Romanın əvvəli burada:
https://aydinyol.aztc.gov.az/newsview/2609/Azadliq-romani
***
…Professor sallaqxananı andıran yarıqaranlıq, havasız yerdə idi... haradansa ayağından başıaşağı asılmışdı… başıaşağı asıldığından, ya nədənsə beynini dolduran qaynar qanının gicgahına dirənib, orada nəbzi ilə bir ağır-ağır lükküldədiyini aydın eşidirdi... çox keçmədi ki, beynindən, ya gicgahından sızıb, dolu damcılarla harasa aşağı – sonu, dibi görünməyən dərinliyə damcılayan qanının səsini eşitdi… damcı səsi haradansa, uzaqdan, elə bil Yerin o biri üzündən gəlirdi… sonra nə baş verdisə, qəfildən hava soyudu və professor eləcə başıaşağı asıldığı yerdə üşütdü… çənəsi bədəninə yeriyən bumbuz havadan titrədi... Sonra ha tərəfdənsə soyuq, sürüşkən bədənləriylə sürünüb qollarına, topuqlarına sarılan nazik ilana, ya soxulcanabənzər nələrinsə kor başları ilə biləklərinə sancılıb acgöz-acgöz qanını sormağa başladığını hiss etdisə də, tərpənə bilmədi… ən xırda tərpənişindən gicgahından süzülən qan axınının gücləndiyini, bütün vücudunu sarmış kor ilanların bir az da dərinə yeridiyini duydu…
Bütün bu müdhişlikdən xilas olmağın yeganə yolu gözlərini yummaq və özünü aramla soyuq ölümə təslim etmək idi... – professor gözlərinə qaranlıq çökə-çökə fikirləşdi, gözlərini yumub təsəvvürünə həyatının ən xoş anlarını gətirməyə çalışdı... və kiminsə sümüklü əlləri ilə onun üzünü şillələməsinə dik atıldı...
...Başının üstündə bir neçə adam vardı... gözləri aydınlaşdıqca bunların klinikanın bir neçə həkimi və tibb bacıları olduğunu anladı, əlini yan-yörəsinə atıb eynəyini axtarmaq istədisə də, kardioqram cihazının qollarına, yalın topuqlarına dolanmış naqillərindən və sinəsinə taxılmış soyuq əmziklərindən tərpənə bilməyəcəyini anladı. Bayaqkı xəstə də burada, həkimlərin arasında idi... ağarmış bənizi ilə ona baxır, dodaqaltı həkimlərə nə isə deyirdi…
– Özünə gəldi… – baş tərəfində dayandığından üzünü görə bilmədiyi kimsə dedi, sonra üstünə əyilib ona lap yaxından baxa-baxa:
– İndi necəsiniz, professor?.. – dedi.
Baş həkim də haradasa, buralarda idi... professor bunu onun qapının ağzından eşidilən qəhərli səsindən anladı, onun dərin ahla bitirdiyi axırıncı cümləsini də eşitdi – “ Hamımızın axırı budu…”
Gözlərində hələ də bulanıqlıq var idi, başı isə daha hərlənmirdi.
Həkimlər köməkləşib onu xərəyə uzatmaq istədilər.
– Lazım deyil… – professor ağzının içində sanki çoxdan bəri tərpənmədiyindən, ya nədənsə ağırlaşıb keyimiş dilini birtəhər hərəkətə gətirdi.
– Məncə, onu evə aparaq... – qadın səsi kiməsə astadan dedi.
Qadın səsinin dediyi cümlədən professorun ürəyi qırıldı... ağır saat çıqqıltısından savayı ayrı bir səs eşidilməyən tənha yataq otağı, çarpayısının baş tərəfinə bitişik, içi dərmanlar dolu dolabçanın üstündəki solğun işıqlı lampa, bir qədər aralıda parçası pürşüklənmiş sumağı kreslosu və onun qənşərində döşəmənin üstünə qalaqlanmış, kreslonun parçasıtək cildləri pürşüklənmiş qədim kitabları gözünün qabağına gəldi...
Hələ ki evə gedə bilməzdi... – ürəyi sıxıla-sıxıla fikirləşdi – özünü o ölüm havalı yuxularının ixtiyarına verə bilməzdi...
