
Beləcə,
hər gün
sözləriniz hörümçək toru kimi
lövbər salıb ümidlərin dibində
bir şeir axtaracaq...
İspan dilindən sətri tərcümə müəllifi – Aysel Əliyeva, bədii tərcümə müəllifi – Mahir N.Qarayev