Elektron ədəbiyyat və sənət portalı

Təsadüfdən başlanan möhtəşəm karyera

Bölmə: Art 15.08.2024

Ailəsi və uşaqlığı

Sofi Marso tale üzünə gülən sənətkarlardandır. 14 yaşında təsadüfən sınaq çəkilişlərinə dəvət alan Sofi həmin filmdə rol alır və bu hadisə onun həyatını dəyişir. Sonralar yeniyetmə qız aktyor sənətinə ciddi yanaşmağa, bu sahədə özünü inkişaf etdirməyə başlayır. Sofi təkcə öz vətənində deyil, həm də xarici ölkələrdə filmə çəkilmək iddiasında idi.

Əsl adı Sofi Daniel Silviya Mopyü olan Sofi Marso 17 noyabr 1966-cı ildə Fransada Parisətrafı Jantilyi şəhərində dünyaya gəlib. Fransa kinosunun gələcək ulduzu sadə, kasıb ailədəndir. Sofinin atası dükanda satıcı, anası isə treyler sürücüsü idi. Əksər yaşıdları kimi balaca Sofi də aktrisa olmağı arzulayırdı. Hələ lap kiçik yaşlarından  mahnı oxuyur, rəqs eləyirdi, ancaq xaraktercə çox utancaq və qorxaq olan bu balaca qız adamların yanında oxumağa, oynamağa qorxurdu.

Sofi Marso həmişə nümunəvi uşaq olub – məktəbdə əlaçı olan bu qız heç vaxt dərsdən yayınmayıb. Lakin bu, təxminən 14 yaşına qədər belə davam etdi. Artıq yeniyetməlik dövründən rəfiqələrinin gəzintiyə çıxmaq, əylənmək təkliflərini rədd edə bilmədi.

 

Karyerasının başlanğıcı

Sofi Marsonun taleyini dəyişən sənət yolu çox maraqlıdır. Çox ağıllı və sözəbaxan uşaq olan Sofi rəfiqələrindən öyrənir ki, rejissor Klod Pinotonun filmində baş rolda çəkilmək üçün sınaq çəkilişləri başlayıb. Bunu öyrənən kimi, çəkilişlərin aparıldığı meydançaya üz tutur. Valideynlərinin qorxusundan anketdə soyadını başqa cür yazır. Sınaq çəkilişlərinə “Marso” küçəsi ilə gedən Sofiyə küçənin adı xoş gəlir və onu özünə təxəllüs götürür.

Minlərlə iştirakçının içindən rejissorun sadə ailədən olan 14 yaşlı Sofini seçməsi hamını, o cümlədən qızın özünü də təəccübləndirir. Beləliklə, Sofinin kinoda ilk addımı “Bum” filmində oynadığı rolla başlayır və ekran işi böyük uğur qazanır. Bu film yeniyetmə Sofiyə şöhrət gətirir. Tezliklə onu “Bum 2” filminə dəvət edirlər və aktrisa bu dəfə daha çox bəyənilir. Sonra yenə onun iştirakıyla “Bum 3” filmi çəkilir. Bu filmlə artıq kino tənqidçiləri də Marsonu bir aktrisa kimi qəbul edirlər. Sofi filmdəki roluna görə “Sezar” mükafatının “Ən perspektivli aktrisa” və “Ən yaxşı kinodebüt” nominasiyalarının qalibi adına layiq görülür.

Hələ “Bum” filmində çəkilməsi ona yeni imkanlar yaradır və o, yeni təkliflər almağa başlayır. Hələ şöhrətə, ulduz həyatına alışmadan, qəfildən ulduzu parlayan yeniyetmə Sofi üçün bu həyat çox maraqlı və cəlbedici idi.

