Elektron ədəbiyyat və sənət portalı

“Fətəli xan” ssenarisinin kadrarxası məqamları

Bölmə: Art 21.08.2024

Müharibə dövrünün son bədii ekran əsəri olan Arşın mal alan” filminin uğuru Bakı kinostudiyasının planında olan “böyük dövlət xadimləri haqqında mövzular” dan birini – “Fətəli xan” ssenarisini gerçəkləşdirməyə imkan verdi.

 Böyük və dağıdıcı müharibədən çıxmış ölkənin, əslində, sənət əsərlərinə, o cümlədən kinematoqrafiyaya xərcləməyə kifayət qədər maddi vəsaiti yox idi.

Bütün maddi ehtiyatlar bərpa işlərinə, dağıdılmış kəndləri və şəhərləri dirçəltməyə yönəldilmişdi. Səngərlərdə və faşist işğalı altında olan ərazilərdə 20 milyondan artıq adam itirən, 1710 şəhər və şəhərtipli qəsəbəsi, 70 min kəndi, 32 min sənaye müəssisəsi və s. dağıdılan ölkənin diqqəti tamamilə iqtisadiyyata yönəldilmişdi. Qəbul olunmuş IV beşilliyin direktivlərində zərər çəkmiş rayonları bərpa etmək, sənayeni və kənd təsərrüfatını müharibədən əvvəlki səviyyəsinə çatdırmaq, sonra isə bu səviyyəni xeyli ötüb-keçmək nəzərdə tutulurdu. İdeologiya və mədəniyyət sahəsində qarşıya burjua baxışları, əxlaqı və adət-ənənələrinin qalıqları ilə qəti mübarizəyə başlamaq, Qərb imperializminin mürtəce mədəniyyətinin sirayətedici təsirini dəf etmək, bütün sovet vətəndaşlarını şüurlu vətənpərvərlər səviyyəsinə qaldırmaq, zəhmətkeşlərin mədəni səviyyəsini daha da yüksəltmək vəzifələri qoyulmuşdu.

 

Azərbaycan K(b)P MK-nın, bilavasitə MK-nın birinci katibi Mircəfər Bağırovun göstərişinə əsasən, “böyük dövlət xadimləri haqqında bədii filmlər” çəkilməsinə hazırlıq 1943-cü ildən başlanmışdı. MK-nın ideologiya üzrə katibi Q.Məmmədov, XKS-nın İncəsənət İşləri İdarəsinin rəisi H.Sultanova, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi M.İbrahimov, Bakı kinostudiyasının direktoru R.Rza dəfələrlə dəyişdirdikləri və dəqiqləşdirdikləri tematik plandakı Fətəli xan Qubalı, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və Babək haqqında mövzulardan birini seçmək xahişiilə respublika rəhbərliyinə və SSRİ XKS yanında Kinematoqrafiya İşləri Üzrə Komitəyə müraciət etmişdilər. Davamlı yazışmalardan və müzakirələrdən sonra Komitə, Azərbaycan KP MK-nın birinci katibi M.Bağırovun xeyir-duası ilə “Fətəli xan Qubalı” mövzusu üzərində dayandı (görünür, bu məsələdə M.C.Bağırovun əslən qubalı olması və Fətəli xanın Rusiya ilə “dostluq etməsi” faktları başlıca rol oynamışdı), filmin ssenarisinin yazılması ilə bağlı tədbirlər görülməsini Bakı kinostudiyasının rəhbərliyinə həvalə etdi və kinostudiyanın direktoru R.Rza respublika rəhbərliyinin razılığı ilə ikiseriyalı bədii film üçün ədəbi ssenari yazılmasını yazıçılar Ə.Məmmədxanlı və M.Hüseynə həvalə etdi.

