XIX əsr Azərbaycan jurnalistikası
1875-ci il iyulun 22-də dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi böyük çətinliklər hesabına “Əkinçi” qəzetini çap etdirdi. Həmin gün Azərbaycan mətbuat tarixinin yaranma günü kimi qeyd olunur. Azərbaycanın maarifçilik tarixinin ən parlaq çağları bu dövrdən başlanır.
Həsən bəy Zərdabinin “Kimə göstərirəm görmür, deyirəm eşitmir, çağırıram gəlmir” şüarı dövrün bütün mənzərəsinin əksi idi. O bu vəziyyətdən çıxış yolunu 1875-ci ildə “Əkinçi” qəzetini yaratmaqda görür. “Daşı damcının altına qoyanda o yarılmaz, amma illər keçdikcə damcı o daşı dələr” deyərək qəzetin bütün ideyasını bu cümlələrlə əks etdirən Zərdabi “Əkinçi”ni cəmi iki il yaşada bildi. 56-cı nömrədən sonra bağlanan “Əkinçi”nin açdığı cığırda ilk olaraq “Ziya”, “Kaspi”, “Tərcüman” qəzetləri, “Kəşkül” jurnalı irəlilədi. XIX əsrin sonları Azərbaycanda maarifçiliyin “qığılcım dövrü” hesab edilir. Adıçəkilən mətbu orqanlar da həmin qığılcımın yaşam forması idilər. Zərdabi ilə birlikdə Nəcəf bəy Vəzirov, Ünsizadə qardaşları, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, İsmayıl bəy Qaspıralı, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə bu dövrün, Əli bəy Hüseynzadənin sözləri ilə desək, “qırmızı qaranlıqlar içində yaşıl işıqları” idilər.
XX əsrin əvvəlləri
XX əsrdə cərəyan edən intellektual inkişafın kökündə məhz XIX əsrin sonlarında yaşanan proseslər dayanırdı. Proseslərlə yanaşı, XIX əsrin ikinci yarısına damğa vuran bir çox şəxsiyyətlər də vardı ki, XX əsrin aydınları onların “şinel”indən çıxdılar. Mirzə Cəlil, Sabir, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Abdulla Şaiq, Məhəmməd ağa Şahtaxtinski Axundovun, Zərdabinin yolunu davam etdirdilər.
Bu mərhələnin ilk qəzeti olan “Şərqi-rus” Azərbaycan mətbuatı tarixinin “çağırışçı qaranquşu” hesab edilir. Bu dövrdə yaranan hər bir mətbu orqan mənəvi və intellektual baxımdan ac olan xalqı qidalandırmaq, təfəkkürünü zənginləşdirməklə məşğul idi. Onların önündə gedən ilk dördlük “Molla Nəsrəddin”, “Füyuzat” jurnalları, “Həyat” və “İrşad” qəzetləri idi. “Tazə həyat”, “Tərəqqi”, “Babayi əmir”, “Bakinski raboçi”, “İttifaq”, “Məktəb” və s. kimi qəzet-jurnallar da dövrün intellektual, ictimai-siyasi mənzərəsinə işıq tuturdu.
Cəmi bir il işıq üzü görən və 32 nömrəsi çapdan çıxan “Füyuzat”, qısa müddətdə Azərbaycan ictimaiyyəti üçün xeyli işlər gördü. Əli bəy Hüseynzadənin qələmi ilk dəfə olaraq bəşəri ideyaları, fransız maarifçilik düşüncələrini Azərbaycan oxucusuna çatdırmağa yönəldi. Bu yolda Əhməd bəy Ağaoğlu, Səid Səlmasi, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid kimi ziyalılar onunla yanaşı addımlayırdılar.
“Molla Nəsrəddin”in ideologiyası isə daha konkret və real idi. Mirzə Cəlilin “Sizi deyib gəlmişəm” adlı yazısı jurnalın proqram məqaləsi oldu. Jurnal dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan xalqının min illərdən bəri davam edən dərdlərinə də işıq tuturdu. Onların içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə “Molla Nəsrəddin”in birinci nömrəsinin üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdə göstərən bir rəsm dərc etdirmişdi. “Molla Nəsrəddin”in səhifələrində XX əsr Azərbaycan həyatının qüsurlarına qarşı ünvanlanan amansız hiddətin arxasında Vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı.
Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi.
Cümhuriyyət dövrü
Cümhuriyyət dövrü Azərbaycanda artıq 60-a qədər mətbu orqan fəaliyyət göstərirdi. Onlardan 28-i – Azərbaycan, 20-si – rus, 12-si isə digər dillərdə çap olunurdu. Əsas mətbu orqanlar isə “İstiqlal”, “Bəsirət”, “Qurtuluş”, “Azərbaycan” idi. Bundan əlavə, Müsavat Partiyasının “Müsavat” adlı qəzeti dərc olunurdu. “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə çıxan bu mətbu orqanının ən fəal əməkdaşı Məhəmməd Əmin Rəsulzadə və Əhməd Həmdi idi. “Müsavat” bağlandıqdan sonra onu “İstiqlal” qəzeti əvəz etdi. İlk sayı 1919-cu ildə çıxan qəzetin 2 ildə 51 sayı işıq üzü gördü. Cümhuriyyət və ondan sonrakı mühacirət dövrü jurnalistikası isə “Milli birlik və mənəvi dirilik” şüarı altında fəaliyyət göstərdi.
Bu dövrdə Azərbaycanda çıxan mətbuat orqanları, sözsüz ki, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən idi. Ölkənin ictimai və siyasi xadimlərinin formalaşmasında, onların siyasi fəaliyyətlərini gerçəkləşdirməsində mətbuatın misilsiz xidmətləri var idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən “Azərbaycan” qəzetinin dahi Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.
Əslində, Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, “Əkinçi” prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi.
Sovet və müstəqillik dövrü
Azərbaycan jurnalistikası sovet dövründə də basqılara baxmayaraq, öz ənənələrinə sadiq qalmağa çalışdı. Sovet rejiminin jurnalistikanın üzərinə qoyduğu ideoloji göstərişlərlə yanaşı, Azərbaycan ziyalıları yenə də mətbuatdan kürsü kimi yararlana bildilər. Bu proses Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən, Azərbaycana rəhbərlik etdiyi vaxtdan başlayaraq daha da inkişaf etdi. Ziyalı təbəqə yenə də mətbuat vasitəsilə xalqın yanında idi. “Şərq qadını”, “Sovet kəndi”, “Müəllim qəzeti”, “Kirpi” kimi mətbu orqanlar ictimai-sosial problemləri qabartmaqdan çəkinmirdilər.
Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən idi. Heydər Əliyev çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi.
1998-ci ilin avqust ayının 6-da Ümummilli lider Heydər Əliyevin imzaladığı xüsusi sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Ulu Öndərin 1998-ci ildə imzaladığı sərəncam tarixi bir qərar idi və bu qərar Azərbaycanın müstəqillik tarixinə, milli mətbuatın müstəqilliyinə çox böyük töhfələr verdi. Senzuranın ləğvi əsl demokratik addım kimi bütün jurnalistlər tərəfindən müsbət qarşılandı.
Müstəqilliyin ilk illərində qəzetlərin əksəriyyəti “Azərbaycan” nəşriyyatında çapdan çıxırdı. Qəzetlərin maliyyə problemləri, üst-üstə yığılan borcları onların bağlanması təhlükəsini yaratmışdı. Heydər Əliyev qəzetlərin ağır dönəmində baş redaktorlarla görüşərək mətbu orqanların nəşriyyata olan borclarını dondurdu. Bir neçə ildən sonra isə Prezident İlham Əliyev tərəfindən həmin borclar tamamilə silindi.
Həmçinin 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu gün Medianın İnkişafı Agentliyi adı ilə səmərəli fəaliyyət göstərən qurum hər il qəzetlərə maliyyə yardımları ayırır və jurnalistlər arasında müsabiqələr keçirir, müxtəlif layihələr təşkil edir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə xeyli sayda mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir.
ELMİN NURİ