Qızlarının uğurunu görən valideynləri Sofinin fikrini soruşmadan Fransanın ən məşhur, ən nüfuzlu kinoşirkəti olan “Qomon” ilə 5 il müddətinə müqavilə bağlayırlar. Gözlənildiyi kimi, bundan sonra aktrisanın həyatı çətinləşir, şirkət öz qanunlarını diktə etməyə başlayır, nəyin yaxşı, nəyin pis olduğunu özləri təyin edir, Sofi Marsonun aktrisa imici üzərində işləyirlər. Həmin dövrdə artıq tanınmış və öz iddiaları olan aktrisa şirkətin təzyiqinə dözmür və müqaviləni ləğv eləmək qərarına gəlir. Lakin şirkətin nüfuzunu və müqavilənin şərtlərini nəzərə alsaq, bu imtina aktrisa üçün o qədər asan başa gəlmir. Məsələ məhkəməyə qədər gedib çıxır və qərar çıxarılır ki, müqavilənin şərtlərini pozduğuna görə aktrisa “Qomon” şirkətinə 1 milyon frank ödəməlidir. Məhkəmədən sonra Sofi Marso cəriməni ödəyə bilməyəcəyindən və buna görə dəmir barmaqlıqlar arasına düşəcəyindən qorxur. Həyatının ən böhranlı dövrlərindən birində onun köməyinə həmin zaman sevgilisi olan polyak rejissoru Anjey Julavski gəlir. Julavski Marsoya yaxşı vəkil tapır və aktrisa prosesi udur.

 

Yüksələn karyera

16 yaşında Sofi artıq bir aktrisa kimi xeyli püxtələşmişdi. Bu dövrdə o, Katrin Denyov və Jerar Depardye kimi geniş yaradıcılıq imkanlarına malik aktyorlarla “Fort Saqan” filmində çəkilir. Bundan sonra Depardye ilə yenə eyni çəkiliş meydançasını paylaşır. Onlar Moris Pyalanın “Polis” filmində tərəf-müqabili olurlar. Bir-birinin ardınca uğurlu layihələrə imza atan Marso Fransanın ən məşhur və ən nüfuzlu aktyorlarından birinə çevrilməyə başlayır. Onun ilk dəfə ingilis dilində Mel Gibsonun “Cəsur ürək” filmində yaratdığı şahzadə İzabella obrazı da çox uğurlu alınır. O, İzabellanı tamamilə fərqli şəkildə yaradır. Bu film Oskar mükafatı almasa da, Sofi Marso istedadlı aktrisa kimi qəbul olunur və Hollivudu fəth edə bilir.

 

1995-ci illmoqrayası

Aktrisa kimi şöhrət qazanmış Sofi Marso 1990-cı illərdə özü də rejissor kimi fəaliyyət göstərməyə başlayır. Rejissor kimi ilk işi isə “Tərsinə şəfəq” adlı qısametrajlı film olur. Film Kannda keçirilən “İnamlı baxış” festivalına təqdim edilir. Lakin mükafat almır. Bir ildən sonra isə Sofinin yarıbioqrafik “Yalançı qadın” əsəri işıq üzü görsə də, roman tənqidçilər tərəfindən o qədər də müsbət rəy almır. Ancaq illər keçdikdən sonra aktrisanın özünün də romana baxışı dəyişir və tənqidçilərlə eyni mövqeni bölüşür.

 

Ən məşhurlmləri

Özünü müxtəlif obrazlarda sınayan aktrisa rollarıyla xarici rejissorların da diqqətini cəlb edir. Bir çox adlı-sanlı əcnəbi rejissor onu öz filmində görmək istəyir. Artıq utancaq Sofidən əsər-əlamət qalmamışdı, o, açıq-saçıq səhnələrə də çəkilirdi. “Cəsur ürək” filmi aktrisanın Hollivudda çəkildiyi yeganə film olmadı. 1997-ci ildə rejissor Bernar Rouzun rus yazıçısı Lev Tolstoyun eyniadlı romanı əsasında çəkdiyi “Anna Karenina” filmində aktrisa baş rolu ifa etdi.

 Sofi Marso həmçinin tez-tez birinci əri, rejissor Anjey Julavskinin də çəkdiyi filmlərdə rol alırdı. Marsonun çəkildiyi “Fanfan sevgisinin ətri” və “Tələbə qız” filmləri təəssüf ki, tamaşaçı tərəfindən soyuq qarşılandı və uğur qazana bilmədi.

