Elektron ədəbiyyat və sənət portalı

Xosrov Şahaninin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 26.07.2024

“Aydın yol” məşhur İran yazıçısı Xosrov Şahaninin (1929–2002) hekayəsini təqdim edir.

Uğurun sirri

(hekayə)

Adı dillər əzbəri olan həmyerlim Məşhurəzzəmanı, gözucu da olsa, görmək mənim çoxdankı arzum idi. Görkəmli şair və nasir, özünəməxsus fəlsəfi məktəbin yaradıcısı, tanınmış filosof, dəqiq elmlər sahəsində söz və nüfuz sahibi olan Məşhurəzzəmanın ölkəmizdə, sözün həqiqi mənasında, tayı-bərabəri yox idi. Həmçinin deyirdilər ki, o, bir çox dillərdə sərbəst danışır, rəngkarlıqdan əla baş çıxarır və həm də gözəl rəssamdır. Bir sözlə, hamı bu fikirdə idi ki, onun kimi dahi şəxsiyyətlər yüz, bəlkə də, iki yüz ildən bir dünyaya gəlir. Məşhurəzzəmanın mənəvi prinsiplərinə gəlincə, demək lazımdır ki, bu barədə əfsanələr dolaşmaqda idi. Bu insanın dünyanın naz-nemətlərinə tamamilə biganəliyi hamını heyrətləndirmişdi. Bilirdilər ki, ona dəfələrlə olduqca mühüm və cəlbedici dövlət postları təklif olunub. Lakin hər dəfə imtina edərək deyib: “İnsan bütün bu müvəqqəti adlardan və vəzifələrdən yüksəkdə durmalıdır”. Danışırdılar ki, ağayi Məşhurəzzəman, həqiqətən də, ləyaqətsiz və alçaq adamların qabağında bir dəfə də baş əyməyib, heç vaxt öz şəxsi ləyaqət hissini itirməyib. Hal-hazırda da Atom nüvəsinin tədqiqi kafedrasının müdiri olmasına baxmayaraq özünün kiçik məvacibiylə dolanır, şəhərin kasıblar məhəlləsində kirayələdiyi evdə qalır və dövlətin yardımından da imtina edir.

Hamımız yaxşı başa düşürdük ki, belə insanlara zəmanəmizdə az-az təsadüf olunur. Bəlkə, elə buna görə də onu, heç olmasa, bircə dəfə yaxından görmək arzusu bizə rahatlıq vermirdi.

Bir axşam evdə televizor qarşısında oturmuşdum. Diktor elan elədi ki, sabah bu vaxt xüsusi proqramda dünyaşöhrətli alimimiz, professor Məşhurəzzəman iştirak edəcək.

Nə gizlədim, həyəcandan, az qala, nəfəsim kəsiləcəkdi. Zarafat deyil, sabah öz gözlərimizlə bu məşhur alimi, nəhəng elm adamını görə biləcəyik və o bizimlə öz tay-tuşu kimi söhbət edəcək! “Yəqin, – düşünürdüm, – o, yeni bir elmi kəşf edib və bu sevincini bizimlə bölüşməyə tələsir. Yoxsa onun sabahkı çıxışını başqa nə ilə izah etmək olardı?”

Mən də, dostlarım da sabah axşama kimi bir yerdə qərar tuta bilmədik. Bütün işlərimizi bir kənara qoyub müəyyən olunmuş saatda ekran qarşısında yerimizi rahatladıq. Bəli, film də qurtardı və yerini ticarət reklamlarına verdi. Əvvəlcə ekranda iri planda elektrik pilətəsi göründü.

– “Edison” elektrik pilətəsi – bişirir, ancaq yandırmır!” – diktorun xırıltılı səsi eşidildi. Sonra onu başqa bir kadr əvəzlədi və ekranda iki nəfər göründü – biri cavan, biri yaşlı.

– Necə ki, dünən sizə söz vermişdik, – deyə cavan danışmağa başladı, – görkəmli alim, ədəbiyyat və incəsənət bilicisi, zati-aliləri ağayi Məşhurəzzəman bu gün “Edison” elektrik pilətəsi” adlı verilişimizdə iştirakıyla bizi məmnun edib. (Sadəlövhlüyümdən əvvəl elə bildim, adıçəkilən pilətə ağayi Məşhurəzzəmanın öz ixtirasıdır.)

  Aparıcı:

– Bağışlayın, ağayi professor, – deyə Məşhurəzzəmana müraciət elədi,

– bildiyiniz kimi, “İran avadanlıq” şirkəti son vaxtlar xaricdən müxtəlif məişət avadanlıqları, işlək mallar alıb. Bütün bunlar bizim əziz həmvətənlərimizin rahatlığı və rifahını təmin etmək məqsədilə həyata keçirilir. Biz sizi görkəmli elm adamı, ədəbiyyat və mədəniyyət xadimi kimi tanıyırıq. Buna görə də sizi studiyamıza dəvət etdik ki, bu tədbirlə bağlı dəyərli fikirlərinizi tamaşaçılarımızla bölüşəsiniz. Buyurun, professor.