Odur ki, özünü bir qədər dikəldib, mümkün qədər gümrah görünməyə çalışdı:
– Yaxşıyam daha, – dedi, – narahatlığa elə bir əsas yoxdur.
Həkimlər və tibb bacıları dağılışandan sonra otağın aşağı başından tanış, ürkək səs eşidildi:
– Məni bağışlayın, professor... sizi çox yordum.
Bu, otağın qapısı ağzında əllərini şagird kimi arxasında çarpazlayıb günahkar görkəmdə dayanmış bayaqkı “elmi xəstə” idi...
– Sizin sənətiniz, iş yükünüz onsuz da çox ağırdı... mən də bu yandan... – deyib başını aşağı saldı və ehmal addımlarla otaqan çıxdı.
Professor bir müddət meşin üzlü divanda otura-otura müayinəsinə gəlmiş bu adamla nə barədə danışdığını, son nəticədə ona hansı diaqnoz qoyduğunu xatırlamağa çalışdısa da, sallaqxanaya bənzər yerdən və qulağının dibində əks-səda yaradan ağır damcı səslərindən savayı yadına heç nə düşmədi. Bir qədər sonra, beyni aydınlaşmağa başladıqca yenə haradansa yadına bozgödəkçəli yuxu casusu düşdü... izdihamlı İstiqlaliyyət küçəsi, Akademiyanın Rəyasət Heyəti binasının girəcəyində ayaq saxlayıb, qəfildən geriyə qanrılan bu qorxunc adamın bozumtul üzü ilə uzaqdan-uzağa ona zillənməsi gözlərinin qabağına gəldi…
Ürəyinin nizamsız döyüntülərlə vurmağa başladığını hiss edib ayağa qalxdı, pəncərəyə yaxınlaşıb bir müddət çölün havasını ciyərlərinə çəkdi, küçəyə baxa-baxa sinəsinin sol tərəfinə qısılıb düyünlənən nəfəsini nizamlamağa çalışdı…
Yağış yağırdı…
Hər şey dahiyanə ustalıqla işlənmiş simmetrik naxışlarla böyür-böyürə, üst-üstə sıralanan sirli məntiq və mənalar dolu vahiməli mənzərə yaradırdı... və bütün bu olanları əsassız fərziyyə, uğursuz təsadüf, yaxud anlaşılmaz uyğunluq hesab etməyə azca da işıq ucu, hər hansı səbəb, ya bəhanə yox idi.
Bütün bu baş verənlərdən sonra başını qurbanlıq qoyun kimi aşağı salıb evinə yollana bilməzdi... – professor ürəyi sıxıla-sıxıla fikirləşdi – … bütün o qəliz izaholunmazlıqlara müəyyən aydınlıq gətirilməyənəcən özünü o qorxunc yuxu uçurumlarının ixtiyarına verə bilməzdi...
Masanın arxasına keçib qəlyanı əlinə aldı, alışqanın çaxmağını çəkib yandırmaq istədisə də, döyüntüsü hələ də nizama düşməyən ürəyini xatırlayıb dayandı...
Qapı xırda-xırda döyüldü.
Gələn ağpapaqlı tabelçi qız idi, armudu stəkanda gətirdiyi çayı nəzakətlə professorun qarşısına qoyub astaca:
– Limon tapa bilmədim, – dedi və ehmal addımlarla otaqdan çıxdı.
***
...Akademikin cənazəsi Akademiyanın böyük iclas salonunun gur işıqlı səhnəsində gül səbətləri və əklillərlə əhatələnmiş qırmızı məxmər üzlü hündür pyedestalın üzərinə qoyulmuşdu. Tabutun içində rəngsiz bənizi, bircə gecənin içində ağılasığmaz dərəcədə şişib üfürlənmiş qarnı, qarnının üstündə qəribə bir səliqə ilə çarpazladığı sapsarı əlləri ilə uyuyan qocaman alimin ötən gecə yuxuda keçirdiyi qorxu və iztirablar dolu vahimə üzünün, az qala, hər əzasında – pərələri iri-iri açıla qalmış qırmaq kimi əyri burnunda, ağlamsınantək büzülmüş nazik dodaqlarında donmuşdu...
