Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan bayatılarını rusca dilləndirən mütərcim

Bölmə: Tərcümə sənəti 01.08.2024

Yel rəqs edən bir qaraçı,

Əsmə əsir, üryan budu.

Mən kiməm? Cızma-qaraçı,

Xəzərə baxozan budu.

Mən mütərcim, otərcüman,

Mən qocalan, oqocaman.

Heç fələyə verməz aman,

Deyər: yolu azan budu!

İkiyik, birimiz qalar,

Mən gedərəm, dəniz qalar.

Vladimirdən iz qalar? –

Əhvalımı pozan budu.

 

Bu təvazökar və eyni zamanda məsuliyyətli sətirlərin müəllifini bugünkü ədəbi nəsil az tanıyır. Halbuki Azərbaycan ədəbiyyatı inciləri daha çox onun tərcüməsində Rusiyaya, oradan da dünyaya çıxıb. Buna görə də dostları onutərcümə ədəbiyyatının canlı klassikiadlandırırdılar. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Əli Kərim, Məmməd Araz, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və s. müəlliflərin əsərlərini rus dilinə tərcümə edib. “Dədə Qorquddastanının, Azərbaycan aşıq şeirinin, Məhsəti rübailərinin, Füzuli qəzəllərinin, Yunus Əmrə və digər klassiklərin əsərlərinin rusdilli oxucular arasında əldənlə gəzməsi onun əvəzsiz xidmətidir. Bir dəfə Vladimir Qafarova təklif edilir ki, “Dədə Qorquddastanını tərcümə etsin, amma boylardakı “mərə kafərsözlərini işlətməsin bu, xristian qonşularımızın xətrinə dəyə bilər. VolodyaDədə Qorqudu bir daha diqqətlə oxuyub müqəddiməsini, “mərə kafərin işlənmədiyiDirsə xan oğlu Buğac xan boyuvə “Duxa Qoca oğlu Dəli Domrul boyunu tərcümə edir. Ondan nə üçün digər boyları tərcümə etmədiyini soruşduqda bildirir ki, axı onlardamərə kafərsözləri vardı, siz isə dediniz kiTərcüməçi orijinalı təhrif etmək istəməmişdi. Bunu onun haqqında yazılan xatirələrdən oxumuşam.

Tərcüməçinin qızı Nadiyə Qafarova ilə söhbətimizdən isə daha çox şey öyrəndim. Nadiya xanımın danışdıqlarından:

Kompüteri qəbul etmirdi

“Atam çox ünsiyyətcil adam idi, amma eyni zamanda evdə bəzən özünə qapılırdı, daim əlyazmaları, tərcümələri üzərində çalışırdı. Öz işinə, yaradıcılığına dəlicəsinə vurğun idi. Çox vaxt əlində qəlyan yazı masasının arxasında oturardı. Qəlyanı çox xoşlayırdı. Bir məqamı da deyim, biz kompüterdə işləməyi ona öyrədə bilmədik, makinada yazırdı. Qardaşımla onu nə qədər dilə tutsaq da, ömrünün son günlərinə qədər kompüteri qəbul etmədi”.

  “Atamın ilk sevgisi bayatı olub”

“Əsərləri, adətən, qəzet və jurnallarda çap olunurdu. Özü də şeir yazırdı. Hisslərini daha çox rus dilində ifadə edirdi. Hətta ölümündən sonra onun əlyazmaları arasında Azərbaycan dilində yazılmış bayatı və rübailər tapdım.

Biz sağlığında onun əlyazmalarına toxuna bilməzdik. Bu qadağanı özü qoymuşdu. Buna görə də ölümünədək mən onun Azərbaycan dilində şeir yazdığını bilmədim. Zarafatla misralar qoşurdu, amma rübai yazmaq çox ciddi məsələdir axı. Atam rübai və bayatılardan başqa çoxlu ağ şeir də yazıbmış. Bunların hamısını mütləq çap etdirməyi düşünürəm. Çox maraqlı əsərlərdir. Amma onun əsas işi tərcümədən, ən çox da aşıq ədəbiyyatını, bayatıları tərcümə etməkdən ibarət idi. Hətta deyərdim, atamın ilk sevgisi bayatı olub.