 

Şəxsi həyatı

16 yaşında Sofi ilk evliliyini yaşayır. Bu, 42 yaşlı polyak rejissoru Anjey Julavski olur. Yaş fərqi onların bir-birini dəlicəsinə sevməsinə mane olmur. Anjeyə aşiq olan aktrisa ona görə Polşaya köçür, polyak dilini öyrənir və orada yaşayır. Anjey onun üçün hər şey idi – həm çılğın sevgili, həm də qayğıkeş ata. Sofinin dediyinə görə, məhz Julavski onu qorxaq, lakin cazibədar qızdan yüksək profilli aktrisaya çevirib. Aktrisa tamamilə haqlıdır. Məhz Julavskinin “Dəli sevgi” (1985), “Mənim gecələrim sizin gündüzlərinizdən gözəldir” (1989) və “Mavi not” (1991) filmləri tamaşaçılara Marsonun aktyor potensialını göstərdi. Məhz həmin filmlərdə aktrisanın əsl istedadı üzə çıxdı. Hərçənd ərinin rejissorluq etdiyi filmlərdə çəkilmək Sofiyə nə pul, nə də şöhrət gətirirdi. Ancaq o, bunlara əhəmiyyət vermir və deyirdi ki, sevgi xatirinə nəinki pulsuzluğa, hətta ölümə də hazırdır. Ancaq onların ailə həyatı aktrisanın istədiyi kimi uğurlu alınmır. Anjey Sofini yalnız aktrisa, sevgili kimi görürdü. Ancaq Sofi Anjeydən uşaq dünyaya gətirib bütöv ailəyə çevrilmələrini istəyirdi. Anjey isə qətiyyətlə bunu rədd edirdi.

Bu vəziyyət çox davam etmir, 1994-cü ildə Sofi ərinin qarşısında şərt qoyur: ya onların uşağı olacaq, ya da o, Anjeyi tərk edəcək. İnadkar Anjey yenə razılaşmır. Ayrılmaqda qərarlı olan Marso Polşanı tərk edib Amerikaya “Cəsur ürək” filminin çəkilişlərinə gedir. Sofinin onu birdəfəlik atacağından qorxan rejissor okeanın o tayına gedib Sofinin könlünü alır, ondan üzr istəyir. Onlar evə bir yerdə qayıdırlar və 1995-ci ildə oğulları Vensan dünyaya gəlir. Bu münasibətlə Julavski Sofiyə Varşava ətrafında böyük malikanə bağışlayır. Ev başdan-ayağa əntiq əşyalarla doldurulmuşdu. Belə bir ev sahibi olmaq Sofinin uşaqlıq arzusu idi. Ancaq bunlara baxmayaraq münasibətləri sonacan davam etmir və 2002-ci ildə onlar rəsmi şəkildə ayrılırlar.

Sofi Marsonun ikinci sevgilisi amerikalı prodüsser Cim Lemli olur. Onların tanışlığı hələ “Anna Karenina” filmindən başlayır. Sofi Anjeylə nikahına son qoymaq qərarına gəlir və Cimlə ailə qurur. Onlar münasibətlərini rəsmiləşdirməyə ehtiyac duymurlar. Bu münasibətdən aktrisanın qızı Jülyet dünyaya gəlir. Bundan sonra Sofi filmlərdə az çəkilir. Aktrisa vaxtının çoxunu uşaqlarına həsr etməyə çalışır. Aktrisa ara-sıra bəzi filmlərdə rol alsa da, həmin ekran işləri  o qədər də uğur qazana bilmir.

 İkinci həyat yoldaşından da ayrıldıqdan sonra Sofi Marso qərara gəlir ki, bundan sonra özünü yalnız uşaqlarına, teatra və sevimli məşğuliyyətlərinə həsr edəcək.

Lakin 2007-ci ildə aktrisa Kristofer Lambertlə tanış olur. Onların isti münasibətləri tezliklə böyük məhəbbət romanına çevrilir. 2012-ci ildə Sofi Marso ikinci dəfə rəsmi nikah bağlayır. Lakin 2014-cü ildə onlar ayrılırlar.

Sofi Marso asudə vaxtlarında sevdiyi yazıçıların yağlı boya ilə portretlərini çəkməyi xoşlayır, həmçinin xeyriyyə işləri ilə fəal şəkildə məşğul olur.

O, Fransanın milli rəmzi olan Mariannanın prototipi seçilib. Marsoya qədər bu şərəfə məşhur aktrisa və müğənnilər Bricit Bardo, Mirey Matye, Katrin Denyov və Letisiya Kasta layiq görülüb.

                                                                                                                   

Narıngül Əliyeva