– Bəli, – professor ani pauzadan sonra sözə başladı, – mən xoşbəxtəm ki, “İran avadanlıq” kimi tanınmış bir şirkət həmvətənlərimizdən ötrü maksimum rahatlıq yaratmağın, onların yaşayışını daha mənalı etməyin qayğısına qalaraq xaricdən ən müasir elektrik cihazları almaq qərarına gəlib.

Professorun qısa bəyanatından sonra cavan oğlan masanın altından qədimi dəmir manqal boyda olan elektrik pilətəsini çıxardı, cərəyana qoşub dedi:

– İndi isə ağayi professor cihazın məziyyətlərini sizə şəxsən nümayiş etdirəcək.

Tanınmış elm adamı ayağa qalxdı, pilətəyə tərəf getdi, bərkdən şaqqanaq çəkdi və... cihazın üstünə oturdu.

– Əziz tamaşaçılar, indi özünüz də əmin oldunuz ki, – gülməyindən qalmayan professor dedi, – “Edison” pilətəsi, həqiqətən də, yandırmır, bişirir!

Bu sözlərdən sonra professor durmaq istədisə də, aparıcı əliylə yavaşca onun çiynindən basdı.

– Tələsməyin, bir dəqiqə! – dedi və üzünü tamaşaçılara tutaraq soruşdu: – Hə, əziz tamaşaçılar, daha buna nə sözünüz? – hələ də pilətənin üstündə oturmuş professor qurdalanmağa başladı. Onun üzündəki əzabkeş ifadə aydın sezilirdi.

– Hə, ağayi professor, yəni deyirsiniz ki, doğrudan da, yandırmır, hə? – cavan oğlan gülə-gülə soruşdu.

– B-b-bəli, d-d-do-oğrudan, q-q-qə-ə-tiyyə-ən ya-an-dırmır, an-an-caq bi-bi-şir-ir! – deyə professor tələsik cavab verib qalxmaq üçün daha bir ümidsiz cəhd etdi.

Aparıcı əlini onun çiynindən götürmədən:

– Səbir eləyin, professor, hələ sizinlə işimiz var, – dedi. Sonra yenə tamaşaçılara müraciət etdi: – Bu, ən son elektrik pilətəsi modelidir.

Elə bu vaxt pilətənin altından yüngülcə tüstü qalxdığını gördük. Professor isə əsəbi halda yerində daha möhkəm qurcalanır, canını aparıcının əlindən qurtarmağa çalışırdı.

Bilmirdin, bu mənzərəyə güləsən, yoxsa zavallı professorun halına acıyasan.

Əlqərəz, elektrik pilətəsi ilə tanışlıq başa çatdı və professor kamandan dartılmış ox kimi yerindən sıçrayaraq gözdən itdi. Ancaq tezliklə yenidən peyda oldu. Cavan oğlan bu dəfə ona elektrik üzqırxanı verdi.

– Professor, – dedi, – sizdən xahiş etmək istərdim ki, bu məhsulu da tamaşaçılarımıza şəxsən özünüz nümayiş etdirəsiniz.

Əliylə yanını ovuşduran, zorla gülümsəməyə çalışan professor könülsüz dilləndi:

– “İran avadanlıq” şirkətinin idxal elədiyi bu elektrik üzqırxanı ən son və mükəmməl modeldir, – dedi, – üzü sürətlə və tərtəmiz təraş edir. Bu, necə deyim, texnikanın möcüzəsidir!

 Aparıcı:

– İndi isə üzqırxanın məziyyətlərini hörmətli professorumuzun üzərində sınaqdan keçirsək, heç də pis olmaz. Deyilmi, ağayi professor? – deyib cihazı alimin əlindən alaraq cərəyana qoşdu.

Biz hələ nə baş verdiyini anlamağa macal tapmamış elm korifeyimizin topa bığ-saqqalı yox oldu. Ancaq cavan oğlan bununla da kifayətlənmədi, cəld hərəkətlə üzqırxanı professorun başına yapışdırdı. Əvvəlcə bir gicgahından digərinə, sonra da alnından peysərinə tərəf sürüşdürüb kişinin başında xaçşəkilli iki şırım açdı.

Yeni “sima”sından hələ xəbərsiz olan professor candərdi gülümsəyərək üzünü tamaşaçılara tutdu:

– İndi özünüz də inandınız ki, bu üzqırxan, həqiqətən də, sürətlə, ağrısız və təmiz qırxır?

Bilmirdim ki, bu mənzərəyə gülüm, yoxsa ağlayım. Bütün bunlar nə demək idi? Dünyaca məşhur elm adamını beləcə məsxərəyə qoymaq nəyə lazımdı? Yaxşı, bəs özü niyə buna imkan verir? Çaşıb qalmışdım, yəni bizim qürur yerimiz olan, haqqında ağızdolusu danışılan və üzünü görməyə can atdığımız insan, doğrudanmı budur?