Həmin bu ifadə ilə bir gün əvvəl akademik onunla klinikadakı otağında üzbəüz oturmuşdu... saman çöpündən yapışantək, içi çıxılmazlıqlar dolu gözləri ilə yaxasından asılmışdı… – arxa cərgələrdə bir neçə qoca, eynəkli qarının arasında oturmuş professor səhnəyə baxa-baxa fikirləşirdi – akademikin ölümündə o da təqsirkar idi və bundan sonrakı ömrünü, bəlkə də, artıq sayılı günlərini bu günah hissi ilə yaşamağa məhkum idi.
Salonda qabaq cərgələrdə oturan on-on beş qadın və kişidən, onunla yanaşı oturub ciyərləri xışıldaya-xışıldaya, ağır-ağır nəfəs alan qarıdan, bir də cənazənin ətrafında fəxri qarovulda dayanmaqdan hərəsi bir tərəfə əyilən və dayandıqca, sanki nə iləsə akademikə oxşamağa başlayan bir neçə sinəsi ordenli qoca alimdən savayı heç kəs yox idi. Zala gücləndirici ilə ötürülən simfonik matəm musiqiləri aramla növbələndikcə professor səhnədən yayılan kəskin formalin qoxusunun getdikcə qəribə bir sürətlə ona sarı axdığını, şəffaf şleyf kimi ətrafında dolanıb, haradasa, ən yaxın məsafələrdə havadan asılıb qaldığını duydu... və ürəyinin, səbəbini özü də anlamadığı əcaib döyüntülərlə çırpınmağa başladığını hiss etdi...
...Cərgələr getdikcə dolurdu... Adamlar iki-bir, üç-bir salona daxil olur, bəziləri qabaq cərgədə oturanlarla görüşüb, sonra yerlərini tutur, digərləri birbaş səhnəyə qalxır, əllərindəki gül dəstələrini ehtiramla cənazənin qarşısına qoyub, aşağı enirdilər.
Professor səhnədə əlvan gül dağının altında uyuyan akademikin sarımtıl əllərinə baxdıqca formalinin kəskin qoxusundan, ya nədənsə bütün bu təntənəli matəmin cənazədə uyuyan akademikdən çox, ona aidiyyəti olduğu, yoxsa, gül-çiçəklə bəzədilmiş səhnənin ortasında saralan bu cansız vücudun dünən klinikada onunla üzbəüz oturub danışan və danışdıqca gözləri yaşaran akademiklə heç bir əlaqəsi olmadığı kimi qarmaqarışıq fikirlər dumanına qərq olmağa başladığını duyub yerində qurcalandı, özünü toparlayıb saatına baxdı.
Dördə az qalırdı... on-on beş dəqiqədən sonra cənazə götürüləcəkdi.
Ayağa qalxıb ehmal addımlarla irəli keçdi, qabaq cərgədə oturan qara örtüklü qadınların arxasında əyləşib bir müddət səhnəyə oradan baxdı.
Akademikin nəşi, həqiqətən də, yaxından baxanda qətiyyən özünə oxşamırdı. Gül-çiçək içində itib-batan bu adam akademikdən çox, ömrü uzunu dövlət vəzifələrində çalışmış yüksək çinli məmuru xatırladırdı.
“Bəlkə, bu, o deyil? Bəlkə, ümumiyyətlə… “ – professor ürəyi çırpına-çırpına elə bunu fikirləşmişdi ki, qəfildən gözü əklillərdən birinin qara lenti üzərində qızılı hərflərlə yazılmış “Siracov” soyadına sataşdı…
Bu məqam musiqi kəsildi və professor ortalığa düşən sükutdan istifadə edib birinci cərgədə qaraörtüklü qadınların tən ortasında əyləşib, salona daxil olanların hüznlə görüşdüyü yaşlı qadının qulağına sarı əyilərək astadan:
– Allah rəhmət eləsin, axır qəminiz olsun… – dedisə də, qadından səs çıxmadı.