Azərbaycan tarixində əhəmiyyətli rol oynamış böyük dövlət xadimləri arasında ekran obrazının yaradılması üçün Fətəli xan Qubalının seçilməsini, şübhəsiz, qeyd etdiyimiz kimi, o dövrdə yaranmış siyasi vəziyyət də şərtləndirmişdi. İ.V.Stalin dünyanın yenidən bölüşdürüləcəyi təqdirdə, Güney Azərbaycanı İrandan qoparıb SSRİ-yə birləşdirmək niyyətini gizli saxlasa da, sonrakı hadisələrin gedişində bu plan üzə çıxdı. 1945-ci ildə Güney Azərbaycanda başlanan demokratik inqilab, milli hökumətin qurulması, bu prosesləri sovet rəhbərliyinin dəstəkləməsi həmin niyyətin gerçəkləşəcəyindən xəbər verirdi. Lakin qlobal siyasətdə baş verən dəyişikliklər, SSRİ-nin tərkibində olsa da, bütöv Azərbaycanın yaranacağı təhlükəsi sovet rəhbərliyini həmin plandan əl çəkməyə, Güneydə yaranmış milli hökumətin devrilməsiilə razılaşmağa məcbur etdi.

Şübhəsiz ki, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparsa da, Rusiyaya arxalandığına görə Fətəli xan Qubalının fəaliyyəti digər böyük dövlət xadimlərimiz arasında sovet ideologiyasının tələblərinə daha çox cavab verirdi.

Bu mənada XVIII yüzilliyin ikinci yarısında Azərbaycanda baş verən hadisələrin rus və sovet tarixşünaslığında əks etdirilmiş versiyasına uyğun gələn ekran əsərinin yaradılması mövcud siyasi-ideoloji sistemin maraqlarına daha uyğun idi. Məhz Fətəli xanın Rusiya imperatriçəsi II Yekaterina ilə diplomatik əlaqələrinin qabardılması mövzuyla bağlı başlıca tələblər idi.

Ə.Məmmədxanlı və M.Hüseyn ssenarinin ilk variantını 1943-cü ilin sonunda tamamlamış, müzakirə üçün Bakı kinostudiyasına təqdim etmişdilər. 94 səhifəlik ssenaridə Fətəli xanın həyat və fəaliyyətinin 1775-ci ilədək olan dövrü əks etdirilmişdi. Studiya rəy üçün ssenarini SSRİ EA Azərbaycan filialı, Azərbaycan Tarixi Muzeyinin direktoru, baş elmi işçi V.N.Leviata göndərdi.

Fətəli xan dövrünü gözəl bilən V.N.Leviatın 1944-cü il fevralın 1-də Bakı kinostudiyasına göndərdiyi rəydə göstərilirdi ki, ““ Fətəli xan” ssenarisi XVIII əsrin II yarısının görkəmli dövlət xadimi, Quba və Dərbənd xanı Fətəli xanın obrazını yaratmaq cəhdidir. Ssenari Fətəli xanın fəaliyyətinin bütün tərəflərini baş verən hadisələrə uyğun işıqlandırır. Fətəli xanın şəxsiyyəti ssenaridə düzgün təsvir edilib. Tarixi faktların qiymətləndirilməsi və məzmunu etiraz doğurmur”. V.N.Leviat ssenaridə “tipik feodal hakimi, feodal siyasəti çərçivəsindən çıxmayan, gözəl süvari və igid adam olan Əmir Həmrənin surətinin çox yaxşı təsvir olunduğunu, Ağası xan Şirvanlının tarixi roluna tamamilə uyğun gəldiyini, qadınların – Tuti Bikə və Xədicə Bikənin obrazlarının tarixi faktlara cavab verdiyini, etnoqrafik epizodların (gəlinin qarşılanması, toy və s.) xalq adətlərinə yaxşı bələdliklə yazıldığını, eyni zamanda da süjetdə ayrı-ayrı xronoloji pozuntuların olduğunu, bir məşhur tarixi şəxsiyyətin başqa – az tanınan tarixi şəxsiyyətlə əvəz edildiyini” vurğulayır, ssenarinin tamaşaçını Fətəli xanın fəaliyyəti ilə yanaşı, Azərbaycanın təbiəti, xalqı, sərvəti, adətləri və qədim mədəniyyəti ilə tanış etdiyini müsbət qiymətləndirirdi.

