Elektron ədəbiyyat və sənət portalı

İsaak Babelin aforizmləri

Bölmə: Azad ərazi 08.08.2024

“Aydın yol” məşhur Rusiya yazıçısı İsaak Babelin (1894–1940) aforizmlərini təqdim edir.

“Bir anlıq unudun ki, burnunuzun üstündə eynək, ruhunuzda payız var”.

***

“Hamı öləridir. Ölümsüzlük yalnız analara verilib. Ana sağ olmayanda belə, aramızda  hələ bir nəfərin də alçaltmağa cürət etmədiyi xatirəsi yaşayır”.

***

“İnsan səfehləyəndə yox, nəsə insani bir hərəkət eləyəndə heyrətlənirəm”.

***

“Bağlı gözlərə günəş şüası daxil ola bilmir”.

***

“Araq içməyi bacaranlar, bacarmasa da içənlər var. Birincilər dərddən də, sevincdən də həzz alır, ikincilər isə içməyi bacaranların yerinə əzab çəkir”.

***

“Qoy Tanrıya lotereyada iki yüz min udan inansın”.

***

“Siz öz abrınızı hansı odkeçirməz şkafda gizlətmisiniz?”

***

“Bu yerdə sözə nə ehtiyac? İnsan var idi və daha yoxdur”.

***

“Bu xəbəri eşidəndə saçlarımla birlikdə beynim də biz-biz oldu”.

***

“Bəziləri öz işləri pis gedəndə, bəziləri isə qonşunun işləri yaxşı gedəndə dilxor olur”.

***

“Kamertonu əlinizə alıb qulaqlarınızı kökləyin”.

***

“İstənilən doktora – istəyir lap fəlsəfə doktoru olsun, bu dünyada cəmi üç arşın torpaq düşür”.

***

“Əgər rusəsilli adama yaxşı xasiyyət verilibsə, bu, həqiqətən də, böyük nemətdir”.

***

“Bir kənarda oturub mürgüləyirdim və yuxular yan-yörəmdə pişik kimi atılıb-düşürdü”.

***

“O, xəstədir, kinlidir, dərddən başını itirib – İtaliyanın günəşini və banan istəyir”.

***

“Onun şirniyyatlarından çarmıx qoxusu gəlirdi: içində həm Vatikanın hiddəti, həm də soğan şirəsi var idi”.

***

“Birinə Tanrı pul verib – puldan keflənir, birinə verməyib – pulsuzluqdan keflənir. İnsana keflənmək üçün bəhanə lazımdır”.

***

“İnsanlara inanma, dostluq eləmə, kiməsə pul vermə, ürəyini də vermə”.

***

“Yaxşı işləri yaxşı adamlar görür. İnqilab da yaxşı adamların işidir. Amma axı yaxşı adamlar kimisə öldürmür. Deməli, inqilab pis adamların işidir”.

***

“Polis haradan başlayır və Benya harada qurtarır? Polis Benya başlayan yerdə qurtarır”.

***

“Mən uşaqlıqda əməlli-başlı gopçuydum. Çünki çox mütaliə edirdim”.

***

“Danışmağa həvəsli adam gərək  səbirlə silahlansın”.

***

“Yox, mən həqiqətlə burnumu silmədim. Həqiqət mənimlə burnunu sildi”.

***

“Qoca yüngülcə xəstələndi, amma qalxdı. Çünki onu qarşıda hələ iyirmi il gözləyirdi”.

***

“Gündəlik vəhşiliklərin salnaməsi mənə ürəktutması kimi təsir edir”.

***

“Sözlərimi yanınıza salıb yolunuza davam edin”.

***

“Arzular sümüklərimi gizildədirdi”.

***

“Niyə Tanrı yəhudiləri Rusiyada məskunlaşdırdı? Onların burada cəhənnəm əzabı çəkməsi üçünmü? Məgər onları füsunkar göllər, dağ havası və yalnız fransızlardan ibarət İsveçrədə yerləşdirsəydi, pis olardı?”

***

“Yazıçının rəfində gərək çox kitab olmasın. Cəmi on-onbeş ədəd bəs edər. Amma buna qədər gərək minlərlə kitab oxuyasan”.

***

“Mən hər axşam onun söhbətlərini şərab kimi içirəm”.

***

“Hələ vaxtı deyil, amma vaxt gedir. Vaxtın addım səslərini dinlə və yol ver”.

***

“Onyaşlı oğlandakı sevgi və qısqanclıq hissi eyni ilə yaşlı kişinin sevgi və qısqanclığı kimidir”.

***

“Dünyada baş verən yenilikləri ən çox uşaqlar hiss edir”.

***

“Turş xiyar və dünya inqilabı uğrunda canımızdan keçirik”.

***

“Ay kəndin üzərindən ucuz sırğa kimi asılmışdı”.

***

“Səfeh qocalıq qorxaq cavanlıqdan pisdir”.