Onun əvəzinə, yanında oturan digər, daha yaşlı qadın geriyə qanrılıb dolmuş gözlərlə professora baxdı, sonra incik halda o biri tərəfində oturan qara, tül örpəkli qadına işarə ilə:
– Mərhumun yoldaşı budu… – dedi.
Akademikin yoldaşı ortayaşlı, yaraşıqlı bir qadın idi, üzünün sivri cizgiləri ilə bir az akademiki xatırladırdı. Professora sarı çönüb astadan:
– Sizi səsinizdən tanıdım, – dedi.
– Mən… – professor dilləndi, nə deyəcəyini unutdu. – Allah rəhmət eləsin, axır qəminiz olsun, – deyib geriyə söykənmək istədisə də, nə deməli olduğunu xatırlayıb yenidən irəli dartındı. – Mən çox-çox üzr istəyirəm... bilirəm, yeri deyil, amma… – bu yerdə professor ətrafına baxıb, heç kəs eşitməsin deyə lap astadan, – …biz mütləq sizinlə görüşməliyik… mümkünsə, təcili… – deyə pıçıldadı.
Qadın geriyə çevrilmədi, sanki professoru eşitmədi.
Professor yan-yörəsinə baxıb:
– Xahiş edirəm… – pıçıldadı.
Qabaq cərgədə oturan qaraörtüklü qadınlar çönüb ikrahla professora, sonra akademikin həyat yoldaşına baxdılar.
– Qulaq asın, əgər bu... yəni görüşməyimiz müşkül məsələdirsə … – professor elə bunu demişdi ki, mumbənizli akademikin qarnının üstündə çarpazladığı sarımtıl əllərindən birinin, necəsə tərpəndiyini, kiməsə əl eləyəntək ehmalca qalxıb-endiyini gördü...
Sözünü yarımçıq kəsib ətrafına boylandı. Hamı hüzn dolu səbirlə səhnəyə zillənmişdi...
Gözlərini qıyıb vahimədən içi titrəyə-titrəyə cənazəyə zilləndi. Akademikin cansız əllərində həyat əlaməti yox idi.
Bu məqam səhnəyə bir neçə qocaman akademiklə bərabər Akademiyanın prezidenti çıxdı və vida nitqi söyləməyə başladı.
Özünü ələ alıb ətrafdakılara göz gəzdirdi və qadının qulağına sarı əyilib:
– Mənə onun son əsəri... əlyazma lazımdı, – deyə pıçıldadı.
Qadın bu son sözlərdən diksinən kimi oldu və çönüb kömür kimi zil qara, iri bəbəklərini professorun gözünün içinə zillədi, üzünü onun qulağına yaxınlaşdırıb xof dolu gərginlikə:
– O sizə əlyazma barədə danışıb, yəqin... – dedi və yenidən bayaqkı vəziyyətinə qayıtdı.
– Bəli, – professor pıçıldadı, – …daha doğrusu, belə demək olar.
Qadın daha geriyə çönmədi.
Akademiyanın prezidenti nitqini bitirib kənara çəkildi və milli himn çalınmağa başladı. Professor salondakılarla bir ayağa qalxdı...
...Vestibül adamla dolu idi.
– Təəssüf ki, bunu edə bilməyəcəyəm… – akademikin, qaraörtüklü qadınların arasında asta addımlarla çıxışa sarı irəliləyən həyat yoldaşı arxasınca yeriyən professora dedi.
– Niyə? O əlyazma...
– Mən onu yandırdım… – qadının professoru axıra qədər dinləməyə sanki səbri çatmadı, – …dünən… o keçinəndən sonra...
Ürəyi bulandı... “əlyazmanı bu qadına yandırtmışdılar...” – qulaqları uğuldaya-uğuldaya fikirləşdi... Qəfildən dəli kimi bağırmaq, səsi gəldikcə ulayıb vestibülün səliqəli, akademik sakitliyini pozmaq istədi…
Pillələri asta-asta qalxan iki yüksək rütbəli hərbçi öz aralarında nə haqdasa astadan danışa-danışa salona daxil oldular.
“Evə gedib sakitləşdirici həblər qəbul etmək, hava qaralanacan yatıb dincəlmək lazım idi...” – professor fikirləşdi.