Bu arada ekranda yenə cavan oğlan göründü. Bu dəfə əlində bir dəst qadın paltarı – şəffaf kofta və mini ətək vardı.

– Bu, Kristian Diorun ən son model kostyumudur, – deyə izahat verdi. – İndi bizim möhtərəm professorumuz onu şəxsən əyninə geyinib sizə nümayiş etdirəcək. Necədir sizinçün, o nəhənglikdə elm adamı parçanın keyfiyyətini və kostyumun tikilişini ağızdolusu təriflədi və... hörmətli televiziya tamaşaçılarının gözləri qarşısında soyunaraq bir tumanda qaldı. Kofta bədəninə yaxşı otursun deyə büstqalter gətirib Məşhurəzzəmanın tüklü sinəsinə geydirdilər. Sonra böyük çətinliklə ətəyi də əyninə geyindirə bildilər. Məşhur alimin nə kökə salındığını təsəvvür eləyə bilməzsiniz! Ekrandan bizə bığ-saqqalı tərtəmiz qırxılmış, gur saçları arasında iki çarpaz şırım açılması ilə başında xaç yaranmış, əynində isə şəffaf kofta və dar mini ətək olan əcaib bir kişi baxırdı!

Göbəyini oynadaraq şit-şit gülən professor peşəkar manekenlər kimi studiyada var-gəl eləməyə başladı.

– Bu şinyon isə, – aparıcı naməlum, yeni bir söz işlətdi, – dünyada ən yaxşılardandır. Onu həqiqi saçlardan ayırmaq mümkün deyil. İndi özünüz də buna əmin olacaqsız! – dedi və dərhal şinyonu professorun başına keçirtdi.

– Görürsünüz, elə bil öz saçlarımdır, – deyən professor gülümsünərək tamaşaçılara müraciət elədi.

Ancaq bu da hələ hamısı deyildi!

Cavan oğlan yenə yox oldu və əlində bir qutu, özü də bir qadınla birlikdə təzədən peyda oldu. Qadın qutudan nəsə çıxararaq hörmətli professorun sir-sifətini boyamağa başladı və işləyə-işləyə dedi:

– Bu gördüyünüz filan firmanın dodaq boyası, bu isə filan şirkətin ənliyidir. Bu da dünyada nömrə bir süni kirpiklərdir. Bax, bu isə saç üçün lakdır...

Xülasə, bir neçə dəqiqə ərzində qadın zavallı professorun üzünü elə bəzədi ki, əgər onun tüklü ayaqları olmasaydı, elə bilərdin, qarşındakı Elizabet Teylorun özüdür.

Öz növbəsində, professor da tamaşaçılar qarşısında elə əzilib-büzülürdü ki, elə bil bütün ömrü boyu işi-gücü ancaq qadın rollarını oynamaq olub.

– Əgər ərlərinizin xoşuna gəlmək və cazibədar görünmək istəyirsinizsə, hər zaman “İran avadanlıq” şirkətinin kosmetik məhsullarından istifadə edin! – kumirimiz dedi və şit-şit güldü.

Biz televizor qarşısında əyləşib gördüklərimizdən sarsılmışdıq. Düşünürdük ki, görəsən, ölkəmizin qürur və şərəf yeri olan hörmətli professorun başına daha nə oyun açacaqlar?

 Aparıcı zalım oğlu elə bil ürəyimizi oxuyurmuş, əlində bir cüt hündürdaban qadın ayaqqabısı və neylon corabla yenidən ekranda göründü. Bu əşyaların da davamlılığından və gözəlliyindən ağızdolusu danışıb onları Məşhurəzzəmanın ayaqlarına keçirtdi. Professor səhnədə var-gəl edib ombalarını burcutdu və səhnənin bir küncündə qoyulmuş çarpayıya tərəf üz tutdu.

– “İran avadanlıq” şirkətinin çarpayıları, – aparıcı şərh verməyə başladı, – dünyanın ən yaxşı, ən rahat və ən yumşaq çarpayılarıdır!

Professor da onun sözlərinə qüvvət kimi:

– Şirin yuxunu ancaq və ancaq “İran avadanlıq” şirkətinin çarpayıları təmin edə bilər, – dedi və reklam etdiyi çarpayıya uzanaraq elə bir poza aldı ki, sanki sevişmə səhnəsinin çəkilişinə hazırlaşan Sofi Loren idi.

Bir həftə sonra dostumla küçədə Məşhurəzzəmana rast gəldik. O, son model dəbdəbəli bir limuzinin arxa oturacağına yayxanmışdı.

– Görünür, varlanmaq elə də çətin məsələ deyilmiş, – dostum mənə göz vuraraq gülümsündü. – Azca dözüm və prinsipsizlik – uğurun sirri bax bundadır!

Farscadan tərcümə edən:

Bəhlul SEYFƏDDİNOĞLU