Lakin SSRİ Baş Kinematoqrafiya Komitəsi ssenari şöbəsinin redaktoru Y.Z.Çernyakın rəyi ssenariyə çoxsaylı iradlarla dolu idi. O göstərirdi ki, süjetdə Fətəli xanın fəaliyyətinin yalnız qısa bir dövrünün – Şirvan xanlığının ona tabe edilməsi və Fətəli xanın mərkəzləşdirilmiş dövlət ideyasının düşməni olan feodal xanların onun arvadı Tuti Bikə tərəfindən idarə edilən Dərbənd qalasına hücumunu – qabardılması, Quba hakiminin məqsədi olan Azərbaycanı xarici düşmənlərdən (Türkiyə və İrandan – N.Ə.) qorumaq ideyasının nəzərdən qaçırılmasına səbəb olub. Y.Z.Çernyak “Azərbaycanı təhdid edən İran şahı Qacara, Azərbaycanın Gürcüstanla tarixən formalaşmış geniş diplomatik münasibətlərinə, Fətəli xanın Rusiya ilə Azərbaycan tarixində böyük rol oynamış münasibətlərinə, Zaqafqaziya xalqlarına (?) ssenaridə az yer ayrılmasını” da başlıca çatışmazlıqlardan sayırdı. Xüsusilə Fətəli xanın II Yekaterinanın səfiri Klyuçarevski ilə görüşünün və bunun Rusiya dövlətinə münasibət baxımından yetərli olmadığını göstərən rəyçi “görkəmli dövlət xadiminin hərtərəfli bədii obrazını yaratmaq üçün süjetə daxil edilməmiş materiallara diqqətin artırılmasının vacibliyini” qeyd edirdi. Onun fikrincə, “studiyanın planına ikiseriyalı tarixi film daxil etmək, quruluş, aktyor kadrları və miqyasa görə fövqəladə mürəkkəb işdir və bu, filmin yaradılmasını, ən yaxşı halda iki, bəlkə də, üç il təxirə salmaq deməkdir”.

Y.Z.Çernyak süjetin dinamik olmadığını, ayrı-ayrı parçalardan ibarət olduğunu, tamaşaçını maraqlandırmayacağını iddia etməklə yanaşı, konkret çatışmazlıqları da göstərir, Dərbəndin müdafiəsi epizodunun, Tuti Bikə obrazının bitkin olmamasını, xanların mübarizəsi motivlərinin açılmadığını, Fətəli xanın mübarizəsindəki ziddiyyətlərin sadəlövhcəsinə həll olunduğunu, bu səbəblərdən də “mövzu-süjetə uyğun hərtərəfli ssenari yazmaq üçün müəlliflərə əlavə vaxt verilməsinin vacibliyini” də studiya rəhbərliyinin diqqətinə çatdırırdı. Təbii ki, V.N.Leviatın rəyi tarixi həqiqəti əks etdirirdi: ssenari müəllifləri Fətəli xanı Azərbaycanda mərkəzləşdirilmiş dövlət yaratmağa cəhd edən müstəqil dövlət xadimi və diplomat kimi təsvir etmişdiər. Y.Z.Çernyak isə ssenarinin texniki qüsurlarını düzgün qeyd etməklə yanaşı, süjet xəttinin siyasi-ideoloji çərçivədən kənara çıxmasına etirazını bildirirdi. Çünki Fətəli xan mövzusunun seçilməsində başlıca səbəb “Azərbaycanın görkəmli dövlət xadiminin obrazının yaradılması” deyil, məhz “Rusiyaya arxalanan dövlət xadimi obrazının yaradılması” idi. Komitənin tələbiilə “Fətəli xanın Rusiya ilə yaxın münasibətlərini əks etdirən epizodların ssenariyə daxil edilməsinin zəruriliyini Bakı kinostudiyasının direktoru R.Rza da gözəl başa düşürdü. O, Azərbaycan Yazıçılar İttifaqının 1944-cü il mayın 9-da keçirilən Plenumunda respublika rəhbərliyinin “Fətəli xan” filminin çəkilməsinə böyük diqqət yetirdiyini qeyd edirdi. Bu “diqqətə” ssenarinin qoyulan tələblərə uyğunlaşdırılması da daxil idi.

 

 N.ƏBDÜLRƏHMANLI