Yunus Əmrəni türk dilindən ruscaya ilk dəfə atam çevirib. Böyük təqdimat mərasimi oldu. Səhv etmirəmsə, kitab Türkiyədə də təqdim edildi. Çəkdiyi zəhmətə görə kiminsə ona “afərin” deməsini gözləmirdi. Hesab edirdi ki, Azərbaycan, türk ədəbiyyatını tərcümə edib bütün MDB ölkələri ərazisində yaymaqla bir vətəndaş kimi borcunu yerinə yetirir. Əlbəttə, yaxşı olardı ki, onun əməyi qiymətləndirilsin. Ömrünün son illərində – 90-cı illərdən sonra qəzet-jurnallara yazdı, Bakı Slavyan Universitetində dərs dedi. Amma təbii, işinin böyük bir hissəsini tərcümə təşkil edirdi ki, onun da müqabilində heç nə qazanmırdı.

“Sənədlərimizi cırdı ki, getməyək”

Bəziləri onu qaraqabaq adam hesab edirdi. Özü buna belə aydınlıq gətirirdi: “Mən daim məşğul oluram. Kənar ünsiyyət üçün boş vaxtım olmur, həmin zamanı işə ayırıram”.

Böyük kitabxanamız vardı. Qonaqlarımızın hamısı bu kitabxanaya heyranlıqla baxırdı. Kim hansı kitabı axtarsa, bizdə tapardı.

Atamın sənətiylə bağlı bizim də uşaqlığımız ədəbi mühitin içində keçdi. Şair-yazıçı dostları, həmkarları tez-tez bizdə qonaq olurdular.

Ailədə demokratik adam idi. Bizim – uşaqların tərbiyəsi ilə anamız məşğul olurdu. Atamın vaxtı az idi. Amma, əlbəttə, o da bizə diqqət ayırırdı. Daha çox oxumağımızın qeydinə qalırdı…

 Atam çox vətənpərvər adam idi. Vətənini çox sevirdi. Dəfələrlə başqa ölkələrdən dəvət alsa da, qətiyyətlə imtina edirdi. Hətta qardaşımla mən Moskva Dövlət Universitetinə qəbul olunanda atam qəbul komissiyasına gedib bizim sənədlərimizi cırmışdı ki, heç yana getməyəcəksiniz, öz vətəninizdə təhsil alacaqsınız… 

“Özü üçün mahnılar qoşurdu”

Atamın musiqi təhsili olmayıb, amma yaxşı musiqi duyumu vardı. Ritmi tuta bilirdi. Bu onun bayatıları tərcümə etməsində də özünü göstərirdi.

Zümzümə etməyi sevirdi. Zümzümə etmək onun həyatının bir hissəsinə çevrilmişdi. Səhərə mütləq çaydan başlayırdı. Armudu stəkanı vardı, çayı yalnız onda içərdi. Sonra qəlyanı əlinə götürüb, bizim bilmədiyimiz hansısa musiqini zümzümə etməyə başlardı.

Yəni oxuduğu mahnıların musiqisini də özü qoşurdu. Bununla da özünü işə kökləyirdi.

Erməni snayperi və dağılmış kitabxana

“90-cı illərdə atam “Na straje Kaspiya” qəzetində çalışırdı. Baş verənləri işıqlandırmaq üçün həmin vaxt böyük bir nümayəndə heyəti Qarabağa yollanmışdı. Atam da getmişdi. Anam nə qədər yalvarsa da, xeyri olmadı. Həmin vaxtlar yaşı da az deyildi, 60 tamam olacaqdı. Bununla belə, əsgər paltarı geyib ön cəbhəyə

getdi. Jurnalist kimi müsahibələr alır, xəbərləri işıqlandırırdı. Atam sonradan danışırdı ki, əynində hərbi paltarı görən erməni snayper onu nişan alıbmış. Lakin bizim əsgərlər daha tez tərpənərək düşməni zərərsizləşdiriblər.

Bunu danışıb gülürdü. Hərçənd orada gülməli heç nə yox idi, əksinə, həyatı təhlükə qarşısında olmuşdu. Bundan başqa, atam erməni əsgərlərin dağıtdığı kitabxananı tapmış, oradan Azərbaycan ədəbiyyatı şedevrlərini, çox dəyərli kitabları çıxarıb evə gətirmişdi. Yəni ən ağır məqamlarda da o, kitab, kitabxana barədə düşünürdü.

Rəbiqə NAZİMQIZI