Çox keçmədi ki, salonun adamboylu giriş qapıları açıldı və üstü güllərlə bəzədilmiş cənazə, ardınca əklillər göründü...
Cənazə professorun yaxınlığından ötdü və o, gül dağının altından köməksiz körpə iniltisi ilə “professor...” – deyə inildəyən akademikin səsini, az qala, qulağının dibində eşitdi...
Cənazənin ardınca ehmal addımlarla yeriyən bir neçə qaraörtüklü qadının acıqlı baxışlarını da professor lap yaxında, burnunun ucunda hiss etdi...
– Professor…
Akademikin xanımı idi, vestibüldə sıxlaşan adamların arasından narahat gözlərlə ona baxırdı…
***
....Akademikin cənazəsi maşınların hərəkətinin dayandırıldığı İstiqlaliyyət prospektinin mərkəzi ilə – professorun iki gün əvvəl yuxuda bozgödəkçəlinin nəzarətinə düşdüyü həmin küçənin tən ortası ilə harasa üzüyuxarı üzürdü.
Bayaq akademikin cənazəsindən salona yayılan formalinin qoxusu indi professorla yanaşı addımlayan xanımından gəlirdi...
“Olsun ki, bütün gecəni formalinlənmiş meyitlə bir otaqda keçirib…” – professor addımlaya-addımlaya fıkirləşdi və özünü də gecələrin birində beləcə formalinlənmiş, cansız bədəni ilə kimsəsiz mənzilinin tən ortasına qoyulmuş tabutda uzanmış gördü…
– Siz demədiniz… – qadın qoltuğundakı qara redikülünü nədənsə sinəsinə sıxa-sıxa asta addımlarla yanaşı yeriyirdi, – …o əlyazma nəyinizə gərəkdi.
– Mən, sadəcə… – professor hiss elədi ki, bütün bu izdihamlı təntənədən, nə iləsə yuxularının davamını andıran bu qarabəbəkli qadından tez qurtulmaq istəyir, – …onun son işini oxumaq istəyirdim… daha doğrusu, bunu o istəyirdi...
– Amma məncə... – qadın susdu və sanki vaxt udmaqdan ötrü ovcuna sıxdığı yaylığını burnunun ucuna toxundurdu, – …siz məndən nə isə gizlədirsiniz. O da son vaxtlar nə isə gizlədirdi məndən…
Professor cavab vermədi. Neçə günlərin yuxusuz gərginliyindən ağırlaşmış ayaqlarını ardınca zorla sürüyə-sürüyə fikirləşdi ki, hansı ağılla bura gəldi?..
– Başa düşürəm… – qadın gözlərini qıyıb indi də harasa, uzaqlara baxırdı, – …hər şey onun o son işindən sonra başladı. Bunu özü də deyirdi... Hər şey o əsəri yazmağa başlayandan başladı... Bədbəxtin yuxularına haram qatıldı.
Professor qadından saçan formalin iyisinin onun paltosuna, xüsusən dəri boyunluğuna hopduğunu hiss etdi... yenə ürəyi qalxdı, başını aşağı salıb:
– Məni üzrlü hesab edin, – dedi, – işə qayıtmalıyam... – və çönüb izdihamın əks istiqamətində üzüaşağı – trolleybus dayanacağına sarı addımlamağa başladı. Arxadan “professor!” deyə çağıran qadının səsini eşitdisə də, geriyə çönmədi, boyun-boğazına hopmuş formalin iyisindən tezcə qurtulmaqdan ötrü addımlarını yeyinlətdi.
– Dayanın, görün bir nə deyirəm, – qadın hündürdaban ayaqqabılarının üstündə büdrəyə-büdrəyə, tələsik addımlarla ardınca yeriyirdi. – Baxın, professor, bu onun qeyd kitabçasıdı…
Professor ayaq saxlayıb geriyə çöndü. Qadın redikülündən çıxardığı kiçik kitabçanı professora uzatdı, nəfəsi təngiyə-təngiyə:
– O, qeydlərini bu kitabçaya yazırdı... – dedi, – bəlkə, gərəyiniz olar, düşündüm...
Nimdaş cildli sumağı kitabçanı əlinə alıb açdı, səhifələrini o üz, bu üzə çevirdi... vərəqləri saralmış, çoxu dibindən qopmuşdu… Kitabça köhnəliyi, ya nəyi iləsə onun yuxularını xatırladırdı... sanki həmin o yarıqaranlıq yuxuda, ağaclığın içində bozgödəkçəli casusla süpürləşərkən akademikin cibindən sürüşüb düşmüşdü…
– Son günlər o elə ölümdən danışırdı... – qadın qəhərdən boğula-boğula dedi, – ...deyirdi “məni bu əlyazma ilə basdırın”. Mən axmaq isə, elə bil ağlımı aldılar… Bunu da, – bloknota işarə ilə, – qəbrinə qoymaqdan ötrü götürdüm, əlyazmanın əvəzinə... – deyib içini çəkdi. – Nə qədər olmasa…
Professor bloknotu vərəqləyə-vərəqləyə fikirləşdi ki, kitabçanı ona vermək elə torpağa basdırmaq kimi bir şeydi.
– Professor, söz verin... Söz verin ki, mənə də hər şeyi izah edəcəksiz...
– Söz verirəm, – professor sakit səslə dedi və bloknotu paltosunun döş cibinə basıb, qadınla xudahafizləşmədən yeyin addımlarla yolun o biri üzünə keçdi...
Arxada qalan qadının narahat baxışlarını kürəyində hiss edə-edə küçənin aşağı başında maşın yolunun kənarı ilə uzanan xiyabana sarı addımlamağa başladı.
İndi o, xiyabana çatıb sakit bir guşəyə çəkiləcəkdi, bəlkə də, həqiqətən, akademikin son yaşantıları barədə hansısa zəruri qeydləri özündə saxlayan bu xırda kitabçanı açınca bütün düyünlərin kələfinin ucu tapılacaqdı... – professor ürəyi həyəcandan çırpına-çırpına düşündü və bu fikirdən, ya nədənsə paltosunun döş cibindəki bloknotun balaca ürək kimi xırda-xırda döyündüyünü hiss etdi... Yoxsa, ona elə gəldi?..
...Xiyabana çatanda dəfn izdihamının uğultusu, demək olar, eşidilmirdi.
Professor bağın aşağı girişindən daxil olub, nizamlı ardıcıllıqla sıralanmış küknar ağaclarının arası ilə uzanan ensiz cığırlarla ən adamsız, sakit guşəyə tərəf yeridi, orada boş skamyalardan birinə əyləşib bloknotu çıxardı...
Bloknotun içi xırda yazılarla dolu idi... Professor eynəyini düzəldib yarıqopuq, sarımtıl vərəqləri o üzə, bu üzə çevirdi, sanki tələsik yazıldığından yarımçıq saxlanmış sözləri, qırıq cümlələri oxumağa çalışdı...
Sözlərin çoxu əski əlifba ilə, bəziləri ixtisarlarla yazıldığından yaxşı oxunmurdu. Ptofessorun diqqətini daha çox bəzi vərəqlərdə cızılmış xırda işarələr və cədvəllər çəkdi... Ortada saxlanılmış bir neçə boş vərəqdən sonrakı səhifələrə baxdı. Diqqətini cəmləyib sözlərdən bir neçəsini oxumağa çalışdı.
“…dərkolunmaz de…” və ardınca yarımçıq yazıldığından anlaşılmayan iki söz, qövsvari xətlər, kub və rombşəkilli fiqur və oxlar gəlirdi… Bir qədər aşağıda “…ondan olan ruh…” – burada cümlə qırılırdı və xırda rəqəmlərə oxşar işarələrlə dolu bir neçə qopuq vərəqdən sonra professor nədənsə səhifənin tən ortasında ayrıca yazılmış “naqis” sözünü oxudu. Səhifənin kənarında iki nida işarəsi qoyulmuşdu, arxa tərəfində güclə oxunacaq pozuq xətlə yanaşı “ruh, şüur... bağı…..lar” sözləri yazılmışdı.
Professor yaddaşını gərib tələsik halda “bağı…lar” kimi oxunan sözün “bağbanlar”, ya “barmaqlar”, yoxsa daha nə ola biləcəyini müəyyən etməyə çalışdı və həmin dəqiqə də bunun “bağırsaqlar” sözü olduğunu anladı.
Elədir ki var – ruh, şüur və bağırsaqlar... Bu nə demək idi? Fikrini toparlayıb ardını oxudu – “...vəhdət köləliyi” və fikir qırılırdı, bir qədər aşağıda “O... kö...ləsi… heç... azad… etməyə…”
“Azad etməyəcək...” – professor qırıq sözləri, yarımçıq fikirləri öz məntiqinə uyğun şəkildə sıraya düzüb, bir neçə dəfə oxudu, sonra anlaqsız vəziyyətdə dönə-dönə ürəyində “kim azad etməyəcək, kimi azad etməyəcək?” – deyə öz-özünə təkrar etdi və bloknotun qalan vərəqlərini o üzə, bu üzə çevirib yenidən bayaqkı qırıq cümləyə qayıtdı və dumanlı şəkildə də olsa nə isə anladı.
“Bəlkə… Bəlkə yox, həqiqətən. Həqiqət budur. İnsan azad deyil... bəli, azad deyil. Hətta yuxularında belə!”
Bu fikirdən, ya nədənsə, içindən soyuq bir gizilti keçdi.
“Akademikin qənaəti bu idi... və bu qənaət, hansısa daha möhtəşəm və sirli həqiqətin astanası, ora aparan yolun əvvəli idi...” – professor ürəyi sıxıla-sıxıla fikirləşdi və başını qaldırıb getdikcə qaralmaqda olan göyə, sonra ətrafına baxdı.
Ətraf kimsəsiz və sakit idi...
Bir müddət akademikin qənaəti, azadlıqla bağlı fikirlərini sahmana salmağa çalışa-çalışa oturduğu yerdəcə qaldı. Bu məqam hayandansa külək əsdi... üzbəüzdəki ağacları yırğalayıb xışıldatdı və professor ağaclığın yarıqaranlıq dərinliyindən üzünə zillənən bir cüt yaşıl gözün işartısından cərəyan vurmuş kimi ayağa sıçradı, kitabça əlindən yerə düşdü... Cəld əyilib onu götürmək istəyən məqam ağaclığın dərinliyindən, ya ha tərəfdənsə əsən sərt külək kitabçanın qopuq səhifələrini havaya qaldırdı... sarımtıl vərəqlər – akademikin artıq ölmüş beyninin son qığılcımları küləyin arası ilə hərlənə-hərlənə bağın dörd bir yanına səpildi. Professor onlardan bəzilərini havada tuta bildisə də, əksəri harasa, uzaqlara sovruldu.
Havanın necəsə birdən qaraldığını və soyuduğunu professor yalnız indi hiss etdi. Paltosunun boyunluğunu qaldırıb, səhifələrinin çoxu qopmuş kitabçanı cibinə basdı və küknar ağaclarının sırası ilə girişə sarı addımladı.
Getdikcə güclənən külək ağacları yırğaladıqca ətrafı qorxunc xışıltı səsi bürüdü... və professor iki gün əvvəl yuxusunda baş vermiş sirli qətli – həmin bu qorxunc xışıltılarla xışıldayan ağaclığın qaranlıq dərinliyindən onu köməyə çağıran akademikin qırıq boğultularını xatırladı... addımlarını yeyinlədib ürəyi çırpına-çırpına xiyabanın mərkəzi hissəsinə sarı irəlilədisə də, çınqıllı yol onu xiyabanın tamam ayrı bir tərəfinə – irigövdəli, nəhəng qovaq ağaclarının sualtı aramlıqla dalğalandığı dəniz dibinin yaşıllıqlarını andıran qəribə bitkilər dolu əcaib bir yerə gətirib çıxardı...
Bura hara idi?..
Bir müddət qovaq ağaclarının arası ilə harasa, daha uzaqlara – yaşıllıqlar dolu qaranlıq dərinliklərə uzanan yolun ortasında dayanıb buranın xiyabanın hansı tərəfi olduğunu, bu yerə hayandan, necə gəlib çıxdığını müəyyənləşdirməyə çalışdı.
Giriş haradasa, yaxınlıqda olmalı idi. Çünki xiyabana daxil olduqdan sonra bir o qədər uzun məsafə qət etmədiyi, buna, sadəcə, hövsələsi çatmadığı, bir qədər getdikdən sonra sağa burulub özünü yaxınlıqdakı aralığa saldığı professorun yaxşı yadında idi...
Professor bunu düşünməkdə idi ki, qəfildən illər uzunu yolu tez-tez bu tərəflərdən düşsə də, bu xiyabanı nədənsə görmədiyini, ümumiyyətlə, şəhərin mərkəzində belə bir xiyabanın mövcud olduğundan xəbərsiz qaldığını və günortadan bəri burada oturduğu halda gözünə bircə adamın belə dəymədiyini anlayıb vahimələndi... Elə bu məqam bədəninin arxadan eşidilən xəfif addım səslərindən titrəməyə başladığını, beynindən ani çaxıntı ilə ötən dəhşətli fikirdən ürəyinin sıxıldığını hiss edib ayaq saxladısa da, geriyə qanrılmağa ürək eləmədi... dizləri vücudunu bürüyən vahimədən boşala-boşala artıq bunun son olduğunu, onu hansısa səhvi, ya günahı ucbatından qovalaya-qovalaya gətirib bu giriş-çıxışı olmayan çıxılmazlıqlar adasına çıxaran boz casusdan qurtula bilməyəcəyinin vahiməsində əriyib itə-itə, özü də bilmədən bağın hansısa daha qaranlıq dərinliklərinə üz tutdu... bir qədər getmişdi ki, necəsə qəfildən arxadan eşidilən səslərdən ardınca gələnin bir yox, bəlkə, iki, hətta bəlkə, bir neçə adam olduğunu duyub dayandı... ürək döyüntüləri sürətlənə-sürətlənə tələm-tələsik nə edə biləcəyini düşünmək üzrə idi ki, qulağına lap yaxından dəyən ləhləmə səsinə geriyə çöndü və duruxub qaldı...
Qapqara, iri it idi... adam gözünə oxşar gözlərini üzünə dikib dayanmışdı...
Bu it necə, haradan izinə düşmüşdü, nədən ardınca gəlirdi? Günortadan bəri bircə adamın, bir canlının belə gözə dəymədiyi bu sirli xiyabanda nə işi vardı?
Bu fikirdən dizlərinin boşaldığını hiss edib yaxında oturmağa bir yer axtardısa da, gözünə skamya, yaxud ona bənzər nə isə dəymədi... Ac yalquzaq ulartısı ilə ulayan külək qulaqlarında uğuldaya-uğuldaya “yoxsa bu yer, ümumiyyətlə, xiyaban deyil?..” – fikirləşdi. – Yalnız onun daxil olmasına icazə verilmiş həmin o sirli yuxu məkanının davamı, ya əvvəli idi?..
Bu fikirdən ürəyi bulana-bulana itlə üzbəüz dayanıb qaldı... gözləri bu dəqiqə ha tərəfindənsə – yaxın kolluqdan, ya ağaclığın sıx dərinliyindən sivişib çıxacaq bozgödəkçəlini axtardı... və qulağına haradansa, xiyabanın tamamilə ayrı səmtindən ötüb-keçən adda-budda trolleybus və maşın səsləri dəydi.
Professor addımlarını yeyinlədib ürəyi çırpına-çırpına səs gələn tərəfə yeriməyə başladı, lakin yolu yarı eləməmiş qarşılaşdığı mənzərədən ayağını saxlamalı oldu...
Bir xeyli yol getsə də, bayaqkı nəhəng qovaq ağaclarının sualtı aramlıqla dalğalandığı həmin sirli məkana gəlib çıxdığının dəhşətindən başının tükləri qabara-qabara yerindəcə donub qaldı…
Haradansa, yaxın küçələrdən vıyıltı ilə ötüşən maşın kortecinin və ruporla ətrafa yayılan “Yolları boşaldın! Yol verin, yol verin!” səsləri eşidilirdi...